Məhkəmə qərarları › İş №1(004)-52/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-52/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-52/2022 25.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi dalan 2, ev 2-də qeydiyyatda olub, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev 138-də yaşamaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üstündə saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 13 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,503 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 13 sentyabr 2021-ci il tarixdə saat 13:20-də Yasamal RPİnin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,503 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində o, yaşadığı evdən çıxıb narkotik vasitə heroin almaq məqsədi ilə “Kubinka” adlanan ərziyə gedərək üzdən tanıdığı lakin adını bilmədiyi ortayaşlı şəxsdən 31 manat pul verərək özü istifadə etmək məqsədi ilə 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin alıb əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyub yaşadığı evə gəlmişdir. Onun heç vaxt narkotik vasitə heroini satmaq fikri olmamış, o, narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır O, yaşadığı evin, yəni Yasamal rayonu, Qədirli küçəsi 138 saylı ünvanın qarşısına çatan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən o, könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən 10 manata özü istifadə etmək üçün aldığı narkotik vasitə heroini masanın üstünə qoymuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə narkotik vasitə heroindir və həmin heroini o, “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata alıb üzərində saxlamışdır. Bundan sonra ondan aşkar edilmiş bir ədəd büklüdə olan maddəni, müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, zərf və protokol imzalanmışdır. Həmçinin üzərinə baxış keçirilməsi mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, səmimi olaraq etiraf etməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə saat 13:20-də o, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılıb Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev 138-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Yasamal rayonu, Qədirli küçəsi 138 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PBnə gətirlmiş, Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru X1 xidməti otağında onun, əməliyyat müvəkili Şahid2 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümün içərisində kakos deyilən narkotik vasitə heroindir və heroini həmin gün saat 12 radələrində “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin baxış zamanı heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişlər. Baxış keçirilən zaman onlar tərəfindən bütün hadisələr telefon vasitəsi ilə video çəkiliş olunmuşdur. İş üzrə Şahid1 məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş və Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1, Bakı şəhəri RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X6 tərəfindən imzalanmış 13 sentyabr 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 13:20-də Yasamal rayonu, Qədirli küçəsi 138 saylı ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş büklülünü təqdim edərək, həmin bükümün içərisində “kokos” deyilən narkotik vasitə olan heroin olduğunu bildirərək aşkar edilmiş maddənin ona məxsus olmasını və həmin maddəni, həmin gün saat 12 radələrində “Kubinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 10 manata alıb əyninə geyindiyi qara rəngli şalvarın sağ yan cibində saxlamışdır. Bundan sonra şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb DİN-nin zərflər üçün olan 168 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır (cild 1, səh. 32-34). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 13 sentyabr 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, baxış keçirilməsi Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru X1 xidməti iş otağında aparılmış, baxışda 27-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili X6 iştirak etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisinə baxdıqda qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kakos deyilən narkotik vasitə hesab edilən horoindir, həmin narkotik vasitəni, həmin gün saat 12 radələrində “Kubinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 10 manata almışdır. Daha sonra Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru X4 Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, lakin baxış zamanı hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolda və zərfdə Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə imza etmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 14 sentyabr 2021-ci il tarixli 6/4030 saylı rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 168” möhür əksi, “Vət Təqsirləndirilən şəxs təqdim etdiyi..” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,503 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci 28 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, səh. 43-48). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi ambulator məcburi-narkoloji ekspertizasının 15.11.2021-ci il tarixli 4477 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səh. 116-117). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 noyabr 2021-ci il tarixli “Maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış, təhqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq çəkisi 0,453 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmişdir. Həmçinin iş üzrə madi sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (cild 1, səh. 105-106) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 noyabr 2021-ci il tarixli tələbnaməsindən və Yasamal rayon Məhkəməsinin hakimi X2 1 (004)-536/2015 nömrəli, 11.11.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 11.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, 01.07.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli, Aministiya qərarının 2.6-cı bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir (cild 1, səh. 103-104; 109-114). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 13.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-531/2021 nömrəli 15.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 25, 80-82). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,453 qram narkotik vasitə-heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixli, 1(004)-471/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu 13.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,453 qram narkotik vasitə- heroin məhv edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar