Məhkəmə qərarları › İş №1(004)-525/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-525/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-525/2025 21.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 , Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, işləməyən, subay, Quba rayonu, Küpçal Ə/D, Qımıl kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 fevral 2025-ci il tarixdə saat 07 radələrində ünvan 2 ünvanında yerləşən şəxslərin azad girib çıxa biləcəyi binanın qaraj kimi istifadə olunan zirzəmisindən Zərərçəkmiş şəxs məxsus 4000 manat dəyərində 99F827 qeydiyyat nişanı olan 2020-ci il buraxlışlı «ZT» markalı “R Blue” modelli göy metallik rəngli, LD3PDP6J9M1600152 ban nömrəli mühərrikinin həcmi 312 kb/sm motosikleti gizli olaraq talayıb sonuncuya 4000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, 17 fevral 2025-ci il tarixdə axşam vaxtı Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, döngə 4 ünvanında yerləşən binanın qaraj kimi istifadə olunan zirzəmisində «ZT» markalı “R Blue” modelli motosikleti görmüşdür. O, kuryer kimi fəaliyyət göstərdiyindən ona motosikilet lazım olmuşdur. Lakin maddi vəziyyəti motosikilet almağa imkan verməmişdir. Bu səbəbdən o, həmin motosikileti oğurlamaq qərarına gəlmişdir. 19 fevral 2025-ci il tarixdə saat 07 radələrində o, qeyd olunan ünvana gəlmiş və orada olan «ZT» markalı “R Blue” modelli motosikleti gizli şəkildə oğurlamışdır. Həmin motosikiletin müəyyən nasaz hissələri olduğundan o, həmin motosikileti Nərimanov rayonu ərazisində yerləşən avtomobil təmir sexlərinin birində öz idarə etməyi üçün düzəltdirmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbin olmadığını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2024-cü il tarixdə dəqiq xatırlamadığı tarixdə ortaq tanışları olan Şahid nəvəsinin istifadəsi üçün baş etibarnamə əsasında 2.000 manat dəyərində “Zontes markalı R Blue model” motosiklet almışdır. Motosikleti aldıqdan sonra o, həmin motosikletin təmiri üçün də əlavə olaraq 2.000 manat pul xərcləmişdir. 19 fevral 2025-ci il tarixdə səhər saatlarında o, aşkar etmişdir ki, ona məxsus olan motosiklet yaşadığı evin qarşısında olan yeni tikilinin qarajından oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4.000 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2024-cü ilin yay aylarında o, 2020-ci il istehsal tarixli Zontes markalı R blue modelli motosikleti hal hazırda adını xatırlamadığı şəxsdən 3.500 manat pul qarşılığında almışdır. Bir müddət o, həmin motosikleri idarə etdikdən sonra maddi sıxıntıları yarandığı üçün həmin motosikleti satmaq qərarına gəlmişdir. Bu səbəbdən sənədlə onun adında olan həmin motosikleti 2024-cü ilin sentyabr ayında 2.000 manat qarşılığında ortaq tanışları olan Zərərçəkmiş şəxs baş etibarnamə əsasında satmış və həmin şəxsə bildirmişdir ki, qısa müddət ərzində həmin motosikleti öz adına keçirtsin. Əlavə olaraq bildirmişdir ki, 2020-ci il istehsal tarixli Zontes markalı R blue modelli motosikletin qeydiyyat şəhadətnaməsi onun adına olsa da, o, faktiki olaraq həmin motosikleti 2.000 manat qarşılığında Zərərçəkmiş şəxs satdığı üçün faktiki olaraq mülkiyyət sahibi Zərərçəkmiş şəxsdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisənin baş verdiyi yer ünvan 3 ünvanıdır (i.v. 4-6). “Təqdim edilmiş maddi sübutun götürülməsi və tanınmaya təqdim edilməsi haqqında” 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Samir Balakişiyev, Azərbaycan Respublikası CPM-nin 86, 177.6-ci maddələrini rəhbər tutub, tərtib etmişdir həmin protokolu icraatında olan HK-656 nömrəli material üzrə, xx.xx.1998-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba rayonu, Qımıl kəndində yaşayan Təqsirləndirilən şəxs və hal şahidləri : 1. Bakı şəhəri, Nərimanov rayonu, Mirzə Ulubəy küçəsi, nömrəsiz evdə yaşayan X7 və 2. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan X1, xx.xx.1956-cı il tarixdə Göyçay rayonunda anadan olmuş Zərərçəkmiş şəxs iştirakları ilə ondan ötrü ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 ZT markalı motosikletin götürülməsini və tanınmaya təqdim edilməsini aparmış, götürmə aparılmazdan əvvəl hal şahidlərinə Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ZT markalı motosiklet təqdim edilərək həmin motosikleti 19 fevral 2025-ci il tarixdə saat 07 radələrində Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, döngə 4 ünvanında yerləşən ümumi qarajdan oğurladığını bildirdi, təqdim edilmiş motosiklet iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürüldü. Qeyd olunan təqdim olunmuş motosiklet Zərərçəkmiş şəxs təqdim olundu və sonuncu həmin motosikleti tanıyaraq özünə məxsus olduğunu və həmin motoskletin oğurlandığını bildirdi (i.v. 10). “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır (i.v. 54). X2 tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli, 117 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, qeyd olunan “ZT” markalı, “R Blue” modelli, göy metallik rəngli, LD3PDP6J9M1600152 ban nömrəli, mühərrikinin həcmi 312 sm3 olan motosikletin 2025-ci ilin fevral ayı üçün pərakəndə satış dəyəri 3931,00 (üç min doqquz yüz otuz bir) manat məbləğində müəyyən edilir (i.v. 73-77). Zərərçəkmiş şəxs verilmiş qəbzdən görünür ki, o, özünə məxsus Zontes markalı, “R Blue” modelli motosikleti saz vəziyyətdə təhvil almışdır (i.v. 88). “İfadənin yerində yoxlanılması haqqında” 13 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X4 Azərbaycan Respublikası CPM-nin 85, 260 və 261-ci maddələrinə əsasən, icraatında olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsini yerində dəqiqləşdirmək məqsədilə ifadəsini yerində yoxlanmasını keçirtmişdir. Bütün zəruri tədbirlər görüldükdən sonra iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təklif olundu ki, ifadəsində göstərdiyi xüsusatları bir daha əyani olaraq hadisə yerində göstərsin. Təqsirləndirilən şəxs bildirdi ki, 17 fevral 2025-ci il tarixdə axşam vaxtı Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, döngə 4 ünvanında yerləşən binanın qaraj kimi istifadə olunan zirzəmisində “Zontes R310” markalı motosikleti görmüşdür. O, kuryer kimi fəaliyyət göstərdiyindən ona motosikilet lazım idi. Lakin maddi vəziyyəti motosikilet almağa imkan vermirdi. Bu səbəbdən o, həmin motosikileti oğurlamaq qərarına gəlmişdir. 19 fevral 2025-ci il tarixdə o, qeyd olunan ünvana gəlmiş və orada olan “Zontes R310” markalı motosikleti gizli şəkildə oğurlamışdır. O, həmin işə salaraq oradan uzaqlaşmışdır. Həmin motosikiletin müəyyən nasaz hissələri olduğundan o, həmin motosikileti Nərimanov rayonu ərazisində yerləşən avtomobil təmir sexlərinin birində öz idarə etməyi üçün düzəltdirmişdir. İfadələnin yerində yoxlanılması zamanı «Redmi» markalı mobil telefonla fotoşəkillər çəkildi, başqa video, kino çəkən, səs yazan vasitələrdən istifadə olunmadı. İfadənin yerində yoxlanması gündüz təbii işıqda keçirildi. İfadələrin yerində yoxlanması zamanı iştirakçılar və ya kənar şəxslər tərəfindən ərizə, təklif, vəsatət, etiraz daxil olmadı (i.v. 90-92). “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 17 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvədə saxlanılması və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 180.1 və 185.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə 01 ədəd «ZT» markalı “R Blue” modelli göy metallik rəng LD3PDP6J9M1600152 ban nömrəli mühərrikinin həcmi 312 kb/sm motosikletin maddi sübut kimi tanınması və məhkəmə baxışınadək saxlanılması üçün cinayət işi üzrə Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, iş üzrə Zərərçəkmiş şəxs göstərməsinə əsasən 01 ədəd «ZT» markalı “R Blue” modelli göy metallik rəngli, LD3PDP6J9M1600152 ban nömrəli mühərrikinin həcmi 312 kb/sm motosikletin dəyərinin 4000 manat kimi qəbul olunması, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, baxış protokolları, ifadənin yerində yoxlanması protokolu və digər istintaq sənədlərinin sübut növləri kimi qəbul edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır (i.v. 108-112). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, həmin ərizədə o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə cəza təyin edilərkən bu halların nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, qeyd olunan fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə ********* nömrəli işi başlanması və ibtidai istintaq aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır (i.v. 1). “Materialın aidiyyatı üzrə göndərilməsi haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 11). “Şübhəli şəxsin tutulması haqqında” 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə, saat 23:00-da tutulmuşdur ( i.v. 23). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 33). “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1998-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkum olunmamış, işləməyən, subay, Quba rayonu, Küpçal Ə/D, Qımıl kəndində qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 46). “Şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 25 mart 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1998-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, işləməyən, subay, Quba rayonu, Qımlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və onun tutularaq Yasamal RPİ-nin MSY-nə təqdim edilməsi qərara alınmışdır (i.v. 65). “Cinayət işinin icraatının dayandırılması haqqında” 25 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v. 67). Könüllü gəlmə haqqında 10 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4, tərtib etmişdir həmin protokolu Azərbaycan Respublikası CM-nin 51, 85-ci maddələrinə əsasən Müdafiəçi1 iştirakı ilə ondan ötrü ki, icraatında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - xx.xx.1998-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, işləməyən, subay, Quba şəhəri, Qımıl Kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gələrək barəsində axtarış elan edilməsindən xəbərsiz olduğunu, xəstə olduğunu, müalicə aldığını, maddi vəziyyəti pis olduğundan mobil telefon işlətmədiyini, bundan sonra müstəntiqin birinci çağrışı ilə istintaq orqanına gələcəyini və istintaq orqanının icazəsi olmadan yaşayış yerini dəyişməyəcəyini bildirdi (i.v. 69). “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 10 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (i.v. 70). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 24 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 72). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 94). “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır (i.v. 105). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər məhkum olunmamasını, sabit yaşayış şəraitinə malik olmasını, cinayət nəticəsində dəymiş ziyanı ödədəyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ailə və sosial vəziyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyət üçün yüksək təhlükə törətmədiyi, islah olunması və gələcəkdə analoji əməllərdən çəkinməsi üçün azadlıqdan məhrum edilməsinə ehtiyac yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi həm törədilmiş əmələ adekvatdır, həm cəzanın məqsədlərinə cavab verir, həm də ədalətlilik və humanizm prinsiplərinə uyğundur. Bu cəza növü onun davranışına hüquqi qiymət verilməsini təmin etməklə yanaşı, islah olunmasına və gələcəkdə cinayətdən çəkindirilməsinə kifayət qədər təsir göstərəcəkdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlandığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «ZT» markalı “R Blue” modelli göy metallik rəng LD3PDP6J9M1600152 ban nömrəli mühərrikinin həcmi 312 kb/sm olan motosikletin məhkəmə baxışınadək saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Quba rayonunda çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Quba rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış – 01 ədəd «ZT» markalı “R Blue” modelli göy metallik rəng LD3PDP6J9M1600152 ban nömrəli mühərrikinin həcmi 312 kb/sm olan motosikiletin saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “17 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 24 iş saatına görə 264 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “17 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar