Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-527/2022 07.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilii Müdafiəçi3, X1 və əlavə olaraq X2 iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə verilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 18 aprel 2022-ci il tarixdə saat təxminən 16 radələrində ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs ona qədimi qəpiyini və bir ədəd telefon batareyasını, yəni «poverbankını» qaytarmaması səbəbindən yaxınlaşmış, orada sonuncunun qeyd edilən əşyalarını qaytarmamasını bəhanə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla sonuncunun ünvanına nalayiq ifadələr işlədərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs başına və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ incik sümüyünün aşağı 1/3-nin sınığı, alının sağ yarasının hematoması (yumşaq toxumaların arasına qan yığılması), çanağın sıyrığı, sol gözaltı nahiyəsinin və sol bazunun qançırları, sol xarici qulaq seyvanın şişkinlik və qançır halında əzilməsi kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanda yaşayır. Zərərçəkmiş şəxs isə onun qonşusudur. 18 aprel 2022-ci il tarixdə saat 16 radələrində o, pula ehtiyacı olduğu üçün özünə məxsus qədimi qəpiyi satmaq məqsədilə yaşadığı evdən çıxmışdır. O, Serqeyin yaşadığı ünvan 5 ünvanın qarşısından keçən zaman onu sərxoş vəziyyətdə görmüş və yaxınlaşaraq onunla söhbət etmişdir. Söhbət zamanı o, Serqeyə əlindəki qədimi qəpiyi 2.000 manata satdığını bildirmiş və Sergeyin xahişi ilə həmin qəpiyi baxmaq üçün ona vermişdir. Bundan sonra mobil telefonuna zəng gəldiyi üçün o, Serqeydən bir qədər aralanaraq telefonla danışmağa başlamışdır. Telefon danışığını bitirib qayıtdıqdan sonra o, Serqeydən qəpiyini geri istəmiş, Serqey isə ona qəpiyi yaxınlıqda qazılan quyunun içərisinə atdığını bildirmişdir. Bundan sonra o, əlində tutduğu ağ rəngli “pover bank” cihazını quyunun kənarında olan asfaltın örtüyünün üzərinə qoyub, həmin quyuya düşərək orada özünə məxsus qədimi qəpiyi axtarmağa başlamışdır. O, quyunun içərisində qədimi qəpiyi axtaran zaman Serqey Şulindin onun qəpiyi orda-burda axtarmasını söylərək onu ələ salmağa başlamışdır. Bundan sonra Qabil adlı şəxs onun olduğu quyuya yaxınlaşaraq ağ telefonunun cibində olub-olmamasını soruşmuşdur. O isə Qabilin ağ telefon dedikdə asfaltın örtüyünün üzərinə qoyduğu “pover bank” cihazını nəzərdə tutduğunu başa düşmüş və baxdıqda həmin cihazın yerində olmadığını görmüşdür. Bundan sonra o, “pover bank” cihazının Serqey tərəfindən götürüldüyünə əmin olmuşdur. O, quyudan çıxdıqdan sonra Serqeyə onun bir qədər qabaq evə gedib qayıtması səbəbilə ona məxsus qədimi qəpiyi evdən gedib gətirməyini tələb etmiş və əllərini yumağa getmişdir. Qayıtdıqdan sonra yenidən Serqeydən ona məxsus qədimi qəpiyi qaytarmasını tələb etdikdə Sergey sözügedən əşyaları özünün götürmədiyini bildirmiş və onu söymüşdür. Bundan sonra Sergeyin onu söyməsi səbəbindən aralarında narazılıq yaranmış və onlar bir-birlərinin yaxasından yapışmışdırlar. O isə özünü müdafiə etmək üçün Serqeyin sifət nahiyəsinə əlinin iç hissəsi ilə vurmuş, lakin yumruq və ayağına zərbə vurmamışdır. Daha sonra həm zərbənin təsirindən, həm də Serqeyin sərxoş olması səbəbindən yıxılmasınının qarşısını almaq məqsədi ilə onu tutmuş və Serqey yerə yıxılmamış, sadəcə ayağı burxulmuşdur. Bundan sonra o, Serqey Şulindinin içkinin təsirindən ayılması üçün ona su almaq məqsədilə yaxınlıqda olan mağazaya getmişdir. Qayıtdıqdan sonra Serqeyi yerdə oturmuş vəziyyətdə görmüş və ona yaxınlaşdığı zaman Serqey onun üzərinə qışqırmış, o isə Serqeydən üzr istəyərək onu əsəbiləşdiyi üçün vurduğunu bildirmiş və həmin yerdən uzaqlamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hələ də ona məxsus qədimi qəpiyi və ağ rəngli “pover bank” cihazı Serqey Şulindindən geri ala bilməmiş, lakin onunla barışmışdır. Sergeyi vurduğu üçün peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında yaşayır və onunla yaxın ərazidə yaşayan, “Kosmonavt” ləqəbli Təqsirləndirilən şəxsla aralarında qonşuluq münasibəti vardır. 18 aprel 2022-ci il tarixdə saat 16 radələrində o, sərxoş vəziyyətdə yaşadığı evin yaxınlığında dayandığı zaman Şahmar ona yaxınlaşaraq onunla bir qədər söhbət etdikdən sonra yaxınlıqda qazılan quyunun içərisinə düşmüşdür. O, Şahmardan həmin quyuya nə üçün düşdüyünü sorüşmüş, onun bu sualına cavab olaraq Şahmar bildirmişdir ki, orada qəpik axtarır. Bundan sonra o, yaşadığı evə gedərək 15-20 dəqiqə ərzində çay içib qayıtmışdır. Qayıtdıqdan sonra hələ də Şahmarın düşdüyü quyunun içində olduğunu görmüşdür. Həmin vaxt o, qazılmış quyunun ətrafında bir qədər gəzərək həmin quyunun yanında gördüyü kafel qırığına oxşar kiçik ağ rəngdə olan bir əşyanı ayağı ilə itələyərək quyunun içərisinə salmışdır. Bundan sonra Şahmar quyunun içərisindən çıxaraq ondan ilk olaraq “pover bank” cihazını qaytarmasını tələb etmişdir. Onun isə ağlına Şahmarın telefon nəzərdə tutduğu gəlmiş və telefonunu onun götürmədiyini Şahmara bildirmişdir. Bundan sonra Şahmar ondan özünə məxsus qəpiyini qaytarmasını tələb etmiş, o isə cavabında qəpiyi də götürmədiyini bildirmiş və təhqiramiz ifadə işlətməklə Şahmarın ondan uzaqlaşmasını tələb etmişdir. Bu zaman Şahmar əli ilə onun üz nahiyəsindən zərbə vurmuş, o isə zərbənin təsirindən müvazinətini itirdiyindən ayağı ilişərək yerə yıxılmışdır. Bundan sonra ayağa qalxaraq çətinliklə yaşadığı evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 18 aprel 2022-ci il tarixdə axşam saatlarında o, Bakı şəhəri Yasamal rayonu F.İbrahimbəyov küçəsi ilə yol gedən zaman yaxınlıqda mübahisə olduğunu görmüş, iki nəfər tanımadığı şəxsin bir-birilə itələşməsinin şahidi olmuşdur. Həmin vaxtı o, dayanmadan öz yolu ilə davam etmiş, mübahisəni sona qədər görməmişdir. Bu zaman o, həmin şəxslərin bir-birini vurmasını və kiminsə yıxılmasını görməmiş, nalayiq ifadə eşitməmişdir. Sonradan həmin ərazidən tanıdığı polis əməkdaşı onun həmişə işdən qayıdan zaman sözügedən küçədən keçdiyini bildiyi üçün ondan iki nəfər şəxs arasında baş verən mübahisəni görübgörmədiyini soruşduqda o, gördüyünü bildirmiş və Polis İdarəsində şahid qismində ifadə vermişdir. Lakin mübahisə edən şəxsləri tanımadığı üçün onların kimliyi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, taksi sürücüsü işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə qonşuluq münasibətləri vardır. 18 aprel 2022-ci il tarixdə saat təxminən 16 radələrində ünvan 7 ünvanın qarşısında dayanıb Zərərçəkmiş şəxs ilə söhbət etdiyi zaman onların dayandığı yerlə üzbəüz tərəfdə yerləşən qazılmış bir quyuda Şahmarı görmüş və ondan nə etdiyini soruşmuşdur. Şahmar isə cavabında qəpik axtardığını, bahalı olduğu üçün onu mütləq tapmalı olduğunu bildirmişdir. Sergey isə həmin vaxt Şahmarla zarafatlaşaraq düşdüyü quyudan çıxmasını bildirmişdir. Bir qədər sonra o, Sergeydən Şahmarın telefonunu götürüb-götürmədiyini soruşmuş və onun sualına cavab olaraq Seygey quyunun yanında olan ağ rəngli qutunu ayağı ilə quyunun içərisinə saldığını bildirmişdir. Bundan sonra o, Şahmardan telefonunun cibində olub-olmadığını soruşmuşdur. Sonra isə o, müştəri aparmalı olduğundan həmin yerdən getmiş və Şahmarla Sergey arasında olan mübahisəni görməmişdir. Qayıtdıqdan sonra həyət qapısının qarşısında Sergeyin iməklədiyini görmüş və ondan nə baş verdiyini soruşmuşdur. Sergey isə cavabında yıxıldığını və ayağının sındığını bildirmişdir. Bu zaman Sergeyin sifət nahiyəsindən qan axırmış. Şahmar isə həmin vaxt orda olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 04 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanmış HK- 1/765 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1-2) Zərərçəkmiş şəxs 03 sentyabr 2022-ci il tarixli istintaqa təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, CM-nin 127.1-ci maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işinin materialları CM-nin 127.1-ci maddəsindən həmin məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 118) “Baxış keçirilməsi haqqında” 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 8 ünvanında, 18 aprel 2022-ci il tarixdə təxminən saat 16:00 radələrində yaşadığı ünvan 9 ünvanında qonşusu Təqsirləndirilən şəxs içkili vəziyyətdə onun ünvanına qarşı nalayıq pozğun sözü ilə təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli və ayaq zərbələri Zərərçəkmiş şəxs sfiət və bədəninin müxtəlif nahyiələrinə vuraraq ona xəsarət yetirdiyi yeri, yəni ünvan 10 ünvanı əyani olaraq göstərməklə baxış protokol tərtib edilmiş və fotoşəkil çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 12-18) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7n canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 18 may 2022-ci il tarixli, 368 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ incik sümüyünün aşağı 1/3-nin sınığı, alının sağ yarasının hematoması (yumşaq toxumaların arasına qan yığılması), çanağın sıyrığı, sol gözaltı nahiyəsinin və sol bazunun qançırları, sol xarici qulaq seyvanın şişkinlik və qançır halında əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 18 aprel 2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v. 35-37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən 06 sentyabr 2022-ci il tarixli 2389 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmaldır. Təqsirləndirilən şəxs hərəktələri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda da öz zərəkətlərini dərk etmək və onları idarə etmək iqdarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 116-117) 06 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilkin verdiyi ifadəni Zərərçəkmiş şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 101- 103) “İfadənin yerində yoxlanılması haqqında” 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları aydınlaşdırmaq məqsədi ilə ifadəsini yerində yoxlanılarkən o, törətdiyi cinayət əməlini hadisə yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. (i.v. 91-95) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 97) “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilmişdir. (i.v. 181-182) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona dəymiş ziyanı tam ödəmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəmiş şəxs Zərərçəkmiş şəxs oğlu ilə barışıb. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 18 aprel 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə yaşadığı evin yaxınlığında dayandığı zaman Təqsirləndirilən şəxs yaxınlıqda qazılan quyunun içərisinə nəsə axtardığını görmüş və həmin vaxt onunla zarafatlaşaraq düşdüyü quyudan çıxmasını bildirmişdir. Bundan əlavə Sergey quyunun ətrafında bir qədər gəzərək həmin quyunun yanında gördüyü kafel qırığına oxşatdığı, lakin Şahmar tərəfindən asfaltın örtüyünün üzərinə qoyulan “pover bank” cihazını ayağı ilə itələyərək quyunun içərisinə salmışdır. Bundan sonra Şahmar quyunun içərisindən çıxaraq Sergeydən ilk olaraq həmin “pover bank” cihazını və özünə məxsus qiymətli qəpiyi qaytarmasını tələb etmişdir. Şahmarın bu tələbinə cavab olaraq Sergey Şahmara qarşı təhqiramiz ifadə işlətməklə onun üzərinə gəlmişdir. Bu zaman Şahmar əli ilə onun üz nahiyəsinə zərbə vurmuşdur. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 18 aprel 2022-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs hərəkətləri nəticəsində (yəni Şahmarın quyuda olan zaman onunla zarafatlaşması və qazılmış quyunun ətrafında bir qədər gəzərək Şahmar tərəfindən asfaltın örtüyünün üzərinə qoyulan“pover bank” cihazını ayağı ilə itələyərək quyunun içərisinə salması, bundan sonra Şahmar ondan həmin cihazı qaytarmasını tələb edən zaman onu təhqir etməsi) başlanması məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə öz təsdiqin tapmışdır. Bununla da tərəflər arasında yaranmış mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə (təqsirləndirilən şəxslə zarafatlaşması, onun yerə qoyduğu cihazı ayağı ilə itələyərək quyunun içərisinə salması və onu təhqir etməsi) olduğundan xuliqanlıq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyekinə görə ictimai qaydanın və ictimai təhlükəsizlik əleyhinə olan qaydaların pozulmasına yönəlməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydaya və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə sonuncunun təhriki ilə onların arasında olan şəxsi münasibətlər zəminində olmuşdur. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi cinayətin baş vermə səbəbi məlum olsa da, istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunur: “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının hüquqi mövqeyinə görə belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs həmin zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə motivlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə olduğundan Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş halda cinayət əməlini törətmiş şəxs zərər çəkmiş şəxslə barışıq əldə etdikdə təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən,məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normaya əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.8, 43, 305, 321,344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-527/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-527/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver