Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-528/2024 15.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X10, müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 20 manat müqabilində xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,384 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı’na (Siyahı İİ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Yasamal rayon Polis idarəsinin X1 əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal rayon Polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,384 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən bir-iki aydır ki, el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığında olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin almışdır. Həmin bükümü sonra istifadə etmək üçün əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra yaşadığı Yasamal rayonu, Xəqan Dadaşov küçəsinə gəlmişdir. Həmin yerdə tanışı Rüfətlə rastlaşmışdır. Bir qədər dayanıb söhbət edən zaman təxminən saat 15:05 radələrində ünvan 3 ünvanda küçədə olan zaman mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları söhbət zamanı narkotik vasitə və psixotrop maddə istifadəsində şübhəli olduqlarını deyərək onu və Rüfəti Yasamal rayon Polis idarəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər. Orada müdafiəçi dəvət olunmuşdur. Sonradan polis idarəsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kiçik ölçüdə şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan açıldıqda içərisindən bir neçə dəqiqə əvvəl aldığı həmin psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Onun təqdim etdiyi həmin psixotrop maddə təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini bir neçə dəqiqə əvvəl, yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığında olan zaman tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra polislər onun təqdim etdiyi həmin psixotrop maddə metamfetamini zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini satmaq, hər hansı şəxsə bağışlamaq, nəyinsə müqabilində hədiyyə etmək fikri olmamışdır. Onun psixotrop maddə metamfetamin əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 15:05 radələrində ünvan 5 ünvanda küçədə onunla birlikdə saxlanılaraq Yasamal rayon polis idarəsinə dəvət olunmuş X5 uzun müddətdir tanıyır, onunla münasibətləri yaxşı olmuşdur, eyni küçədə yaşayırlar, Rüfətlə aralarında əvvəllər heç bir ədavət, düşmənçilik, qərəzli münasibətləri olmamışdır. Saxlanılan zaman o, X3 üzərində psixotrop maddə olduğunu bilmirmiş, bu barədə polis idarəsində sonradan məlumatı olmuşdur. O, heç vaxt X2 istifadə etmək, satmaq və ya daşımaq üçün narkotik vasitə və ya psixotrop maddə almamışdır. Saxlanılan zaman X3 onun üzərində psixotrop maddə olması barədə heç bir məlumatı olmamışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığında olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində almış, həmin psixotrop maddəni X2 almamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona və yanında olan Rüfətə qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin kiçik inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 7 ünvanda qeydiyyatda olmaqla, ünvan 8şayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2024cü il tarixdə saat 14 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1la birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Yasamal rayonu, Xəqan Dadaşov küçəsinə getmişlər. Aradan bir qədər keçdikdən sonra həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə saat 15:05 radələrində Yasamal rayonu, Xəqan Dadaşov küçəsi 184 ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Rövşənin yanında bir nəfər sonradan adını bildiyi X8 adlı şəxs də olmuşdur. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar hər iki şəxsi Yasamal rayon Polis idarəsinə dəvət etmişlər. Həmin şəxslər də heç bir etiraz etməyib onlarla polis idarəsinə gəlmişlər. Yasamal rayon Polis idarəsində Təqsirləndirilən şəxs yanında olan şəxsin X8 olduğu məlum olmuşdur. Yasamal rayon Polis idarəsində onların iştirakı ilə həmin şəxslərin hər birinə ardıcıl olaraq şəxsi axtarış keçirilmişdir. Yasamal rayon Polis idarəsinin inzibati binasında baş təhqiqatçı Orxan Əliyev və müdafiəçi Zakir Zeynalovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Rövşən üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Rövşəndən üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığında olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını dediyini bildirmişdir. Şahid Yasamal RPİ-nin X1 əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, iş üzrə şahid qismində dindirilmiş Şahid2 oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm içərisində ağ rəngli kristal şəkilli kütləni çıxararaq təqdim etmiş, Təqsirləndirilən şəxs həmin kütlənin nədən ibarət olduğunu soruşduqda, o, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddənin kimdən əldən olunduğu soruşduqda, o, həmin psixotrop maddəni tanımadığı şəxsdən 20 manat pul ödəyərək əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş naməlum maddə ekspertizaya təqdim etmək üçün tərəfimdən 01 ədəd ağ rəngli zərflə qablaşdırılaraq götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən içərisində 01 ədəd siqaret olan qara rəngli Viceroy markalı siqaret qutusunu təqdim etmişdir. Təqdim etdiyi içərisində 01 ədəd siqaret olan qara rəngli Viceroy markalı siqaret qutusu iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirən zaman üzərindən qanunla qadağan olunan heç bir əşya və ya predmet aşkar olunmamışdır (i.v. 34-35). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2024-cü il tarixli, 6/3548 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,384 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.46-50). Məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2024-cü il tarixli, 5167 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.121-122). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, ona xx.xx.2024-cü il tarixdə həmin maddə ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, ********* nömrəli cinayət işi üzrə X3 Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinin hazırki iş üzrə nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, X4 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ona polis əməkdaşları tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə, əşyanın olduğu halda təqdim etməsi təklif edildikdən sonra o, şəxsi axtarış keçiriləcəyi təqdirdə, üzərində saxladığı maddənin polis əməkdaşları tərəfindən aşkarlanacağını bildiyi üçün qeyd olunan maddəni polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilməməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan 0,384 qram metamfetamin və bir ədəd DVD diskin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qahq qalmış 0,334 qram metamfetaminin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi, istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs X8 ilə əlbirliyi müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi məsuliyyətini ağırlaşdıran hal olaraq nəzərə alınmaması, iş üzrə Təqsirləndirilən şəxs saxlanılarkən yanında olmuş X3 da üzərindən psixotrop maddə aşkar olunması faktı üzrə sonuncunun barəsində Yasamal RPİ-nin İstintaq şöbəsində müstəntiq polis mayoru Rəşad Nuriyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ********* saylı cinayət işi üzrə istintaq aparıldığından Rüfət Hüseynovun əməlinə həmin cinayət işi üzrə qiymət verilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs hazırda ittiham olunan cinayət işi üzrə əməlinin cinayətin residivi kimi nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılaraq, araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməsinin, cinayət işi üzrə Təqsirləndirilən şəxs öz təqsirini etiraf etməsinin bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə haqqında protokolu və digər istintaq sənədlərinin sübut növləri kimi qəbul edilməsi qərara alınmışdır (i.v.124-131). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə, saat 15:05 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v.23). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-650/2024 saylı, 10 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 iyul 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.81-85). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 23 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Əhmədov X7 Rayon Xalq Məhkəməsinin 25 yanvar 2000-ci il tarixli hökmünə əsasən AR CM-nin 93-3-cü maddəsinin 3 hissəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci ildə Milli Məclisin xx.xx.1999-cu il tarixli “Amnistiya” qərarına əsasən azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.4.2, 234.4.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.115-116). Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X9 adında övladı vardır (i.v.103-104). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin maddələri ilə müxtəlif vaxtlarda məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM- 59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 0,334 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-528/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-528/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver