Məhkəmə qərarları › İş №1(004)-528/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-528/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-528/2025 17.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 qızının iştirakı ilə xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,603 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımış, Yasamal rayon polis idarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 iyun 2025-ci il tarixdə saat 20:11-də ünvan 4 ünvanının qarşısında saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 1,603 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və qeyd etdi ki narkotik vasitə ona məxsus deyil. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsindən görünür ki, bir ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Sonuncu dəfə 03 iyun 2025-ci il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri, Nəsimi rayonunda “Kubinka” adalanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün bir bükümdə "patı” kimi tanıdığı psixotrop maddə metamfetamin almış və münasib vaxtda istifadə etməsi üçün əynində olan şalvarının cibinə qoymuşdur. Həmin gün saat 20:11-də yaşadığı ünvan 5 ünvanının qarşısında olduğu zaman ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib ondan da, özünü təqdim etməsini tələb etmişlər. Həmin vaxtı polis əməkdaşları video çəkiliş aparmışdır. O da, özünü təqdim etdikdən sonra polis əməkdaşı onun narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib bununla bağlı üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini, həmin sol yan cibindən özünə məxsus bir ədəd “Samsung A20S” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd bükümün içərisində nə olması barədə soruşuiduqda o, həmin maddənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni yaşadığı “Kubinka" adalanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Mobil telefonun üzərində isə ***-***-**-** nömrəsindən istifadə etdiyini qeyd etmişdir. Bundan sonra üzərinə axtarış keçirilmiş və digər başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm açılaraq baxış keçirilmiş və boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefon iş üçün sübut əhəmiyyəti daşıması ona izah olunaraq götürülmüşdür. Bundan sonra o, Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, xidməti otaqların birində video çəkilişlə ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilməsi zamanı aparılmış video çəkilişə təhqiqatçı tərəfindən baxış keçirilmiş, təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminin məhkəmə-kimyəvi ekspertizaya göndəriləcəyi, mobil telefonun isə sübut əhəmiyyət kəsb etdiyindən materiala əlavə olunacağı bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, 03 iyun 2025-ci il tarixdə xidmətdə olarkən qərəzsiz mənbədən ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin əldə edilməsi, saxlanılması, istifadəsi ilə məşğul olması barədə məlumat əldə etmişdir. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, Yasamal RPİ-nin NMB- nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və BBPİ-nin KMNMŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra Şahid2la və Şahid3la birlikdə əldə edilmiş məlumat əsasında ünvan 4 ünvanının qarşısına getmişdir. Həmin yerdə saat 20:11-da Təqsirləndirilən şəxs görüb video çəkiliş aparmaqla həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunun şəxsiyyətini dəqiqləşdirdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib bununla bağlı üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və şəxsi axtarış zamanı sonuncuya üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddəni, həmin sol yan cibindən bir ədəd “Samsung A20 S" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və digər başqa qanunsuz əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “şüşə, patı" kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, metamfetamini həmin gün səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka" adlanan ərazidən üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm açılaraq içərisinə baxış keçirilmişdir. Mobil telefon barəsində N.Məməmdovdan soruşulduqdan sonuncu həmin telefonun özünə məxsus “Samsung A20S” markalı olduğunu, telefonun üzərində 077-306- 11-43 nömrəsinin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefon isə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi Təqsirləndirilən şəxs izah olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, xidməti otaqların birində video çəkilişlə sonuncuya hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilməsi zamanı aparılmış video çəkilişə təhqiqatçı tərəfindən baxış keçirilmiş, təqdim edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddənin məhkəmə-kimyəvi ekspertizaya göndəriləcəyi, mobil telefonun isə sübut əhəmiyyət kəsb etdiyindən materiala əlavə olunacağı bildirilmişdir. Daha sonra bununla bağlı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, Yasamal RPİ-nə gətirilən zaman, həmçinin inzibati binada olduğu zaman həmin şəxsə hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/2088 saylı xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,603 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir (qalıq 1,553 qram - 0,06 qram psixotrop maddəmetamfetamin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 xx.xx.2025-ci il tarixli 4880 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində disponser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Republikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X8 19 iyun 2025-ci il tarixli 3-28-29/2-5972/2025 nömrəli məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Republikası Səhiyyə Nazirliyi 2 X4 Xəstəxanasının 23 iyun 2025-ci il tarixli 1/3225 nömrəli məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 1,553 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bakı şəhəri, Yasamal rayon polis idarəsinin xx.xx.2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X3 adlı azyaşlı övladı vardır. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,553 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 440 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhəri, Yasamal rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1,553 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 440 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Bakı şəhəri, Yasamal rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar