Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-53/2020 17.01.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X4 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1996-cı il tarixdə Nefçala şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Nefçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 18-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, döngə 1, fərdi həyət evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 talama məqsədi olmadan 06.08.2019-cu il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsində yerləşən 11 saylı binanın qarşısında park olunmuş Zərərçəkmiş şəxs məxsus “Vaz-21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısını açıb salona daxil olaraq avtomobilin açarının açar yuvasında olmasından istifadə edib avtomobili işə salmaqla geriyə doğru idarə edərək divara vurub avtomobilin deformasiyaya uğraması nəticəsində Zərərçəkmiş şəxs 683,00 (altı yüz səksən üç) manat məbləğində maddi ziyan vuraraq həmin avtomobili qanunsuz ələ keçirib hadisə yerindən uzaqlaşmaqla qaçırmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs X6 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin noyabr ayından başlayaraq narkotik vasitə qəbul edir. 06.08.2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, “İnşaaatçılar” metrostansiyası tərəfdən “İran Klinikasının” yanına gəlib oradan A.Abbasov küçəsinə daxil olaraq binaların arası ilə gəzirmiş. Həmin gün saat 18:30-da A.Abbasov küçəsində yerləşən “Oba” marketin qarşısı ilə keçən zaman, getdiyi istiqamətdə yolun sağ hissəsində ağ rəngli “Vaz 2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görmüşdür. O, həmin avtomobilin paralelindən keçən zaman, avtomobilin mühərrikini işə salan açarın üzərində olduğunu görmüşdür. O, avtomobilin açarının üzərində olmasını gördükdən sonra qərar vermişdir ki, həmin avtomobili qaçırdıb bir qədər sürsün. Bu məqsədlə o, ətrafa baxıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra, həmin “Vaz 2107” markalı avtomobilə yaxınlaşaraq, maşının qapılarını yoxlamağa başlamışdır. O, avtomobilin qapılarını yoxlayan zaman divar tərəfdən sağ arxa qapısının açıq olduğunu müəyyən etmiş və həmin qapıdan avtomobilin salonuna daxil olaraq sükan arxasına keçmişdir. Bundan sonra o, avtomobili işə salaraq yola çıxamaq üçün avtomobili arxaya verən zaman onun arxasını divara vurmuşdur. Bu zaman o, avtomobili irəliyə doğru hərəkət etdirərək, yola düzəlib sürərək 20 Yanvar dairəsinə gəlmişdir. O, avtomobili idarə edərək 20 Yanavar dairəsi istiqamətində H.Zərdabi küçəsi ilə gələrkən həmin küçədə hərəkətdə olduğu istiqamətdə yolun sağ kənarında yerləşən Bakı Biznes Universitetinin qarşısından keçən zaman avtomobilin salonundan avtomobilə və avtomobilin yiyəsinə məxsus sənədləri arasında pul ola biləcəyini düşünərək götürüb baxmış və həmin sənədlərin arasında pul olmadığını gördükdən sonra qeyd olunan sənədləri avtomobilin pəncərəsindən çölə atmışdır. Daha sonra avtomobilin yanacağının azaldığını görüb, 20 Yanvar dairəsindən 4 nəfər tanımadığı şəxsləri sərnişin kimi götürüb Abşeron rayonu, Masazır qəsəbəsinə gətirmişdir. O, həmin şəxslərdən aldığı 4 manat pula avtomobilə Masazır qəsəbəsində hazırda yerini xatırlamadığı X1 benzin töküb yenidən şəhərə qayıtmışdır. Şəhərə qayıtdıqdan sonra bədəni narkotik vasitə tələb etdiyi üçün həmin vaxt qərar vermiş ki, sürmək üçün Yasamal rayonu A.Abbasov küçəsindən qaçırtdığı “Vaz 2107” markalı avtomobilin salonunda olan “pioner” markalı maqnitofon və səs gücləndiririni satsın. Bu məqsədlə o, 07.08.2019-cu il tarixdə saat 02 radələrində həmin avtomobili idarə edərək Nəsimi rayonu, “Papanin” adlanan əraziyə gəlmişdir. Orada o, avtomobili küçələrin birində saxlayaraq orada dayanımış tanımadığı şəxslərə yaxınlaşıb ucuz maqnitofon və səsgücləndirici olduğunu bildirmişdir. Bu zaman həmin şəxslərdən biri onunla birlikdə avtomobilə yaxınlaşmışdır. O, “Vaz 2107” markalı avtomobilin salonundan 01 ədəd “Pioner” markalı maqnitofonu, 04 ədəd səs gücləndiricini, 01 ədəd yaddaş kartını ümumilikdə 23 manat müqabilində həmin tanımadığı şəxsə satmışdır. Bundan sonra o, həmin 23 manat pula “Papanin” adlanan yerdə tanımadığı şəxsdən “Lirika” adlı narkotik vasitə alıb istifadə etdikdən sonra qaçırtdığı “Vaz 2107” markalı avtomobilə əyləşərək yaşadığı Masazır qəsəbəsinə gələrək avtomobili evlərinin yaxınlığında yerləşən qəbirstanlığın yanında saxlayıb avtomobilin mühərrikini işə salan açarı isə yaxınlıqda yerləşən hasara quraşdırılmış qaz sayğacında gizlədib evinə getmişdir. O, etdikləri barədə evdə heç kimə məlumat vermədən yatıb səhərəsi günü, yəni 07.08.2019-cu il tarixdə saat 12 radələrində yenidən Yasamal rayonu A.Abbasov küçəsindən qaçırdığı “Vaz 2107” markalı avtomobilin yanına gələrək onun içərisində satmağa detallar axtaran zaman, ehtiyyat təkəri yerindən çıxarmış, həmin təkər yararsız olduğundan təkəri yaxınlıqdakı gölməçəyə atmışdır. Bundan sonra həmin avtomobilin akumluyatorunu, qaldırıcını, çexolları, açar dəstini yerindən çıxardaraq özü ilə götürüb Nəsimi rayonu, “Papanin” adlanan əraziyə gətirərək orada tanımadığı şəxsə 20 manata satıb həmin pulu şəxsi ehdiyaclarına xərcləmişdir. 08.08.2019-cu il tarixdə o, evdə olan zaman polis əməkdaşları gəlib onu tutmuşlar. “Vaz 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı əşyaları satdığı şəxsləri tanımırmış və əşyaların oğurluq olması barədə həmin şəxslərə məlumat verməmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxsifadəsində göstərmişdir ki, “Vaz 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. O, həmin avtomobili 2018-ci ilin avqust ayında 5000 (beş min) manat müqabilində alaraq şəxsi mülkiyyətinə keçirmişdir. 06.08.2019-cu il tarixdə həmin avtomobilinin yaşadığı binanın qarşısından qaçırılması ilə bağlı DİN-in 102 xidmətinə məlumatı özü vermişdir. 06.08.2019-cu il tarixdə günorta saatlarında o, “Vaz 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvan 1 ünvanında yerləşən binanın həyətində saxlayıb işə getmişdir. Həmin gün saat 18:15 radələrində o, işdən evə gələn zaman avtomobilini saxladığı yerdə görmüşdür. O, avtomobilinə yaxınlaşmadan həyətdən yaşadığı mənzilə qalxmışdır. Həmin gün saat 18:45 radələrində marketə getmək üçün yaşadığı mənzildən həyətə düşən zaman avtomobilinin saxladığı yerdə olmadığını görmüşdür. Bu zaman o, başa düşmüş ki, “Vaz 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırılmışdır. Bundan sonra o, dərhal DİN-in 102 xidmətinə zəng etmiş və daha sonra 29-cu PŞ-nə gedərək bu barədə ərizə yazmışdır. 08.08.2019-cu il tarixdə isə ona 29-cu PŞ-dən zəng edib məlumat vermişlər ki, avtomobili Abşeron rayonu, Masazır qəsəbəsində tapılmışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qəbristanlıgın yanında saxlanılmış avtomobilin yanına getmişlər. Həmin vaxt özünə məxsus “Vaz 21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsinin əzilmiş vəziyyətdə və içərisindən 01 ədəd “pioner” markalı 200 manat dəyərində maqnitofonun, 04 ədəd hər biri 50 manat olmaqla ümumilikdə 200 manat dəyərində “pioner” markalı səs gücləndiricilərin, 01 ədəd 15 manat dəyərində 8GB tutuma malik yaddaş kartının, 01 ədəd 25 manat dəyərində daqilsiz qulaqcıqların, 01 ədəd 15 manat dəyərində dirsək altı barın, 01 ədəd 70 manat dəyərində çxol dəstinin, 01 ədəd 70 manat dəyərində ehtiyyat təkərin, 01 ədəd 25 manat dəyərində qaldırıcının, 01 ədəd 20 manat dəyərində açar dəstinin, 01 ədəd 100 manat dəyərində akumluyatorun və avtomobilin qeydiyyat şəhadətnaməsinin, özünə məxsus sürücülük vəsiqəsinin və etibarnamənin yerində olmadığını aşkar etmişdir. Bundan başqa o, avtomobilinə baxış keçirən zaman avtomobilin sol ön qanadının sürtülməsini də görmüşdür. Həmin oğurluq nəticəsində ona ümumilikdə 740 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02.10.2019-cu il tarixli 24931 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə təqdim edilmiş 17.08.2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən, 2005-ci il olan «Vaz-21074» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 770,00 manat. O cümlədən: dəyişməli hissələrin qiyməti 250,00 manat, təmir-bərpa işlərinin qiyməti 520,00 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 683.00 manat. O cümlədən: dəyişməli hissələrin qiyməti - 163,00 manat, təmirbərpa işlərinin qiyməti - 520.00 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş 2005-ci il buraxılışlı «Vaz-21074» markalı, **-BG-*** (hal-hazırda **-BL-*** d.q.n) dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2019-cu il ilin avqust ayına olan orta bazar qiyməti təxminən 4500,00 manat müəyyən olunur. Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 489,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə,zərər çəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Ə.T.Hüseynov tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs X7 08.08.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10.08.2019-cu il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün həbsdə qalmışdır. Məhkəmə hesab edir ki, maddi sübut olan «Vaz-2107» markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil, açar və avtomobilin bir ədəd dövlət qeydiyyat nişanı sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, X3 əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasənhəbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X3 üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) X2 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan «Vaz-2107» markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil, açar və avtomobilin bir ədəd dövlət qeydiyyat nişanın sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış «Vaz-2107» markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zamanı götürülmüş və X3 əl-barmaq izləri ilə eynilik təşkil etmiş həmin əl izləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-53/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-53/2020
17.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver