Məhkəmə qərarları › İş №1(004)-53/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-53/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-53/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, 3-cü qrup əllilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə xx.xx.2019-cu il tarixdə saat 12:22-də ünvan 4 ünvanda yerləşən «xxxx» ASC-nin Yasamal Filialının qarşısında quraşdırılmış həmin banka məxsus bankomatdan arvadı Zərərçəkmiş şəxs məxsus «xxxx» ASC-yə aid «67686*******3591» nömrəli plastik təqaüd kartı vasitəsilə pul çıxartmaq istəyən X1 etmək adı ilə Zərərçəkmiş şəxs məxsus həmin kartı Sovdəyar Ağayevdən götürmüş, kartdan istifadə üçün nəzərdə tutulmuş pin kodu da öyrəndikdən sonra qeyd olunan plastik kartın əvəzinə üzərində olan Şahid2 adına olan «xxxx» ASC-yə aid «6768 6755 2465 4793» nömrəli plastik kartı bankomata daxil edərək Sovdəyar Ağayevə verdiyi plastik kartın guya işləmədiyini və yarım saat sonra yenidən yoxlamasını deyərək aldatmış, Zərərçəkmiş şəxs adına olan plastik kartı özündə saxlamaqla Şahid2 adına olan plastik kartı Sovdəyar Ağayevə vermiş, sonuncu getdikdən sonra Zərərçəkmiş şəxs adına olan plastik təqaüd kartını həmin bankomata daxil edib Sovdəyar Ağayevdən öyrəndiyi pin koddan istifadə etməklə kartdan 500 manat pulu nəğd şəkildə çıxarıb oradan uzaqlaşmış və həmin tarixdə saat 12:27:47-də vahid niyyətlə, «www.gamebuy.az» internet saytından oyun paketi almaq üçün Zərərçəkmiş şəxs adına olan kartın ön tərəfində əks olunmuş 16 rəqəmli nömrəni, etibarlılıq tarixini və kartın arxa üzündəki “CVC2” kodunu internet saytındakı bölmələrə daxil edib plastik təqaüd kartının hesabında qalmış 130 manat məbləğində pulu qeyd olunan internet saytının hesabına köçürərək elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamış, bununla da Zərərçəkmiş şəxs ümumilikdə 630 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evli olmaqla, iki azyaşlı uşaqları vardır və üçüncü qrup gözdən əlildir. Əlilliyi ilə bağlı o, dövlətdən aylıq 110 manat pensiya alır. xx.xx.2019-cu il tarixdə saat 12 radələrində ünvan 5 ünvanda yerləşən «xxxx» ASC-nin Yasamal Filialının qarşısında əvvəllər tanımadığı yaşlı bir kişini plastik kartından pul çıxarmağa kömək etmək adı ilə aldadıb sonuncunun kartından pul oğurlamışdır. Belə ki, həmin zaman o, Bakı Dövlət Universitetinin yanından həmin yerə gələrək öz pensiyasını çıxarmaq üçün adına olan plastik kartı həmin bankomata daxil etdikdə görmüşdür ki, ödəniş hələ hesabına yüklənməmişdir. Həmin vaxt əvvəllər tanımadığı yaşlı bir kişi ona müraciət edərək, təqaüdü çıxarmağa kömək etməsini istəmişdir. O, isə kömək edəcəyini demişdir. Bundan sonra sonuncu ona əvvəlcə bir plastik kartı verərək kodunu demiş, o, həmin kartdan pulu çıxararaq sonuncuya qaytarmışdır. Sonra həmin kişi ona ikinci plastik kartı, yəni «xxxx» ASC-nin kartını verərək kodunu demiş, o, həmin kartı deyil, üzərində olan bir qədər əvvəl küçədən tapdığı «Elbrus» adlı şəxsin adına olan eyni rəngli, yəni göy rənli işləməyən plastik kartı bankomata daxil etmiş və kişinin dediyi kodu yığdıqda təbii ki, aparat səhv olduğunu göstərdiyi üçün o, həmin kişiyə göstərib demişdir ki, guya ki, kartı işləmir, təxminən 30 dəqiqə sonra bir daha yoxlasın və həmin kartı kişiyə qayarmışdır. Kişi həmin kartı götürüb ondan uzaqlaşan kimi o, kodu yadından çıxmasın deyə, kişidən götürdüyü kartı bankomata daxil etmiş və kodu yığaraq hesabda 630 manat pulu olduğunu görmüşdür. Həmin kartdan bir dəfəyə yalnız 500 manat pul çıxarmaq limiti olduğu üçün elə həmin məbləğdə pulu çıxarmış və plastik kartı da götürüb «xxxx» ASC-nin arxasına keçib oradan avtobus dayanacağına tərəf çıxıb getmişdir. Təxminən 5 dəqiqə sonra avtobus dayanacağına gedərkən yolda istifadəsində olmuş «Xiaomi by X19 7» markalı mobil telefonu vasitəsilə internet şəbəkəsinə daxil olmuş və orada «www.gamebuy.az» saytına daxil olaraq həmin plastik kartın hesabında qalmış 130 manat pulu da köçürərək həmin saytda olan oyun paketini almışdır. Həmin plastik kartı hazırda yadında olmayan bir yerdə tullamış və yaşadığı Sumqayıt şəhərinə getmişdir. Həmin cinayəti törədərkən əynində sarı rəngli kapuşonlu qış gödəkcəsi, göy rəngli cins şalvarı və ağ-sarılı rəngdə idman ayaqqabıları olmuşdur. O, Şahid1 adlı və Şahid2 adlı şəxsi tanımamış və heç bir münasibəti olmamış, sonuncunun adına olan «xxxx» ASC-nin **********654793 nömrəli plastik kartı 2019-cu ilin oktyabr ayında dəqiq xatırlamadığı yerdən tapmış, kodunu bilmədiyi üçün həmin kartdan hər hansı məbləğdə pul çıxarmamış, pul qabına qoyaraq bir ay özündə saxlamışdır. Həmçinin o, X13 və Zərərçəkmiş şəxs adlı şəxsləri əvvəllər tanımamış və hər hansı münasibəti olmamışdır. Həmin cinayətdən başqa o, 2019-cu ilin oktyabr aıyında Şamaxı şəhərində plastik kartdan 200 manat çıxarıb ələ keçirdiyi üçün Şamaxı RPŞ tərəfindən barəsində cinyət işi yekunlaşdırılıb baxılması üçün məhkəməyə göndərilmiş və Şamaxı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, 3-cü qrup əlil olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində özünə məxsus olan «xxxx» ASC-dən verilmiş təqaüd kartını «xxxx» ASC-nin bankomatından onun təqaüdünü çıxartması üçün həyat yoldaşı Sovdəyar Ağayevə vermişdir. Həyat yoldaşı pulu ünvan 5 ünvanda yerləşən «xxxx» ASC-yə məxsus bankomatdan çıxaracağını bildirmiş və evdən çıxaraq banka getmişdir. Təxminən bir saat sonra həyat yoldaşı Sovdəyar Ağayev ona zəng edərək onun təqaüd kartının tanımadığı şəxs tərəfindən oğurlandığını və Yasamal RPİ-nin 26-cı PB-nə gələrək ərizə ilə müraciət etməsinin lazım olduğunu bildirmişdir. O, 26-cı PB-nə gəldikdən sonra bilmişdir ki, həyat yoldaşı Sovdəyar Ağayev ona onun verdiyi təqaüd kartından pul çıxarmaq üçün ünvan 5 ünvanda yerləşən bankomatın qarşısında dayandığı zaman bir nəfər şəxsdən köməklik istəmiş, həmin şəxs ona məxsus kartı başqa kartla dəyişərək onun kartından hesabında olmuş 630 manat məbləğində pul vəsaitini çıxarmışdır. Həmin cinayət nəticəsində ona 630 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 (vəfat etmişdir) məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 12 radələrində ünvan 5 ünvanında yerləşən «xxxx» ASC-yə məxsus bankomata yeznəsi Nizami Babayevə məxsus olan kartdan və həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus olan kartdan pul çıxarmaq üçün yaxınlaşdığı zaman həmin bankomatın yanında bir nəfər təxminən özü boyda arıq bədən quruluşlu cavan oğlan dayandığını görmüşdür. Həmin oğlanın əynində sarı rəngdə sintetik parçadan olan gödəkcə olmuş, burnu qövsi şəkilli və üzü də tüklü olmuşdur. Həmin oğlan bankomatın qarşısında durub öz işi ilə məşğul olarkən onun gözlədiyini görüb pul çıxarmaq istədiyini soruşmuşdur. O, sonuncuya «bəli» cavabı verdikdən sonra sonuncudan xahiş etmişdir ki, qeyd etdiyi kartalardan pul çıxarmaq üçün ona köməklik etsin. Əvvəlcə o, yeznəsi Nizami Babayevə məxsus olan kartdan pul çıxarmasını xahiş etmiş, oğlan həmin kartdan 240 manatı çıxararaq ona vermişdir. Bundan sonra o, həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus olan kartı da həmin şəxsə vermişdir. Sonuncu ondan kartın kodunu soruşaraq kartı bankomata daxil etmiş və ona bildirmişdir ki, kart işləmir. Sonra sonuncu kartı bankomatdan çıxararaq ona verərək bildirmişdir ki, 30 dəqiqədən sonra təkrar yoxlasın. O, bankomatın yaxınlığında yerləşən «xxxx» ASC-yə yaxınlaşmış və içəri daxil olduqdan sonra məlumat bürosundan kartın nəyə görə işləmədiyini soruşmaq məqsədi ilə kartı bankda işləyən xanıma vermişdir ki, yoxlasın. Həmin xanım kartın kimə məxsus olmasını ondan soruşduqda o, həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus olmasını bildirmişdir. Həmin xanım kartın üzərində başqa şəxsin, yəni Elbrus Nazaralıyevin adının yazıldığnı ona bildirmiş və kartı qaytarmışdır. Həmin vaxt o, aldadıldığımı anlamış və bankdan bayıra çıxmışdır və həmin şəxsin artıq bankomatdan pul çıxararaq çıxıb getdiyini görmüşdür. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, polis əməkdaşları tez bir zamanda hadisə yerinə gəldikdən sonra birlikdə banka daxil olaraq kartda olan pulların çıxarılıbçıxarılmadığı barədə maraqlanmışlar və məlum olmuşdur ki, həyat yoldaşına məxsus olan həmin kartdan 500 manat elə həmin bankomatdan, 130 manat isə internet vasitəsi ilə çıxarılmışdır. Baxmayaraq ki, o, əvvəlcə həmin oğurluğun Şahid1 tərəfindən törədildiyini bildirmişdir, daha sonra ona məlum olmuşdur ki həmin cinayəti Təqsirləndirilən şəxs törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs üzünün quruluşu, sifətinin cizgidləri, sol gözünün qüsurlu olması, boyunun sağ tərəfində üç ədəd ulduz döyməsinin olması əlamətlərinə görə onu dərhal tanımışdır. Ona görə də həmin cinayəti Şahid1 deyil, Təqsirləndirilən şəxs törətmişdir. X2 atası X14 onunla tanış olaraq könüllü şəkildə 630 manat məbləğində vurulmuş maddi ziyanı ona tamamilə ödədiyi üçün hazırda X4 qarşı heç bir şikayət və ya tələblərinin olmadığını nəzərə almağı xahiş etmişdir. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 1993-cü ilin yanvar ayında Qarabağ uğrunda müharibə zamanı sol ayağı amputasiya olunduğu üçün İ qrup əlildir və aylıq 100 manat təqaüd alır. Eyni zamanda, əlavə məşğuliyyət kimi özünə məxsus “VAZ-2107” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ara-sıra sərnişin daşımaqla əlavə çörək pulu qazanır. 2019cu ildə «xxxx» ASC-dən ona beş il müddətinə **********654793 nömrəli təqaüd kartı verilmişdir. 2019-cu ilin oktyabr ayında o, Sumqayıt şəhərində naməlum şəraitdə həmin təqaüd kartını itirmiş və tapa bilmədiyi üçün banka gedərək təzə kart almışdır. İtirdiyi həmin təqaüd kartından ondan başqa heç kim və heç vaxt hər hansı məbləğdə pul çıxarmamış və ya pulu oğurlanmamışdır. Təqsirləndirilən şəxs adlı şəxsi heç vaxt tanımamış və həmin şəxslə rastalşmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir, həmin cinayəti o, törətməmiş, cinayəti törətmiş şəxsi tanıyır və şəxsiyyəti barədə məlumat verə bilər. İstintaq zamanı o, müstəntiq Emin Musayev tərəfindən dindirildiyi zaman və Sovdəyar Ağayev adlı şəxsə tanınmaya təqdim olunduğu zaman bildirmişdir ki, həmin cinayəti o, törətməmişdir, bankdan alınmış fotoşəkillərdəki şəxs də o, deyildir, çünki həmin şəxsin üz cizgilərindən də görsəndiyi kimi, başqa şəxsdir, lakin Sovdəyar Ağayev ondan əl çəkməyərək bildirmişdir ki, plastik kartı guya o, sonuncudan götürüb ələ keçirmişdir. Həmin cinayəti törətmiş şəxs barədə onu deyə bilər ki, «Hüseyn» adlı Sumqayıt sakinidir və sonuncunun «İnstagram» sosial şəbəkəsində olan səhifəsini və fotoşəkillərini göstərə bilər ki, araşdırılıb yoxlanılsın. Həmin şəxsin boğaz nahiyyəsində sağ tərədən üç ədəd «ulduz» şəkilində döymə olsa da, onun bədəni üzərində döymələr hər iki qollarının üzərində və sinəsində çiyinlərinin alt hissəsindədirlər. xx.xx.2019-cu il tarixdə o, Xırdalan şəhərində olmuş, Bakı şəhərində olmamışdır. Əvvəllər o, X9 heç vaxt tanımamış və aralarında hər hansı münasibət olmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli «şəxsin tanınmaya təqdim edilməsi haqqında» protokol və fotocədvəldən görünür ki, X13 dörd nəfər şəxsin arasından Təqsirləndirilən şəxs göstərərək sonuncunun cinayəti törətmiş şəxs olduğunu bildirmişdir. İş materiallarında olan “toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Şahid2 adına verilmiş bir ədəd “xxxx” ASC-nin **********654793 nömrəli təqaüd kartı və “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 157000/2-2-02-6779 nömrəli məktubu ilə daxil olmuş bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə və iş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, «xxxx» ASC-yə məxsus bankomatdan xx.xx.2019-cu il tarixdə, saat 12:21:27-dən 12:21:59-dək görüntüdə əynində sarı rəngli və kapişyonlu gödəkcə olan şəxs Təqsirləndirilən şəxsdur. Belə ki, Təqsirləndirilən şəxs həmin fotoşəkillərdə olan şəxsin özü olduğunu, həmin vaxt X5 götürdüyü “xxxx” ASC-yə aid plastik kart vasitəsilə bankomatdan 500 manat məbləğində pul çıxartdığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş «xxxx» ASC-dən alınmış ödəmə kartı üzrə çıxarışın surətindən görünür ki, müştəri Zərərçəkmiş şəxs adına olan 67686*******3591 nömrəli plastik kartın hesabına xx.xx.2019- cu il tarixdə saat 17:44:21-də 630 manat mədaxil edilmiş, xx.xx.2019-cu il tarixdə saat 12:22:45-də 500 manat nəğd pul «xxxx»ın Yasamal filialının ünvanında quraşdırılmış bankomat vasitəsilə məxaric edilmiş və qalıq olaraq 130 manat hesabda qalmışdır. Bundan sonra, 28.1 1.2019-cu il tarixdə saat 12:27:47-də 130 manat məbləğində pul elektron ödəmə üsulu ilə kartın hesabından «www.gamebuy.az» internet saytına köçürülməklə məxaric edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 124887 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş X13 xx.xx.2020-ci il tarixdə «Beyin odemi» səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ İV № 055211 və AZ İV № 392409 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı iki azyaşlı övladları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyindən verilmiş SER TSE-01 № 152199 seriyalı 12 JMb-li arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs İİİ (üçüncü) qrup gözdən əlildir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə barəsində Şamaxı rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs Yasamal MSY-dən azad edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 173.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, 3-cü qrup gözdən əlil olmasını, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməsə də, onun hazırkı cinayətdən başqa da eyni xarakterli cinayət törədərək Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması onun oğurluq əməlinə meyilli olmasına dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsin əvvəllər də eyni tipli cinayəti törətməklə oğurluq əməlinə meyilli olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs hal-hazırda Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd plastik kart və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 qızının vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-291/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli vəkil heasabatından görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilməklə, 25 (iyirmi beş) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd plastik kart və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar