Məhkəmə qərarları › İş №1(004)-53/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-53/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-53/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 25 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Ak.Qarayev küçəsi, ev 28-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 26 avqust 2019-cu il tarixdən başlayaraq 17.06.2003-cü il təvəllüdlü X3 və 08.07.2007-ci il təvəllüdlü Səmədov Nəriman Gündüz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160,00 manat olmaqla ümumilikdə 320,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(060)-126/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 23 iyul 2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 10.08.2020-ci il, 10.02.2021-ci il və 12.04.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 01 iyul 2021-ci il tarixə kimi, cəmi 6380,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirildiyi üçün barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs olunmamışdan əvvəl o havalandırma avadanlıqların quraşdırılması sahəsində usta kimi fəaliyyət göstərmişdir. 25.11.1998-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurub 06.09.2019-cu il tarixdə boşanmışdır. Onların birgə nikahlarından Saraxanım, Mədinə və Nəriman adlı övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(060)-126/2020 saylı qətnaməsinə əsasən, ondan 26 avqust 2019-cu il tarixdən başlayaraq 17.06.2003-cü il təvəllüdlü X3 və 08.07.2007-ci il təvəllüdlü Səmədov Nəriman Gündüz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160,00 manat olmaqla ümumilikdə 320,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamə icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamışdır. Bu səbəbdən o Yasamal Rayon Məhkəmənin 23.07.2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. O inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və onun 6380 manat aliment borcu yaranmışdır. Yekun olaraq o barəsində azadlıqdan mhərum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 25.11.1998-ci il tarixdə ailə qurmuş 07.01.2020-ci il tarixdə isə boşanmışdır. Onların birgə nikahlarından Saraxanım, Mədinə və Nəriman adlı üç övladı vardır. Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(060)- 126/2020 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 26 avqust 2019-cu il tarixdən başlayaraq 17.06.2003-cü il təvəllüdlü X3 və 08.07.2007-ci il təvəllüdlü Səmədov Nəriman Gündüz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160,00 manat olmaqla ümumilikdə 320,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməlidir. Həmin məhkəmə qətnəməsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Lakin aliment borcu Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyi üçün o Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonrada Gündüz müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş etməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən 6380,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Halhazırda o uşaqları ilə birlikdə kirayədə yaşayır və hər üç övladının saxlanmasında maddi sıxıntılar yaşadığı üçün Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-126/2020 saylı, 07.01.2020-ci il tarixli icra sənədinə əsasən 26.08.2019-cu il tarixdən başlayarq borclu Təqsirləndirilən şəxs 17.06.2003-cü il təvəllüdlü X8 və 08.07.2007-ci il təvllüldü Səmədov Nəriman Gündüz oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 160,00 manat olmaqla ümumilikdə 320,00 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 03.06.2020-ci il tarixdə başlanılmış icraat zamanı sözügedən vəsaitin borclu Təqsirləndirilən şəxs tərəfindən alimentin ödənilməsi təmin edilmədiyi üçün, Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1475/2020 saylı, 23.07.2020-ci il tarixli qərarı ilə 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs şöbəyə dəvət edilmiş və ondan izahat alınmış, izahatında heç yerdə işləmədiyindən aliment borcunu ödəmək iqtidarında olmadığını bildirmiş, bununla əlaqədar icra məmuru tərəfindən ona Məşğulluq Mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur. Daha sonra icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilmədiyindən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-732/2020 saylı,13.10.2020-ci il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İnzibati məsuliyyətə cəlb edildikdən sonra Təqsirləndirilən şəxs yeni müddət təyin edilmiş, lakin borclu həmin müddət ərzində tələbi təmin etməmişdir. Bundan əlavə Yasamal Rayon Məşğulluq Mərkəzinin **********6 saylı, 07.04.2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, borclu G.X5 işsiz kimi qeydiyyatdan keçməmişdir. Təqsirləndirilən şəxsla məhkəmə qərarının icrası ilə bağlı dəfələrlə fərdi söhbətlər aparılmış, lakin borclu müxtəlif bəhanələr gətirərək aliment borcunu ödəməkdən yayınmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə 6380 manat aliment borcu yaranmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin əməkdaşı Şahid2 Şahid1 göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 72-74-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında 25.11.1998-ci il tarixdə rəsmi nikaha bağlanaraq ailə həyatını qurmuş, həmin nikahdan Saraxanım, Mədinə və Nəriman adlı üç övladı vardır, uzun müddət bir ailə kimi yaşamış, lakin sonradan xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pisləşmiş və ayrılaraq Zərərçəkmiş şəxs uşaqlarla birlikdə valideyinlərinin evinə köçmüş, 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs nikahın pozulması və uşaqların saxlanması üçün aliment tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(060)-126/2020 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 26 avqust 2019-cu il tarixdən başlayaraq 17.06.2003-cü il təvəllüdlü X3 və 08.07.2007-ci il təvəllüdlü Səmədov Nəriman Gündüz oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160,00 manat olmaqla ümumilikdə 320,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib və məhkəmə tərəfiondən borclu inzibati məsuliyyətə cəlb olunaraq 500,00 manat inzibati qaydada cərimə edilmiş, lakin bundan sonra da, Təqsirləndirilən şəxs alimenti ödəməmiş və aliment üzrə borcu icra qurumunun təqdimatına əsasən 6380,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs işəmuzd yaşadığı ərazidə fəhlə kimi işləsə də, alimenti ödəməkdən qərəzli olaraq yayınır, bir ata kimi öz övladı ilə maraqlanmır və evlərinə heç bir köməklik göstərmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(060)-126/2020 saylı icra vərəqəsindən görünür ki, 26.08.2019-cu il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs 17.06.2003-cü il təvəllüdlü X9 və 08.07.2007-ci il təvəllüdlü Səmədov Nəriman Gündüz oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. (i.v. 10) Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(060)-126/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 25 noyabr 1998-ci il tarixdə bağlanmış 170 saylı nikah qeydi pozulmuşdur. Nikah pozulduqdan sonra 17.06.2003-cü il təvəllüdlü X9 və 08.07.2007-ci il təvəllüdlü Səmədov Nəriman Gündüz oğlu anaları Zərərçəkmiş şəxs yanında qalmışdır. 26.08.2019-cu il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs 17.06.2003-cü il təvəllüdlü X9 və 08.07.2007-ci il təvəllüdlü Səmədov Nəriman Gündüz oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. (i.v. 12-13) “İcraata başlamaq haqqında” 03 iyun 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(060)-126/2020 saylı qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. (i.v. 14) Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin 03.06.2020-ci il tarixli Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında xəbərdarlıqdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(060)-126/2020 saylı icra sənədində göstərilən tələb yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimatla müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. (i.v. 15) Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Xaliq Möhbalıyevin 07 oktyabr 2020-ci il tarixli 1888/d nömdəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Təqsirləndirilən şəxs, X4, X1 və digərləri ilə Yasamal rayon İcra Hakimiyyəti arasında 06.07.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və yuxarıda qeyd olunan şəxslərə ümumilikdə 88192 manat kompensasiya, eyni zamanda 18035 manat maddi yardım ödənilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli 8(004)-732/2020 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. (i.v. 35-37) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 07 aprel 2021-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 1 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında işsiz vətəndaş kimi qeydiyyatdan keçməmiş və heç bir müavinət ödənişi almamışdır. Vətəndaş mövcud olan boş (vakant) iş yerləri ilə tanış olmaq, peşə hazırlığı kursları və özünüməşğulluq fəaliyyəti barədə məlumat almaq, ictimai faydalı əməklə məşğul olması məqsədi ilə, sifarişli məktubla 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialına dəvət olunmuşdur. Təqsirləndirilən şəxs Mərkəz filialına müraciət edəcəyi təqdirdə ona məşğulluq haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq müvafiq qaydada köməklik göstəriləcəkdir. (i.v. 44) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə baxışının gedişatında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2020ci il tarixli, 2(060)-126/2020 saylı icra vərəqəsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1745/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinib barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına, həmçinin məsuliyyəti barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə icra sənədini qərəzli olaraq icra etməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(060)-126/2020 saylı icra vərəqəsini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 26 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 77) Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. (i.v. 87) “Qətimkan tədbiri seçmək haqqında” 23 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 107-108) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli 4(004)-261/2022 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 21.04.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(060)- 126/2020 saylı qətnaməsi üzrə ümumilikdə 6380 (altı min üç yüz səksən) manat məbləğində aliment borcundan 250 (iki yüz əlli) manat məbləğində ödəniş etmişdir. Qalıq qalmış məbləğ ödənilmədiyindən hal-hazırda şikayətçidir və pulunu tələb edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eyni xarakterli cinayətin onun tərəfindən yenidən törədilməsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli 4(004)-261/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, cəzaçəkmənin əvvəli məhkəmə hökmünün elan edildiyi gündən, yəni 21 aprel 2022-ci il tarixdən hesablanmalı, cəzasını CMin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 261/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar