Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-530/2022 07.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 4 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Siyəzən şəhəri, Alı Mustafayev küçəsi ev 23-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 noyabr 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən “Heydər” məscidinə daxil olaraq, namaz otağında ibadət edən Zərərçəkmiş şəxs1 sütunun yanına qoyduğu 1500 manat dəyərdə «iPhone 11 pro» markalı mobil telefonu üzərində olan 5 manat dəyərdə ***-***-**-** mobil nömrə və 700 manat dəyərdə ***-***-**-** mobil nömrə ilə birlikdə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 cəmi 2205 manat dəyərdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən «Cümə» məscidinə daxil olaraq, dəhlizindəki asılqandan asılmış, ibadət otağında olan Zərərçəkmiş şəxs4 məxsus gödəkçənin cibindən 480 manat dəyərində bir ədəd «Redmi 10» markalı mobil telefonu içərisində olan dəyəri 30 manat ***-***-**-** və 10 manat dəyərdə ***-***-**-** nömrəli simkartları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 cəmi 520 manat dəyərdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən «Cümə» məscidinə daxil olaraq, ibadət otağında olan Zərərçəkmiş şəxs2 məsçidin dəhlizində asılqandan asdığı gödəkcəsinin cibindən içərisində 650 manat olan 20 manat dəyərdə pul kisəsini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 670 (altı yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 may 2022-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən «məscidə» daxil olaraq, ibadət otağında olan Zərərçəkmiş şəxs3 məsçidin dəhlizindəki asılqanda asdığı 10 manat dəyərdə olan gödəkçəsini və gödəkgcənin cibində olan 500 manat dəyərində bir ədəd “Xiaomi Not -8" markalı mobil telefonu, telefonun içindəki 3 manat dəyərdə ***-***-**-** sim nömrəni və içərisində 5 manat nağd pul olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 528 (beş yüz iyirmi səkkiz) manat manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Mirələkər oğlu Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, törədilmiş əməldə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu ərazisində məsçiddən iki dəfə, 9-cu mikrorayonda Heydər məsçidində və Yasamal rayonu ərazisində İlahiyyat məsçidində bir dəfə oğurluq edib mobil telefon və pul oğurlamışdır. Sonuncu oğurluq əməlini 14 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən İlahiyyat məscidindən etmişdir, bəzi vaxtlarda pulu olmadığından imkansızlıqdan oğurluq etmişdir. Belə ki, 12 noyabr 2021-ci il tarixdə günorta vaxtları 9-cu mikrorayonda yerləşən «Heydər» məsçidində gümbəzin altında namaz otağında sütunun yanında mobil telefon qoyulmasını görüb sütunun yanından keçərkən heç kimin onu görmədiyini görüb, əlini atıb telefonu götürüb məsçiddən çıxmışdır. O, mobil telefonu Neftçilər metosu yanında bir neçə mobil telefon alqı satqı mağazalarına girib satmaq istəmiş, lakin mobil telefon «iPhone» markalı olduğu üçün kodu olmadığından heç kim almamış, ona görə də telefonu Neftçilər metrosu yanında yol kənarına atmışdır. Bundan sonra, 16 noyabr 2021ci il tarixdə saat təxminən 18:30 radələrində pulu olmadığı üçün Qaraçuxur qəsəbəsində olan məsciddə olarkən dəhlizdəki asılqanda gödəkçə asılmasını görüb və orada kimsə olmadığı və ona baxan olmadığını görüb gödəkçənin cibindən pul və ya mobil telefon oğurlamaq üçün tanımadığı şəxsin gödəkçəsinin cibinə baxıb bir ədəd “Xiaomi redmi” markalı mobil telefonu oğurlamış, sonra məsçiddən çıxdıqda mobil telefonun yaddaşını silib simkartını çıxarıb tullamış, telefonu həmin tarixdə Neftçilər metrosu yanında telefon mağazalarından birinə şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə məxsus olduğunu bildirib 160 manata satıb pulunu ehtiyaclarına xərcləmişdir, həmin mobil telefonun özünə məxsus olduğunu və ehtiyacı yarandığı üçün satmaq istədiyini bildirib satmışdır. Telefonu satdığı telefon alqı satqı mağazasının yeri dəqiq yadında qalmamışdır. Bundan sonra 21 noyabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində Qaraçuxur qəsəbəsində olan məsçiddə olarkən dəhlizdə asılmış gödəkcə görüb və kimsənin baxmadığını görüb gödəkcənin ciblərinə baxıb oradan qara dəri pul kisəsi tapıb götürmüş, pul kisəsini götürdükdən sonra kimsə görmədiyinə əmin olub məsçiddən tələsik çıxıb uzaqlaşıb və yolda pul kisəsinin içinə baxdıqda oradan 6 ədəd 100 manatdlıq və bir ədəd 50 manatlıq pul əskinası tapıb və pul kisəsini içində olan bilmədiyi bank kartları, qəbzlər və şəxsiyyət vəsiqəsi ilə birlikdə Qaraçuuxur qəsəbəsində Aura restoranı yanında yol kənarına tullamışdır. Belə ki, ona həmin sənədlər lazım olmamış, oğurluğu ancaq pul əldə etmək üçün etmişdir. Oğurladığı pulları sonradan ehtiyaclarına sərf etmişdir. Bundan sonra 2022ci ilin may ayının ortalarında axşam saat 18 radələrində pulu olmadığından Yasamal rayonu ərazisində İlahiyyat məsçidində olarkən 2-ci mərtəbədə asılqanda gödəkcə olmasını görüb kimsə və onu görən şəxs olmadığına əmin olub gödəkgəni götürüb pilləkanla adam olmayan yerə çıxıb, ciblərinə baxıb pul kisəsi və bir ədəd mobil telefon götürmüş, gödəkcəni orada tullayıb tələsik çıxmış, yolda pul kisəsinə baxdıqda içindən 5 manat pul tapmış, pul kisəsinin içində olan şəxsiyyət vəsiqəsi və başqa sənədlərlə birlikdə məsçidin yuxarı tərəfində yol kənarına tullayıb oradan getmişdir. Sonra mobil telefonu haradasa telefon alqı satqı mağazasına satıb pulu xərcləmiş, telefonu satdığı mağazanın yeri yadında qalmamışdır. Oğurluq etdiyi yerləri göstərmiş, göstərdiklərindən başqa başqa oğurluq etməmişdir. Oğurluq anı hadisə yerində qeydə alınmış görüntülərə baxarkən görüntüdə özünü görüb tanımışdır. Son sözündə o, əməlindən peşman olduğunu, zərəçəkmiş səxslərlə barışdığını və himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, namaz qılmaq məqsədilə xx.xx.2022-ci il tarixdə günorta saatlarında Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən İlahiyyat məscidinə getmişdir. Burada o, üzərində olan gödəkcəsini məscidin qarderobundan asaraq namaz qılmağa getmiş, qayıtdıqda isə gödəkçəsinin yerində olmadığını aşkar etmişdir. O, oğurluq barədə dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Sonradan məsciddəki balkondan gödəkcəni tapsa da, gödəkçəsinin cibinə qoyduğu içində plastik kartlar, sürücülük, şəxsiyyət vəsiqələri, 5 manat pul olan 10 manat dəyərdə pulqabı və 500 manat dəyərdə “Xiaomi Not 8” markalı mobil telefonu olmuşdur. Sonradan oğurlanan gödəkçəsini və pul qabını tapsa da, pul qabının içərisindəki məbləğ yerində olmamışdır. Bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsindən sonra tapdığı gödəkçəsi və pul qabı çirkləndiyi üçün onları daha istifadə etməmiş və atmış, sürücülük və şəxsiyyət vəsiqələriini isə özündə saxlamışdır. Oğurlanan plastik kartlarda hər hansı məbləğ olmamışdır. Beləliklə, ona ümumilikdə 10 manat dəyərdə gödəkcəsi, 10 manat dəyərdə pulqabı, 05 manat məbləğində pul, 500 manat dəyərdə mobil telefonu, telefonun içində olan 03 manat dəyərdə simkartla birlikdə ona cəmi 528 manat ziyan vurulmuşdur. Son olaraq təqsirləndirilən şəxsi ona vurduğu ziyanı bağışladığını və ona qarşı heç bir şikayətinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 21 noyabr 2021-ci il tarixdə saat təxminən 13 radələrində namaz qılmaq üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehbalıyev küçəsində yerləşən məscidə gəlmişdir. Burada namaz otağının qarşısında olan dəhlizdə üzərində olan gödəkçəsini çıxarıb asmışdır. O, namaz qılmaq üçün olan otağa keçməzdən qabaq əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs bir şəxsin tez-tez onun gödəkçəsinin asılı olduğu asılqana baxdığını və ona məxsus gödəkçəyə yaxınlaşdığını görmüşdür. Bundan sonra o, ibadət otağına keçmiş, qayıtdıqdan sonra isə gödəkçənin cibini yoxladığı zaman içərisində olan pul kisəsinin olmadığı ona məlum olmuşdur. O, oğurluq hadisə ilə əlaqədar dərhal DİN-in 102 xidmətinə məlumat vermiş və 32-ci Polis Bölməsinə gedərək ərizə yazmışdır. Pul kisəsinin dəyəri 20 manat, onun içərisində isə 650 manat məbləğində pul olmuş, ümumilikdə isə ona 670 manat məbləğində ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsi ona vurduğu ziyanı bağışladığını və ona qarşı heç bir şikayətinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, 16 noyabr 2021-ci il tarixdə axşam saatlarında namaz qılmaq üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Cümə məscidinə getmişdir. Burada o, üzərində olan qara rəngli gödəkçəsini əynindən çıxarmış və asılqandan asmışdır. Bu zaman həmin gödəkçənin cibində “Redmi 10” markalı mobil telefonu olmuş və həmin telefonun dəyəri 480 manat, mobil telefonunun içərisində olan iki simkartın dəyəri isə 40 manat olmuşdur. Namaz qılıb gəldikdən sonra isə mobil telefonunun gödəkçəsinin cibində olmadığını aşkar etmişdir. Bundan sonra o, oğurluqla bağlı 32-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 520 manat məbləğində ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsi ona vurduğu ziyanı bağışladığını və ona qarşı heç bir şikayətinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu, 9-cu mikrorayon Həmzə Babaşov küçəsində yerləşən «Heydər» məscidində namaz qılmağa gedərkən «iPhone 11 Pro» markalı mobil telefonunu namaz otağında sütunun kənarına, gözlə görünməsi mümkün olan yerə qoymuşdur. Namaz qılıb qurtardıqdan sonra telefonunu götürmək üçün qayıtdıqda telefonunun qoyduğu yerdə olmadığını görmüşdür. Onun istifadəsində olan oğurlanmış telefon 2020-ci ildə mağazadan 2000 manata alınmış, iki il müddətində onun işlənməsini nəzərə alaraq mobil telefonu 1500 manat dəyərində qiymətləndirmişdir. Oğurlanmış mobil telefonunda iki nömrə olmuş, ***-***-**-** nömrəsini 5 manata, ***-***-**- ** nömrəsini isə 700 manata əldə etmişdir. Sonradan isə nömrələrin dublikatlarını yenidən almışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2205 manat ziyan vurulmuşdur. Son olaraq ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməməsinə baxmayaraq sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsidir. Hadisə yerinə baxış zamanı qeyd edilən ünvanda avtomaşın yolunun yan tərəflərində sol yan tərəfində yaşayış binaları və yaşayış evlənin olmaları sağ yan tərəfində isə məscid yerləşməsi müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı qeyd edilən məscidin sağ yan hissəsində məscidə aid yardımçı və xidməti otaqların olmaları müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı qeyd edilən məscidin birinci mərtəbəsində içəriyə daxil olduqda ümumi zalın və namaz otağının olduğu müəyyən edildi. Baxış zamanı iştirakçı bildirmişdir ki, qeyd edilən namaz otağında olan zaman telefonunu namaz otağında sütunun kənarına yerə qoymuş, sonradan oğurlandığını müəyyən etmişdir. Hadisə yerinə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək çəkilən fotoşəkillər və məscidin müşahidə kamerasından bir ədəd CD disk götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 5-7) “Baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 24-də yerləşən məscid yolun sağ tərəfində yerləşir. Giriş qapısı çəhrayı rəngdə olan qapıdan daxil olduqda sonra eyni ölçüdə iki zal yerləşir. Oğurluq hadisəsi ikinci zalın sol divar tərəfdə olan asılqandan asılmış kurtkadan götürülmüşdür. Həmin zaman bir qrup şəxs zalda namaz qılırmış. Baxışla bağlı protokol tərtib olunmuş və fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 89-93) “Baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 hadisə yerinə baxış keçirilərkən oğurluqdan əvvəl gödəkgəsini asdığı asılqanı göstərmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. (i.v. 125-127) “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 2 ünvanda yerləşən İlahiyyat məscididir. Zərərçəkmiş şəxs3 hadisə yerinə baxış keçirilərkən oğurluqdan əvvəl gödəkçəsini asdığı asılqanı göstərmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. (i.v. 67-70) “Baxış keçirmə haqqında” xx.xx.2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Binəqədi rayonu, 9-cu miktrayon, H.Babaşov küçəsində yerləşən “Heydər” məscidinin görüntü cihazında qeydə alınmış və oradan 1 ədəd CD diskinə köçürülərək götürülmüş görüntülərə stasionar kompyuterdə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs “Heydər” məscidinin görüntü kamerasında xx.xx.2021-ci il tarixdə saat 15-30 radələri qeydə alınmış görüntüyə personal kompyutenin monitorunda baxaraq görüntüdə olan və hadisə baş verən zaman məsçidə daxil olan sütun yanından keçərkən əli ilə sütunun yanına qoyulmuş mobil telefonu götürüb gedə gedə cibinə qoyan şəxsin özü olmasını və getməsini bildirmişdir. Ona görə də CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 34) “Baxış keçirmə haqqında” xx.xx.2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, TŞ Xidmətindən daxil olmuş 2 ədəd CD disklərdə olan görünütülər kompyuterdə açılaraq baxış keçirilərkən Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə saat 18-30 radələrində məsçiddən çıxan şəxsin özü olmasını və oradan mobil telefon oğurlayaraq getməsini, Bundan sonra 2-ci CD diskdəki görüntüyə baxış keçirilərkən 21 noyabr 2021-ci il tarixdə saat 13 radələrində görüntü kamerasında qeydə alınmış görüntüdə olan və hadisə baş verən zaman məsçiddən çıxan şəxsin özü olmasını və orada paltarın cibindən pul kisəsini oğurlayıb oradan getməsini bildirmişdir. Disklər maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. (i.v. 249) “Baxış keçirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Qara Qarayev prospekti 62 ünvanda yerləşən Bakcell mobil telefon və aksessuarları alqı satqı mağazasında icarədar olan X5 iştirakı ilə mobil telefonların 2-ci əl alqı satqı qəbuu kitabına baxış keçirilmişdir. Baxış zamanı 15 noyabr 2021-ci il tarixdən 30 noyabr 2021-ci il tarixədək olan müddətədək olan müddət ərzində Təqsirləndirilən şəxs mağazaya mobil telefon təqdim etməsinə dair hər hansı zeyd aşkar edilməmişdir. (i.v. 283) “Baxış keçirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 28-ci polis bölməsində ünvan 1 ünvanında yerləşən məsciddə 14 may 2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs3 gödəkçəsinin cibindən mobil telefonu və pul kisəsinin gizli olaraq talaması barədə ərizəsi əsasında hadisə yerinə baxış keçirilərkən görüntü cihazında qeydə alınmış və 1 ədəd CD diskə köçürülərək götürülüb istintaqa təqdim edilmiş görüntüyə stasionar kompyuterdə açılaraq baxış keçirilərkən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17-38 radələrində məscidinin görüntü kamerasında qeydə alınmış görüntüdə məscidin dəhlizindəki asılqandan gödəkçəni götürən şəxsin və məscidin pilləkənları ilə düşüb gedən şəxsin özü olması o, həmçinin gödəkçəni götürdükdən sonra gödəkcənin cibindən pulqabı və mobil telefonu götürməsi, gödəkcəni isə orada atmasını bildirmişdir. CD disk maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. (i.v. 284) “Baxış keçirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022ci il tarixdə oğurluq hadisəsindən sonra zərərçəkmiş şəxs Əsgərov X8 rayonu ərazisində İlahiyyət məscidinin yanında oğurlanmış pul kisəsini və içərisində tullanmış sənədlərini tapmış, tapdığı özünə məxsus sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsini istintaqa təqdim etmiş, sənədlərə baxış keçirilərək əsilləri özündə saxlanmaqla surətləri iş materiallarına əlavə edilmişdir. (i.v. 222-223) “İfadənin hadisə yerində yoxlanması barədə” 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 hadisədən sonra pul kisəsini içərisində olan sənədlərlə birlikdə tapdığı yeri göstərmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. (i.v. 219-220) “İfadənin hadisə yerində yoxlanması barədə” 20 may 2022-ci il tarixli protokoldan görünür ki, ifadələrin yoxlanması gedişatında Təqsirləndirilən şəxs etdiyi oğurluq əməllərinin baş verdiyi yerləri əyani şəkildə dəqiq olaraq göstərmişdir. Bununla bağlı protokol tərtib edilmiş və çəkilən fotoşəkillər iş materiallarına əlavə edilmişdir. (i.v. 209-212) “İfadənin yerində yoxlanılması barədə” 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi, oğurluqdan sonra pulqabı və sənədləri tulladığı yerləri göstərmiş, fotoşəkillər çəkilərək işə əlavə edilmişdir. (i.v. 276-282) “İfadənin yerində yoxlanılması barədə” 11 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanarkən hadisədən əvvəl məsciddə mobil telefonunu qoyduğu yeri göstərmişdir. (i.v. 286) “Sübutların qiymətləndirilməsi haqqında” 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş görüntülər 4 ədəd CD diskdə olan görüntü maddi sübut kimi tanınmış və həmin CD disklər cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs oğurluqdan sonra pul kisəsini məscidin yanına tulladığı və Zərərçəkmiş şəxs3 tərəfindən məscidin yanında tapılan rəsmi sənədlər olan sürücülük və şəxsiyyət vəsiqəsi iş üzrə maddi sübut kimi tanınmış, sənədlərin surətləri iş materiallarında, əslləri zərərçəkmiş şəxsdə saxlanmışdır. (i.v. 291-297) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 noyabr 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən “Heydər” məscidinə daxil olaraq, namaz otağında ibadət edən Zərərçəkmiş şəxs1 sütunun yanına qoyduğu 1500 manat dəyərdə «iPhone 11 pro» markalı mobil telefonu üzərində olan 5 manat dəyərdə ***-***-**-** mobil nömrə və 700 manat dəyərdə ***-***-**- ** mobil nömrə ilə birlikdə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 cəmi 2205 manat dəyərdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən «Cümə» məscidinə daxil olaraq, dəhlizindəki asılqandan asılmış, ibadət otağında olan Zərərçəkmiş şəxs4 məxsus gödəkçənin cibindən 480 manat dəyərində bir ədəd «Redmi 10» markalı mobil telefonu içərisində olan dəyəri 30 manat ***-***-**-** və 10 manat dəyərdə ***-***-**-** nömrəli simkartları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 cəmi 520 manat dəyərdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən «Cümə» məscidinə daxil olaraq, ibadət otağında olan Zərərçəkmiş şəxs2 məsçidin dəhlizində asılqandan asdığı gödəkcəsinin cibindən içərisində 650 manat olan 20 manat dəyərdə pul kisəsini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 670 (altı yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 may 2022-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanında yerləşən «məscidə» daxil olaraq, ibadət otağında olan Zərərçəkmiş şəxs3 məsçidin dəhlizindəki asılqanda asdığı 10 manat dəyərdə olan gödəkçəsini və gödəkcənin cibində olan 500 manat dəyərində bir ədəd “Xiaomi Not-8" markalı mobil telefonu, telefonun içindəki 3 manat dəyərdə ***-***-**-** sim nömrəni və içərisində 5 manat nağd pul olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 528 (beş yüz iyirmi səkkiz) manat manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 oğurlanan mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrəni 5 manat, ***-***-**-** mobil nömrəni isə 700 manat, Zərərçəkmiş şəxs4 oğurlanan mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrəni 30 manat, ***-***-**-** mobil nömrəni isə 10 manat kimi qiymətləndirmişdir. Halbuki, "xxxx" MMC-yə məxsus saytdan (https://bit.ly/3Ag0eJQ) görünür ki, mobil nömrənin bərpasının dəyəri 03 manat 54 qəpikdir, ’’Bakcell” MMC-yə məxsus mobil nömrənin bərpasının dəyəri 03 manat 50 qəpikdir, ’’Azerfon” MMC-yə məxsus mobil nömrənin bərpasının dəyəri 03 manatdır. Buna görədə məhkəmə qeyd edir ki, mobil telefonun üzərində olan sim kartın oğurlanması mülkiyyətçinin həmin nömrədən məhrum etmir, fiziki cəhətdən sim kartdan məhrum olur. Bu səbəbdən ittihamda göstərilən məbləğdə nömrələr deyil, sim kartlar oğurlanmış sayılır. Sim kartın bəspası isə yuxarıda göstərilən giymətlərdən biri ilə bərpa edilir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oğurladığı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrə 03 manat 54 qəpik, ***-***-**-** mobil nömrə isə 03 manat 54 qəpik, Zərərçəkmiş şəxs4 oğurladığı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrə 03 manat 50 qəpik, ***- ***-**-** mobil nömrə isə 03 manat kimi qiymətləndirilməlidir. Lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqında” 06 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 110) “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqinin verdiyi vəsatətin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 154-156) “Qətimkan tədbiri seçilməsi barədə” 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 157) “Şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması haqqında” 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 174-175) “Axtarışda olan şəxsin tutulması haqqında” 19 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən Nizami metrosunun qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərində öz istifadəsi üçün narkotik vasitə saxladığını bildirmişdir. (i.v. 177) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(010)-308/2022 nömrəli qərarından görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş təqdimat təmin edilmiş və Təqsirləndirilən şəxs barəsində əvvəli 19 may 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 207-208) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci ildə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2011-ci ildə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 300 (üç yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs son dəfə xx.xx.2017-ci il tarixdə Quba Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il 8 (səkkiz) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci tarixli Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR CM-nə dəyişiklik edilməsi ilə əlaqədar cəzası azaldılaraq üzərində 01 (bir) il, 08 (səkkiz) ay, 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2018-ci il tarixli Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə qalan 06 (altı) ay, 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzasını çəkməkdən vaxtında əvvəl azad edilmişdir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəzası başa çatmışdır. (i.v. 159-161) Şəxsiyyəti təsdiq edən sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14 aprel 2015-ci il təvəllüdlü X4 və 14 iyun 2013-cü il təvəllüdlü X1 adlı iki azyaşlı övladı vardır. (i.v. 250-251) Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı bağışlamış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam bağışlamış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam bağışlamış və ondan heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməsə də, ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2017-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.9, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, onun əvvələr eyni xarakterli cinayət əməlini törətdiyi üçün iki dəfə məhkum olmasını, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3,) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 06 dekabr 2021-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 19 may 2022-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış sürücülük və şəxsiyyət vəsiqəsi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış sürücülük və şəxsiyyət vəsiqəsi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-530/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-530/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver