Məhkəmə qərarları › İş №1(004)-530/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-530/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-530/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Tacikistan Respublikasının Düşənbə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan melamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Yasamal bazarı» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,467 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 07 may 2024-cü il tarixdə saat 12:55 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,467 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 01 il müddət olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. O, istifadə etdiyi psixotrop maddə metamfetamini Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. 07 may 2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində fəaliyyət göstərən «Yasamal bazarı» adlanan ərazidə, üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsə 10 manat pul verərək 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almış və həmin metamfetamini əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 07 may 2024-cü il tarixdə saat təxminən 12:55-də yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən evinin yaxınlığında olan vaxt mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış, onlarla birlikdə Yasamal RPİ-nə gəlmişlər. Yasamal RPİ-nin inzibati otaqlarından birində hüquq və vəzifələri ona izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşıdığı bir büküm psixotrop maddə olan metamfetamini cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bir ədəd büküm kütlənin nə olduğunu soruşduqda o, təqdim etdiyi bir büküm kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı başqa bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 07 may 2024-cü il tarixdə Aydın adlı şəxsin psixotrop maddə və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Yasamal RPİ-nin X2 əməliyyat məlumatı daxil olmuş, Aydın adlı şəxsin qanunsuz olaraq psixotrop maddə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Yasamal rayon prokuroruna və Yasamal rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Yasamal RPİ-nin NBM-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, üzvü isə o, təyin olunmuşdur. Bundan sonra Aydın adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmış, həmin gün əməliyyat qrupunun rəhbəri ilə birlikdə daxil olmuş məlumat əsasında saat təxminən 12:55-də ünvan 4 ünvanın qarşısında həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və həmin şəxs özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu onlara bildirmişdir. Bundan sonra onlar, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və onu Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, onlar birlikdə Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gəlmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosessual hərəkətinin aparılması zərurəti yarandığından bu barədə xx.xx.2024-cü il tarixdə raport ilə idarə rəisinə məruzə olunmuş, bundan sonra Yasamal RPİ-nin inzibati binasında yerləşən otaqda onun, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümdə kütləni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümdəki kütlə psixotrop maddə metamfetamindir və özü istifadə etmək məqsədilə Yasamal rayonu, «Yasamal bazarı» adlanan yerin yaxınlığında, üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş başqa əşya aşkar edilməmişdir. Şahid Yasamal RPİ-nin X1 əməliyyat Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılarılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim edərək içərisindəki maddənin psixotrop maddə-metamfetamin olduğunu, 07 may 2024-cü il tarixdə səhər radələrində köhnə Yasamal Bazarı deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək aldığını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal halda, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürülmüş, bundan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir ( i.v.32-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024cü il tarixli, 3-16-16/2-6/2546 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №42” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə; 1. ”imza” Təqsirləndirilən şəxs” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,467 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (i.v.39-43). “Maddi sübüt kimi tanımaq haqqında” 09 may 2024-cü il tarixli qərardan görünür ki, 07. May 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,467 qram psixotrop maddə metamfetamin iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış, həmin miqdarda psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,417 qram maddə saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanılma anbarına göndərilmişdir (i.v.79-80). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi ambulator X3nın 03 sentyabr 2024-cü il tarixli, 6017 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v.112-113). “Sübutların qiymətləndirilməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın öz qüvvəsində saxlanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddə metamfetamini şəxsi axtarış keçirilərkən təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilməməsi, 07 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,467 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin (tədqiqata sərf edildikdən sonra qalıq 0,417 qram) 09 may 2024-cü il tarixdə maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinə təhvil verilməsinin istintaq materiallarında nəzərə alınması, Təqsirləndirilən şəxs ifadəsi toplanmış bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 6/2546 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin Ambulator X3 Komissiyasının verdiyi xx.xx.2024-cü il tarixli, 6017 saylı rəyləri, 07 may 2024-cü il tarixli şəxsi axtarış protokolu, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zaman tərtib edilmiş 01 ədəd diskin cinayət işi üzrə sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi və həmin xüsusatları təsdiq edən sənədlərin ayrılaraq Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün istintaqı aparılan cinayət işindən ayrıca material ayrılaraq Yasamal RPİ-nin TŞ-nə göndərilməsi qərara alınmışdır (i.v.120-126). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə, saat 12:55-dən tutulmuş hesab edilmişdir (i.v.21). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-625/2024 saylı, 08 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X17 İdarəsinin X1 əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (i.v.45). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Asəf Məmmədovun 09 may 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir (i.v.70-72). “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.73-74). “Qətimkan tədbirinin şərtlərini pozduğu üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilməsi və tutulduqdan sonra Yasamal RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v.87). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozaraq istintaq orqanından gizləndiyinə görə onun ilə istintaq hərəkətlərinin aparılması mümkün olmadığı üçün barəsində 16 iyul 2024-cü il tarixdə axtarış elan edilməsi səbəbi ilə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən ayandırılmışdır (i.v.88). “Axtarışda olan şəxsin tutulması haqqında” 01 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:10-da yaşadığı evin yaxınlığında tutularaq Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirilmişdir (i.v.91). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v.92). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X5 vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir (i.v.107- 108). “Qətimkan tədbiri seçmək haqqında” 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.109-110). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 16 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.82). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə arvadı X6, həmçinin xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 adında övladları vardır (i.v.117). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı övladlarının olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən halların, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin (yetkinlik yaşına çatmayan övladlarının olmasını) həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetaminin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdən 09 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət və 01 sentyabr 2024-cü il tarixindən 03 sentyabr 2024-cü il tarixədək tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan psixotrop maddə olan 0,417 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Prospekt” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar