Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-531/2025 29.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Kredo” saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 25 iyun 2025-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən xeyli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə 0,430 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 25 iyun 2025-ci i tarixdə saat 18:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq, həmin ünvanda üzərinə yoxlama keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,430 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, özü istifadəçisidir. Narkotikdən bir az qalmışdı. Həmin müddət ərzində də polis əməkdaşları yaxınlaşıb. Üzərindəki patı idi. Təqsiri tam boynuna alır. İstintaq ifadəsini təsdiq edir. Peşmandır, 13 yaşında kimsəsiz qızı var. Əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını və bir övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi 25 iyunda Səid Rüstəmov küçəsində saat 5-6 radələrində saxlamışdırlar. Üzərində metamfetamin aşkarlanmışdır. Həm yerində, həm təhqiqatçının yanında üzərinə baxış aparmışdırlar. Şəxsin barəsində əməliyyat məlumatının olub-olmaması yadında deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onların ərazisində çoxdan yaşayır. Səid Rüstəmov küçəsində axşam radələrində şəxsə yaxınlaşıb. Çəkiliş aparıblar. Özü könüllü metamfetamini təqdim edib. Onlara qarşı hər hansı müqavimət göstərməyib. Şəxsə qarşı hər hansı təzyiq də olmayıb. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİnin 26-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 iyun 2025-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə xx.xx.1975-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Yasamal rayonu, M.Subhi küçəsi, ev 17 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat barədə PB-nin rəhbərliyinə məruzə olunduqdan sonra 26-cı PB-nin əməliyyat müvəkkili, Şahid3, Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 iyun 2025-ci il tarixdə, saat 18:00-da ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib həmin yerdə videoçəkiliş aparılmaqla üstünü yoxlamaq zərurətinin olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs də razı olmuşdur. Bundan sonra mobil telefondan istifadə edərək videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstündə yoxlama aparmışlar. Əvvəlcə Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud sübut əhəmiyyəti kəsb edə biləcək digər əşya və ya sənədləri çıxarıb təhvil verməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd büküm açıldıqda içərisində ağ rəngli kristallik maddə olması məlum olmuşdur. Sorğu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin narkotik maddə “patı” olduğunu, onu həmin gün “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra isə həmin bir ədəd büküm götürülərək qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nə dəvət olunmuşdur. 26-cı PB-nin inzibati binasında bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra 26-cı PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılıb götürülmüş əşyaya mobil telefonla videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı həmin bir ədəd bükümün içərisində ağ kristallik maddə olması məlum olmuşdur. Bu barədə soruşduqda Təqsirləndirilən şəxs bu bükümün içərisində olan maddənin narkotik maddə “patı” olmasını, onu həmin gün “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman çəkilmiş videogörüntünün olduğu diskə baxış keçirilmiş və qeyd edilən xüsusatlar videogörüntüdə də öz təsdiqini tapmışdır. Həmin büküm yenidən zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Axırda isə bu barədə protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. İlkin olaraq Yasamal RPİ-nin 26-cı PB-nə Təqsirləndirilən şəxs narkotik maddələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş bir sıra zəruri əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilsə də, narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/2317 saylı, 26 iyun 2025-ci il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №170” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,430 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 5116 saylı, 20 avqust 2025-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və opioidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”da ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün müddətinə azaqlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(010)-477/2024 saylı qərarı ilə 03 ay 17 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır, bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum şəhadətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X4 adında uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını və bir uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 25 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0.380 qram psixotrop maddə olan – metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-531/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-531/2025
29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver