Məhkəmə qərarları › İş №1(004)-532/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-532/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-532/2022 20.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1981-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Göyçay rayonu, Alıkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi, ev 1/3, mənzil 33-də kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, 16 may 2022-ci il tarixdə saat 16:23:47-də “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «X7» MMC-nə məxsus “FORD TRANSİT” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi ilə saatda 30 kilometr sürətlə hərəkətdə olarkən «X9» Azərbaycan Respublikasının Qanununun 50- ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək ünvan 1 ünvanında yerləşən binanın qarşısında yolu sağdan sola keçən piyada X4 idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid başın sağ təpə-gicgah nahiyyələrinin əzilmiş yaraları, sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınığı, baş-beyin toxumasının əzilməsi kimi bədən xəsarətləri yetirmiş, nəticədə Nərminə Əliyeva 23 iyun 2022-ci il tarixdə saat 08:00-da baş-beyin toxumasının əzilməsindən sonra meydana çıxmış baş-beyin toxumasının kəskin postravmatik ödemi, ürək-damar çatışmazlığından müalicə aldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı X8 ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 may 2022-ci il tarixdə saat 08:30da işlədiyi Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektindən yüklü vəziyyətdə şirkətdən çıxmışdırlar. Avtomolbilin yük hissəsində təxmini 80 ədəd 19 litirlik su çəlləyi olmuşdur. Hadisə olana kimi yarıdan çoxunu ünvanlara paylamışdırlar. Təxmini avtomobilin yük hissəsində 25 ədəd su çəlləyi qalmışdır. 16 may 2022-ci il tarixdə saat təxmini 16:40 radələrində idarə etdiyi «Ford Tranzit» markalı **-JU-*** nömrə nişanlı avtomobilə Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi ilə üzü Nizami metrostansiyası istiqamətində gedib «Kaspian Plaza»nı keçdikdən sonra avtomobili yolun sol hərəkət hissəsində saxlamışdır. Sənan avtomobildən düşərək avtomobilin yük hissəsindən iki ədəd su çəlləyini götürüb yaxınlıqda yerləşən ünvana getmişdir və təxmini 10 dəqiqə sonra qayıdıb avtomobilinə sərnişin oturacağında əyləşmişdir. O, mühərriki işə salaraq irəliyə doğru saatda 30 km sürətlə hərəkətdə olduğu zaman yolun orta hissəsində yolu sağdan sola keçmək istəyən piyada qadını avtomobilin sağ künc hissəsi ilə vurmuş, həmin qadın yerə yıxılmışdır. O, tez avtomobili yolun sağ hissəsində saxlayıb Sənanla bir yerdə xəstənin yanına gəlmişdir. Həmin vaxtı qadın yerdə uzanıqlı vəziyyətə olmuşdur. Özünü itirdiyindən ekspeditel Sənan tez TTYX-na zəng edib məlumat vermişdir. Həmin vaxtı yoldan başqa bir TTYX-nın avtomobili keçdiyindən saxlamış, avtomobildən düşən həkimlər huşsuz və uzanıqlı vəziyyətdə olan 65-67 yaşlarında qadını TTYX-nın avtomobilinə qoyub Semaşko adlanan xəstəxanaya aparmışdırlar. O, isə hadisə yerində dayanaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. İfadəsinin sonunda o, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə, törətdiyi əməldən səmimi peşman olmasını, ehtiyatsızlıqdan baş vermiş cinayət hadisəsində öz təqsirini dərk etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməklə onların şikayət və tələblərinin olmadığını nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 may 2022-ci il tarixdə saat 17:00-da o, evdə tək olmuş, qızı Leyla isə işdə olmuşdur. Həmin günü həyat yoldaşı Nərminə evə gec gəldiyindən ona darıxma gəlmiş və çölə çıxmış, həmin vaxtı evdən təxmini 60-70 metr yuxarıda yolun orta hissəsində çoxlu sayda insanın yığışdığını görmüşdür. Həmin yerə yavaş-yavaş yaxınlaşmışdır. Həyat yoldaşı Nərminənin üzü başı qan içində huşsuz vəziyyətdə yerdə uzandığını görmüşdür. Orada həkimlər olmuşdur. O, əlilə Nərminənin tərpədərək, onu səsləmiş, lakin Nərminə huşsuz vəziyyətdə olmuşdur. Nərminəni yaralı vəziyyətdə xərəklə TTYX-nın avtomobilinə qoyub xəstəxanaya aparmışlar. xx.xx.2022-ci il tarixdə isə səhər tezdən onlara X6 Mərkəzdə rəhəmətə getdiyini demişdirlər. Hadisəni törətmiş adını sonradan Şahin kimi bildiyi şəxs həyat yoldaşı xəsarət alan gündən vəfat edən günə kimi hissə hissə onlara 2.000 manat pul vermişdir. Bu günkü gündə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, avtomobildə sürücünün yanında yerləşən sərnişin oturacağında əyləşib su çəlləyini növbəti ünvana çatdırmaq və həmin ünvanı dəqiqləşdirmək üçün əlində şirkətə məxsus olan planşetə baxmışdır. Ani bir vaxtda yolda başqa bir avtomobilin siqnal səsini eşitmiş və yolun orta hissəsində bir qadının yolu sağdan sola doğru keçdiyini görmüşdür. Həmin qadın yolu orta yerişlə keçərkən sol səkiyə doğru təxmini 4-5 metr qalmış Şahin əyləcdən istifadə etsə də həmin qadını avtomobilin sağ küncü ilə vurmuşdur. Şahin qadını vurandan sonra avtomobili sağa doğru çəkib saxlamış və onlar tez avtomobildən düşmüşdür. Piyada tanımadığı qadın yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Həmin hadisə 16 may 2022-ci il tarixdə saat təxmini 16:23-də baş vermiş, çünki o, hadisədən dərhal sonra TTYX-na zəng edib hadisə barədə məlumat verən zaman təsadüfən yoldan keçən TTYX-nın avtomobili maşını saxlamış və onlar yolda huşsuz vəziyyətdə uzanan qadını həkimlərin köməkliyi ilə TTYX-nın avtomobilinə qoymuşlar. O, isə sürücü Şahini tək buraxmamaq üçün hadisə yerində qalmış, polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Həmin günü hava az çiskinli olmuş, narın yağış yağırmış, yolu yağış islatdığına görə asfalt nəm olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən «X7» MMC-də hüquqşünas vəzifəsində çalışır. Təqsirləndirilən şəxs 2021-ci ildən həmin MMC- də sürücü vəzifəsində işləmişdir. O, şirkətə aid «Ford Tranzit» markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirdi. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilin sağ hissəsi səthi olaraq cüzi zədələnmiş və həmin xərclər Şahin tərəfindən aradan qaldırılmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşir (səh. 12-18). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2022-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokoldan görünür ki, Ford Tranzit markalı, 90-JU- 880 dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur (səh. 20-22). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2022-ci il tarixli 2/10959 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur (səh. 19). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsində qeyd etdiyi xüsusatları təstiq edərək hadisə yerində əyani olaraq göstərmişdir (səh. 62-66). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 16 sentyabr 2022-ci il tarixli 016- 104072-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AF 406192 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (səh. 67). İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Ford Tranzit markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerdən soldan birinci zolaqla hərəkətə başlaması, daha sonra ikinci hərəkət zolağına keçməsi və həmin hərəkət zolağında yolu sağdan sola doğru keçən piyadanı vurması müəyyən edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13 iyul 2022-ci il tarixli 82 nömrəli rəyi ilə təsdiq edilir ki, X1 adına KTM-da tərtib edilmiş xəstəlik tarixlərində qeyd edilir ki, o, xx.xx.2022-ci il tarixdə çox ağır, huşsuz vəziyyətdə xəstəxanaya gətirilmiş, xx.xx.2022-ci il tarixə kimi onun müalicəsi davam etdirilmiş, ona göstərilən intensiv, reanimasion tədbirlərə baxmayaraq, xx.xx.2022-ci il tarixə saat 08:00-da xəstədə bioloji ölüm baş vermişdir. Son klinik diaqnoz: Açıq kəllə beyin travması. Kəllə əsasının sınığı. Baş beynin ağır dərəcəli əzilməsi. Beyin ödemi. Ürək-damar çatışmamazlığı. Ağciyər arteriyasının tromboemboliyası. X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş və onun adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunan xəsarətlər - başın sağ təpə-gicgahnahiyyələrinin əzilmiş yaraları, sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən sınığı, baş-beyin toxumasının əzilməsindən sonra meydana çıxmış baş- beyin toxumasının kəskin postravmatik ödemi, ürək-damar çatışmazlığı. Yuxarıda qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan, yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən, hərəkətdə olan avtomaşının vət. X1 vurması nəticəsində, avtomaşının hissələrinin və yer örtüyünün təsirindən törənə bilərdi, törənmə müddəti, onun KTM-ya daxil oldubğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətləri daşıyır, ölümün başvermə səbəbi ilə bilavasitə əlaqəlidir. X1 ölümünə səbəb, almış olduğu yuxarıda qeyd olunan, travmalar nəticəsində inkişaf etmiş baş-beyinin travmatik kəskin ödemi olmuşdur. Ölüm, KTM-da xx.xx.2022-ci il tarixdə saat 08:00-da baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. X1 xəsarət almasından uzun müddət keçdiyindən, onun meyitindən, məhkəmə-kimyəvi müəyinə üçün qanın götürülməsi məqsədə müvafiq olmamışdır. Onun adına KTM-da tərtib edilmiş xəstəlik tarixində xəstəxanaya daxil olarkən sərxoş vəziyyətdə olub-olmaması barədə qeydiyyat yoxdur (səh. 86-92). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 8/2364 saylı rəyi ilə təsdiq edilir ki, Ford Tranzit markalı, 90-JU- 880 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir (səh. 80- 83). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 oktyabr 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 1 ədəd DVD disk və Ford Tranzit markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır (səh. 140-147). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 75). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 sentyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (səh. 120-122). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən atydın olur ki, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X9” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X9” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 8/2364 saylı rəyi ilə təsdiq edilir ki, Ford Tranzit markalı, 90-JU- 880 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1- ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs X1 hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, işi üzrə maddi sübut kimi tanınmış - Ford Tranzit markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil «X7»MMC-yə qaytarılması nəzərə alınmalı, işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə Yol nəqliyyat hadisəsi ekspertizalarının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhər 22 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs X5 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhər 22 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 01 (bir) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış - Ford Tranzit markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil «X7»MMC-yə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Yol nəqliyyat hadisəsi ekspertizalarının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhər 22 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar