Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-537/2023 24.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs: X5 nümayəndəsi və vəkili Müdafiəçi iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 21 sentyabr 2023-cü il tarixdə “Mediatv.az” saytında dərc etdirdiyi “X9 bir dəfə də olsun məktəbə gəlməyən şagirdə məcburi qiymət yazdırır” məqaləsində guya xüsusi ittihamçı Afaq Əliyeva tərəfindən tapşırılmış uşaqlara qiymət yazılması, bir dəfə olsun belə məktəbə gəlməyən şagirdlərə müəllimlər tərəfindən məcburi qiymət yazdırılması, bu cür qanunsuz əməllərinə etiraz edən müavinini işdən çıxarmaq üçün ona töhmət verdiyi, öz oyunlarının açılmaması üçün əlindən gələnini etdiyi, uşaqlar arasında ayrı-seçkilik yaratdığı barədə xüsusi ittihamçı Afaq Əliyevaya böhtan atmış, onu təhqir etmiş, videogörüntünü həmin məqaləyə əlavə etdirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Miranə Məmmədova Bakı şəhər Təhsil İdarəsinə 19 sentyabr 2023-cü ii tarixdə elektron qaydada etdiyi müraciətlərdə “şagirdlərin dərsə gəlmədikləri halda, hətta fənn müəllimlərinin onları tanımadıqları halda, sinif rəhbərlərinin fənn müəllimlərindən xəbərsiz həmin şagirdləri öz xətləri ilə jurnallarda qiymətləndirilməsi, Qazaxıstana köçmüş Həbib Muradov adlı şagirdin adının jurnalda saxlanılması, bu qanunsuzluq nəticəsində dərslərin bölünməsi hesabına 10 000 manatdan artıq dövlət vəsaitinin qanunsuz mənimsənilməsi, 2017-ci ildə direktorun otağından oğurlanmış 70 000 manata yaxın dəyəri olan əmlakın 2022-ci ildə hüquq mühafizə orqanlarına xəbər vermək əvəzinə X9 tərəfindən balansdan silinməsi və bununla da cinayətin ört-basdır edilməsi, bu faktlar basində 201 saylı məktəbin direktor müavini Svetlana Hüseynovanın 2 ay bundan əvvəl şikayət ərizəsi yazsa da, teleqramma vursa da, Təhsil Nazirinin bu barədə heç bir tədbir görməməsi, cinayətin ört- basdır edilməsi, sübutlardan birinin videoçarx şəklində facebookda paylaşılması, digər sübutların da paylaşılacağı “barədə böhtan xarakterli məlumatlar verilmişdir. Bununla, barəsində şikayət verilmiş şəxs Miranə Məmmədova xüsusi ittihamçı Afaq Əliyevaya böhtan atmaqla, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və kütləvi informasiya vasitələrində yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 147.1-ci maddəsində, xüsusi ittihamçını təhqir etməklə, yəni şərəf və ləyaqətini qəsdən alçaltmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsənini 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Barəsində şikayət verilmiş şəxs X2 göstərilən cinayət əməllərini törətməsi şikayətə əlavə edilən sənədlərlə, “Mediatv.az” saytında dərc etdirdiyi məqalə ilə təsdiq edilir. Göründüyü kimi X8 barəsində yayılmış məlumatlar “Mediatv.az” saytında dərc olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 6-cı mərtəbə “Mediatv.az” saytının hüquqi ünvanıdır. Belə olan halda X5 xüsusi ittiham qaydasında şikayətinə “Mediatv.az” saytının hüquqi ünvanının yerləşdiyi ərazi üzrə birinci instansiya məhkəməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən xx.xx.2002-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Nərimankənd ərazi dairəsi, Nərimankənd kəndidə qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan barəsində şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilib, onu altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X5 nümayəndəsi və vəkili Müdafiəçi şikayətin dəlillərinə uyğun çıxış etdərək, şikayətin Bakı Şəhəri Yasamal rayon Məhkəməsində icraata qəbul edilərək baxılmasını məhkəmədən xahiş etdi. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə və onun nümayəndəsi və vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X2 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə baxılması Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarından müəyyən edilir ki, X8 xususi ittham qaydasında ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək X2 barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırınmişdir ki, X1 nümayiş etdirilən “Mediatv.az” internet informasiya ehtiyatında X6 təhqir etmiş və barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Elektron Təhlükəsizlik Xidmətinin 06 noyabr 2023-cü il tarixli 3-27-101/2-280/2023 saylı məktubundan görünür ki, ölkə ərazisində domen adlarının inzibatçılığı “X10 LTD” MMC tərəfindən aparılır. “X10 LTD” MMC tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli sorğusuna əsasən verilmiş məktubdan görünür ki, “Mediatv.az” domenə aid reyestrdə daxil edilmiş məlumatlar ad Əfqan Quliyev, ünvan Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov 24A-dır. Məhkəmə belə qənaəti gəlir ki, xususi ittiham qaydasında şikayətdə qeyd edilən hazırkı halda xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı “Mediatv.az” internet informasiya ehtiyatının Azərbaycan Respublikasında hüquqi ünvanı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov 24A-dır. Həmin ünvan isə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalıdır. Odur ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-537/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-537/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver