Məhkəmə qərarları › İş №1(004)-539/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-539/2022

12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-539/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Yasamal rayon məhkəməsinin xx.xx.2015-cıi il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal ev 188-də pasport qeydiyyatında olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 19 avqust 2022-ci il tarixdə saat 10 radələrində Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd qızılı rəngli kağız parçasına bükülmüş bükümdə təmiz çəkisi 0,754 qram qəhvəyi rəngli tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 13:20-da ünvan 1 ünvanının qarşısında olarkən Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİnin 29-cu polis şöbəsinə gətirilmiş və polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız parçasına bükülmüş bükümdə təmiz çəkisi 0,754 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 8 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitədən şiprizə çəkib damarıma vurmaq yolu ilə istifadə etmişdr. Adətən qəbul etdiyi narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərdən tanımadığı kişi cinsli şəxslərdən pul ilə alaraq istifadə etmişdir. Sonuncu dəfə isə tutulduğu günü, yəni 19 avqust 2022-ci il tarixdə saat 10 radələrində Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidə tanımadığım, lakin üzdən görsə xatırlaya biləcəyi bir nəfər kişi cinsli şəxsdən öz istifadəsi üçün 01 ədəd qızılı rəngli kağız parçasına bükülmüş narkotik vasitə olan «kakosu» 20 manata alaraq özündə saxlamışdır. Həmin qızılı rəngli kağız parçasına bükülmüş bükümü qeyd etdiyi maddə ilə birlikdə əynində olan ağ rəngli cins şalvarının sağ yan cibində saxlamışdır ki, sonra müvafiq şərait yarandıqda həmin narkotik vasitəni istifadə etsin. Həmin gün narkotik vasitəni aldıqdan sonra yaşadığı evə qayıtmışdır. Həmin günü 13:20-də tək olaraq ünvan 3 ünvanının qarşısında dayanan vaxt ona iki nəfər mülki geyimdə kişi cinsli şəxs yaxınlaşıb özlərini Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşı kimi təqdim etmişlər. Həmçinin həmin şəxslər ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu ehtimal etdiklərini bildirib onun özləri ilə birlikdə ərazi üzrə Yasamal RPİ-nin 29-cu polis şöbəsinə getməsini bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək Yasamal RPİ-nin 29-cu polis şöbəsinə getmişdir. Polis şöbəsinə çatdıqda onun şəxsiyyəti müəyyən edilmiş, həmçinin Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Elçin İsgəndərov tərəfindən polis bölməsinin xidməti otaqlarından birində ona hüquqları izah edilərək aydınlaşdırılmışdır. Həmçinin üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Bundan imtina etmədikdə hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 22 saylı Vəkil Bürosundan vəkil dəvət edildi. Daha sonra onun üzərində şəxsi axtarış və götürmənin video çəkilişlə aparılacağı izah edilmiş və həmin çəkilişdən imtina etməmişdir. X4 tərəfindən aparılan şəxsi axtarış və götürmədə o, müdafiəçisi Müdafiəçi1, onu polis şöbəsinə gətirmiş mülki geyimli əməkdaşlar iştirak etmişlər. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ondan üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər-hansı bir əşyanı, maddəni təqdim etməsi tələb edilmişdir. Bu zaman əynindəki ağ rəngli cins şalvarının sağ yan cibində olan qızılı rəngli kağız parçasına bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisi açıldıqda orada qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Üzərindən götürülmüş qeyd edilən maddə təhqiqatçı tərəfindən boş zərfə qoyularaq zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən zərfin üzəri və sonradan tərtib edilmiş protokol tərəflərindən tanış olduqdan sonra imzalanmışdır. Qeyd edilən maddəni digər şəxsə satmaq və ya pay vermək kimi məqsədi olmamışdır. Saxlanılarkən və şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təyziq göstərilməmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskində olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 29-cu polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsi ilə xidmət edir. 19 avqust 2022-ci il tarixdə Yasamal RPİ-nin 29-cu polis şöbəsinə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal ev 188-də pasport qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Həmin məlumat Yasamal RPİ-nin 29-cu polis şöbəsinin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra, müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun və Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri o, iştirakçısı isə Şahid2 təyin edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 19 avqust 2022-ci il tarixdə saat 13:20-də ünvan 4 ünvanının qarşısında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmçinin həmin şəxsin Təqsirləndirilən şəxs olması tərəflərindən müəyyən edildiyi üçün ona qanunsuz olaraq narkotik vasitə əldə etməsində şübhəli olması bildirilərək onu özləri ilə ərazi üzrə Yasamal RPİ-nin 29-cu polis şöbəsinə gətirmişlər. Bundan sonra Yasamal RPİ-nin 29-cu polis şöbəsinin inzibati binasında müvafiq araşdırmanın aparılması 29-cu polis şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Elçin İsgəndərova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının Dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə onun üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşaiyət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra о, üzərində digər başqa əşya və maddə olmadığını qeyd etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki, şalvarın yan və arxa ciblərinə о cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar olunmаmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş bükümə baxış keçirilmiş, həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin maddə bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 169 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu, həmin maddənin özünə məxsus olduğunu, öz istifadəsi üçün Nəsimi rayonu ərazisində «Şamaxinka» adlanan ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Göstərilənlərlə yanaşı müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər-hansı bir qanuna zidd davranışın olub-olmaması sorğu edilmiş, о isə özünə qarşı heç bir qanunsuz hərəkətin edilmədiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqəsində olan 19 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 73-75-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 39-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4415 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs Z..... “ və s. sözlər”, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,754qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 110 (bir yüz on) manat təşkil etmişdir. Cinayət işinin 112-122-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,704 qram narkotik vasitə heroin və 01 ədəd DVD-R diski maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, DVD-R diski isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 5500 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 99-101 və 105-107-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Əmrahov X5 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra əynindəki ağ rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş bükümü çıxarаrаq içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 19 avqust 2022-ci il tarixdə saat 10 radələrində «Şamaxinka» adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən öz istifadəsi məqsədi ilə 20 manata alaraq özündə saxladığını və göstərilən maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskində olan video görüntülərlə, digər iş materialları ilə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq 2 il keçmədən, yenidən xx.xx.2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 19 avqust 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın xx.xx.2022-ci il tarixli, 5500 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,704 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 110 (bir yüz on) sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili O.Ə.Bunyada dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili O.Ə.Bunyada məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,704 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar