Məhkəmə qərarları › İş №1(004)-54/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-54/2022

04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-54/2022 04.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 iyul 2021-ci il tarixdə saat 04:05 dəqiqədə ünvan 3 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olan "xxxx" ASC-nin “İnşaatçılar” filialının nəzdində 24 saat fəaliyyət göstərən “ATM” bankomat və ödəmə terminalları yerləşən “7/24” sahəsinə daxil olaraq orada quraşdırılmış K0100974 saylı ödəmə terminalının üzərindəki dəmir qapağın kilid hissəsini özləri ilə gətirdikləri nazik dəmir boru vasitəsi ilə sındırmaqla terminalın saxlanc hissəsinə qanunsuz daxil olaraq oradan içərisində 38643 (otuz səkkiz min altı yüz qırx üç) manat məbləğində nağd pul vəsaitləri olan 01 ədəd üzərində “404” yazıları olan 400 manat dəyərində kaseti gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 39043 (otuz doqquz min qırx üç) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Elmar ona Yasamal rayonu Şərifzadə küçəsi İnşaatçılar m/s-nın yaxınlığında yerləşən "xxxx"ın filialının yanında yerləşən 24 saat işləyən ATM və ödəniş terminalları olan hissədəki ödəniş terminalını sındırıb orada olan pulları oğurlamağı təklif etmişdir. Aralarında razılıq əldə olunandan sonra onlar bir neçə dəfə həmin yerə gündüz və gecə saatlarında gəlib kənardan oranı müşahidə etmiş, orada olan mühafizənin iş fəaliyyətini və gecə vaxtı yaxınlıqda insanların olub-olmadığını öyrənmişdirlər. Bundan sonra, o Elmar ilə qərarlaşmışlar ki, 03 iyul 2021-ci il tarixdə gecə saatlarında həmin yerə gedib ödəmə terminalından oğurluq etsinlər. 03 iyul 2021-ci il tarixdə saat 01 radələrində onlar Yasamal rayonu Şərifzadə küçəsinə gəlmiş və orada yerləşən "xxxx"m filialının qarşısında, yolun əks tərəfində əyləşib həmin filialın qarşısını müşahidə etməyə başlamışlar. Həmin vaxt Elmar özü ilə 1 ədəd ucu əzilmiş nazik dəmir boru, bir ədəd vintaçan alət və bir dəst fəhlə əlcəkləri gətirmişdir. Orada onlar qərarlaşmışlar ki, Elmar həmin ödəniş terminalları olan hissəyə daxil olacaq və terminalı sındırıb pulları götürməklə məşğul olacaq, o isə həmin vaxt çöldə dayanıb ətrafı müşahidə edəcək. Ətrafda heç kəs olmadığına görə Elmar dərhal filialın yanında yerləşən 24 saat işləyən ATM və ödəniş terminalları olan hissəyə daxil olmuşdur. O isə həmin zaman həmin yerin giriş hissəsinin önündə dayanıb ətrafı müşahidə edir. Bu zaman Elmar orada olan "xxxx"ın ödəmə terminalının daxıl-kassetinin yerləşdiyi dəmir qapının arasına üzərində olan dəmir borunu salaraq borunun üstünə tullanmaqla qapını sındırmağa başlamışdır. Həmin vaxt o, bir neçə saniyəlik Elmara köməklik etmək üçün yaxınlaşmışdır. Elmar ona kömək lazım olmadığını deyərək ondan küçəyə çıxıb ətrafa baxmağını xahiş etmişdir. Təxminə bir neçə dəqiqə ərzində Elmar həmin terminalın qapısını sındırmış və dərhal orada olan kasseti götürərək oradan küçəyə çıxmış, sonra isə onlar birlikdə filialın yerləşdiyi binanın arxa tərəfinə keçmişlər. Bundan sonra Elmar üzərində olan vintaçanı, dəmir borunu və əlcəkləri həmin binanın arxasında olan qaranlıq küçədə yerə tullamış və yollarına davam etmişdirlər. Daha sonra Elmarla terminaldan çıxardığı kaseti açmışlar və orada olan pulu bölmüşlər. Onlar hərəsinə təxminən 18000 manat pul götürmüşdürlər. 06.10.2021-ci il tarixdə o, avtomobil idarə edərkən onu yol-patrul xidmətinin əməkdaşı saxlamış, yol hərəkət qaydalarını pozduğunu bildirmiş və onu BDYPİ-nin inzibati binasında yerləşən otaqların birinə dəvət etmişlər. Orada onun haqqında məlumatlara baxılarkən məlum olmuşdur ki, onun barəsində Yasamal RPİ tərəfindən axtarış elan edilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03.07.2021-ci il tarixdə saat 04:04-də ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin İnşaatçılar filialının nəzdində fəaliyyət göstərən 7/24 sahəsində quraşdırılmış K0100974 saylı terminala müdaxilə olunması barədə "xxxx" ASC-nin Təhlükəsizlik Departamentinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında bankın Təhlükəsizlik Departamentinin əməkdaşları hadisə yerinə gedərək həmin ödəmə terminalına və həmin sahədə quraşdırılmış müşahidə kameralarına baxış keçirmişlər. Müəyyən edilmişdir ki, iki nəfər naməlum şəxs 03.07.2021-ci il tarixdə saat 04:04-də həmin sahəyə daxil olaraq qeyd edilən terminala naməlum alətlə müdaxilə edib terminalın kilidini sındırmaqla oradan içərisində 38643 manat məbləğində nağd pul olan 1 ədəd kaseti oğurlayaraq hadisə yerindən uzaqlaşmışlar. Sonradan məlum olmuşdur ki, həmin cinayət əməli qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş Şahid1 və Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Oğurlanmış həmin 1 ədəd kasetin dəyərinin 400 manat olmasını nəzərə alaraq, oğurlanmış 38643 manat məbləğində nağd pul ilə birlikdə hadisə nəticəsində "xxxx" ASCyə ümumilikdə 39043 manat maddi ziyan dəymişdir. Əlavə olaraq, qeyd edilən terminalın seyf qapısının və üzərində olan kilidin sındırılması nəticəsində "xxxx" ASC-yə əlavə 150 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda, təqsirləndirilən şəxsin istintaqdan yayındığını, axtarışla tapılıb istintaqa təhvil verildiyini, ifadəsində “əməlindən peşman olmasını” bildirsədə, bunu heç bir hərəkətində ifadə olunmadığını, hazırda da Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyandan heç bir ödəniş edilmədiyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal rauon mühafizə xitmətində işləyir. Xidmət etdiyi mühafizə postu "xxxx" ASCnin Yasamal rayonunda yerləşən “İnşaatçılar” filialının ofisidir. 03.07.2021-ci il tarixdə gecə saat 04:05 dəqiqədə bərk səs eşitdiyindən mühafizəçi otağında olan müşahidə kameralarının monitoruna nəzər yetirdikdə, bankın giriş hissəsinin sol tərəfində yerləşən 24 saat fəaliyyət göstərən ATM bankomatları və ödəniş terminallarının quraşdırıldığı sahədə bir nəfər kişi cinsindən olan şəxs həmin sahənin sağ tərəfində quraşdırılmış ödəniş terminalını yerə aşırmasını və həmin terminalın pul toplama daxılının kilid hissəsini dəmir alətlə açmağa çalışdığını görmüşdür. Həmin zaman digər bir şəxs də bir neçə saniyəlik içəri daxil olaraq həmin şəxsə köməklik etməyə çalışmış və sonra həmin sahədən küçəyə çıxmışdır. O, kameranı yaxınlaşdırıb həmin şəxsin sifət cizgilərini yadda saxlamağa çalışsa da, sonuncunun üzündə maska olduğuna görə və onun qısa bir vaxt ərzində terminalın kilidini sındırıb kaseti götürərək oranı tərk etdiyinə görə bunu edə bilməmişdir. Həmin zaman o, dərhal "xxxx" ASC-nin Təhlükəsizlik Departamentinin 1169 saylı daxili nörməsinə, daha sonra Yasamal rayon Mühafizə xidmətinin növbətçi hissəsinə zəng edib məlumat vermişdir. Özü isə xidməti postunu tərk edə bilmirmiş, çünki təlimata və bankın tələblərinə görə xidməti sahədə hərəkət detektorları siqnalizasiyası qoşulu olduğundan onun bankın içərisində hərəkətinə icazə verilmir. Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları və bankın təhlükəsizlik departamentinin işçiləri gəlmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla birlikdə Yasamal rayonu Şərifzadə küçəsi İnşaatçılar m/s-nın yaxınlığında, "xxxx"ın filialının yanında yerləşən 24 saat işləyən ATM və ödəniş terminalları olan hissədəki ödəniş terminalını sındırıb orada olan pulları oğurlamağı qərarlaşdırmışdırlar. Bu məqsədlə onlar bir neçə dəfə həmin yerə gündüz və gecə saatlarında gəlib kənardan oranı müşahidə etmiş, orada olan mühafizənin iş fəaliyyətini və gecə vaxtı yaxınlıqda insanların olub-olmadığını öyrənmişlər. Bundan sonra onlar oradan oğurluq etmək üçün hazırlıq işləri görmüşlər, bunun üçün o, yaşadığı evin yaxınlığında 1 ədəd ucu əzilmiş nazik dəmir boru tapmış, bir ədəd vintaçan alət və bir dəst fəhlə əlcəklərini əldə etmişdir. 03 iyul 2021-ci il tarixdə saat 01 radələrində Yasamal rayonu Şərifzadə küçəsinə gəlmişlər və orada yerləşən "xxxx"m filialının qarşısında, yolun əks tərəfində əyləşib həmin filialın qarşısını müşahidə etməyə başlamışlar. Bundan bir neçə saat sonra, saat 04 radələrində onlar oradan durmuşlar və filialın qarşısına yaxınlaşmışlar, o, ətrafda heç kəsin olmadığını görüb filialın yanında yerləşən 24 saat işləyən ATM və ödəniş terminalları olan hissəyə daxil olmuşdur. Rəşad, polisin və ya digər şəxslərin gəlib-gəlmədiyini xəbər vermək üçün küçəyə çıxmışdır. Həmin vaxt o, üzərində olan vinataçan alətlə terminalın daxıl-kassetinin yerləşdiyi dəmir qapını bir qədər əyərək üzərində olan dəmir borunu salmaq üçün orada yer açmış, bundan sonra həmin terminalı itələyərək arxası üstə yerə yıxmış, sonra isə dəmir borunu terminalın dəmir qapısının arasına salaraq qapını aralamağa başlamışdır. Rəşad bir neçə saniyəlik içəri girərək ona köməklik etmək istəmiş, lakin o ondan ətrafı müşahidə etməsini xahiş etmişdir. Bundan sonra o, həmin terminalın qapısının arasına saldığı dəmir borunun üstünə tullanmaqla qapını sındırmağa başlamışdır. Həmin vaxt o, iki dəfə yıxılmış, ikinci dəfə yıxılanda əlcəksiz olan sağ əli ilə yanında olan şüşəli örtüyə özünü saxlamaq üçün söykənmişdir. Təxminən bir neçə dəqiqə ərzində o, həmin terminalın qapısını sındırmış və dərhal orada olan kasseti götürərək oradan küçəyə çıxmış, Rəşad ilə birlikdə filialın yerləşdiyi binanın arxa tərəfinə keçmişdirlər. Daha sonra onlar terminaldan çıxardığı kaseti açmışlar və orada olan pulu bölmüşlər. Təxminən hər birisinə 18000 manat pul götürmüşdürlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.07.2021-ci il tarixli “hadisə yerinin baxışının aparılması barədə” protokoldan görünür ki, Yasamal RPİ-nin İŞnin müstəntiqi polis mayoru Əli Babayev tərəfindən hadisə yeri olan ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin İnşaatçılar filialının nəzdində fəaliyyət göstərən ATM bankomat və ödəmə terminallarının yerləşdiyi 7/24 sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin sahədə quraşdırılmış "xxxx" ASC-nə məxsus ödəmə terminalının yerə aşırılmış vəziyyətdə olması və terminalın dəmir qapağının kilid hissəsinin sındırıldığı, içərisində pul toplama kasetinin olmadığı müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı həmin terminalın üzərindən 1 ədəd, terminalın yanında divar şəklində quraşdırılmış şüşə örtüyünün üzərindən isə 10 ədəd əl-barmaq izləri götürülmüşdür. Həmin hərəkətlərlə bağlı protokol tərtib edilərək fotoşəkillərlə birlikdə iş materiallarına əlavə edilmişdir (cild 1, səh. 7-11). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN- in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 03.07.2021-ci il tarixli 011-6331- 1221 saylı məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nə məxsus ödəniş terminalından baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqatı nəticəsində həmin əl izlərindən 02 ədədi xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş Şahid1 sağ əlinin ovucu (02 dəfə) əksi ilə eynilik müəyyən edilmişdir (cild 1, səh. 12) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, Şahid1 yaşadığı ünvan 4 ünvanında keçirilmiş baxış zamanı həmin mənzilin yataq otağında olan çarpayının üzərində sərilmiş döşəyin yastıq qoyulan yerinin altından içərisində nağd pul vəsaitləri olan 1 ədəd qara rəngli “Dior” markalı pul qabı və həmin döşəyin digər hissəsinin altından nağd pul vəsaitləri aşkar edilmişdir (cild 1, səh. 14-16). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.07.2021-ci il tarixli “pul vəsaitlərinə baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Şahid1 yaşadığı ünvan 4 ünvanında aşkar edilmiş nağd pul vəsaitlərinə baxış keçirilərkən, mənzilin yataq otağında olan çarpayının üzərində sərilmiş döşəyin yastıq qoyulan yerinin altından aşkar edilmiş “Dior” markalı pul qabının içərisində 61 ədəd 100 manatlıq, 18 ədəd 50 manatlıq, 43 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinasları, döşəyin digər hissəsinin altından isə 4 ədəd 100 manatlıq, 14 ədəd 50 manatlıq, 41 ədəd 20 manatlıq, 16 ədəd 5 manatlıq və 33 ədəd 1 manatlıq pul əskinasları var. Aşkar edilmiş nağd pul vəsaitlərinin ümumi miqdarı 9898 (doqquz min səkkiz yüz doxsan səkkiz) manat olması müəyyən edilmişdir (cild 1, səh. 14-20). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyul 2021-ci il tarixli “pul vəsaitinin maddi sübut qismində tanınması və depozit hesabına təhvil verilməsi haqqında” qərardan görünür ki, götürülmüş həmin pul vəsaitləri maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına təhvil verilmişdir. Həmin iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli 1 (004)-359/2021 nömrəli hökmünə əsasən qeyd edilən pul vəsaitləri zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nə qaytarılmışlar və qeyd edilən pul vəsaitləri 29.11.2021 -ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmışlar (cild 1, səh. 50-51, 145-161, 164-173). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04.07.2021-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Şahid1 ifadəsi yerində yoxlanılarkən o, Bakı şəhəri Yasamal rayonu Vaqif küçəsində yerləşən “Məsul” stadionunun yaxınlığındakı yeri göstərərək ödəmə terminalından oğurladığı pul toplama kasetindən nağd pulu çıxardıqdan sonra kaseti həmin yerdə tulladığını bildirmiş və həmin yerdə olan kolluğun altında atılmış bir ədəd boz rəngli üzərində “404” yazıları olan kaseti göstərmişdir (cild 1, səh. 27-28) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04.07.2021-ci il tarixli “əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Şahid1 ifadəsi yerində yoxlanılarkən Bakı şəhəri Yasamal rayonu Vaqif küçəsində yerləşən “Məsul” stadionunun yaxınlığında kolluğun altında aşkar edilmiş bir ədəd boz rəngli üzərində “404” yazıları olan pul toplama kaseti götürülərək ona baxış keçirilmişdir (cild 1, səh. 30). İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, bir nəfər şəxs "xxxx" ASC-nin “İnşaatçılar” filialının nəzdində olan 24 saat fəaliyyət göstərən ATM və ödəniş terminallarının yerləşdiyi hissəyə açıq qapıdan daxil olur. Həmin şəxsin başında qara rəngli papaq var, üz nahiyəsində qara rəngli tibbi maska və sol əlinə ağ rəngli əlcək taxılmış, sağ əli isə yalın vəziyyətdədir, əynində göy rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli ayaqqabılar var. Əvvəlcə həmin şəxs qırmızı rəngli ödəniş terminalına yaxınlaşaraq əlində olan alətlə həmin terminalın daxıl yerləşən hissəsinə müdaxilə edir, sonra isə həmin terminalı arxası üstə yerə aşırdır və əlində olan uzun dəmir alətlə terminalın daxil hissəsinin qapağının altına salır, bu zaman həmin yerə əynində qara rəngli qısaqol köynək, boz rəngli şalvar və qara rəngli ayaqqabılar olan, üz nahiyyəsində ağ rəngli tibbi maska taxılmış bir şəxs daxil olur və həmin şəxsə daxılın qapağının açılmasında köməklik etməyə başlayır, bir neçə saniyə sonra isə həmin yeri tərk edərək küçəyə çıxır. Həmin yerə daxil olmuş birinci şəxs isə dəmir alətlə terminalın daxıl qapağını sındırmağa davam edir, bunun üçün o, dəmir aləti qapağın arasına salaraq həmin dəmir alətin üstünə tullanır. Sonuncu dəfə tullanan zaman həmin şəxs yerə yıxılır və yıxılan zaman yalın olan sağ əli ilə orada olan şüşəli örtüyə toxunur. Bu zaman terminalın daxıl qapağı açılır və həmin şəxs dərhal orada olan kaseti götürərək həmin yeri tərk edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 03.09.2021-ci il tarixli, 9/6034 saylı rəyi ilə təsdiq olunur ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 17.07.2021-ci il tarixli məlumatdan istifadə edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “404” yazıları olan "xxxx" ASC-nin K0100974 saylı terminalına məxsus kasetin orta bazar qiyməti təxminən 400,0 manat müəyyən edilir (cild 1, səh. 77-79) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-daktiloskopik ekspertizasının 22.07.2021-ci il tarixli, 3/1234 saylı rəyi ilə təsdiq olunur ki, təqdim edilmiş 1,5,9 saylı daktilolentlərin səthindəki ovuc izləri və 2,7 saylı daktilolentlərin səthindəki əlbarmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 2,7,9 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 3,4,6,8,10 saylı daktilolentin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 və 5 saylı daktilolentlərin səthindəki ovuc izləri Şahid1 sağ ovucunun tenar İİ, İİİ, İV hissələrindən qalmışdır. Təqdim edilmiş 9 saylı daktilolentin səthindəki ovuc izi və 2,7 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Şahid1 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır (cild 1, səh. 74-76) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli 1 (004)-359/2021 nömrəli hökmündən görünür ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı maddi sübut kimi tanınmış 01 ədəd üzərində “404” yazıları olan "xxxx" ASC- nin K0100974 saylı terminalına məxsus kaset həmin hökmə əsasən zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nə qaytarılmış, Şahid1 yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman çəkilmiş videoyazılar olan 01 ədəd disk və hadisə yerinin müayinəsi zamanı götürülmüş 11 ədəd əl-barmaq və ovuc izləri köçürülmüş daktilolentlər isə həmin cinayət işində saxlanılmışlar və qeyd edilən əşyalar 29.11.2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmışlar. Həmin hökmə əsasən Şahid1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, səh 145-161, 164-173) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs adına DİN-in BƏSİİ-də alınmış tələbnaməsindən görünür ki, o əvvəllər məhkum olunmamışdır (cild 1, səh. 162-163) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Qaradağ R.İ.H. başçısının Qızıldaş qəsəbəsi üzrə ərazi dairəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 06.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-588/2021 nömrəli 08.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay 20 gün müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 135). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektrom məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 21.12.2008-ci il təvəllüdlü X1, 23.12.2015-ci il təvəllüdlü X2 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, “ifadənin yerində yoxlanması haqqında” protokol, maddi sübutlar, ekspert rəyləri və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə -Plan şöbəsinin depozit hesabında saxlanılan ümumi miqdarı 9898 (doqquz min səkkiz yüz doxsan səkkiz) manat təşkil edən 65 ədəd 100 manatlıq pul əskinaslarının, 32 ədəd 50 manatlıq pul əskinaslarının, 84 ədəd 20 manatlıq pul əskinaslarının, 17 ədəd 5 manatlıq pul əskinaslarının və 33 ədəd 1 manatlıq pul əskinaslarının, həmçinin Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd üzərində “404” yazıları olan "xxxx" ASC-nin K0100974 saylı terminalına məxsus kasetin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli 1(004)-359/2021 nömrəli hökmü ilə zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə qaytarılması nəzərə alınmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk və 11 ədəd əl-barmaq və ovuc izləri köçürülmuş daktilolentlərin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli 1(004)-359/2021 nömrəli hökmü ilə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, bundan əlavə iş üzrə ekspertiza təhqiqatının dəyəri 211,11 (iki yüz on bir manat on bir qəpik) manat məbləğində pulun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli 1(004)-359/2021 nömrəli hökmü ilə Şahid1 məhkəmə məsrəfi kimi tutulmasının müəyyən edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-476/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 29 dekabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 32 (otuz iki) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə icraatı zamanı göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə -Plan şöbəsinin depozit hesabında saxlanılan ümumi miqdarı 9898 (doqquz min səkkiz yüz doxsan səkkiz) manat təşkil edən 65 ədəd 100 manatlıq pul əskinaslarının, 32 ədəd 50 manatlıq pul əskinaslarının, 84 ədəd 20 manatlıq pul əskinaslarının, 17 ədəd 5 manatlıq pul əskinaslarının və 33 ədəd 1 manatlıq pul əskinaslarının, həmçinin Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd üzərində “404” yazıları olan "xxxx" ASC-nin K0100974 saylı terminalına məxsus kasetin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli 1(004)-359/2021 nömrəli hökmü ilə zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk və 11 ədəd əl-barmaq və ovuc izləri köçürülmuş daktilolentlərin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli 1(004)-359/2021 nömrəli hökmü ilə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza təhqiqatının dəyəri 211,11 (iki yüz on bir manat on bir qəpik) manat məbləğində pulun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli 1(004)-359/2021 nömrəli hökmü ilə Şahid1 məhkəmə məsrəfi kimi tutulmasının müəyyən edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar