Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-54/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sabirabad rayonu Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublkası CM-nin 29.178.2.2, 178.2.2, 29.178.2.4, 178.2.4, 310, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 07 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Bakı şəhər Baş Polis İdarəsində işləyən tanışlarının vasitəsi ilə onun ayrı-ayrı şəxslərlə olan pul mübahisələrin həll edərək ona borclu olan şəxslərdən cəmi 102000 manat pulun ona qaytarılmasına və mənzilinin sənədləşdirilməsinə köməklik edəcəyinə yalandan vəd verib inandırıb aldadaraq sonuncunun inam və etibarını qazanmaqla hissə-hissə olmaqla ilkin olaraq 2020-ci ilin avqust ayında ünvan 1 ünvanında 500 manat, 2 gün sonra T.Abbasova məxsus istintaqa məlum olmayan bank kartına köçürmə yolu ilə 370 manat və 930 manat, 2020-ci ilin avqust ayının sonlarında ünvan 1 ünvanında 600 manat, 12 oktyabr 2020-ci il tarixdə ünvan 2 ünvanında 827 manat dəyərində «Samsung A515 64B» mobil telefonunu, həmçinin mənzilinin sənədləşdirilməsi üçün xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Kapital Bank ASC-nin Yasamal rayon filialında 4000 manat pulunu alıb vədinə əməl etməyərək, vahid niyyət ilə əhatə olunan qəsdlə cəmi 7227 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında tanışı Şahid2 onunla əlaqə saxlayaraq Xuraman adlı tanışının 200.000 manat pulunun müxtəlif şəxslərdə borc olaraq qalmasını bildirmiş və ondan bu işdə köməklik etməsini xahiş etmişdir. O, özü heç bir dövlət orqanında işləmədiyindən yaxın ətrafında polis əməkdaşları olduğundan onlarla görüşərək Zərərçəkmiş şəxs borcunun alınması üçün ona yol göstərəcəyini bildirmişdir. Xuraman ilə şərtləri belə olmuşdur ki, həmin 200000 manat pulun qaytarılması alındığı təqdirdə Xuraman ona 10.000 manat pul verməli idi. O, da həmin işlə bağlı Xuramana demişdir ki, ərizə ilə Nəsimi RPİ-nə müraciət etsin. Xuraman da onun təklifi ilə razılaşaraq Nəsimi RPİ-nə müraciət etmişdir, lakin Xuramanın pul verdiyi şəxslər gələrək Xuramana uzun müddətdir ki, faiz ödədiklərini bildirərək pul verməkdən imtina etmişdirlər. Həmin vaxtlarda Xuraman ona məxsus nömrəsini xatırlamadığı karta ilk olaraq 500 manat, sonra 600 manat, sonra 300 manat, 200 manat və son olaraq 270 manat pul göndərmişdir. Həmin pulları Xuraman ona bu işin alınması üçün xərclərinin ödənilməsi məqsədi ilə göndərmişdir. Sonra aralarında yaxın münasibətlər yaranmışdır. Bir neçə dəfə görüşdükdən sonra Xuraman ona kreditlə Samsung markalı telefon almış və həmin telefonun krediti üzrə 2020-ci ilin noyabr ayından başlayaraq ayda 60 manat olmaqla 3 ay pul ödəmişdir. Lakin aralarında münasibətlər soyuduqdan sonra həmin telefonu Xuramana qaytarmışdır. Bundan sonra ona təcili pul lazım olduğundan Xuramandan öz adına onun üçün pul krediti götürməsini xahiş etmişdir. Xuraman da ona köməklik üçün Bakı şəhəri Yasamal rayonu, Vergilər Nazirliyinin yaxınlığında yerləşən Kapital bankdan 4000 manat kredit götürmüş və həmin məbləğdən ona 3900 manat pul vermişdir. Aralarında olan razılaşmaya görə həmin krediti Xuraman ödəməli idi. Xuramana borclu olan şəxslərdən pulu geri aldıqdan sonra Xuraman həmin pulu qaytaracaqdı. İlkin olaraq Xuramanın ona verdiyi 1870 manat pulu o, hissə-hissə olmaqla ona kart və əlbəəl olaraq qaytarmışdır. Həmçinin bildirmişdir ki, onun üçün götürdüyü 3900 manat kreditdən 3 ay olmaqla hər ay 120 manat pul, cəmi 360 manat pulu kod vasitəsi ilə Kapital banka ödəmişdir. Beləliklə ona verdiyi puldan 2230 manat ödəmişdir. Xuramandan göstərilən bütöv halda 1800 manat pul almamış, Xuraman ona hissə hissə xərclik üçün 1800 deyil 1870 manat pul vermiş, qeyd etdiyi 370 manat və 930 manat pul həmin 1800 manatın içindədir. Xuraman ona vermək üçün 4000 manat kredit götürüb 3900 manat pulu ona vermiş həmin puldan o, 360 manat krediti ödəmişdir. 600 manat pulu Xuraman lombarddan götürüb ona verməmişdir. Onun Xuramana cəmi olaraq təxminən 4000 manat pul borcu qalmış, həmin pulu da tutulduğu üçün ödəyə bilməmişdir.. İfadəsinin sonunda Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ona 1870 manat pulu xərcləmək üçün kartına göndərməsini, Zərərçəkmiş şəxs ona kreditlə Samsung markalı telefon almasını və həmin kreditin 60 manat olmaqla 3 ay ödəməsini, lakin qalan pulu ödəyə bilməməsini, Zərərçəkmiş şəxs Kapital bankdan götürmüş olduğu 4000 manat puldan 3900 manatı ona verməsini və həmin kreditdən hər ay 120 manat olmaqla 360 manatını Kapital banka ödəməsini, Zərərçəkmiş şəxs qızıllarını lombarda qoyub götürdüyü 600 manat pulu ona vermədiyini, Zərərçəkmiş şəxs cəmi təxminən 4000 manat pul borcunun olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin əvvəllərində həmyerlisi Pərvanəyə iş görmək üçün hissə-hissə olmaqla cəmi 102 000 manat pul versə də həmin qadın pulunu qaytarmadığı üçün o, tez-tez Pərvanənin Bakı şəhəri, Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən evinə getmişdir. 2020-ci ilin mart ayının əvvəllərində yenə də pulunu almaq məqsədi ilə Pərvanənin yaşadığı evə getdiyi zaman həmin evdə Nailə adlı qadınla tanış olmuşdur. O pulunun qaytarılmasında Nailə adlı qadının ona köməklik etməsini xahiş etdikdə Şahid1 yuxarı vəzifələrdə işləyən adamlarının köməkliyi ilə Pərvanədən pullarını almağa ona köməklik edə biləcəyini bildirmişdir. O Pərvanə ilə razılaşdıqdan sonra Nailə ona tanışı Bakı şəhər Baş polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X2 mobil nömrəsini vermiş və onunla əlaqə saxlamağını bildirmişdir. O Nailənin ona verdiyi ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və nömrənin ona Nailə tərəfindən verilməsini dedikdən sonra özünü Tural müəllim kimi təqdim edən şəxs ondan problemini ona danışmağını istəmişdir. O Turala problemini dedikdən sonra Tural bildirmişdir ki, ona borclu olan şəxsləri çağırıb izahatlarını alacaq və onun pullarının qaytarmağa köməklik edəcəkdir. O Turala ərizə verməyinə ehtiyacın olub-olmamasını soruşduqda, Tural ona bildirmişdir ki, qadın olduğunu nəzərə alıb onun yaşadığı evə gəlib ərizə və izahatını alacaqdır. Təxminən 3 gün sonra Tural ona zəng edərək işə başlamağı üçün ilkin olaraq ondan 1800 manat pul istəmiş və o, Turaldan pulu tapıb ona vermək üçün 2-3 gün möhlət istəmişdir. Turalla danışıb qutardıqdan sonra Nailə ona zəng vuraraq Turalla danışmağı ilə maraqlanmış və o Nailəyə Turalın işə başlaması üçün 1800 manat pul istəməsini bildirdikdə Nailə ona bildirmişdir ki, pul verməsə heç kim onun işinə baxmayacaqdır.O da Nailənin sözlərinə qulaq asaraq bacısından 1800 manat pul borc alıb 2020-ci ilin avqust ayında hissə hissə olmaqla ilkin olaraq 500 manat pulu yaşadığı evdə Turala verdikdən 2 gün sonra X2 adına olan bank hesabına 370 manat pul göndərmiş və növbəti həftədə isə ona qalan 930 manat pulu yenə də bank hesabına göndərmişdir.Bundan sonra ona məlum olmuşdur ki, Tural ona borclu olan şəxslərdən bəzilərini Mcdolands restoranında, bəzilərini isə Bakı şəhər BPİ-nin yaxınlığın çağıraraq izahatlarını almışdır. O da Turalın etdiklərini eşidib Turalın həqiqətən də pullarını alacağına inanmışdır. Sonra Tural ona zəng edərək ona borclu olan Yeganə adlı qadının izahatını aldığını və içəri atmasını ona bildirmiş və demişdir ki, Yeganəni zaminə buraxaraq ona olan borcunu ödəməsini tələb etmişdir. O, Yeganəyə zəng edərək Turalın sözlərinin dəqiqliyini yoxlamaq istəsə də Yeganənin telefonu bağlı olduğundan onunla danışa bilməmişdir. Bundan bir neçə gün sonra Pərvanə ona Yeganənin səs yazısını atmış və o, həmin səs yazısına qulaq asaraq görmüşdür ki, Tural Yeganəyə zəng edərək ona hədə qorxu gəlib. Bundan 2 ay sonra o evinin sənədləşdirilməsi ilə bağlı probleminin olduğunu bildirdikdə Tural ona həmin işdə də köməklik edəcəyini bildirmiş və ondan öz adına Kapital Bankdan 4000 manat pul çıxarılmasına nail olaraq həmin pulu ondan götürmüşdür. Lakin heç bir sənədləşmə işi aparmamış və ona saxta sənəd vermişdir. Bundan başqa Tural ona polis işçisi olduğundan ona kredit verilmədiyini bildirərək onu aldadaraq onun adına Baku Elektroniks mağazasından 727 manat dəyərində mobil telefon aparatı götürsə də, krediti ödəmədiyindən həmin kredit də onun pensiya kartından çıxılmışdır.Həmin ərəfədə Tural onunla əlaqə saxlayaraq qardaşının avtoqəzaya düşməsini bildirərək ondan qızıllarını lombarda qoyaraq ona pul verməyini istəmiş və o da Turala aldanaraq qızıllarını lombarda qoyaraq oradan 600 manat pul götürərək Turala vermişdir. Bir müddət sonra Turalın ondan aldığı pulları qaytarmağını tələb etdikdə Tural müxtəlif bəhanələr gətirərək ona pulunun olmadığını yaxın zamanda pullarını geri qaytaracağını bildirsə də, pullarını qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, pulunun qaytarılmasını, pulu qaytareılmadığı təqdirdə onun barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Xuramanın sələm ilə pul verərək qazanc əldə etməsi barədə məlumatı olmuşdur. Xuraman ilə çox zaman görüşməsə də telefon vasitəsi ilə mütəmadi danışmışlar. 2020-ci ilin yay aylarında yaşadığı evin həyətində olduğu zaman Xuraman onunla əlaqə saxlayaraq bir nəfər şəxsə 100.000 manat sələmə pul verməsini lakin həmin şəxsin onu aldatmasını və pulu qaytarmamasım bildirmişdir. Ondan xahiş etmişdir ki, tanıdığı ona yaxın polis əməkdaşı olsa ona köməklik göstərsin. Söhbət zamanı yanında qonşusu Liliya da onun yanında olduğundan söhbətdən məlumatlı olmuş, o, Liliyaya məsələni izah edib ona yaxın bir polis əməkdaşının olub olmadığını və Xuramana kömək lazım olduğunu bildirmişdir. Liliya isə Tural adlı polis əməkdaşını tanıdığını və həmin şəxsin Bakı şəhər BPİ-də işləməsini və həmin şəxsin Xuramana kömək edə biləcəyini bildirmişdir. O da Xuraman ilə əlaqə saxlayıb Tural adlı şəxs barədə ona məlumat vermiş və ona həmin şəxsin kömək edə biləcəyini demişdir. Xuramanın istəyi ilə Liliyadan Turalın nömrəsin alıb ona vermişdir. O bir dəfə Tural ilə danışıb Xuramanın ona yaxın insan olmasını və ona köməklik göstərməsini Turaldan xahiş etmişdir. Tural isə ona narahat olmamağı və ilkin olaraq Xuramanın şikayət etdiyi şəxsin tapılması və aralarında olan danışıqların çıxarılması üçün 800 manat pul verilməli olduğunu bildirmişdir. O isə Turala Xuraman ilə söhbət etməsini və ona məlumat verməsini demişdir. O Tural ilə yalnız telefonda danışmış Tural ilə şəxsən görüşməmişdir. Sonradan Xuraman ona bildirmişdir ki, Turala 400 manat pul vermişdir.Onlar arasında hansı məsələlərin baş verdiyini aralarında nə danışdıqlarını Xuramanın Turala hansı məbləğdə pul verməsini görməmişdir. O yalnız Turalın nömrəsini Xuramana vermiş və bunu da Xuramana kömək məqsədi ilə etmişdir. Təxminən 2020-ci ilin dekabr ayında Xuraman onunla əlaqə saxlayaraq Turalın onu aldadaraq pulunu ələ keçirməsini bildirmişdir. O Turalın nömrəsini Xuramana verdikdən 2-3 gün sonra bir dəfə Tural onun yaşadığı evə gəlmiş onunla Xuraman barədə 2-3 dəqiqə ərzində söhbət etmişdir. Onun balaca boy və qarayanız oğlan olmasını görmüşdür. Həmin görüş barədə Xuramanın da məlumatı olmuşdur. Xuraman ona Turalın onu aldatmasını bildirdikdən sonra Xuramana Tural barəsində polisə şikayət etməsini tövsiyə etmişdir. Bundan başqa baş vermiş hadisə barədə heç bir məlumatım yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Xuraman 2019-cu ilin avqust ayının sonlarında ona müraciət edərək pula ehtiyacı olduğunu ona bildirmişdir. Ondan 600 manat pul istəmiş və ona bir ədəd ağ qızıldan olan qadın komlekti, bir ədəd qızıldan hazılanmış halqa formalı qadın sırğası, 01 ədəd qadın qızıl üzüyünü vermişdir ki, pulu qaytara bilmədiyi təqdirdə həmin qızılları pul əvəzinə sataraq borcunu ödəsin. O da Xuramanla razılaşıb 600 manat pulu ona yaşadığı evdə vermişdir. Həmin söhbətdən 6 ay keçdikdən sonra Xuramana zəng edərək pulunu istəmiş, Xuraman isə borcunu qaytara bilmək imkanının olmadığını bildirmiş və borcunun əvəzinə həmin qızılları sataraq pulunu götürməyi tapşırmışdır. O da həmin qızılları Moskva univermağının qarşısında tanımadığı şəxslərə dəyər-dəyməzinə sataraq pulunu götürmüşdür. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə Azərbaycan Respublikası CPMnin 329-cu maddəsinə uyğun olaraq iş üzrə şahid qismində keçən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadə əsasında müəyyən edilmişdir ki, o, Xuraman Babayevanı ümumiyyətlə tanımır. Şahid1 ilə 4 ildir ki, qonşuluqda yaşayır. 2020-ci ilin yay aylarında Nailə ilə yaşadığı evin həyətində olduqları zaman Nailənin Xuraman adlı bir nəfər qadınla danışdığını görmüş və o da həmin söhbətdən məlumatlı olmuş və sonra Nailə ona məsələni izah edib ondan bu məsələni həll edə biləcək şəxsin olub- olmadığını və Xuramana kömək etmək lazım olduğunu bildirmişdir. O da Nailəyə Tural adlı şəxsi tanıdığını və həmin şəxsin bir dəfə ona kömək etdiyini bildirmişdir. Belə ki, 3-4 il bundan qabaq Tural adlı şəxs ona borcu olan bir qadından ona məxsus 270 manat pulu alıb ona qaytarmışdır. İlk ağlına gələn şəxs Tural olduğundan Nailəyə Turalın onda olan nömrəsi vermişdir. Bundan başqa baş vermiş hadisələrdən heç bir məlumatı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq 11000 manat pulunu ələ keçirməsi barədə məlumatı olmamışdır. O yalnız Turalın nömrəsini Nailənin xahişi ilə Nailəyə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs təqsirləndilən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı bir daha istintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir (səh.185-188) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi ödəniş çeklərinə baxış zamanı Zərərçəkmiş şəxs məxsus 6***0813 nömrəli karta xx.xx.2021-ci il tarixdə 120 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 70 manat, xx.xx.2020-ci il tarixdə 37 manat, xx.xx.2020-ci il tarixdə 16 manat və X3 məxsus 6****9704 nömrəli karta 250 manat pul ödənişinin edilməsi müəyyən edilmişdir (səh. 27-29,127). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baku Electronics» mağazasının təqdim etdiyi 12 oktyabr 2020-ci il tarixli BL502744 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki. X4 «Samsung A515 64B» mobil telefonun qiyməti 827,00 manat, ilkin ödəniş olaraq 120,00 manat və ödənişin müddəti 12 ay, ödəniləcək məbləğ 707 manat olmuşdur (səh. 31). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs mobil telefonundan çıxarılmış səs yazılarına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «dilindən izahat alınıbsa çox uzada bilməz ona cinayət işi qaldırılır narahat olmayın», «saat 2-yə kimi izahat alınmalıdır», «Müharibəyə baş qarışıb idarə üzü görmürük arğın yorğun çöllərdə postda qalmışıq, bütün işlər dayanıb komendant saatıdı postlar yoxlanılır» «3000 manat alacaqlar 2000 manat axırda veriləcək,həmin pulu xərc eliyillər idarənin öz işlərinə pulu dövlət ayırır şəxsi vətəndaşların isə xərcini vətəndaşlar verillər yoxsa həmin adamlar məhkəməyə versələr işi onlar məhkəmədən hissə-hissə pul ala biləcəklər pulun üstün ala bilməyəcəklər» «Səbrli olun idarəyə qoymullar iş gəlirməyə yuxarı səviyyədə tapşırılıb» «Səbrli olun 3-4 gün biz bilirik neynirik» Xuramanın notarius söhbəti həll olunub adına keçirməyə bütün sənədlər hazırdı 519 manat pul ödənilib əslində 1000 manat olmalıydı» «Ayın 17-si pul veriləcək Xuramana onun bizdə pul var 3,4,5000 manat» «notariusdan sənədi götürmək lazımdı birdən məhkəməyə verər sənədi» kimi səs yazılarının olması müəyyən edilmişdir (səh. 126). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskə məhkəmə iclasında baxış keçirilən zamanı mobil telefonundan çıxarılmış səs yazıların öz təsdiqini tapmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Azərbaycan Rcspublkası CM-nin 177.2.3, 177.2.4, 69.4- cü maddələri ilə 2000 manat cərimə edilməsi və həmçinin xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun yanında KQMİİ tərəfindən Azərbaycan Respublkası CM-nin 178.1, 29,178.2.4, 310, 32.4,312.2 maddələri ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi müəyyən edilmişdir (səh. 141- 142). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-528/2022 saylı qərarından görünür ki, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş izahat və fotocədvəldən görünür ki, Tural Abbasov zərərçəkmişin ona taksi vasitəsilə göndərdiyi 2000 manat pul vəsaitionin götürüdüyü yüri əyani olaraq göstərir (səh.50-51). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Hacıqabul Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublkası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı üç ay bir gün nərərə alınaraq və cəzası yüngülləşdirilərək üzərində 2000 manat miqdarında cərimə cəzası saxlanılmış, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (səh. 192-197). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublkası CM-nin 29.178.2.2, 178.2.2, 29.178.2.4, 178.2.4, 310. 32.4,312.2 maddələri ilə təqsirli bilinərək 07 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (səh.200-243). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs mobil telefonundan vatsap proqramından çıxarılmış səs yazıları olan 01 ədəd CD disk disk və Təqsirləndirilən şəxs təqdim etdiyi ödəniş çekləri maddi sübut kimi tanınmış və cinayət işinin materialların əlavə edilmişdir (səh. 255-261). Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X6 adlı azyaşlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşmə protokolları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etmək fikrində olamaması, ona köməklik göstərərək müxtəlif şəxslərin ona olan borclarının geri qaytarılamsına köməklik göstərmək istəməsi, heç bir dövlət orqqanında işləməsə də polis orqanlarında çoxlu dostlarının olması səbəbindən kömək etmək imkanının olması, zərəçəkmiş tərəfindən ona verilmiş pulların ona ediləcək köməkliyin qarşılığında verildiyini, bəzi hallarda Zərərçəkmiş şəxs ona xərxlik üçün pul verdiyini və sairələr barədə barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla az ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək hesab edir ki, törədilmiş cinayətin halları, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə əsasən belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui istifadə etmə və aldatma yolu ilə onun əmlakını ələ keçirib dələduzluq etmişdir, etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Məhkəmə bu qənaətini eyni zamanda onunla əsaslandırı ki, iş materialarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs mobil telefonundan çıxarılmış səs yazıları iş üzrə mühüm əhəmiyyətə malik olmaqla təqsirləndirilən şəxsin əməlinin qiymətləndirilməsində vacib yer tutur. Belə ki, həmin səs yazısından məlum olur ki, Təqsirləndirilən şəxs özünündə qeyd etdiyi kimi, heç bir dövlət orqanında işləmədiyi halda, yalan olduğunu bilə bilə zərəçəkmiş şəxsə bildirir ki, ona borclu olan şəxslər barədə “cinayət işi qaldırılır narahat olmayın”, «saat 2-yə kimi onların izahat alınmalıdır», hazırda onların (yəni polisləri nəzərdə tutur) başı müharibəyə qarışıb idarə üzü görmürlər arğın yorğun çöllərdə postda qalmışdırlar, bütün işlər dayanıb komendant saatıdı postlar yoxlanılır», «3000 manat alacaqlar 2000 manat axırda veriləcək, həmin pulu xərc eliyillər idarənin öz işlərinə pulu dövlət ayırır şəxsi vətəndaşların isə xərcini vətəndaşlar verillər yoxsa həmin adamlar məhkəməyə versələr işi onlar məhkəmədən hissə-hissə pul ala biləcəklər pulun üstün ala bilməyəcəklər» «səbrli olun idarəyə qoymullar iş gəlirməyə yuxarı səviyyədə tapşırılıb», «Səbrli olun 3-4 gün biz bilirik neynirik» və sairə kimi ifadələr iştməklə zərəçəkimişin etibarından sui-istifadə etməklə onu aldatmiş, nəticədə ona xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29.178.2.2, 178.2.2, 29.178.2.4, 178.2.4, 310. 32.4,312.2 maddələri ilə təqsirli bilinərək 07 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 07 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.3 və 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 607/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən həbsdə olması və hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi ödəniş çekləri cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 1(004)-528/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-607/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-607/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi ödəniş çekləri cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-54/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-54/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver