Məhkəmə qərarları › İş №1(004)-541/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-541/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-541/2025 25.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə ildə Erm. Resp. Qafan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-246/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1022/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 27 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbir seçilərək hazırda Azərbaycna Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə çantasından çıxarmaqla oğlurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 21:09-da «20 Yanvar» metrostanstaysmdan çıxıb Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivi, S.Ə.Şirvani küçəsində yerləşən evinə getmək üçün Yasamal rayonu, M.Həsənov küçəsindəki dayanacaqda 114A saylı marşrut xətti üzrə işləyən sərnişin avtobusuna mindiyi zaman Zərərçəkmiş şəxs çantasından üzərində 5 manat dəyərində olan ***-***-**-** nömrə kartı ilə işləyən 336 manat dəyərində 356 960 284 232 217 və 356 284 232 225 imei kodlu «Motorola moto G14» markalı mobil telefonu çıxarıb, gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qızma ümumilikdə 341 manat ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, o, qeyd edilən cinayət əməlini törətməmişdir. Sözügedən telefonu cinayət hadisəsi baş verən gün avtobus dayanacağından təxminən qırx metr aralıda tanımadığı bir şəxsdən aldığını bildirmişdir. Həmin şəxsi üzdən tanıdığı üçün məhkəmə onu həbsdən azad edərsə o, həmin şəxsi tapıb məhkəməyə gətirə bilər. İstintaq zamanı ona psixoloji təzyiq göstərildiyindən qorxduğu üçün qeyd edilən əməli boynuna götürməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmənin bu qənaəti eyni zamanda ona əsaslanır ki, təqsirləndirilən şəxs məhkəmədə gətirmiş olduğu dəlillərini inandırıcı edə biləcək heç bir mötəbər sübutla əsaslandıra bilməmişdir. Eyni zamanda iş materialında olan video görüntüdən məlum olur ki, oğurluq hadisəsi baş vermiş gün, ay, il və saatda təqsirləndirilən şəxs həmin yerdə zərərçəkmiş şəxsin yanında olmuşdur. Digər tərəfdən onun oğurlanmış mobil telefonu hadisə baş vermiş yerdən təxminən qırx metr aralıdan başaq bir şəxsdən alması ilə əlaqədar gətirmiş olduğu dəlil ilə əlaqədar məhkəmə bildirir ki, qeyd edilənlər ağlabatan və inandırıcı deyildir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən, görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci ilə tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1 -ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 3 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur.Azadlığa çıxdıqdan sonra işləmi, maddi vəziyyəti pis olduğu üçün xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Yasamal rayonu, M.Həsənov küçəsində olan avtobus dayanacağına yaxınlaşıb, avtobusa minmək üzrə olan sərnişin sıxlığından istifadə edib avtobusa minən sərnişinlərin arasına girmiş və onların arasında bir qadının çantasının açıq olduğunu görüb sıxlıqdan istifadə edərək onun çantasından mobil telefonu götürərək oradan uzalaşmışdır. Həmin telefonu satmaq istəmiş, 16 iyun tarixdə saat 13 radələrində Səbail rayonu, A.İsmayılov küçəsində olduğu zaman polis əməkdaşları yaxınlaşıb tutaraq 29-cu PŞ-nə aparmışlar, orada etibraf edib bildirmişdir ki, həmin telefonu 11 iyun 2025-ci il tarixdə axşam saatlarında «20 Yanvar» metrosunun yaxınlığında avtobusa minmək istəyən bir qadının çantasından oğurlamış və oğurladığı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Beləliklə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin ifadəsi, oğurluq hadisəsinin qeyd alındığı videogörüntülərin əks olunduğu DVD disk, istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə çantasından çıxarmaqla oğlurluq etməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi qaydada təmizlik işləri ilə məşğul olur. 11 iyun 2025-ci il tarixdə saat 21 radələrində işdən çıxıb metro ilə gəlib «20 Yanvar» stansiyasında metrodan çıxıb «Azərsu»nun qarşısındakı avtobus dayanacağına getmişdir ki, 114A saylı avtobusa minib evə getsin. Təxminən 20 dəqiqə gözlədikdən sonra avtobus gəlmiş, həmin vaxt dayanacaqda avtobus gözləyən xeyli adam olmuşdur. Çantası çiynində asılı vəziyyətdə və açıq olmuşdur.Avtobusa mindikdən sonra çantaya baxanda çantada olan «Motorola G14» markalı, üzərində ***-***-**-** nömrə kartı olan mobil telefonun oğurlandığını aşkar etmiş və yanında əyləşən tanımadığı bir xanmıdan xahiş etmişdir ki, telefonuna zəng vursun. Həmin xanım zəng vurmuş, lakin zəng cavab verilməmiş, telefon qapanmışdır. Avtobusla gedib Müşfıqabad qəsəbəsində düşdükdən sonra oğlu Əli Cavadovun iş yerinə gedib, ona bu barədə demiş, o da öz telefonu ilə onun nömrəsini bir neçə dəfə yığdıqdan sonra bir nəfər cavab vermiş, oğlu həmin şəxsə demişdir ki, «telefonu qaytar, sənin hörmətini edəcəyəm» O isə bildirmişdir ki, telefonu ona satıblar, sənədini gətirəcəklər.Onda həmin şəxs bildirmişdir ki, sənədi özündədir, necə telefonun sənədini gətirəcəklər. Ondan sonra isə 102 xidmətinə zəng vuraraq bu barədə məlumat verdikdən sonra onu 29-cu PŞ-nə dəvət etmişlər, ora gedib şikayət ərizsi yazmışdır və izahat almışlar. 16 iyun tarixdə isə 29-cu PŞ-də zəng vuraraq bildirmişlər ki, telefonu oğurlayan şəxsi tapıblar. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, oğurlanmış «Motorola» markalı mobil telefonu 24 avqust 2024-cü il tarixdə 336 manata, üzərində olan ***-***-**-** nömrə kartını isə 5 manata almışdır. İfadəsinin sonunda bildirmişdir ki, onun oğurlanmış telefonu ona geri qaytarılmışdır və hazırda təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). “Baxış keçirilməsi haqqında” 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus «Motorola moto G14» markalı mobil telefonunun oğurlandığı hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən 114A nömrəli avtobus xəttinin dayanacağının yaxınlığıdır. (İ/V. 08-11). “Könüllü təqdim etmə və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X2 11 iyun 2025-ci il tarixdə axşam saatlarında Yasamal rayonu, M Həsənov küçəsidə yerləşən avtobus dayanacağında, 114A saylı xətt marşurutuna minməkdə olan tanımadığı xanımın çantasından oğurladığı, bir ədəd Moto G14 markalı, İMEİ1- 356 960 284 232 217 və İMEİ2-356 960 284 232 225 kodlu mobil telefonu, könüllü surətdə təhqiqat orqanına təqdim etdi. (İ/V. 15-16). “Mobil telefona baxış keçirilməsi və tanınmaya təqdim edilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar olaraq, maddi sübut qismində könüllü surətdə əməli törətmiş şəxs, vətəndaş Təqsirləndirilən şəxs təhqiqat orqanına təqdim etdiyi MOTO G14 markalı mavi rəngli üzərində hər hansı mobil nömrə olmayan mobil telefona baxış keçirdim. Telefonun arxa hissəsində 50MP və QUAD PİXEL yazıları vardır. Nömrə yerləşdirilən hissəsində kiçik həcmdə mobil telefonun imei kodu qismində 356 960 284 232 217 kodu yazılmışdır. Mobil telefon tərəfimdən baxılması və tanınması üçün vətəndaş Zərərçəkmiş şəxs qızma təqdim edildi. Sonuncu mobil telefona baxan zaman özünün olmasını, həmin mobil telefona dair alınan sənədlərin onda olmasını, gələcəkdə təqdim edə biləcəyini bildirdi. Mobil telefonun nömrə yerində yazılmış imei kodla, qutunun üzərindəki imei kod eyniləşdirildi. Telefonun oğurlanmış mobil telefon olması müəyyən edildi. (İ/V. 17-19). “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs mobil telefonun oğurlanması barədə 102 xidmətinə məlumat verdikdən sonra Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilən zaman Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən «Dünya Market» obyektinin müşahidə kamerasının qeydə aldığı videogörüntüyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:43-də Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən «Dünya Market» iaşə obyektinə daxil olur, kassaya yaxınlaşır, siqaret alır, daha sonra mobil telefonun arxa qoruyucusunu çıxarır, telefona baxış keçirir, telefonu cibinə qoyur və marketdən çıxaraq uzaqlaşır. (İ/V. 20). “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 114A saylı xətt Marşurutunda mobil telefonunun oğurlanması xüsusatında etdiyi müraciətlə əlaqədar olaraq, şübhəli şəxs, vətəndaş Təqsirləndirilən şəxs , oğlunun iştirakı ilə Səbail rayonu, İsmayılov küçəsində yerləşən “Dünya” market iaşə obyektinin müşahidə kamerasından alınaraq CD diskə yazılmış videogörüntü kamerasına baxış keçirildi. Baxış zamanı real saatla müşahidə kamerasının fərqli olmaması müəyyən edildi. Diskə baxış zamanı müəyyən olundu ki, şübhəli şəxs, vətəndaş Təqsirləndirilən şəxs Sərdar oğlu, əməli törətdikdən sonra xx.xx.2025-ci il tarixində saat 21:43-də Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən “Dünya” market iaşə obyektinə daxil olur, kassaya yaxınlaşır, siqaret alır, daha sonra mobil telefonun arxa qoruyucusunu çıxarır, telefona ümumi baxış keçirir və yenidən cibinə qoyur. Daha sonra marketdən çıxaraq uzaqlaşır. (İ/V. 21). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 16:00-dan) ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 33-34). xx.xx.2025-ci tarixli qəbzdən görünür ki, «Motorola moto G14» markalı mobil telefon Zərərçəkmiş şəxs geri qaytarılmışdır. (İ/V. 121). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 54-55). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-487/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 17 iyun 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 71-73). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 131 №-li rəyindən görünür ki, “Motorola moto G14” markalı mobil telefonun dəyəri 190,00 (bir yüz doxsan) manat məbləğində müəyyən edilir. (İ/V. 92-97). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qəran ilə 03 may 27 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2025-ci ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. (İ/V. 80-83). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “Motorola Moto G14” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmış, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Yasamal rayonu, M.Həsənov küçəsindəki avtobus dayanacağının qarşısındakı dönərxananın müşahidə kamerasının qeydə aldığı görünütü olan 01 ədəd DVD disk və Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən «Dünya Market» obyektinin müşahidə kamerasının qeydə aldığı videogörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanması qərara alınmışdır. (İ/V. 104-108). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmünün və qərarının surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1(004)-246/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 7(007)-1022/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 27 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış “Motorola Moto G14” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı və İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Yasamal rayonu, M.Həsənov küçəsindəki avtobus dayanacağının qarşısındakı dönərxananm müşahidə kamersının qeydə aldığı görünütü olan 01 ədəd DVD disk və Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən «Dünya Market» obyektinin müşahidə kamerasının qeydə aldığı videogörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 541/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki) il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Motorola Moto G14” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Yasamal rayonu, M.Həsənov küçəsindəki avtobus dayanacağının qarşısındakı dönərxananm müşahidə kamersının qeydə aldığı görünütü olan 01 ədəd DVD disk və Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən «Dünya Market» obyektinin müşahidə kamerasının qeydə aldığı videogörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar