Məhkəmə qərarları › İş №1(004)-546/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-546/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-546/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “Yusif Allahverdiyev və partnyorları” vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə AR ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 24 aprel 2024-cü il tarixdə saat 10:30 radələrində ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus “Nissan-Tida” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda üzərində 90 manat dəyərində ***-***-**-** və 70 manat dəyərində ***-***-**-** mobil nömrələri olan 650 manat dəyərində “Samsunq A-50” markalı mobil telefonu sahibinin iradəsinə zidd olaraq götürüb ələ keçirməklə açıq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 810 (səkkiz yüz on) manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, yəni soyğunçuluq cinayətini törətmədiyini və niyyətinin oğurluq etmək olduğunu bildirərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:30-da ünvan 4 ünvanın qarşısında «Nissan Tida» markalı **-VH-*** qeydiyyat nişanlı avtomobilinin salonundan, qabaq qapı şüşələrinin açıq olmasından istifadə edib avtomobilə yaxınlaşaraq qabaq sağ qapının açıq şüşəsindən əlini uzadaraq avtomobilin şitində quraşdırılmış, sürücüyə aid “Samsung A 50” markalı mobil telefonu götürərkən salondakı orta yaşlı qadını görməmiş telefonu götürüb “İnşaatçılar” metrostansiyası istiqamətinə qaçaraq uzaqlaşmış, sonra həmin ərazidə avtobusa minərək Nəsimi rayonu ərazisində 3-cü mikrorayon dairəsinə gedərək orada yerləşən telefon mağazalarının birində tanımadığı şəxsə həmin telefonu özününkü adı ilə şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 50 manata satmış, əldə etdiyi pulu şəxsi məsrəflərinə xərcləmişdir. Məhkəmə iclasında çarpaz dindirmə zamanı verilən suallara cavab olaraq isə bildirmişdir ki, mobil telefonu götürərkən salondakı orta yaşlı qadını görməmiş və səsini belə eşitməmişdir. Həmçinin ibtidai istintaq zamanı vermiş olduğu ifadə məhkəmə iclasında elan olunmuş və fərqli ifadə verməsini isə müstəntiq tərəfindən yazıldığı ilə əsaslandırmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:30-da özünə məxsus “Nissan Tida” markalı **-VH-*** cövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 4 ünvanın qarşısında yol kənarında saxlayaraq avtomobilin hər iki ön yan şüşəsini açıq vəziyyətdə qoyub avtomobilin arxa otracağında oturmuş anası Şahid1 və özünə su almaq üçün yaxınlıqda olan mağazaya getmişdir. Təxminən 3-5 dəqiqə sonra mağazadan geri qayıtdıqda anası Leylanın təşviş və həyəcan içərisində olduğunu görüb nə baş verdiyini soruşduqda, o bir nəfər kişi cinsindən olan şəxsin əlini avtomobilin qabaq qapı şüşəsindən maşının salonuna salaraq şitin üzərində olan mobil telefonu götürdüyünü və götürərkən qışqırıb buna etiraz etsə də həmin şəxsin telefonu apardığını demiş və o, dərhal ətrafa baxdıqda bir nəfər şəxsin ara küçə istiqamətində iri addımlar ataraq tələsik formada gözdən itdiyini görmüş, lakin onun dalınca getməmişdir. Əvvəllər tanımadığı və istintaq zamanı adı ona məlum olan Təqsirləndirilən şəxs ona məxsus “Nissan-Tida» markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan üzərində 90 manat dəyərində 051 ***-**-** və 70 manat dəyərində 070 ***-**-** nömrələri olan 650 manat dəyərində «Samsung A 50» markalı mobil telefonu açıq talamaqla ümumilikdə ona 810 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadıqları ünvandan oğlu Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan-Tida” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağına əyləşərək Bakı şəhəri, Yasamal rayonuna getmiş və saat 10:30 radələrində oğlu Vüsal Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 168 ünvanın qarşısında yol kənarında avtomobili saxlayaraq avtomobilin hər iki ön yan şüşəsini açıq vəziyyətdə qoyub su almaq üçün yaxınlıqda olan mağazaya getmişdir. Oğlunun getməsindən təxminən 2 dəqiqə sonra bir nəfər 25-30 yaş arasında arıq bədən quruluşlu, əvvəllər tanımadığı kişi cinsindən, istintaq zamanı adı məlum olan Seymur adlı şəxs avtomobilin sürücü tərəfdən qapısına yaxınlaşaraq əlini açıq qapı şüşəsindən salona uzadaraq şitin üzərində olan, oğluna məxsus “Samsunq A50” markalı mobil telefonunu götürmüşdür. Məhkəmə iclasında çarpaz dindirmə zamanı verilən suallara cavab olaraq isə bildirmişdir ki, o, həmin şəxsi gördükdə telefonu qaytarıb yerinə qoysun deyə “telefonu hara götürürsən” deyə qışqırmış, lakin həmin şəxs buna məhəl qoymadan ani bir vaxt ərzində telefonu götürərək oradan uzaqlaşmış və 3-5 dəqiqə sonra avtomobilə yaxınlaşan oğluna hadisəni bildirmişdir. Həmçinin, həmin vaxt avtomobilin içində onun qışqırması nəticəsində səsinin Seymur tərəfindən eşidilməməsinin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. ünvan 1 ünvanda onunla birlikdə yaşamışdır. X14zadə əvvəllər Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 29 gün müddətindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş və qeydiyyatdan çıxarılmışdır. Oğlu şərti cəza çəkdiyi müddətdən başlayaraq onu ünvan 6 ünvanda yerləşən “Narkoman və əyyaşlar üçün bərpa” müəssisəsində psixoloji reabilitasiya, narkotik asılılığından sağalması üçün stasionar müalicə kurslarına yazdırmış və oğlu iki dəfə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 6 ay və ikinci dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olmuşdur. X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A. M. Şərifzadə küçəsində avtomobilin salonundan mobil tdefonu götürüb qaçması və sonradan satmasını oğlu həbs olunandan sonra özündən eşitmiş və oğlunun həmin hadisədən başqa cinayət törətmədiyi onun özündən ona məlum olmuşdur. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24 aprel 2024-cü il tarixdə günün birinci yarısında icarə əsasında işlətdiyi, Bakı şəhəri, Nəsimi rayonu, R.Cavadov küçəsində yerləşən mobil telefonların alqı-satqısı mağazasında olarkən, əvvəllər tanımadığı, sonradan təqdim etdiyi şəxsiyyət vəsiqəsindəki qeydlərə əsasən adı yə soyadını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs mağazaya daxil olaraq “Samsunq-A50” markalı **********31125 İMEİ kodlu mobil telefonu göstərib özününkü olduğu və girovda olmadığını deməklə satmağı təklif etmiş və 50 manata ala biləcəyini dedikdə həmin şəxs razı olduqdan sonra ona məxsus şəxsiyyət vəsiqəsinin surətini götürərək üzərində özünün əlyazması ilə qeydlər apardıqdan sonra 50 manat pulunu verib telefonu almış və sonra 90 manata tanımadığı müştəriyə satmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 4 ünvanın qarşısında yol kənarında baş vermişdir. Avtomobil “Nissan Tiida” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlıdır. Arxa şüşələr plyonka ilə örtülmüşdür. Avtomobilin ön hər iki şüşəsi açıq vəziyyətdədir. Sağda yolun əks istiqamətində ərzaq mağazası, sol tərəfdə isə restoran, arxasında yaşayış binası vardır. Sol istiqamətdə Məhsul stadionu yerləşir. Baxış zamanı hadisə yerində müşahidə kameralarının olması müəyyən edilmişdir (i.v.10-14). “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vətəndaş Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.24). Azərbaycan Respublikası Bakı şəhəri Robasiya idarəsi "xxxx" MMC-nin direrektoru X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, arayışın məzmunu “X1 xx.xx.2023-cü il tarixindən “Narkoman və əyyaşlar üçün bərpa (medikamentsiz) müəssisəmizdə “Psixoloji reabilitasiya” xidməti alır. Xidmətin icrası və narkotik asılılığından sağalması üçün H.X13 qəsəbəsi Vahab Əliyev küçəsi ev 61-də yerləşən müəssisəmizdə 6 ay müddətində yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2013-cü il tarixədək stasionar (müəssisə daxilində) və 1 ay 27 gün müddətində yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək stasionar (müəssisə daxilində) müalicədə olmuşdur” şəklində olmuşdur (i.v.133). “Baxış keçirmə haqqında” 05 sentyabr 2024-cü tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X7 cinayət işinin istintaq materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə vət.Zərərçəkmiş şəxs məxsus, cinayət yolu ilə əldə etmiş olduğu “Samsunq-A50” markalı mobil telefonu iş üzrə şahid qismində dindirilmiş Şahid2 özününkü adı ilə satarkən təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surəti üzərinə özünün imzası və əlyazma qeydlərini aparmış olduğu enədin surətinə baxış keçirmiş, baxış zamanı A4 vərəqi üzərində Təqsirləndirilən şəxs adı, soyadı, ata adı, xx.xx.1998-ci il təvəllüdü, AA*******,13.022033xxxxxxx sənədin rekvizitləri yazılmış şəxsiyyət vəsiqəsinin kserosurəti, həmin vərəqin üzərində Təqsirləndirilən şəxs tərəfindən mobil telefonun satıldığı xx.xx.2024-cü il tarix, A-50, İMEİ- **********31125,**********31123, İMEİ kod, telefonun imei kodu,markası, “özümə məxsusdur, oğurluq və girov deyil, sözlərindən ibarət əlyazma imza,qeydləri aşkar olunmuşdur (i.v.134). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, 16 avqust 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə fakta görə başlanmış və Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələrinə tövsif edilərək ********* nömrə altında istintaq olunan cinayət işi üzrə “cinayət təqibi üzrə icraatın birləşdirilməsi və cinayət işinin tövsif olunması haqqında” xx.xx.2024-cü il tarixli qərarın qüvvədən düşmüş hesab edilməsi, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə fakta görə başlanmış ********* nömrəli cinayət işinin həmin Məcəllənin 180.1-ci maddəsi ilə fakta görə başlanmış ********* nömrəli cinayət işinə birləşdirilməsinə dair “cinayət təqibi üzrə icraatın birləşdirilməsi və cinayət işinin tövsif olunması haqqında” xx.xx.2024-cü il tarixli qərarın qüvvədən düşmüş hesab edilməsi, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması, ********* cinayət işindən CM-nin 177.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə elan olunmuş ittihama və həmin tarixdə ********* nömrəli cinayət işinin birləşdirildiyi və əməlin CM-nin 177.1 və 180.2.2 maddələrinə tövsif olunduğu ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə həmin maddələrlə elan olunmuş ittiham üzrə zərərçəkmiş şəxs X8 münasibətdə elan olunmuş ittihama hissəvi xitam verilməsi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən “Günəş” kafesində müştəriyə aid masa üzərində olan “Honor-X9A markalı mobil telefonun gizli talanması, xx.xx.2023-cü il tarixə keçən gecə saat 02-03 radələrində Yasamal rayonu, Moskva prospekti, “Kontak Home” mağazası qarşısında naməlum avtomobilin salonundan “Samsung A77” markalı mobil telefonun gizli talamasına dair ona istinad edilən cinayətlər üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində 132 saylı marşurut avtobusunda X2 məxsus əl çantasından içərisində 800 manat olan pul qabını gizli yolla talaması faktına görə Azərbaycan espublikası CM-nin 177.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə qeyd olunan maddə ilə ona ittiham elan olunmasının rədd edilməsi, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs münasibətdə Azərbycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə yenidən ittiham elan olunması və Yasamal Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanmasının nəzərə alınması, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi Samsunq-A50 markalı, İMEİ-**********31125,**********31123, İMEİ kodlu mobil telefonu satarkən üzərində xx.xx.1998-ci il, AA*******, 13022033xxxxxxx, xx.xx.2024-cü il. A-50, “özümə məxsusdur, oğurluq və girov deyil, sözlərinin yazıldığı şəxsiyyət vəsiqəsinin kserosurətinin yazıldığı A- 4 vərəqəsinin iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 234.1-ci maddələri ilə məhkumluğu və əməlində cinayətin residivi olan şəxs hesab edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs ona elan olunmuş yenidən ittiham üzrə özünün müdafiəsi üçün dəlil gətirməməsinin nəzərə alınması, iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin işinin faktiki hallarına uyğun olmaqla obyektiv həqiqəti əks etdirən ifadələri, hadisə yerinə keçirilmiş baxış, maddi sübut, eləcə də tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlərin cinayət işinin faktiki hallarına uyğun olmaqla obyektiv həqiqəti əks etdirdiyindən və ibtidai istintaqla toplanmış digər sübutlarla təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilməsi və iş üzrə toplanılmış həmin sübutların sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən kifayət hesab edilməsi, qərarın surəti və barələrində cinayət təqibinə xitam verilmiş şəxslərə aid müvafiq materialların surətlərinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 150-161). Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olan 1 ədəd diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30-da ünvan 4 ünvanın qarşısında «Nissan Tida» markalı **-VH-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq qabaq sağ qapının açıq şüşəsindən bədəninin müəyyən hissəsini daxil edərək bir neçə saniyə elə qaldıqdan sonra həmin yerdən qaçaraq uzaqlaşır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, videogörüntü, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, mobil telefonu götürərkən salondakı orta yaşlı qadını görməmiş və səsini belə eşitməmişdir. Təqsirləndirilən şəxs mobil telefonu götürərkən salondakı orta yaşlı qadını görməmiş və səsini belə eşitmədiyini bildirsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadədə avtomobilin içində orta yaşlı qadının olduğunu və ona telefonu götürməməsi üçün qışqıraraq dayanmasını bildirsə də qaçaraq hadisə yerindən uzaqlaşdığını göstərmişdir ki, məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan savayı, məhkəmə iclasında dindirilmiş sahid Şahid1 həmin şəxsi gördükdə telefonu qaytarıb yerinə qoysun deyə “telefonu hara götürürsən” deyə qışqırmış, lakin həmin şəxs buna məhəl qoymadan ani bir vaxt ərzində telefonu götürərək oradan uzaqlaşmış və qışqırması nəticəsində səsini eşitməməsi mümkün olmazdı deməsinə Təqsirləndirilən şəxs hər hansı arqument gətirə, ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Halbuki, hadisə yerinin videogörüntüsünə baxış keçirilən zaman da müəyyən etmək olur ki, Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşaraq qabaq sağ qapının açıq şüşəsindən bədəninin ən azı 3/1 hissəsini daxil edərək bir neçə saniyə elə qaldıqdan sonra həmin yerdən qaçaraq uzaqlaşır ki, həmin vaxt zərərçəkənin anası olan şahid qismində dindirilmiş Şahid1 qışqıraraq “telefonu hara götürürsən” bildirməsini avtomobilin içində, yəni qısa məsafədə və bağlı şaraitdə eşitməməsi mümkün olmazdı. Məhkəmə işdə toplanmış digər sübutlara müqayisəli surətdə qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30-da ünvan 4 ünvanın qarşısında «Nissan Tida» markalı **-VH-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq qabaq sağ qapının açıq şüşəsindən bədəninin müəyyən hissəsini daxil edərək mobil telefonu götürərkən edilmiş xəbərdarlığa (əmlakının talanmasının qarşısının alınması üçün) baxmayaraq əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, videogörüntü, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işinin başlanılması və ibtidai istintaq aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır (i.v.1). “Tutma haqqında” 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə, saat 18:10-da tutulmuşdur (i.v.42-43). “Cinayət təqibi üzrə icraatın birləşdirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin ********* nömrəli cinayət işinə birləşdirilməsi və cinayət təqibinin bir icraatda ********* nömrə ilə aparılması, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.1 və 180.2.2-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır (i.v.54). “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 12 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılaraq icraata qəbul edilməklə istintaqının aparılması qərara alınmışdır (i.v.57). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi qərara alınmışdır (i.v.61). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.65-66). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.70-71). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4(004)-386/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir (i.v.88-90). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4(004)-699/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 26 avqust 2024-cü il tarixədək uzadılmışdır (i.v.101-107). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4(004)-788/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 26 sentyabr 2024-cü il tarixədək uzadılmışdır (i.v.124-128). Bakı şəhəri Xəzər rayon məhkəməsinin 7(003)-1863/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və o, çəkilməmiş 10 ay 29 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.138-141). “Cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması və ********* nömrəli cinayət işinin istintaqının Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə və ********* nömrəli cinayət işinin istintaqının CM-nin 180.1-ci maddəsi ilə ayrıca icraatda davam etdirilməsi, ********* nömrəli cinayət işindən CM-nin 177.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması və həmin cinayət işinin istintaqının CM-nin 177.1-ci maddəsi ilə istintaq olunması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v.163-169). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmiş, daha sonra Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə 10 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir (i.v.171-172). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v.174-175). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 4(004)-871/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla, 16 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs AR CM-nin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda dəfələrlə məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini (AR CM 59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (AR CM 59.1.12), cinayət nəticəsində dəymiş zərərin aradan qaldırıldığını (AR CM 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər də AR CM-nin müxtəlif maddələrsi ilə dəfələrlə məhkum edilməsini) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 1 ədəd disk və Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi Samsunq-A50 markalı, İMEİ-**********31125,**********31123, İMEİ kodlu mobil telefonu satarkən üzərində xx.xx.1998-ci il, AA*******, 13022033xxxxxxx, xx.xx.2024-cü il. A-50, “özümə məxsusdur, oğurluq və girov deyil, sözlərinin yazıldığı şəxsiyyət vəsiqəsinin kserosurətinin yazıldığı A-4 vərəqəsi iş materiallarında saxlanılmalıdır (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 1 ədəd disk və Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi Samsunq-A50 markalı, İMEİ-**********31125,**********31123, İMEİ kodlu mobil telefonu satarkən üzərində xx.xx.1998-ci il, AA*******, 13022033xxxxxxx, xx.xx.2024-cü il. A-50, “özümə məxsusdur, oğurluq və girov deyil, sözlərinin yazıldığı şəxsiyyət vəsiqəsinin kserosurətinin yazıldığı A-4 vərəqəsi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar