Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-546/2025 16.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Eyvazova Rahilə İmran qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il təvəllüdlü, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə zərərçəkmiş şəxsin qəsdən sağlamlığa yüngül zərər vurub xuliqanlıq etmişdir. Belə ki, o, 14 fevral 2024-cü il tarixdə saat 19:30-da ictimai yer hesab edilən ünvan 4 ünvanın qarşısında insanların sıx toplaşdığı küçədə Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı Şahid1 ilə ailə həyatı qurması və qızı Məryəmlə görüşməsinə süni əngəl yaratmasını bəhanə gətirib sonuncuya yaxınlaşaraq ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ona yumruq zərbələri endirib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla sonuncuya zor tətbiq edib qəsdən baş nahiyəsinə 1 (bir) ədəd bıçaq zərbəsi vurmaqla sağ ənsə nahiyəsinin yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 fevral günü idi. Övladını görmək üçün keçmiş həyat yoldaşının evinə getmişdi. Düşünürdü ki, aralarında barışıq ola bilər. Qapılarına yaxınlaşarkən yolda heç kimlə mübahisə etməmişdir, hətta 102-yə zəng vurub ki, onun yanına iki nümayəndə göndərsin ki, heç bir insident yaşanmasın. Oraya getdikdə Zərərçəkmiş şəxs ona hücum çəkib, aralarında münaqişə olub. 102 polis xidməti ilə danışdığı vaxt sağ və sol nayihəsindən ona zərbə vurub, yıxılıb. Həmin vaxt qardaşının oğlu da yanında idi. Cəlalın əlində dəmir parçası görüb. Həmin dəmir parçasıyla ona xəsarət yetirmişdir. 102-yə zəng edib soruşub ki, o, bir adama xəsarət yetirmişdir, hansı Polis Bölməsinə yaxınlaşmalı olduğunu desinlər. İstintaqdan yayınmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qızı olan Şahid2 hazırlığa göndərirdi, çünki uşağa psixoloji təsirlər var idi və məktəbdə yaxşı oxuya bilmirdi. Şahid2 hazırlıqdan götürüb evlərinə qayıdarkən evlərinin yaxınlığında Rövşən və bir uşaq dayanmışdı. Məryəm Təqsirləndirilən şəxs görüb deyib ki, atası və qardaşı oradadır. O, isə ona qorxmamasını və evə getməsini deyib. Evə çatmağa təxminən 10 metr məsafə qalmış arxadan ona zərbə vurulub və qan axdığını hiss edib. Məryəmə deyib ki, evə qaçsın. Arxaya döndükdə bu şəxsləri görüb, Rövşəni tam görə bilməyib, başında şapka var idi. Bu hadisə yaşanmamış onun 102 xidməti ilə danışdığını və belə bir hadisə yaşanacağını, polislərin həmin əraziyə gəlməli olduğunu dediyini eşidib. Onu vurandan sonra qonşuları, həyat yoldaşı və qaynanası da çölə çıxmışdılar. Özü Rövşəni vurmamış, Rövşən qəflətən ona arxadan zərbə endirmiş, başından həmin an qan axdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla əvvəllər faktiki ailə münasibətlərində bəzən birlikdə, bəzən ayrı yaşamışdırlar. Övladları var, lakin Rövşənlə rəsmi nikahda olmamışdırlar. Onların ailə münasibətləri alınmadığı üçün onunla ayrılıblar və o rəsmi nikahla yenidən ailə qurub. O, ailə qurduqdan sonra övladı hazırlığa gedirdi, onu hazırlığa o aparırdı və yoldaşı da işdən gələndə onu hazırlıqdan evə gətirirdi. Hadisə günü də yoldaşı qızını hazırlıqdan evə gətirməli idi. Birdə gördü ki, qapı döyülür, lakin qapı çox pis formada döyülürdü, insan hiss edir ki, nəsə baş verib. Qapını açdıqda görüb ki, qızı Məryəm çox pis vəziyyətdədir, titrəyir, qorxub. Qızı ona deyib ki, “ana, ata yerdədir, bıçaqlanıb.” Çölə qaçıb və bu zaman həm qonşuları, həm də tanışları olan Təranə xanımı da çağırıb. Görüb ki, yoldaşı Cəlal yerdədir və qan içindədir, keçmiş həyat yoldaşı və onun qardaşı oğlu yoldaşının üzərindədir, imkan vermirdilər ki, yoldaşı ayağa qalxsın. Sonra Təranə, onun oğlu və o, birtəhər onları ayırıblar, yoldaşını arxadan bıçaqlamışdılar. Ambulans çağırıblar, həyat yoldaşını pis vəziyyətdə xəstəxanaya aparıblar. Sonra qızından nə baş verdiyini soruşub. O ona deyib ki, əmisi oğlu Mədəti görüb və həyat yoldaşına deyib ki, “ata, bu mənim əmim oğlu Mədətdir, burada nə edir?”, həyat yoldaşı da deyib ki, “fikir vermə, uşaqdır.” Sonra isə qız həyat yoldaşının qışqırdığını eşidib və onu yerə yıxıldığını görüb, qızı deyib ki, “ana, Rövşən əlində bıçaqla dayanmışdı, atamdan da qan axırdı.” Yəni arxadan həyat yoldaşı bıçaqlanıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 (anası və mütəxəssispsixoloqun iştirakı ilə) ifadəsində göstərdi ki, o, anası və Cəlal atası ilə birlikdə yaşayır. Rövşən isə onun doğma atasıdır. Onu hazırlığa səhərlər anası aparır, axşamlar isə Cəlal atası işdən çıxanda onu da gətirir. Hadisə günü Cəlal atası onu hazırlıqdan evə gətirəndə yolda əmisi oğlu Mədəti görüb. Cəlal ataya deyib ki, Mədət orada dayanıb. O da ona deyib ki, “fikir vermə, uşaqdır, yəqin dostlarını görməyə gəlib.” Mədət isə onu görəndə telefonla danışmağa başlayıb, onun yanında heç kim yox idi. Soyuq olduğu üçün o, Cəlal atasının qoluna girmişdi, biraz yol getdikdən sonra qəflətən Cəlal ata yerə yıxılıb, görüb ki, Rövşən əlində bıçaqladır, atası vurub, yanında da Mədət var. Cəlal ata isə qan içindəydi. Cəlal ata yerdə uzanmış vəziyyətdə olanda Mədət və Rövşən onu əllə, ayaqla vururdular. Cəlal ata ona gedib anasını çağırmağını söyləyib. Gedib anasını çağırıb və evdə gözləyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əbdülbağı qızı ifadəsində göstərdi ki, Rəvanəgillə qonşudurlar, onlarla çox yaxşı münasibətləri var. Rəvanə həmişə təzyiq altında olub, Rövşən həmişə evə içkili gəlirdi, dava salırdı. Hətta bir dəfə onlara gedəndə görüb ki, ev bütün şüşə qırıqları ilə doludur. Məryəmin saçından topuğuna kimi hər yeri şüşə qırığı idi. Rövşən hər şeyi sındırıb, dağıdıb. Rəvanə çox əziyyət çəkib. Bəlkə də o, Rəvanənin arxasında durmasaydı, Rəvanə gec-tez dünyasını dəyişərdi. Hadisə günü saat 7-8-in yarısı olardı, hava qaralmışdı. Onun evinin bir pəncərəsi küçəyə, evinin qapısı isə tam hadisə yerinə baxır. Yəni o, haradan baxsa oranı görür. Evdə idi, bir də görüb Rəvanə qışqıra-qışqıra gəlir ki, “Ay Təranə xanım, çıxın bayıra, Cəlalı döyürlər.” Özünü evdən neçə atdığını özü də bilməyib. İkisi də eyni vaxtda hadisə yerinə çatıblar. Görüb ki, Rövşən Cəlalı yıxıb yerə, tutub boğazından onu boğmaq istəyir. Onun dalınca da oğlu çıxıb. Görüb ki, oğlu kimisə tutub çəkib kənara. Rövşənin yanındakı oğlan Cəlalın əllərini tutmuşdu ki, Rövşən onu boğsun. Oğlu həmin oğlanı tutub kənara çəkib. Cəlal ayağa duranda görüb ki, qan içindədir. Rəvanə qışqırıb ki, polis gəlsin, həmin vaxt Rövşənlə yanındakı uşaq qaçıblar. Daha sonra ambulans çağırıblar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair xx.xx.2024-cü il tarixli 2/8400 nömrəli protokoldan görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə hadisə törədikdən sonra həkim tərəfindən keçirilmiş müayinə zamanı orta dərəcəli alkoqol sərxoş olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 15 fevral 2024-cü il tarixli, 171 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sağ ənsə nahiyəsinin yarasının kənarlarının xarakteri qeyd olunmadığından və eləcə də yaraya cərrahi tikişlər qoyulduğundan onun törənmə alətini müəyyən etmək mümkün olmadı, törənmə müddəti onun xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 19 fevral 2024-cü il tarixli, 192 nömrəli rəyindən görünür ki, azyaşlı Şahid4 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” PHŞ-nin 04 avqust 2025-ci il tarixli, 2541 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə də hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. “İfadələrin yerində yoxlanılması haqqında” 14 avqust 2025-ci il tarixli protokoldan görünür ki, hadisə baş verdiyi yer məhz ünvan 5 ünvanıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərsə də, iş üzrə toplanmış və məhkəmə iclasında bilavasitə, şifahi və çarpaz qaydada tədqiq edilmiş sübutların məcmusu onun təqsirini tam və təkzibolunmaz şəkildə sübuta yetirmişdir. Hazırki iş üzrə məhkəmə zərərçəkmişin ifadəsini inandırıcı hesab edir, çünki həmin ifadə digər sübutlarla – şahid ifadələri və tibbi ekspertiza rəyi ilə – tam təsdiq olunur. Hadisə yerində olmuş şahidlər təqsirləndirilən şəxsin zərərçəkmişə qarşı aqressiv davranış nümayiş etdirdiyini, mübahisə zamanı fiziki zor tətbiq etdiyini təsdiq etmişlər. Şahid ifadələri bir-biri ilə uyğunluq təşkil edir və hadisə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər aldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun ifadəsi digər sübutlarla təsdiqini tapmamış, əksinə iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirsiz hesab etməsi onun müdafiə hüququnun həyata keçirilməsi formasıdır və bu hal təkbaşına onun məsuliyyətdən azad olunmasına əsas vermir. Bununla da məhkəmə müəyyən etmişdir ki, təqsirləndirilən şəxs ictimai yerdə, silah qismində istifadə olunan əşyadan istifadə etməklə, cəmiyyətə açıq hörmətsizlik ifadə edən, zor tətbiqi ilə müşayiət olunan hərəkətlər etmiş, zərərçəkmişə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə əsasən bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın onun islah olunmasına və yeni cinayətlərin qarşısının alınmasına təsirini nəzərə almışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ictimai yerdə, silah qismində istifadə edilən əşyadan istifadə etməklə zor tətbiq etmiş, zərərçəkmiş şəxsə qəsdən sağlamlığa yüngül zərər vurmuş və bununla da ictimai qaydanı kobud surətdə pozmuşdur. Əməlin törədilmə üsulu, açıq xarakter daşıması, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirməsi və zor tətbiqi ilə müşayiət olunması onun ictimai təhlükəliliyini artıran amillər kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar da müəyyən edilməmişdir. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayət qəsdən törədilmiş az ağır cinayətlər kateqoriyasına aid olsa da, silah qismində istifadə edilən əşyanın tətbiqi ilə ictimai qaydanın kobud şəkildə pozulması cəmiyyət üçün real təhlükə yaratmışdır. Belə hallarda cəzanın təyin edilməsində məqsəd yalnız təqsirləndirilən şəxsin islah olunması deyil, həm də ictimai qaydanın qorunması, cəmiyyətə hüquqazidd davranışın yolverilməzliyi barədə xəbərdarlıq verilməsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması və sosial ədalətin bərpası üçün ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi zəruridir və daha yüngül cəza növü cəzanın məqsədlərinə nail olunmasını təmin etməyəcəkdir. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 25 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da tutulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli 4(004)-426/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu gündən, yəni 25 may 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 25 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 ödənilmək üçün 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-546/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-546/2025
16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver