Məhkəmə qərarları › İş №1(004)-548/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-548/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-548/2022 24.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, tərcüməçi X1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 09 avqust 2003-cü il tarixdə Rusiya Fedarsiyasında anadan olmuş, Rusiya Fedarasiyasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 11, mənzil 65-də müvəqqəti qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə qismində” qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, xuliqanlıq etmişdir. Belə ki, o, 26 iyul 2022-ci il tarixdə saat 13:10-da Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti, 11 nömrəli ünvanda idarə etdiyi motosikletlə qəza şəraiti yaratdığından “Volksvagen Polo” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs qəza şəraiti yaratmasına irad bildirib onu qaydalara əməl etməyə dəvət etdikdə heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq öz üstünlüyünü nümayiş etdirməklə motosikletdən düşərək ucadan səs-küy salmaqla sonuncunun ünvanına nalayiq ifadələr işlədib cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən bir dəfə yumruqla vuraraq zor tətbiq edib üst dodağın sağ yarısının əzilmiş yarası kimi sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində fəaliyyət göstərən “VOM” şirkətində kuryer işləyir və həmin şirkətə məxsus “Minsk D-4” markalı mopedlə vətəndaşlar tərəfindən sifariş edilmiş qida məhsullarını müxtəlif ünvanlara çatdırır. 26 iyun 2021-ci il tarixdə saat 13:10 radələrində idarə etdiyi mopedlə Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov prospekti ilə hərəkətdə olan zaman həmin prospektdə yerləşən N. Nərimanovun heykəli olan parka çatmağa az qalmış onunla eyni istiqamətdə, arxa tərəflə hərəkətdə olan “Volkswagen Polo” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs idarə eldiyi avtomobilin səs siqnalından istifadə etməklə ona mopedi saxlamağını bildirmiş, o isə idarə etdiyi mopedi yolun sağ kənarına çəkib saxlamışdır. Bu zaman həmin avtomobil onun yanina yaxınlaşmış və avtomobilin pəncərəsindən sürücüsü Zərərçəkmiş şəxs guya onun idarə etdiyi mopedlə qəza şəraiti yaratdığının səbəbini soruşmuşdur. Həmin vaxtı o, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlərdib yoluna davam etməsini bildirmişdir. Bu zaman Emil idarə etdiyi avtomobili saxlamış və avtomobildən düşərək yenidən ona tərəf addımlamağa başlamışdır. Bu zaman o da mopeddən yerə enmiş və həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs üstünə tərəf getmişdir. Qarşı-qarşıya dayanmış və sözlü mübahisə edən zaman əli ilə bir dəfə Zərərçəkmiş şəxs ağzının üst tərəfinə yumruqla vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonla kiməsə zəng etdiyini görmüş, məsələnin daha da böyüməməsi üçün idarə etdiyi mopedə tərəf yaxınlaşmış və mopedinə əyləşərək oradan uzaqlaşmışdır. Yekun olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 iyun 2021-ci il tarixdə saat 13:10 radələrində idarə etdiyi “Volkswagen Polo” markalı **-EY-*** dövlət qediyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti ilə hərəkətdə olan zaman onunla eyni istiqamətdə qabaq tərəfdə hərəkətdə olan dövlət qeydiyyat nişanı olmayan mopedin sürücüsü qəza şəraiti yaratmış və bu səbəbdən idarə etdiyi avtomobilinin siqnalından istifadə etməklə həmin mopedi idarə edən şəxsə onu sıxması ilə bağlı iradını bildirib qarşıda saxlamasını bildirmişdir. Bundan sonra o avtomobili həmin şəxsə tərəf sürüb pəncərədən nə səbəbə mopedlə qəza şəraiti yaratdığını soruşmuşdur. Onun bu sualına cavab olaraq mopedi idarə edən, sonradan adının Təqsirləndirilən şəxs Xuseinoviç olduğunu bildiyi şəxs onun ünvanıma nalayiq sözlər işlətməyə başlamışdır. Ona görə idarə etdiyi avtomobili Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 11 nömrəli ünvanının qarşısında saxlamış və avtomobildən düşüb nə baş verdiyi barədə bir daha soruşma məqsədi ilə mopedin sürücüsünə yaxınlaşmışdır. Həmin sürücü ilə qarşı-qarşıya dayanıb biraz da mübahisə elmiş və iradları ilə onun səhv olduğunu izah edərkən motosikleti idarə edən Təqsirləndirilən şəxs ona tərəf yaxınlaşmış, ona nalayiq ifadələr işlədib qəflətən əli ilə sifət nahiyəsin bir dəfə vurmuşdur. Bu zaman o sifət nahiyəsində ağrı hiss etmiş və hadisə baş verən yerə polis əməkdaşlarını çağıracağını bildirdikdə, Vasxab idarə etdiyi mopedə əyləşib hərəkətini davam etdirərək həmin yerdən uzaqlaşmışdır. Bundan sonra Azərbaycan Respublikası DİN-nin “102 Zəng Məlumat Xidmətinə” zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və hadisənin Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 11 nömrəli baş verməsi müəyyən edilmişdir. (i.v. 4-6) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 28 iyun 2021-ci il tarixli, 564 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - üst dodağın sağ yarısının əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcədə yıxılması nəticəsində törənməsi inkar olunur. (i.v. 11-13) “Sübutların qiymətləndirilməsi barədə” 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi, hadisə yerinə baxış protokolu, məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin Yasamal rayonu şöbəsinin 28 iyun 2021-ci il tarixli 564 №-li rəyi toplanmış iş materialları ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 68-72) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 50) “Qətimkan tədbiri seçilməsi haqqında” 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 96) CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar