Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-549/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Şəki şəhərində doğulmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində nömrəsiz yeni tikili fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 aprel 2025-ci il tarixdə, saat 19 radələrində ünvan 3 ünvanında yerləşən “Kontakt Home” mağazasına müştəri qismində daxil olaraq həmin mağazada açıq vitrində satışda olan 01 ədəd 700 (yeddi yüz) manat dəyərində «X5 7» 40MM GREEN/SM-L300NZGACİS modelli, RFAY21EZM3R seriya nömrəli smart qol saatını gizli yolla talayıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti qənaətbəxş deyildir, əvvəllər evli olub boşanmış, övladı yoxdur. Əvvəllər məhkum olunmamışdır. 20 aprel 2025-ci il tarixində, axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 174 ünvanında yerləşən «Kontakt home» mağazasına müştəri qismində daxil olmuş, niyyəti satışda olan qol saatlarından birini oğurlayıb sataraq maddi gəlir əldə etmək olmuş, belə ki, o, mağazanın içərisində qol saatları yerləşdirilən masasının ətrafını fırlanaraq qol saatlarına baxmağa başlamış, sonra yanında heç kimin olmadığını, həmçinin saatlardan birinin üzərində bağlayıcının olmadığını görüb həmin «X5 7» markalı smart tipli qol saatı vitrindən oğurlayıb həmin mağazanı tərk etmiş, lakin həmin qol saatını satmayaraq özümdə saxlamış, oğurluq barədə heç kimə məlumat verməmişdir. Təxminən bir ay Şəki şəhərində qalmış, həmin saatı satmaq istəsə də saatın qutusu olmadığından satmağı mümkün olmamış, bu səbəbdən həmin saatı özü istifadə etmək qərarına gəlmişdir. 13 iyun 2025-ci il tarixində, təxminən saat 10 radələrində həmin qol saatı qoluna taxaraq evdən çıxmış, yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onun mağazadan saat oğurluğunda şübhəli olduğunu izah edib Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmiş, Polis Şöbəsində olan zaman həmin saatı qolundan çıxararaq könüllü surətdə təhqiqata təqdim etmiş, etdiyi cinayət əməlindən peşimandır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, bu səbəbdən məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, buna baxmayaraq hüquqi şəxsin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Lakin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cəmiyyətə vurulmuş zərər ödənilmiş, oğurlanmış «X5 7» markalı smart tipli qol saatı təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmışdır. Bu səbəbdən də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Ona görə də iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, təxminən bir aya yaxındır ki, ünvan 3 ünvanında yerləşən «Kontakt» mağazasında müdir müavini vəzifəsində işləyir. 20 aprel 2025-ci il tarixdə, təxminən saat 19 radələrində kişi cinsindən olan, orta yaşlı bir nəfər şəxs həmin mağazaya müştəri qismində daxil olmuş, mağazanın içərisində vitrində məhsullara baxmış, satıcı həmin şəxsdən uzaqlaşdıqdan sonra, həmin şəxs vitrində olan «X4 7» markalı, RFAY21EZM3R seriya nömrəli smart qol saatı gizli yolla oğurlayıb üzərində olan gödəkçənin altına qoyaraq bir neçə dəqiqə sonra mağazadan çıxaraq uzaqlaşmışdır. 21 aprel 2025-ci il tarixdə mağazada olan sayım zamanı oğurluq olmasını aşkar edilmiş, oğurluq nəticəsində mağazaya ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən “Kontakt Home” mağazasıdır. Hadisə yerinə baxış zamanı hadisə yerinin 01 ədəd foto şəkli çəkilərək iş materiallarına əlavə edilmişdir. (İ/V. 5-8). «Cinayət işinin başlanması və icraata götürülməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:15-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. (İ/V. 49-49). «Qətimkan tədbirinin seçilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ/V. 69-70). «Könüllü təqdim etmə və götürmə haqqında» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təhqiqata könüllü təqdim etdiyi «X4 7» markalı, RFAY21EZM3R seriya nömrəli smart qol saatı sonuncudan götürülmüş və 04 ədəd foto şəkli çəkilərək iş materiallarına əlavə edilmişdir. (İ/V. 12-15). "xxxx" MMC-dən 13 iyun 2025-ci il tarixdə Yasamal RPİ-yə daxil olmuş ACH- 96/25 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin “Kontakt Home” İnşaatçılar mağazasından oğurlanmış 01 ədəd «X4 7» 40MM GREEN/SM- L300NZGACİS modelli smart saatın satış qiyməti 700 ( yeddi yüz ) manat təşkil edir. Bu səbəbdən də baş vermiş oğurluq nəticəsində "xxxx" MMC-yə 700 ( yeddi yüz) manat maddi ziyan vurulmuşdur. (İ/V. 24). «Əşyanın şəxsə tanınmaya təqdim edilməsi barədə» 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 04 ədəd ayrı-ayrı markalı qol saatı təqdim olunmuşdur. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 tanınmaya təqdim edilən 4 ədəd qol saatından, 3-cü sıraya qoyulmuş «X4 7» markalı qol saatını göstərərək həmin qol saatının "xxxx" MMC-yə məxsus olmasını, həmin qol saatını markasına və xarici görünüşünə görə tanımasını bildirmişdir. Odur ki, 01 ədəd «X4 7» 40MM GREEN/SM-L300NZGACİS modelli, RFAY21EZM3R seriya nömrəli smart qol saatı iş üzrə sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 qaytarılmışdır. (İ/V. 33, 79-84, 92). «Diskə baxış keçirilməsi haqqında» 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, iş materiallarına əlavə edilmiş 01 ədəd diskə şahid Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «CD-R» formatlıdır. Həmin diskdə cəmi 01 ədəd video görüntü, 05 ədəd foto şəkil olması müəyyən olunmuşdur. Həmin foto şəkillərin Təqsirləndirilən şəxs mağazada vitrinin qarşısında olan foto şəkillər olması müəyyən edilir. 01 ədəd video görüntüyə baxış keçirildikdə Təqsirləndirilən şəxs «Kontakt» mağazasında qol saatları olan vitindən 01 ədəd qol saatını oğurlayaraq sağ qolu üzərində saxladığı geyimin altında saxlamaqla mobil telefonu qulağına tutmaqla mağazanı tərk etməsi müəyyən olunmuşdur. Qeyd olunan foto şəkillərə və görüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs foto şəkillərdə və görüntüdə olan şəxsin özü olmasını və qeyd olunan mağazadan 01 ədəd «X4 7» markalı smart tipli qol saatı vitrindən oğurladığını etiraf etmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməsini özündə əks etdirən 01 ədəd «CD-R» formatlı disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (İ/V. 18, 37, 79-84). Məhkəmə iclasında qeyd edilən diskə baxış keçirilən zaman xx.xx.2025-ci il tarixli protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ/V. 76). İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cəmiyyətə vurulmuş zərər ödənilmiş, oğurlanmış «X5 7» markalı smart tipli qol saatı təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmışdır. Bu səbəbdən də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Ona görə də iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, videogörüntü, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını bildirməsini və zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan hər hansı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsində nəzərdə tutulmuş islah işi növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir, cinayət nəticəsində vurumuş olan ziyan onun tərəfindən tam şəkildə aradan qaldırılmışdır və belə olan halda təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərinə tam uyğun gəlir. Digər tərəfdən islah işləri cəzası təqsirləndirilənin əmək fəaliyyəti vasitəsilə həm dövlət büdcəsinə ödənişlərin edilməsinə, həm də təqsirləndirilənin islah edilməsinə şərait yaradacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət bir günə dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra qurumuna tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalıdir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-549/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq qazancının 20 (iyirmi) faiz pul dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməsini özündə əks etdirən 01 ədəd «CD-R» formatlı disk cinayət işinin materiallarında saxlansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «X4 7» markalı, RFAY21EZM3R seriya nömrəli smart qol saatının zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-549/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-549/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver