Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-55/2021 26.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Tərtər rayonu Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşaməş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2018-ci ilin iyun ayının ortalarında ünvan 1 ünvanında yerləşən yataqxananın həyətində 20.000 (iyirmi min) manat, eyni adla 2018-ci ilin iyul ayının əvvəllərində eyni ünvanda 3.000 (üç min) manat, eyni adla 2018-ci ilin iyul ayının əvvəllərində eyni ünvanda 2.000 (iki min) manat, eyni adla 2018-ci ilin iyul ayının ortalarında eyni ünvanda 2.000 (iki min) manat, eyni adla 2018-ci ilin iyul ayının ortalarında eyni ünvanda 2.000 (iki min) manat və eyni adla 2018-ci ilin iyul ayının sonlarında eyni ünvanda 4.000 manat (dörd min) manat pul olmaqla ümumilikdə 33.000 (otuz üç min) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 birgə biznes fəaliyyəti ilə məşğul olub qazanc əldə edəcəyi barədə yalan vəd verib aldadaraq 2018-ci ilin oktyabr ayının sonlarında ünvan 1 ünvanında yerləşən yataqxananın həyətində 3.500 (üç min beş yüz) manat, eyni adla və eyni ünvanda 2019cu ilin yanvar ayının ortalarında 2.500 (iki min beş yüz) manat, eyni adla və eyni ünvanda 2019-cu ilin yanvar ayının ortalarında 2.000 (iki min) manat, eyni adla və eyni ünvanda 2019-cu ilin fevral ayının sonlarında 2.500 (iki min beş yüz) manat olmaqla ümumilikdə 10.500 (on min beş yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü yüksək vəzifəli şəxslərin sürücüsü kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs1 məcburi köçkünlər üçün inşa edilmiş binalardan mənzil verilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Bakı Dövlət Universitetinin qarşısında 3.000 (üç min) manat, xx xxxxxx 2020-cil tarixdə eyni adla və eyni ünvanda 1.000 (bir min) manat olmaqla ümumilikdə 4.000 (dörd min) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Zərərçəkmiş şəxs3 münasibətdə olan fakta görə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, pulu zərərçəkmiş şəxsdən borc olaraq almışdır. Belə ki, o, rəsmi olaraq heç yerdə işləməmiş, lakin 2006-cı ildən fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olmuş və təmir-tikinti aparılacaq yerlərdə işlər götürmüş, daha sonra həmin yerlərin tikinti-təmirini, yəni yük maşınları vasitəsilə qazıntı işlərini və ya doldurma işlərini görmüş, hər maşına görə qazanc əldə etmişdir. 2018-ci ilin yanvar ayının əvvəllərində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs3 ilə tanış olmuş, onun idarə etdiyi maşınla tez-tez Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayon ərazisində apardığı tikinti sahələrinə gedib-gəlmişdir. Onunla ilk tanışlıq dövründə yaxın münasibətləri yaranmış, aralarında olan danışıqlar zamanı təmir-tikinti şirkətində işlədiyini demiş, özünü xxxx-nın təchizatçısı kimi təqdim etmiş və onların işlərini gördüyünü demişdir. Həmin ərəfələrdə Nüsrətin ailə üzvləri ilə tanış olmuş, hətta bir müddət onun qaynanası Zərərçəkmiş şəxs2 məxsus evdə yaşamışdır. Nüsrət ondan işə düzəltməyini xahiş etmiş, o, da onu işə düzəldə biləcəyini və yaxın günlərdə bu haqda xəbər edəcəyini demişdir. 2018-ci ilin iyun ayının əvvəllərində Nüsrətlə danışan zaman işinin həll olunacağını, qeyd olunan şirkətdə onu təchizatçı kimi işə qəbul edə biləcəyini demişdir və həmin vaxt ondan öz işlərinə görə borc müqabilində 20.000 manat pul istəmişdir. Bundan sonra 2018-ci ilin iyun ayının ortalarında ünvan 1 ünvanında yerləşən yataqxananın həyətində Nüsrət ona borca 20.000 manat pul vermişdir. Danışıqlar zamanı o, Nüsrətdən pulu borc olaraq alıb qısa müddətə qaytaracağını və onun işə düzəldilməsi işini də həll edəcəyini deyərək oradan uzaqlaşmışdır. Nüsrətdən borca aldığı pulu isə şəxsi işlərinə və bəzi biznes fəaliyyətlərinə xərcləmişdir. Daha sonra Nüsrətdən əlavə olaraq öz şəxsi biznesi üçün müxtəlif vaxtlarda lakin eyni ünvanda, yəni ünvan 1 ünvanında yerləşən yataqxananın həyətində 2018-ci ilin iyul ayının əvvəllərində 3000 (üç min) manat, bundan bir neçə gün sonra 2000 (iki min) manat, 2018-ci ilin iyul ayının ortalarında 2.000 (iki min) manat, bundan bir neçə gün sonra 2000 (iki min) manat və 2018-ci ilin iyul ayının sonlarında 4.000 (dörd min) manat pul olmaqla ümumilikdə cəmi 33.000 (otuz üç min) manat borca pul almışdır. O, Nüsrət və onun ailə üzvləri ilə yaxınlıq etdiyindən, sonuncular ona etibar edərək bu qədər məbləğə borca pul vermişlər. Söhbət əsnasında isə o, Nüsrəti xxxx-da işə düzəldəcəyini vəd etmiş və ona pulu öz işi üçün borc müqabilində aldığını demiş, əldə etdiyi pul məbləğlərini isə şəxsi biznesinə xərcləmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, hazıradək maddi imkanı olmadığından, daha sonra faktla bağlı həbs edildiyindən Zərərçəkmiş şəxs3 aldığı pulu geri qaytarmamış və buna görə də onunla barışıq əldə edə bilməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Zərərçəkmiş şəxs2 münasibətdə olan fakta görə də özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, pulu zərərçəkmiş şəxsdən borc olaraq almışdır. Belə ki, o, qeyd etdiyi kimi Nüsrət vasitəsilə onun qayınanası Sədaqətlə tanış olmuş və onun evində uzun müddət yaşamışdır. Orada qaldığı müddət ərzində həmin ailə ilə yaxın münasibət qurmuş və sonuncular onu təmir-tikinti işləri ilə məşğul olan iş adamı kimi tanımışlar. O, Zərərçəkmiş şəxs2 ilə danışıqlar zamanı ona birlikdə kiçik biznes fəaliyyəti ilə məşğul olmağı təklif etmiş və bunun müqabilində qazanacağı pulu öz aralarında bölüşdürə biləcəklərini demişdir. Zərərçəkmiş şəxs2 da ona etibar edib bu məqsədlə, eyni ünvanda, yəni ünvan 1-də yerləşən yataqxanada ilk dəfə 2018-ci ilin oktyabr ayının sonlarında 3.500 (üç min beş yüz) manat, daha sonra 2019-cu ilin yanvar ayının ortalarında 2.500 (iki min beş yüz) manat, bundan təxminən 2 gün sonra 2.000 (iki min) manat, 2019-cu ilin fevral ayının sonlarında isə yenidən 2.500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə cəmi 10.500 (on min beş yüz) manat pul vermişdir. O, Zərərçəkmiş şəxs2 işin qısa müddət ərzində həllini tapacağını və ona yaxşı qazanc verəcəyini bildirmişdir. Lakin sonradan ona verdiyi vədləri yerinə yetirə bilməmiş və barəsində cinayət işi başlananadək borcundan hər hansı formada ödəniş edə bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs2 onun barəsində istintaq orqanına şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, hazırda Zərərçəkmiş şəxs2 aldığı 10.500 manat pulu tam olaraq qaytarmış, onunla barışıq əldə etmiş və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə Zərərçəkmiş şəxs1 münasibətdə olan fakta görə də özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayının axırlarında Bakı Dövlət Universitetinin həyətində mühafizəçi Zərərçəkmiş şəxs1 ilə təsadüfən tanış olub özünü ona vəzifəli şəxslərin və dövlət adamlarının sürücüsü kimi təqdim etmişdir. Danışıqlar zamanı Məhərrəm ona müharibə veteranı olduğunu bildirib, ondan dövlət tərəfindən qaçqınlar və məcburi köçkünlər üçün tikilən yaşayış binasından ona mənzil verilməsində köməklik etməsini xahiş etmişdir. O, da Məhərrəmə tanışları vasitəsilə ona köməklik edə biləcəyini demişdir. Bundan bir neçə gün sonra Məhərrəmə zəng edərək işini danışdığını və qısa müddət ərzində ona 3 otaqlı mənzil veriləcəyini deyərək ondan bu işlərin müqabilində 3.000 (üç min) manat pul istəmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə Məhərrəm ona zəng etmiş və onlar razılıq əsasında həmin tarixdə ünvan 2 ünvanında yerləşən Bakı Dövlət Universitetinin qarşısında görüşmüşlər. Görüş zamanı Məhərrəm pulu ona vermiş və pulun verilməsinə dair aralarında rəsmi müqavilə bağlanılmasını istəmişdir. O, Məhərrəmi inandırmaq üçün ilk öncə ona öz xətti ilə ağ vərəqdə pulu almasına dair sənəd yazıb verə biləcəyini demişdir. Lakin Məhərrəm bu təkliflə razılaşmamış və təkid etmişdir ki, onlar arasında notariat ofisində rəsmiləşdirilməklə müqavilə bağlansın. Beləliklə, o, pulu almaq üçün Məhərrəmlə razılaşıb birlikdə notariat ofisinə getmişlər və orada pulun almasına dair müqavilənin bağlanmasını rəsmiləşdirmişlər. Daha sonra həmin gün axşam radələrində Məhərrəm yenidən ona zəng edərək 4 otaqlı mənzil verilməsinə dair köməklik edilməsini xahiş etmişdir. O, isə Məhrrəmə heç bir problem olmadığını, lakin buna görə əlavə olaraq 1000 (bir min) manat pul verməli olacağını bildirmişdir. Məhərrəm onun sonuncu təklifi ilə də razılaşmış və onlar, növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə eyni ünvanda görüşmüşlər. Görüş zamanı o, Məhərrəmdən 1000 (bir min) manat pul almış, lakin sonuncu dəfə pulun alınmasına dair aralarında rəsmi müqavilə bağlanmamışdır. Onların razılaşmasına görə pulun alınmasından 1 ay sonra Məhərrəmə mənzil verilməli idi. Bundan bir müddət keçəndən sonra Məhərrəm ona zəng edərək evlərin artıq bölüşdürüldüyünü və onun üçün mənzil ayrılmadığını bildirmiş, o da narahat olmamağı və tezliklə işi həll edəcəyini demişdir. Lakin sonradan ona verdiyi vədləri yerinə yetirə bilməmiş və barəsində cinayət işi başlananadək borcundan hər hansı formada ödəniş etməmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 onun barəsində istintaq orqanına şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, hazırda Zərərçəkmiş şəxs1 aldığı 4.000 (dörd min) manat pulu tam olaraq qaytarmış, onunla barışıq əldə etmiş və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs son sözündə əvvəllər məhkumluğunun olmamasının və verilmiş ittiham üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 münasibətdə vurulmuş maddi zərərin tam olaraq ödənilməsinin, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını, o, azadlıqda qalacağı təqdirdə Zərərçəkmiş şəxs3 da vurulmuş ziyanı ödəyə biləcəyini qeyd edərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağdam rayondan məcburi köçkün olaraq ünvan 5 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşmışlar. İşsiz olduğundan fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2018-ci ilin yanvar ayının əvvəllərində taksi xidməti göstərdiyi, hazırda Təqsirləndirilən şəxs tanış olmuş və onu mütəmadi olaraq sifariş əsasında müxtəlif ünvanlara çatdırmışdır. Xidmətlə bağlı yolda olduqları müddətdə aralarında olan danışıqlar zamanı Nizam ona özünü təmir-tikinti şirkətinin yüksək vəzifəli şəxsi kimi təqdim etmişdir. Hətta Nizam ona Azərbaycan Respublikasının Mənzil inşaat Dövlət Agentliyinin apardığı tikinti sahələrini göstərərək həmin işləri özünün gördüyünü bildirmişdir. Bundan başqa Nizam onun etibarını qazanmaq üçün hər dəfə ona nəzərdə tutulduğundan artıq miqdarda xidmət haqqı vermişdir. O, da öz növbəsində Nizamın danışıqlarından onun həqiqətən də yaxşı iş adamı olduğunu zənn etmişdir. Hətta bir dəfə Nizam özünü ona xxxx tərəfindən Yasamal rayonu ərazisində inşa edilən binalarının təchizatçısı kimi təqdim etmişdir. Aparılan danışıqlar zamanı Nizam ona özünün işlədiyi şirkətdə, yəni xxxx-da onu təchizatçı kimi işə düzəldə biləcəyini və iş alınacağı təqdirdə aylıq 600-700 manat maaş alacağını, həmçinin gördüyü işlərin müqabilində yaxşı qazanc əldə edəcəyini demişdir. O, da maddi vəziyyəti yaxşı olmadığından Nizamın təklifi ilə razılaşmışdır. Nizam da ona bir az səbr etməyini və qısa müddət ərzində öz dostlarından və tanışlarından razılıq aldıqdan sonra onu qeyd olunan işə düzəldəcəyini və ondan cavab gözləməsini bildirmişdir. Bir müddət o, Nizamdan vəd etdiyi iş barəsində maraqlandıqda ona işinin həll olunacağını və səbr etməli olduğunu bildirmişdir. Nizama inandığından onu ailə üzvləri və qayınanası Sədaqətlə tanış etmiş, hətta Nizam bir müddət qayınanasının evində təmənnasız yaşamışdır. 2018-ci ilin iyun ayının əvvəllərində Nizam ona işi danışdığını və onun qeyd olunan şirkətdə təchizatçı kimi işə götürülməsinin mümkün olduğunu bildirib, bu işin gələcəkdə həll edilməsi müqabilində ondan 20.000 (iyirmi min) manat borc pul istəmişdir. Nizam həmçinin ona öz şəxsi biznesində problemləri olduğunu bildirib, onu dilə tutaraq borc verəcəyi həmin məbləği qısa müddətə qaytaracağını demiş və onu bu işi əldən buraxmamasını inandırıb təkid etmişdir. O, Nizamla razılaşıb 2018-ci ilin iyun ayının ortalarında onunla ünvan 1 ünvanında yerləşən yataqxananın həyətində görüşmüş və həmin vaxt ona 20.000 (iyirmi min) manat pul vermişdir. Görüş zamanı Nizam ona işini qısa müddət ərzində, yəni 3 gün ərzində həll edəcəyini vəd etmişdir. Nizam dediyi vaxtdan uzun müddət keçdiyindən dəfələrlə ona zəng edərək işi barədə maraqlanmış, Nizam isə hər dəfə ona müxtəlif bəhanələr gətirərək işinin həll olunacağını, eyni zamanda borcunu qaytaracağını demişdir. Bir müddət sonra Nizam onu təmir-tikinti işləri görülən yerlərə apararaq onun artıq işçi kimi rəsmiləşdirildiyini, görülən işlərə görə ona maaş yazıldığını və külli miqdarda yığılmış maaşını bir dəfəyə götürə biləcəyini demişdir. O, Nizama inandığından dediyi hər şeyə qeyd-şərtsiz əməl etmişdir. 2018-ci ilin iyul ayının əvvəllərində Nizam yenidən ona şəxsi biznes işlərində problemlər olduğunu bildirib əlavə pul istəmişdir. O, bir daha Nizama inanıb işlərinin görülməsi üçün ona eyni yerdə, yəni ünvan 1 ünvanında yerləşən yataqxananın həyətində 3.000 (üç min) manat, bundan bir neçə gün sonra, yəni 2018-ci ilin iyul ayının əvvəllərində 2000 (iki min) manat, 2018-ci ilin iyul ayının ortalarında 2000 (iki min) manat, bundan bir neçə gün sonra 2000 (iki min) manat və sonuncu dəfə isə 2018-ci ilin iyul ayının sonlarında 4000 (dörd min) manat olmaqla, ümumilikdə əvvəl verdikləri ilə birlikdə cəmi 33.000 (otuz üç min) manat pul vermişdir. O, hər dəfə pulları Nizama verərkən onu guya qeyd olunan agentliyə təchizatçı kimi işə düzəldəcəyini vəd vermişdir. Bir müddət keçdikdən sonra Nizamın vədinə əməl etməyərək onu aldatdığını anlamış, belə ki, onu heç bir işə rəsmiləşdirmədiyini öyrənib bilmiş və verdiyi pulu Nizamdan geri tələb etdikdə isə müxtəlif bəhanələrlə onu aldadıb hazıradək heç bir ödəniş etməmişdir. Buna görə də, o, Nizam barəsində aidiyyəti orqanlara şikayət edərək barəsində tədbir görülməsini tələb etmişdir. Zərərçəkmiş şəxs3 həmçinin ifadəsində Təqsirləndirilən şəxs tərəfindən hazıradək ona dəymiş 33.000 (otuz üç min) manat məbləğindən heç bir ödəniş edilmədiyini, buna görə də şikayətçi olmaqla ziyanın tam şəkildə ödənilməsini tələb etdiyini, lakin cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırki iş üzrə digər Zərərçəkmiş şəxs3 onun qohumu, yəni qızının əridir (kürəkəni). Belə ki, Nüsrət işsiz olduğundan fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2018-ci ildə payız aylarında Nüsrət onu və digər ailə üzvlərini dostu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs ilə tanış etmiş və onun iş adamı olduğunu bildirmişdir. Tanış olduqları müddət ərzində Nizam onlara qarşı çox səmimi münasibət göstərmiş və etibarlarını qazanmışdır. Danışıqlar zamanı Nizam özünü iş adamı kimi təqdim edib, onlara torpaq, qum və sair yükləri yük maşınları ilə daşıtdığını, yollar çəkdiyini və yaxşı qazanc əldə etdiyini bildirmişdir. Hətta Nizam kürəkəni Nüsrəti də özünün işlədiyi şirkətdə yüksək maaşlı və qazanclı işə düzəldəcəyini vəd etmişdir. Nizam ona “ana” ifadəsilə müraciət edib daha çox etibarını qazanmış və buna görə də özünə məxsus Abşeron rayonu Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən fərdi yaşayış evində yaşaması üçün ona icazə vermişdir. Son dövrlərdə Nizam onlara işlərinin yaxşı getmədiyini demiş, lakin onu inandırmışdır ki, gördüyü iş qazanclıdır və əgər ona pul versə üzərində qazancla geri qaytara bilər. O, Nizama etibar etdiyindən onun dediklərinə inanmış və ilk dəfə 2018-ci ilin oktyabr ayının sonlarında ünvan 1 ünvanında yerləşən yataqxanada ona 3.500 (üç min beş yüz) manat pul vermişdir. Həmin vaxt Nizam ona pulu tezliklə qaytaracağını demişdir. Lakin bir müddət sonra Nizam ona verilmiş pulu qaytarmamasına baxmayaraq 2019-cu ilin yanvar ayının ortalarında ondan yenidən pul istəmiş və qazancı ilə geri qaytaracağını vəd etmişdir. O, Nizama etibar etdiyindən yenidən eyni ünvanda, yəni ünvan 1 ünvanında yerləşən yataqxanada 2019-cu ilin yanvar ayının ortalarında 2.500 (iki min beş yüz) manat, təxminən 2 gün sonra 2.000 (iki min) manat pul vermişdir. Nizam pulları alıb gedəndən sonra onlara işlərinin artıq tam qaydasında getdiyini və narahat olmamağını demişdir. O, Nizama inandığı üçün heç nə deməmiş, əsas məqsədi isə onun gələcəkdə kürəkəninə şərait yaratması və ona verdiyi pulları artıqlaması ilə qaytarması olmuşdur. 2019-cu ilin fevral ayının sonlarında Nizam bir həftəyə pulun hesabına keçəcəyini, lakin yük maşınlarının sahiblərindən birinin onu başa düşmək istəmədiyini deyərək eyni adla ondan 2.500 (iki min beş yüz) manat pul istəmişdir. Lakin o, maddi imkanının zəif olduğunu bildirmiş, buna baxmayaraq Nizam təkidlə ondan pul istəyərək bir həftədən sonra bütün pullarını qazancları ilə birlikdə geri qaytaracağını vəd etmişdir. O, Nizama inanmış, həm də kürəkəninin işini düşünüb ona həmin ünvanda 2019-cu ilin fevral ayının sonlarında 2.500 manat pul vermişdir. Beləliklə o, Nizama eyni məqsədlə ümumilikdə cəmi 10.500 (on min beş yüz) manat pul vermişdir. Bir müddət keçdikdən sonra Nizamın vədinə əməl etməyərək onu aldatdığını anlamış, həm də kürəkəni Nüsrəti də heç bir işə rəsmiləşdirmədiyini öyrənib bilmişdir. Onlar verdikləri pulu Nizamdan geri tələb etdikdə isə o, müxtəlif bəhanələrlə onları aldadıb pulu geri qaytarmaqdan yayınmışdır. Buna görə də, o, kürəkəni Nüsrətlə birlikdə Nizam barəsində aidiyyəti orqanlara şikayət edərək onun barəsində tədbir görülməsini tələb etmişlər. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində qeyd etmişdir ki, ibtidai istintaq aparıldığı dövrdə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs2 eyni zamanda yazılı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın, yəni 10.500 (on min beş yüz) manat pulun tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cəza təyin edilməsi zamanı ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən “Gesqo” Mühafizə İdarəsində mühafizəçi vəzifəsində işləyir və Bakı Dövlət Universitetinin inzibati binasında xidmət edir. 2020-ci ilin yanvar ayının axırlarında xidmətdə olarkən təsadüfi olaraq hazırda təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Nizam ona özünü yüksək vəzifəli şəxsin sürücüsü kimi təqdim etmiş və onlar arasında normal münasibət yaranmışdır. Danışıqlar zamanı o, Nizama özünün müharibə veteranı olduğunu bildirib ondan dövlət tərəfindən qaçqınlar və məcburi köçkünlər üçün inşa edilən yaşayış binasından mənzil verilməsində köməklik etmək imkanının olub-olmamasını soruşmuşdur. Nizam isə onu dinlədikdən sonra köməklik edə biləcəyini, yaxşı tanışlarının olduğunu, bu işi də həmin şəxslər vasitəsilə həll edəcəyini bildirmiş və bir-birilərinə mobil nömrələrini vermişlər. Bundan bir neçə gün sonra Nizam ona zəng edərək işini danışdığını və qısa müddət ərzində ona 3 otaqlı mənzil veriləcəyini deyərək ondan 3.000 (üç min) manat pul istəmişdir. O, buna çox sevinmiş və qısa müddət ərzində pul tapacağını bildirmişdir. Beləliklə o, xx xxxxxx 2020-ci il tarixdə “Kapital Bank”ın Bakı şəhəri Yasamal rayon filialından 5000 manat kredit götürmüş, məqsədi kreditdən 3.000 (üç min) manatını Nizama vermək, qalan 2000 (iki min) manatını isə ailə üzvlərinə xərcləmək olmuşdur. Həmin gün kreditə pulu götürdükdən sonra Nizama zəng edib 3000 manat pulu təşkil etdiyini və görüşmək istədiyini bildirmişdir. Razılaşmaya görə onlar xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Bakı Dövlət Universitetinin qarşısında görüşmüşlər. O, görüş zamanı pulu Nizama vermiş və pulun verilməsinə dair aralarında rəsmi müqavilə bağlanılmasını ondan tələb etmişdir. Həmin vaxt Nizam öz xətti ilə ağ vərəqdə pulun alınmasına dair sənəd yazıb verməyi təklif etsə də, bununla razılaşmamış və notariat ofisində müqavilə bağlanmasını təkid etmişdir. Onun təkidindən sonra Nizam onunla müqavilə bağlamaqla pulun verilməsini rəsmiləşdirməyə razılıq vermişdir. Beləliklə onlar həmin gün pulun verilməsini rəsmiləşdirmək məqsədilə 53 saylı notariat ofisində müqavilə bağlamışlar. Razılaşmaya görə Nizam pulun alınmasından 1 ay müddətində ona mənzilin veriləcəyini vəd etmişdir. Daha sonra o, həmin gün axşam radələrində evdə olarkən ailə üzvlərinin sayının çox olmasını düşünərək Nizama zəng etmiş və ondan 3 otaqlı deyil, 4 otaqlı mənzil verilməsinə köməklik etməsini xahiş etmişdir. Nizam isə ona problem olmadığını, lakin 4 otaqlı mənzilə görə, əlavə olaraq 1000 (bir min) manat pul verməli olacağını bildirmişdir. O, Nizama inandığından onunla razılaşmış və ertəsi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə eyni ünvanda görüşüb ona əlavə olaraq 1000 (bir min) manat pul vermişdir. Lakin sonuncu dəfə pulun verilməsi faktını müqavilə ilə rəsmiləşdirməmişlər. Bundan bir müddət keçdikdən sonra mənzillər barədə maraqlandıqda ona məlum olmuşdur ki, qaçqınlar və məcburi köçkünlər üçün verilən mənzillər paylanılıb qurtarmışdır. O, zəng edib bu barədə soruşduqda Nizam onu aldadaraq mənzillərin tam olaraq bölünmədiyini demiş, öz vədinə əməl edəcəyini və narahatçılığa əsas olmamasına dair onu əmin etmişdir. Lakin müəyyən vaxtdan sonra o, Nizam tərəfindən aldadıldığını anladığına görə ondan pulunun geri qaytarılmasını tələb etmiş, onun təkidlərinə görə 2020-ci ilin iyun ayının sonlarında Nizam ondan aldığı 4.000 (dörd min) manat pulun 3000 (üç min) manatını Bakı Dövlət Universitetinin qarşısında qaytarmışdır. Nizam ona qalıq qalmış pulu da qısa müddət ərzində geri qaytaracağını bildirməsinə baxmayaraq, lakin vədinə əməl etmədiyindən onun barəsində aidiyyəti orqana şikayət etmişdir. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində qeyd etmişdir ki, ibtidai istintaq aparıldığı dövrdə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs1 eyni zamanda yazılı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın, yəni 4.000 (dörd min) manat pulun tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cəza təyin edilməsi zamanı ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı törədilmiş dələduzluq faktlarına münasibətdə özünü qismən təqsirli bilərək ifadəsində göstərdiyi xüsusatları özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin ifadələri və işin digər halları ilə Təqsirləndirilən şəxs ifadəsindəki məlumatlar tam şəkildə təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ittiham üzrə qeyd edilmiş məbləğləri borc olaraq almasını bildirməsinə baxmayaraq, işin faktiki halları ilə müəyyən edilmişdir ki, onun pulun ələ keçirilməsindən əvvəl niyyəti hər hansı bir öhdəliyin icra edilməsinə yönəlməmişdir. Yəni Təqsirləndirilən şəxs özünü zərərçəkmiş şəxslərə yalandan vəzifəli şəxs kimi təqdim edərək onların etibarını qazandıqdan sonra, bu etibardan sui-istifadə edib “borc” adı altında, o cümlədən heç səlahiyyəti olmadığı halda gələcəkdə Zərərçəkmiş şəxs3 işə düzəldəcəyi ilə aldadaraq əvəzsiz olaraq hər birinə münasibətdə ayrı-ayrılıqda müəyyən edilmiş məbləğlərdə pul vəsaitini qanunsuz ələ keçirməsi məhkəmə istintaqı ilə tam olaraq sübuta yetirilmişdir. Bundan başqa, iş materiallarında olan üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair xx xxxxxxx 2020-ci il tarixli protokollardan müəyyən edilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxs arasında ayrı-ayrılıqda keçirilmiş üzləşdirmələr zamanı zərərçəkmiş şəxslər ifadələrində qeyd etdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı əyani olaraq təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 02-04/12/367 nömrəli məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs ilə Agentlik, həmçinin tabeliyində olan “xxxx” MMC arasında hər hansı əmək münasibətlərinin olması faktı aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı Notariat ofisində 3M-340 nömrə ilə qeydə alınmış xx xxxxxx 2020-ci il tarixli müqavilədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs 3.000 (üç min) manat pul verilmiş və pulun verilməsi borc müqaviləsi kimi rəsmiləşdirilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsinə əlavədən müəyyən edilir ki, “Kapital Bank” tərəfindən Zərərçəkmiş şəxs1 36 ay müddətinə illik 26,9% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 inam və etimadını qazanmaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə 53 nömrəli Notariat ofisində 3000 manat pul barəsində formal olaraq borc müqaviləsi bağlamaqla əsas niyyətinin hər hansı bir öhdəlik yerinə yetirmək olmadan zərərçəkmiş şəxsin pulunun ələ keçirilməsi olması sübut edilmişdir. Buna görə məhkəmə belə nəticəyə gəlir ki, həmin müqavilə mövcud olmasına baxmayaraq qeyd olunan məbləğ düzgün olaraq istintaq orqanı tərəfindən ittihama daxil edilmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi məhkəmə istintaqı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxila bilər. Qərarın 5-ci maddəsində qeyd edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 178.2-ci maddəsi ümumilikdə az ağır cinayətlər kateqoriyasına daxil olmaqla 178.2.2-ci maddəyə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar törədildikdə; 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırilması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmiş və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin eyni tarixli 4(005)-1170/2020 nömrəli qərarı ilə həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx xxxxxxx 2020-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Tərtər rayon İcra Hakimiyyəti başçısının Qaradağlı inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayş və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda Tərtər rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 münasibətdə vurulmuş ziyanı tam ödəməsini və onlarla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, onun cəzasını yüngülləşdirən bütün halları nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün, o, hazırki hökmlə təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 55 (əlli beş) saata görə 330 (üç yüz otuz) manat və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq “Yusifbəyli və Partnyorları” və Bakı şəhəri “Mərkəz” Vəkil Bürolarının hesablarına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 55 (əlli beş) saata görə 330 (üç yüz otuz) manat və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq “Yusifbəyli və Partnyorları” və Bakı şəhəri “Mərkəz” Vəkil Bürolarının hesablarına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-55/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-55/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver