Məhkəmə qərarları › İş №1(004)-55/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-55/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-55/2022 29.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X1 və onun nümayəndəsi və vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Naxçıvan MR, Şərur rayonu, Cəlilkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi Bakı şəhər sakini X8 əvvəlcədən tanıyır. 2018-ci ilin əvvəllərində İlkin Hüseynov ona Qəbələ şəhəri ərazisində iki ədəd fərdi yaşayış evi tikmək istədiyini, həmin evlərin tikintisində işlərin aparılmasına onun rəhbərlik etməyini xahiş etdi. O, dövlət qulluqçusu olduğu üçün kommersiya işləri ilə məşğul ola bilməyəcəyini bildirdi. Buna görə tanışı iş icraçısı X18 Hüseynov ilə tanış etdi. Həmin vaxt onlara hər ikisinə də hesab işlərinin aparılmasında dəqiq olmasını dedi. 2018-ci ilin may ayından Qəbələ şəhər, A.Cavadov küçəsində iki ədəd fərdi yaşayış evinin tikintisinə başlanılmış, onların razılaşmasına görə X19 Hüseynova bir il müddətinə hər iki evi tikib təhvil verəcəyini demişdir. 2019-cu ilin may ayında Şahin Həsənov bir evi tam hazır edərək, digərini isə natamam vəziyyətdə İlkin Həsənova təhvil vermişdir. Sonra isə hesabat etmişlər, hesabat zamanı İlkin Hüseynov evlərin tikintisi zamanı israfçılığa yol verildiyini bildirmişdir. İlkin Hüseynov bir müddətində ona müxtəlif vaxtlarda müxtəlif miqdarda cəmi 8500 manat pul göndərmişdir. Həmin pulu Şahin Həsənova vermiş. İlkin Hüseynovun onun 40000 manat pulunu mənimsəməsi ilə bağlı məlumatı şər böhtandır. Qeyd edir ki, xx.xx.2019-cu il tarixdə Qəbələ şəhər sakinləri X9, X13 və digərləri X2 şəhərində tikdirdiyi evlərdə onları aldadıb fəhlə və usta qismində işlədərək 15000 manat pullarını ödəməkdən boyun qaçıraraq dələduzluq etməsi barədə ərizələri Qəbələ rayon prokurorluğuna daxil olmuş, həmin ərizə araşdırılması üçün Qəbələ RPŞ-nə göndərilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixdə Bakı şəhər sakini X14 ona Qəbələ şəhərində ev tikmək üçün pul verdiyini, lakin onun 40000 manat pulunu mənimsəyərək usta və fəhlələrin pulunu verməməyi barədə Qəbələ RPŞ-nə ərizəsi daxil olmuşdur. Sözügedən ərizələr araşdırılmış və 11 noyabr 2019-cu il tarixdə Qəbələ rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X6 tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bundan sonra X14 onun barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli yalan məlumatları yayıb kütləvi nümayiş etdirməklə barəsində cəmiyyət arasında mənfi ictimai rəyi yaratmağa, cəmiyət arasında şərəf və ləyaqətimi, nüfuzunu ləkələməyə başlamışdır. Belə ki, X14 onun barəsində həqiqətə uyğun məlumatları xx.xx.2021-ci il tarixdə “ZAMANTV.az” internet saytında yaymışdır. Daha sonra İlkin Hüseynov xx.xx.2021-ci il tarixdə “MUMTV” internet saytında barəsində böhtan xarakterli yalan məlumatları yayıb, cəmiyət arasında şərəf və ləyaqətini, nüfuzunu ləkələməyə başlamışdır. Belə ki, yuxarıda adı qeyd etdiyi “ZAMANTV.az”, “MUMTV” internet saytlarında “hər bir dövlət məmurunun vəzifə borcu xalqına, dövlətinə layiqincə xidmət eləməkdir. Fakin bəzi məmurlar vəzifə səlahiyyətlərini aşaraq vətəndaşların inam və etibarından sui-istifadə edib onları dələduzluq yolu ilə aldadırlar. Belə məmurlardan bəziləri zamanında layiqli cəzalarını alsalarda, çox təəssüflər olsun ki, bəziləri yenədə öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Ve beləliklə xalqın dövlətə, hakimiyyətə olan inamını sarsıltmağa məruz qoyurlar. Bakı şəhər Qaradağ rayon Müşviq qəsəbə sakini X12 redaksiyaya müraciət edərək bildirir ki, 2017-ci ildə Qəbələ rayonunda fərdi yaşayış üçün torpaq sahəsi almaq istəyib. Tanışlarından biri ona Qəbələ RİH-də memarlıq şöbəsinin mütəxəsisi X3 ilə görüşüb tanış olmağı məsləhət görürlər. Əlimirzəyev Tahirlə tanış olaraq onun vasitəçiliyi ilə həyətyanı torpaq sahəsidə alır. Aralarında səmimi, isti münasibət quraraq tez-tez telefon əlaqələri saxlayırlar. Bu səmimiyyətdən əmələ gələn inam, etibarın nəticəsində Hüseyinov İlkin fərdi evinin tikintisini Tahir Əlimirzəyevə həvalə edir. Evin tikintisi üçün lazım olan bəzi inşaat materialları və digər xərclər üçün lazımı məbləğləri Tahirin istədiyi vaxtlarda zamanında göndərir. Beləliklə inam-etibardan sui-istifadə edən qarşı tərəf İlkin Hüseyinovun ümumilikdə əlli üç min manatını mənimsəyir. Bu məsələ ilə bağlı İlkin Hüseyinov xx.xx.2019-cu il tarixində Qəbələ RPŞ-nə müraciət olunsada ona, bu məsələnin cinayət xarakterli, işdə cinayət tərkibi olmadığını bildirlər. Çarəsiz və pulsuz qalan Tahir Hüseyinov aidiyyatı qurumlardan kömək istəməklə bərabər mediadanda dəstək gözləyir. Məsələnin qaranlıq tərəflərini aydmlatmaq üçün mövzuya yenidən qayıdacağıq. Qarşı tərəf kimi Tahir Əlimirzəyevində mövqeyini işıqlandırmağa hazırıq” məzmunlu məlumat yayılmışdır. Göründüyü kimi “ZAMANTV.az” və “MUMTV” internet saytlarında X14 tərəfindən yayılmış məlumatlar Qəbələ rayon Polis şöbəsində araşdırılmış və 11 noyabr 2019-cu il tarixdə Qəbələ rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X6 tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Yəni onun X10 dələduzluq edərək onun pulunu mənimsəməyi öz təsdiqini tapmamışdır. Sübuta yetirilməmiş hallarla bağlı onun haqqında belə məlumatların yayılması həmin məlumatların böhtan olmasına dəlalət edir. X14 bu əməllərindən əl çəkmir, onun barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli yalan məlumatları yayıb kütləvi nümayiş etdirməklə barəsində cəmiyyət arasında mənfi ictimai rəyi yaratmağa, cəmiyət arasında şərəf və ləyaqətini, nüfuzumu ləkələməyə davam edir. Belə ki, yuxarıda qeyd etdiyi kimi X14 onun haqqında yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən və məni nüfuzdan salan onun dələduzluq etdiyini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) kimi cinayətin tərəfindən törədildiyini məlumatları kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında yayaraq ona böhtan atmaqla Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən İ.F.Hüseynovun Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə ciddi cəza ilə cəzalandırılması xahiş edilmişdir. Təqsirləndirilən şəxs İ.Hüseynov məhkəmədə çıxışında bildirdi ki, həqiqətəndə onun və T.Əlimirzəyəv arasında dostluq münasibətləri olmuşdur. Sonradan tikinti ilə məşğul olan Şahinə görə araları dəymişdir və mübahisələri yaranmışdır. O dəfələrlə Tahir barəsində hüquq mühafizə organlarına və kütləvi informasiya vasitələrinə müraciət edərək şikayət etmişdir. Hazırda onunla barışıq əldə edib, ondan üzrxaqlıq edərək söz verir ki, bir daha heç vaxt Tahir Əlimirzəyev barəsində heç bir orqana şikayət etməyəcək. Xüsusi ittihamçı T.Z.Əlimirzəyevin nümayəndəsi və vəkili Nümayəndə öz çıxışında təqsirləndirilən şəxs İ.F.Hüseynovun barəsində olan şikayəti üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə olan cinayət təqibindən imtina etdiklərini bildirmiş və onun barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittihamçını dinlərək, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmənin icraatında İ.F.Hüseynovun barəsində olan xüsusi ittiham qaydasında cinayət işi üzrə sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. Şərh edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, xüsusi ittihamçı T.Z.Əlimirzəyev tərəfindən İ.F.Hüseynovun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət təqibindən imtina edildiyindən sonuncunun barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs İ.F.Hüseynovun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili G.A.Səfərovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, İ.F.Hüseynova göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili G.A.Səfərovaya məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9, 41.7 və 43.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilsin. X10 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar