Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-550/2024 26.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Pərvin Asif oğlu Ələsgərovun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə saat 20:30 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi «Kia Rio» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yolun sağ tərəfdən 2-ci hərəkət solağı ilə həmin küçənin Ə.Haqverdiyev küçəsi ilə kəsişdiyi yer istiqamətində 35-40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, “əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir" kimi tələblərə riayət etməli olduğu və hadisənin qarşını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək, hərəkətini davam etdirib həmin küçədə 319A ünvanında yerləşən «Pürrəngi» kafesinin qarşısında nizamlanmayan piyada keçidi ilə yolu sol tərəfdən sağ tərəfə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sol bazu sümüyünün cərrahi boyunun qapalı çoxparçalı yerdəyişən sınığı, sağ Vİİ qabırğanın sınığı, sol qasıq sümüyünün yerini dəyişmiş parçalı sınığı, büzdüm sümüyün az yerdəyişmiş sınığı, V bel fəqərəsinin hər iki yan çıxıntısının az yerdəyişmiş sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur, hazırda işləmir. «Kia Rio» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında, BC 064622 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında özü idarə etmişdir. Hazırda isə taksi fəaliyyəti ilə məşğul olmur. Sürücülük vəsiqəsini xx.xx.2020-ci ildə almış və xx.xx.2030-cu ilədək etibarlıdır. 07 mart 2024-cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi «Kia Rio» markalı 77-BG- 347 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə hərəkət edib sağa, yəni Ş.Mehdiyev küçəsinə dönmə edib həmin küçədə 319A ünvanında yerləşən «Pürrəngi» kafesinin qarşısında yolun sağ tərəfindən ikinci hərəkət zolağında hərəkətini 35-40 km/saat sürətlə davam etdirərkən əks istiqamətli hərəkət hissələrinin arasındakı qoşa xəttin üzərində dayanan piyada qadın ona çatmasına 5 metr qalmış anidən iti addımla idarə etdiyi avtomobilinin önünə keçmiş, o, siqnal edib dərhal əyləcə basaraq sükanı sağa döndərsə də, piyada hərəkətini davam etdirdiyi üçün avtomobilin ön sol qabaq hissəsi ilə piyadanı vurmuşdur. Piyada avtomobilə dəyərək asfalt örtüyünün üzərinə yıxılaraq xəsarət almış, o, dərhal avtomobildən düşərək piyadaya yardım göstərib, onu avtomobilinə əyləşdirmiş və X6 aparmışdır. Yolda olarkən piyadadan polisə şikayət etməməsi üçün xahiş etmiş və onun bütün xəstəxana xərclərini qarşılayacağına, maddi ziyanını ödəyəcəyinə söz vermiş, piyada da onunla razılaşmışdır. Xəstəxanada həmin qadını müayinə etdirmiş, xəstəxanada olan zaman həmin piyadanın Zərərçəkmiş şəxs və Sumqayıt şəhər sakini olduğunu bilmişdir. Zərərçəkmiş şəxs xəstəxanada yıxıldığını bildirib və onu da qardaşı oğlu kimi təqdim etmişdir. O, bundan sonra Zərərçəkmiş şəxs ərinin nömrəsini alıb ona zəng edib hadisə barədə məlumat vermiş, lakin sonradan maddi imkanı olmadığı üçün Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyə bilməmişdir. 11 mart 2024-cü il tarixdə Yasamal rayon polis idarəsinə dəvət edildiyi zaman barəsində şikayət edildiyini bilmiş, polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə gəlmiş Yasamal rayon Polis İdarəsinin təhqiqat şöbəsinin əməkdaşına hadisənin baş verdiyi yeri göstərmiş və hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini bildirmişdir. Polis əməkdaşları ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etmiş, bu barədə tərtib edilmiş sxemi və protokolu imzalamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, yataqxana 22-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 35, mənzil 26-da yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. 07 mart 2024-cü il tarixdə saat 20:30 radələrində şəxsi işləri ilə bağlı olaraq Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində piyadalar üçün nəzərdə tutulmuş piyada keçidindən yolu keçərkən həmin küçədə hərəkətdə olan, sonradan ona məlum olan Kia-Rio markalı, 77- BG-347 dövlət qeydiyyat nişanlı avtomobil ön sol hissəsi ilə onu vurmuş və o, yerə yıxılaraq xəsarət almışdır. Sürücü avtomobili saxlayaraq ona köməklik edib, avtomobili ilə onu X6 aparmış, orada ona ilk tibbi yardım göstərib xəstəxananın palatasında yerləşdirmişlər. Onu idarə etdiyi avtomobillə vuran sürücü, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs onun xəstəxanada müalicə olunması üçün yaxından köməklik edəcəyinə, ona dəymiş ziyanı tam şəkildə ödəyəcəyinə söz versə də, heç bir ziyan ödəməmiş və hadisədən sonra onunla heç bir əlaqə saxlamamışdır. Ona görə də, əri Şahid 11 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində piyada keçididir. Yolun hərəkət hissəsi düzdür. Örtüyün növü asfalt-beton olmaqla örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 12 metrdir. Hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 6 metrdir. Hərəkət hissədə qırıq-qırıq xətlər mövcuddur. Hərəkət hissəsi sağdan piyada səkisi, soldan piyada səkisi, sonra sağdan binalar, soldan binalarla əhatə olunmuşdur. Hərəkət nizamlama üsulu nizamladır. Yol (küçə) elektrik işığı ilə işıqlandırılır. Velosipeddən qalma izlər aşkar olunmadı. Nəqliyyat vasitəsi hadisə yerində yox idi. Şinlərin izləri, tormozlanma izləri, nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu, nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri, digər izlər, izlərin (qan, əl-barmaq) götürülməsi haqqında məlumat aşkar edilməmişdir (i.v.04-09). “Nəqliyyat vasitəsinin və texniki vəziyyətinin yoxlanılması haqqında” 11 mart 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, 77BG347 dövlət qeydiyyat nişanlı avtomobilində hər hansı bir yeni zədə, nəqliyyat vasitəsinin üzərində izlərin və digər maddi sübutların olması aşkar edilməmiş, nəqliyyat vasitəsinin ox və təkərlərinin sayı 2X4, nəqliyyat vasitəsinin yüklülük dərəcəsi, yükün, xarakteri, ölçüləri və bağlanması, yükün zədələri aşkar edilməmiş, əl əyləc dəstəyinin və sürət ötürücüsünün vəziyyəti, sükan və idarə sisteminin vəziyyəti, əyləc sisteminin vəziyyəti saz vəziyyətdə olmuşdur (i.v. 10-12). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 102 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs adına KTM-də tərtib edilmiş sənəddə qeyd olunan xəsarətlər – “Sol bazu sümüyünün cərrahi boyunun qapalı, çoxparçalı yerdəyişən sınığı, sağ Vİİ qabırğanın sınığı, sol qasıq sümüyünün yerini dəyişmiş parçalı sınığı, büzdüm sümüyün az yerdəyişmiş sınığı, V bel fəqərəsinin hər iki yan çıxıntısının az yerdəyişmiş sınığı” küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (i.v. 22-25). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5931 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən Respublika Psixiatriya Xəstəxanasında müalicə olmayıb (i.v. 51). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə-yol nəqliyyat hadisələri” ekspertizasının 23 avqust 2024-cü il tarixli, 8/2090 nömrəli rəydən görünür ki, 1.2 İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Kia Rio markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.72-76). “Sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə təhvil verilməsinin nəzərə alınması, zərərçəkmiş şəxs və şahid ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Yasamal rayon şöbəsinin 29 mart 2024-cü il tarixli 102 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli 3-16-16/2-8/2090 nömrəli rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.80-86) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət işinin başlanması və cinayət işinin icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır (i.v.1). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 07 may2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.44) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 22 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən dayandırılması qərara alınmışdır (i.v.53). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaq hərəkətlərinin yerinə yetirilməsi zərurəti yarandığından ********* nömrəli cinayət işinin cinayət təqibi üzrə icraatının təzələnməsi qərara alınmışdır (i.v.55). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən dayandırılması qərara alınmışdır (i.v.70). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaq hərəkətlərinin yerinə yetirilməsi zərurəti yarandığından ********* nömrəli cinayət işinin cinayət təqibi üzrə icraatının təzələnməsi qərara alınmışdır (i.v.77). Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X2 adında övladı vardır (i.v.79). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.112). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), onun hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsini, himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan ”Kia Rio” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan ”Kia Rio” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Prospekt" Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-550/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-550/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver