Məhkəmə qərarları › İş №1(004)-553/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-553/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-553/2023 22.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili X12 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 15/5də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 15 avqust 2023-cü il tarixdə saat 23:00 dəqiqədə B kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» minik markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobil ilə yaşayış məntəqəsində Bakı şəhəri. Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospekti istiqamətində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək 60 km/saat sürətdən artıq, 80 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək ünvan 1 ünvanının qarşısında yolu sağdan sola doğru keçən piyada X3 idarə etdiyi «Toyota Prius» minik markalı, **-YT-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınığı, sol ənsə-təpə-gicgah nahiyəsinin əzilmiş yarası, bədənin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid badən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 15 avqust 2023-cü il tarixdə X4 “Toyota Prius” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Həmin gün saat 23 radələrində həmin avtomobil ilə Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi ilə Hüseyn Cavid prospekti istiqamətində hərəkət edərkən kişi cinsli piyadanı görüb avtomobili saxlamağa çalışmış, lakin avtomobilin qabaq sol tərəfi ilə həmin piyadanı vurmuşdur. Piyadanın başı avtomobilin alın şüşəsinin sol yan küncünə dəymiş və piyada yolun ortasına yıxılmışdır. O, dərhal avtomobili yolun sağ kənarında saxlamış, avtomobildən düşüb yerdə uzanan piyadaya yaxınlaşmış və qışqıraraq ətrafda olan insanları köməyə səsləmişdir ki, təcili tibbi yardım çağırsınlar. Həmin vaxt oraya çoxlu insan toplaşmış və bir-iki dəqiqə sonra bir nəfər ona yaxınlaşaraq həmin yerdə uzanan kişinin oğlu olduğunu, artıq təcili tibbi yardım çağırdıqlarını demişdir. Bundan sonra ona məlum olmuşdur ki, həmin şəxs hadisə yerində vəfat etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, X7 onun atasıdır. 15 avqust 2023-cü il tarixdə, saat 23 radələrində atası Ağaşərif qara çörək almaq məqsədi ilə Hüseyn Cavid prospektində fəaliyyət göstərən “Araz” Marketə gedəcəyini bildirmiş, həmin vaxt onun oğlu Fərid məhlədə gəzirmiş. Bundan qısa müddət sonra o, hansısa avtomobilin yolda maneəni vurması kimi səs eşitmiş və oğlu ona hansısa avtomobilin onun atasını vurmasını demişdir. O, dərhal hadisə yerinə getmiş və orada atası Ağaşərifin çəpəki vəziyyətdə yerdə asfalt üzərində uzandığını görmüşdür. O, atasına tərəf yaxınlaşmış və onun artıq öldüyünü yəqin etmişdir. Hadisə yerinə çoxlu insan yığışmış və onların arasında atasını vuran avtomobilin sürücüsünün kim olduğunu həyəcanlı şəkildə qışqıraraq soruşmuşdur. Orada bir nəfər cavan oğlanın yolun sağ kənarında hərəkətsiz vəziyyətdə dayanmış “Toyota Prius” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında oturaqlı vəziyyətdə ağladığını, əlləri ilə başını tutduğunu görmüşdür. Həmin oğlan həyəcanlı vəziyyətdə bildirmişdir ki, sürücü odur. Həmin vaxt əsəbi olmuş, sürücü Təqsirləndirilən şəxs üstünə gedib onunla aqressiv danışmışdır, hətta vurmaq istəmişdir. Sürücü Təqsirləndirilən şəxs onun sözünə qulaq asmış və avtomobilə minib yolun o biri tərəfində aptekin qarşısında saxlamışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmişdir. Daha sonra isə təcili tibbi yardım maşını özünü çatdırmış, təcili tibbi yardım maşını gəlib yerdə uzanan atasını müayinə edərək onun keçindiyini bildirmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 25-27-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ildir tanıyır, aralarında dostluq münasibətləri vardır. 15 avqust 2023-cü il tarixdə saat təxminən 21:30 radələrində Ceyhun ona zəng edərək bildirmişdir ki, icarəyə avtomobil götürmüş və təklif etmişdir ki, bir qədər şəhərdə avtomobillə gəzsinlər. O, etiraz etməmiş və təxminən 20-25 dəqiqə sonra Ceyhun avtomobillə yaşadığı küçəyə gəlmişdir. Ceyhun göy rəngli “Toyota Prius” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir və o, həmin avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Ceyhun avtomobili Nəriman Nərimanov heykəli ilə istiqamətində idarə edərək heykələ çatdıqda Mikayıl Müşviq küçəsinə tərəf hərəkət etmiş və Mikayıl Müşviq küçəsi ilə saatda təxminən 80 km sürətlə avtomobili Hüseyn Cavid prospekti istiqamətində hərəkət etdirməyə başlamışdır. O, telefonunda internetə daxil olub bir qədər sosial şəbəkə ilə məşğul olmuş, qəfil səs eşidib, nə olduğunu soruşduqda Ceyhun ona demişdir ki, yolu keçən piyadanı vurmuşdur. Ceyhun avtomobili yolun sağ kənarında saxlayıb düşmüş, O isə avtomobildə qalmışdır. Ceyhun geri qayıdıb demişdir ki, vurduğu piyada kişidir, yerə yıxılıb ətrafı qandır. Ceyhun həmin kişini xəstəxanaya aparmaq istədiyi üçün avtomobilə minib sola yolun Nəriman Nərimanov istiqamətli hərəkət hissəsinə sürmüş ki, daha rahat kişini maşına mindirə bilsin. Belə ki, kişi əks hərəkət zolağında yerdə uzanmışdı. Ceyhun yerə uzanmış kişini maşına mindirmək istədikdə oraya yığışmış adamların qışqırıq səsini eşitmiş, onlardan bir neçəsi Ceyhuna yaxınlaşaraq demişlər ki, özləri təcili tibbi yardım çağırmışlar. Sonradan Ceyhun ona demişdir ki, onlardan biri kişinin oğludur. Sonradan polis əməkdaşları gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi boyunca uzanan yolun Hüseyn Cavid prospekti istiqamətində olan hərəkət hissəsidir. Mikayıl Müşfiq küçəsi 37 A saylı yaşayış binası ilə paraleldir. Piyadanın vurulma yeri yolun hərəkət istiqamətlərini ayıran qoşa xəttən 40 sm sağa doğru olan yerdir. (i.v. 3-11) xx.xx.2021-ci il tarixli BA seriyalı 404213 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B” kateqoriyalı sürücüdür. (i.v. 13) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/27868 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq vəziyyətdə olmuşdur. (i.v. 14) xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, “Toyota Prius” markalı **-VT-*** dövlət qeydiyyat nişnalı avtomobil X10 tərəfindən X5 idarə etmək üçün verilmişdir. (i.v. 15) “İfadənin yerində yoxlanılması barədə” 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları, bir daha hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir. (i.v. 21-24) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X18 xx.xx.2023-cü il tarixli, 93 saylı ekspert rəyindən görünür ki, 1955-ci il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınığı, sol ənsə-təpə-gicgah nahiyəsinin əzilmiş yarası, bədənin sıyrıqları kimi xəsarətlər aşkar edilmişdir. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir,dərəcəsinə görə, canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X1 ölümünə səbəb - almış olduğu açıq kəllə-beyin travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadaq müayinə olunduğu vaxtdan təqribən 8-12 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 1,0% etil spirti aşkar edilmişdir ki, bu da mövcud təlimata əsasən canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilməlidir. (i.v. 29-34) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X9 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v. 36) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin 05 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 404213 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i.v. 51) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/3101 saylı, 18 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, “Toyota Prius” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətləriıımdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 52- 55) “Sübutların qiymətləndirilməsi haqqında” 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin predmeti olmuş Təqsirləndirilən şəxs idarə etdiyi X8 məxsus “Toyota Prius” markalı 99-VT- 260 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün X8 verilmişdir. (i.v. 58-63) BA seriyalı 189957 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı “sedan” tipli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur. (i.v. 63) X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ona məxsus “Toyota Prius” markalı “sedan” tipli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. (i.v. 64) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: X9 tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli və 22 dekabr 2023-cü il tarixli yazılı və 29 avqust 2023-cü il tarixli notarial təsdiq edilmiş ərizələrdən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza təyin olunarkən nəzərə alınması xahiş edilmişdir. (i.v. 43-44) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 51) “Qətimkan tədbiri seçilməsi haqqında” 27 oktyabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seşilmişdir. (i.v. 85-88) Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin yaxın qohumu olan hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı “sedan” tipli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin X8, qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili X14 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili X14 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Maddi sübut “Toyota Prius” (minik) markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili X14 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar