Məhkəmə qərarları › İş №1(004)-554/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-554/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-554/2025 20.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında olan zaman aralarında yaranmış şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı sağ əli ilə onun sağ üz nahiyəsindən bir dəfə vuraraq qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Həmin əməlinə görə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən iki ildir ki, Zərərçəkmiş şəxs tanıyır. Həmin müddətdə aralarında normal münasibətlər olsa da təxmini bir ay bundan əvvəl Əfqan ondan borca aldığı 100 manat məbləğində pul vəsaitini ona qaytara bilmədiyi üçün aralarında narazılıq yaranmışdır. xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində isə o, Əfqana borca verdiyi 100 manat məbləğində pul vəsaitini ondan geri götürmək məqsədi ilə Əfqanın yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlmişdir. Əfqan onu evinə dəvət etdikdən sonra bu dəfə də, borc pul vəsaitini geri qaytara bilmədiyi üçün bu zəmində aralarında münaqişə yaranmışdır. Bu zaman o, sağ əli ilə sağ üz nahiyəsindən bir dəfə Əfqanı vurduqdan sonra oradan çıxıb getmiş və sonradan ona məlum olmuşdur ki, Əfqan bu barədə polisə məlumat vermişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tamamilə ödəməsini nəzərə alaraq barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, təxminən iki ildir ki, Təqsirləndirilən şəxs tanıyır. Həmin müddətdə aralarında normal münasibətlər olsa da təxmin bır ay bundan əvvəl Seymurdan borca 100 manat məbləğində pul vəsaiti götürmüşdür. Borca aldığı pulu qısa müddət ərzində ona qaytaracağını söz versə də, pulu ona qaytara bilməmişdir. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində yaşadığı ünvan 2-də olan zaman Seymurun evinin giriş qapısını döydüyünü görmüş və qapını açaraq onu evinə dəvət etmişdir. Evdə olarkən Seymur ona borca verdiyi 100 manat pulunu geri istəmişdir. Lakin o, Seymura borc pul vəsaitini qaytara bilmədiyim dedikdə aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı Seymur sağ əli ilə onun sağ üz nahiyəmdən bir dəfə vurduqdan sonra çıxıb getmişdir. O, isə 26-ci PB-nə gedərək, baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Daha sonra isə sağ üz nahiyəndən aldığı xəsarətə görə Məhkəmə Tibbi Ekspertizasından keçmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsini və sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması barədə” 13 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (İ/V. 01). Hadisə yerinə baxış keçirilməsi barədə 13 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək yüngül dərəcəli bədən xəsarəti yetirdiyi yer, ünvan 4 ünvanıdır. (İ/V. 8-9). MTE və PA Birliyi pubik hüquqi şəxsin Yasamal rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 785 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət- sağ almacıq-yanaq nahiyəsinin qançır-şişkinliyi (hematoması), sağ yanağın selikli qişasının səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur.(İ/V. 13- 15). Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və Yasamal rayon Məhkəməsinin xx.xx.20199-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 234.1 maddəsi ilə xx.xx.2019-cu il tarixli hökmlə Yasamal rayon məhkəməsi tərəfindən məhkum olunsa da Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və 14.11,2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nın 234.1 maddəsində nəzərdə tutulmuş az ağır cinayət əməlini törətməyə görə Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı 14.11,2020-ci il tarixdən qanunla müəyyən edilmiş müddət keçdiyinə görə məhkumluğu ödənildiyinə görə hal hazırda məhkumluğu yoxdur. (İ/V. 47-52). Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin 3-28-29/2-8680/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin psixatriya xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 57). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ziyanın tamamilə ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-554/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 24 Saylı Vəkil Bürosunun hesabına 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar