Məhkəmə qərarları › İş №1(004)-555/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-555/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-555/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında «Kubinka» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İİ siyahısına daxil edilmiş Xeyli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,403 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 15:05 dəqiqədə ünvan 2 ünvanda DİN BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Yasamal RPİ-nin 26-cı PB-ə gətirilmiş və üzərində axtarış və götürmə aparılan zaman, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd bükümdə xeyli miqdar təşkil edən təmiz çəkisi 1,403 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1-2 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Kubınka deyilən ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən 10 manat olmaqla 1 büküm şüşə-metamfetamini öz şəxsi istifadəsi üçün almışdır. Aldığı metamfetamini lazım olanda qəbul etmək fikrində olmuş, xx.xx.2024-cü il tarixdə saat 15:05 dəqiqədə yaşadığı M.Muxtarov küçəsi 149 ünvanında hərəkət edərkən bu zaman tanımadığı 2 nəfər ona yaxınlaşmış, özlərini DİN BNMİ-nin əməkdaşı kimi təqdim etmişlər və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib, yaxınlıqda yerləşən polis bölməsinə dəvət etmişlər, orada şəxsiyyətini müəyyənləşdirmişlər və həmin vaxt xidməti otaqların birində üzərinə hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə video çəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları üzərində qeyri qanuni nə varsa çıxarıb təqdim etməyini bildirmişlər. Həmin vaxt əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd selofana bükülü metamfetamini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan bu maddənin nə olduğunu soruşduqda 1 bükümün içərsində maddənin şüşə-metamfetamin olduğunu, psixotrop maddəni 3 gün əvvəl Kubinka adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş metamfetamin hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Aşkar olunmuş metamfetamini isə ekspertizaya göndərmişlər. Həmin vaxtı üzərində olan Nokia markalı telefonu da polis əməkdaşlarına təqdim etmişdir, telefonun üzərində ***-***-**-** nömrə olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-də olarkən ona qarşı heç bir fıziki-psixi təzyiq edilməmiş, bu barədə üzərinə baxış keçirilərkən hüquqlarını müdafiə edən vəkilin yanında da bildirmiş, heç kimdən şikayəti yoxdur, üzərindən aşkar olunmuş metamfetamin özünə məxsusdur, istifadə etmək üçün üzərində gəzdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyul 2024cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 179-da qeydiyyatda olan və yaşayan xx.xx.1967-ci il təv. Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə BNMİ-ə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni, psixotrop maddəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə o və DİN-nin BNMİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və 11 iyul 2024-cü il tarixdə saat 14:20dən saat 15:05-dək olan müddətdə Təqsirləndirilən şəxs ətrafında soraqlaşma əməliyyat əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin günü saat 15:05-də Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 149 ünvanında Təqsirləndirilən şəxs tərəfindən saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün yaxınlıqda yerləşən ərazi üzrə Yasamal RPİ-nin 26-cı PB-ə dəvət etmişlər. Orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, video çəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə video çəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində şüşə adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 3 gün əvvəl Kubinka adlanan ərazidən üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs sol yan cibindən özünün istifadəsində olan 1 ədəd SONY markalı telefon da aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 1,98 qram olması müəyyən olunmuş, daha sonra aşkar olunmuş maddə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərilmişdir. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 1,403 qram çəkidə psixotrop maddə olan metamfetamindir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmasa da, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması ilə bağlı məlumatlar tez-tez daxil olurdu. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə, ağ rəngli, metamfetaminə bənzər kütləni təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefon aşkar olunmuş, sonra həmin metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birgə çəkisi 1,98 qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi, təhqiqatçı tərəfindən imzalanaraq götürülmüşdür. Əlavə olaraq mobil telefon da götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş metamfetamini Nəsimi rayonu, Kubinka deyilən ərazidən istifadə etmək üçün əldə etdiyini və üzərində saxladığını, başqa hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını bildirmişdir (i.v. 29-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3600 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Resoublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,403 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (i.v.37-41) “Maddi sübut kimi tanınma haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş psixotrop maddənin götürülməsini videoçəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən 1 ədəd diskin cinayət işi üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v.67). “Maddi sübut kimi tanınma haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi 1,403 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, qalıq qalmış 1,353 qram metamfetaminin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (i.v.68). “Mobil telefona baxış keçirilməsi barədə” 07 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Nokia 1190” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Nokia 1190” markalı mobil telefonda ***-***-**-** mobil CSM nömrəsinin olduğu, mobil telefonun Smartfon-Android tipli olmamaqla sadə formalı olmaqla telefonun zənglər, mesajlar, qeydlər, qalereya bölmələrində iş üçün əhəmiyyət kəsb edəcək dəlillər aşkar edilməmiş və qeyd edilən bölmələrdə ümumiyyətlə hər hansısa bir şəkillər, videolar, ümumi söhbətlər müəyyən edilməmişdir (i.v.72). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 avqust 2024-cü il tarixli, 5736 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.77-78). “240090464 nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə nəticə verilməsi barədə” 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyətinə heç bir təsiri olmadığından Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan olunmuş ittiham və barəsində 13 iyul 2024-cü il arixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətlərinin olması istintaq materialları ilə tam təkzib edildiyindən, bu hissədə barəsində həmin xüsusatla əlaqədar cinayət təqibi üzrə icraatın rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1,403 qram psixotrop maddə olan metamfetaminin əldə etmə mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayırılıb əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Yasamal RPİ-nin 26-cı PBnə göndərilməsi, Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddə olan metamfetaminin polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdimetmə kimi qiymətləndirilməməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxs hesab edilməsi, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs oğundan aşkar olunaraq götürülmüş 1 ədəd Nokia markalı mobil telefon iş üzrə sübut əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılması, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi işin digər halları ilə təsdiq edildiyindən, şahidlər Şahid1, Şahid2 ifadələri, Təqsirləndirilən şəxs üstündən psixotrop maddənin götürülməsi barədə DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol, eləcə də videoçəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən 1 ədəd «DVD» disk, həmin diskə baxış protokolu, cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi 12 iyul 2024-cü il tarixli 6/3600 saylı rəy, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2024-cü il tarixli 5736 saylı rəy, iş üzrə maddi sübut kimi tanınmış 1,403 qram psixotrop maddə olan metamfetaminin sübut kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.79-86). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdə, saat 15:05-dən tutulmuş hesab edilmişdir (i.v.20). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 5(004)-934/2024 saylı, 12 iyul 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (i.v.43). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Vüsal Şahbazovun xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsinin təmin edilməsi, qərarın icra olunmasından ötrü Yasamal RPİnə göndərilməsi qərara alınmışdır (i.v.60-62). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 13 iyul 2024cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v.63-64). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.71). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. Onun üzərində şəxsi istehlak miqdarından 9 dəfə artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilməsi cinayət əməlinin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanın ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclas zalından həbs edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlancına verilmiş 1,353 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ruslan Vəliyev və partnyorları” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar