Məhkəmə qərarları › İş №1(004)-556/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-556/2022

02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-556/2022 02.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Tərcüməçi: X3 Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orla təhsilli, məhkumluğu olmayan, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə, saat 12 radələrində AC seriyalı 558674 nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə eldiyi texniki cəhətdən saz vəziyyətdə olan Şahid2 məxsus “Toyota Prius” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə Yasamal rayonu Mətbuat prospekti istiqamətində yolun sol hərəkət zolağı ilə saatda 10 kilometr sürətlə hərəkətdə olan zaman ünvan 3 ünvanı qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni piyadanın keçidə daxil olduğu zaman nəqliyyat vasitəsini dayandırmaq və piyadaya yol vermək kimi tələblərinə riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yolu piyada keçidi ilə sağdan sola keçən piyada Zərərçəkmiş şəxs Anatolycvnanı idarə etdiyi “Toyota Prius” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bufer hissəsi ilə piyada keçidinin üzərində vuraraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sol bazu sümüyünün cərrahi boynunun sınığı, sol qaşüslü nahiyənin hematoması (yumşaq toxumalararası qan yığılması), sol gözün, sol baldırın və sağ diz oynağının qançırları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda taksi fəaliyyəti ilə məşğuldur. Ailəlidir, himayəsində 1 azyaşlı övladı var. 2008-ci ildə “BC” kateqoriyalı sürücülük vəsiqəsi almış, 2018-ci ildə isə həmin kateqoriyada yeni vəsiqə əldə etmişdir. xx.xx.2022-ci il tarixdə o, taksi fəaliyyəti ilə məşğul olmaq üçün qohumu Şahid2 məxsus “Toyota Prius” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun verdiyi etibarnamə əsasında idarə etməyə başlamışdır. O, buna görə Şahid2 10-15 manat məbləğində gündəlik icarə haqqı verir. 30 aprel 2022-ci il tarixdə saat 12 radələrində o, idarə etdiyi avtomobil ilə Bakı şəhəri Yasamal rayonunda yerləşən “MİDA” evlərinin qarşısından sərnişin götürmüş və sərnişini Əhmədli qəsəbəsinə aparırmış. O, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə hərəkət edərək “Star halİ” restoranı qarşısına gəlmiş, restoranın qarşısında olan piyada keçidinə yaxınlaşanda bir nəfər kişinin piyada keçidi ilə yolu sağdan sola, yəni Yasamal qəbrstanlığı tərəfdən “Star hall” restoranı tərəfə keçdiyini görmüş, sonuncunun yolu keçməsini gözləmişdir. Həmin kişi onun avtomobilinin qarşısından adlayandan sonra o, asta şəkildə qaz pedalına basmışdır ki, hərəkətə başlasın, bu zaman avtomobilin sağ bufer hissəsinə nəyinsə dəydiyini hiss etmişdir. Həmin vaxt o görmüşdür ki, yolu piyada keçidi ilə sağdan sola keçmək istəyən iki nəfər qadın piyadanı vurmuşdur. O, dərhal avotomobildən düşmüş, həmin qadınlara köməklik etmiş, bu zaman yaxınlıqda olan post-patrul avtomobili hadisə yerinə yaxınlaşmışdır. Bundan sonra o, həmin qadınlarla birlikdə təhqiqatçının gəlməsini gözləmişlər, təhqiqatçı gəldikdən sonra hadisə yerini müayinə etmiş və həmin qadınlar ekspertizaya aparılmışlar. O da Yasamal RPİ-nə dəvət edilmiş, orada izahat vermişdir. Bundan əlavə o, ifadəsində göstərmişdir ki, hadisə zamanı onun idarə etdiyi avtomobildə olmuş sərnişin barəsində heç bir məlumatı yoxdur. İdarə etdiyi avtomobil yüksüz və saz vəziyyətdə olmuşdur. O, piyada keçidinin qarşısından hərəkətə başlayarkən piyadaların yolu keçməsini görməmiş, bu səbəbdən hadisənin qarşısını almaq üçün hər hansı bir tədbir görmək imkanı olmamışdır. Həmin vaxt o qaz pedalına təzəlikcə basmış, sürət təxminən saatda 10 kilometr olarmış. Həmin zaman onun hərəkətə başlaması ilə həmin piyadaları vurması demək olar ki, bir olmuşdur. Təxmini hesablayanda o, hərəkətə başlayan yerdən piyadanı vurduğu yerədək 1-2 metr məsafə qət etmişdir. Törətdiyi əməli etiraf etməsini, özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkən şəxsə dəyən ziyanın ödənildiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, buna görə də onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 30 aprel 2022-ci il tarixdə saat 11 radələrində rəfiqəsi Tatyana ilə birlikdə qohumlarının qəbrlərini ziyarət etmək üçün Yasamal qəbrstanlığına getmişdir. Təxminən saat 12:30-da onlar qəbrstanlıqdan çıxmışlar və avtobus dayanacağına getmək üçün Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən piyada keçidi ilə üzü “Star hall” restoranı qarşısına tərəf yolu keçməyə başlamışlar. Onlar təxminən 5 metr məsafə qət etdikdən sonra, qoşa xətlərə çatmamış piyada keçidi qarşısında dayanmış “Toyota” markalı avtomobil qəflətən hərəkətə başlayaraq sol tərəfdən onu vurmuşdur. Həmin vaxt o yerə yıxılmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, rəfiqəsi Tatyana da xəsarətlər alıb. Bundan sonra polis əməkdaşları yaxınlaşaraq onu yerdən qaldırmışlar, ətrafda insanlar toplaşmışdır. Onları vurmuş avtomobilin sürücüsü bir qədər avtomobildə əyləşdikdən sonra onlara yaxınlaşmışdır. Bir müddət sonra təhqiqatçı gəlib hadisə yerini müayinə etmiş, sonra isə o və Tatyana tibbi müayinə üçün Travmotologiya institutuna getmişlər. Ondan sonra isə onlar izahat vermək üçün Yasamal rayon polis idarəsinə getmişlər. Sonradan onlar ekspertizadan keçmək üçün Yasamal rayon məhkəmə-tibbi ekspertizası şöbəsinə göndərilmişlər. Bundan əlavə o, göstərmişdir ki, hadisə zamanı o və Tatyana yolu asta addımlarla, adi yerişlə keçirmişlər. Hadisənin şahidi olmuş tanıdığı şəxs yoxdur, orada yalnız onunla birlikdə Tatyana olmuşdur. Öna vurulmuş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir, bu barədə sənədləri təqdim etmişlər. Hazırda ona dəyən ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışmasını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 aprel 2022-ci il tarixdə saat 11 radələrində o, rəfiqəsi Yuliya ilə birlikdə qohumlarının qəbrlərini ziyarət etmək üçün Yasamal qəbrstanlığına getmişdir. Təxminən saat 12:30-da onlar qəbrstanlıqdan çıxmışlar və avtobus dayanacağına getmək üçün Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən piyada keçidi ilə üzü “Star hall” restoranı qarşısına tərəf yolu keçməyə başlamışlar. Onlar təxminən 5 metr məsafə qət etdikdən sonra, qoşa xətlərə çatmamış piyada keçidi qarşısında dayanmış “Toyota” markalı avtomobil qəflətən hərəkətə başlayaraq Yuliyanı və onu vurmuşdur. Həmin vaxt Yuliya yerə yıxılmış, yaxınlıqda olan polislər sonuncuya köməklik edib yerdən qaldırmışlar. O, sağ ayağının baldır və topuq nahiyələrindən xəsarətlər almışdır. Yuliya isə sol qolundan və sol ayaq nahiyyələrindən xəsarətlər almışdır. Həmin vaxt hadisə yerinə insanlar toplaşmışlar, avtomobilin sürücüsü isə bir qədər avtomobildə əyləşdikdən sonra avtomobildən düşərək onlara yaxınlaşmışdır. Bir müddət sonra təhqiqatçı gəlib hadisə yerini müayinə etmiş, sonra isə o və Yuliya tibbi müayinə üçün Travmotologiya institutuna getmişlər. Ondan sonra isə onlar izahat vermək üçün Yasamal rayon polis idarəsinə getmişlər. Sonradan onlar ekspertizadan keçmək üçün Yasamal rayon məhkəmə-tibbi ekspertizası şöbəsinə göndərilmişlər. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 416 saylı, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol bazu sümüyünün cərrahi boynunun sınığı, sol qaşüstü nahiyənin hematoması (yumşaq toxumalararası qan yığılması), sol gözün, sol baldırın və sağ diz oynağının qançırları kül əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 8/1450 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, “Toyota Prius” markalı, 77DN476 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsinə əsasən ona vurulmuş ziyanın tamamilə ödədiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. İş materiallarında olan elektron çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşağı vardır. Bununla da məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, ailəlidir, himayəsində bir azyaşlı uşağı var, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan “Toyota Prius” markalı **-DN-*** qeydiyyat nişanlı avtomobilin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılmasından ötrü müvafiq olaraq sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülk iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və həmin maddə üzrə barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə maddi sübut kimi tanınan “Toyota Prius” markalı **-DN-*** qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Şahid2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 manat (səksən beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X1 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar