Məhkəmə qərarları › İş №1(004)-56/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-56/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-56/2022 15.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamaqla daşımışdır. Belə ki, o, 22 iyun 2021-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı Yevlax rayonunun Aşağı Qarxun kəndində ictimai yer sayılan küçədə ona arvadı Şahid3 ilə növbəti dəfə dava-dalaş etməsini irad bildirən qaynı Zərərçəkmiş şəxs iradını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan uca səslə onunla mübahisə etmiş, daha sonra hüquqazidd hərəkətlərini davam etdirərək, yaranmış səs-küyə görə həmin yerə toplaşmış şəxslərin gözləri qarşısında öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə qaynı Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq söyüşlər söyüb silah qismində istifadə etdiyi üzərində olmuş istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs iki dəfə qəsdən vuraraq ona sol tərəf bel nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş-deşilmiş və sol əlin V barmağının kəsilmiş yaraları xəsarəti ilə nəticələnən sağlamlığa yüngül dərəcəli xəsarətləri yetirərək silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda Yevlax rayonu Aşağı Qarxun kəndində naməlum mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi 10 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 3,090 qram, 4,188 qram, 4,015 qram, 3,830 qram, 4,342 qram, 4, 490 qram, 3,140 qram, 3,656 qram, 3,770 qram, 3,980 qram, və 01 ədəd sarı rəngli sellofanda tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi 60,00 qram olmaqla ümumi təmiz çəkisi 98,501 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib, daşımaqda əlində olan sellofan torbada saxlamış, həmin narkotik vasitələri satıb gəlir əldə etmək məqsədi ilə 11 sentyabr 2021-ci il tarixdə yaşadığı Yevlax rayonu Aşağı Qarxun kəndindən çıxıb Bakı şəhərinə gəlmiş, həmin gün saat 18:30 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Dadaş Bünyadzadə küsəsi, 1 ünvanında onun cinayətkar niyyətindən məlumatı olmayan həmkəndlisi Şahid1 idarə etdiyi «KİA-RİO» markalı **-XY-*** nömrə nişanlı avtomobildə qabaq oturacaqda əyləşdiyi zaman özünü şübhəli aparması səbəbindən Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə aparılmış, şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla əlində olan sellofan torbada saxladığı 10 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 3,090 qram, 4,188 qram, 4,015 qram, 3,830 qram, 4,342 qram, 4, 490 qram, 3,140 qram, 3,656 qram, 3,770 qram, 3,980 qram, və 01 ədəd sarı rəngli sellofanda tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi 60,00 qram olmaqla ümumi təmiz çəkisi 98,501 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, nadir hallarda narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə etmişdir. Azyaşlı xəstə övladının müalicəsinə pul lazım olduğundan satmaq məqsədi ilə dibçəklərdə marixuana əkib-becərmişdir. 11.09.2021-ci il tarixdə həmin narkotik vasitə olan marixuanaları 10 ədəd kibrit qutularına və bir sellofan bağlamaya qoyaraq üzərini yapışqanlı lentlə bağlayıb hamısını sellofan torbanın içərisinə qoymuş, satmaq məqsədi ilə Yevlax şəhərindən Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində Şamaxinka adlanan ərazidə tanışı Nəsir onun idarə etdiyi "Kia Rio" markalı **-XY-*** nömrə nişanlı avtomobilinə əyləşib Bakı şəhəri ünvan 2 ünvanın qarşısında, yəni, Nəsirin yaşadığı ərazidə dayanmışdırlar. Nəsir maşından düşərək ona dönər alan zaman polis işçiləri ona yaxınlaşmışlar, əlində olan sellofan torbanı tutmuşdurlar. O, torbanın içərisində marixuana olduğunu etiraf etmişdir. Polis əməkdaşları onları 29-cu PŞ-nə gətirmişlər. Ona hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi təqdim olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Keçirilən şəxsi axtarış zamanı əlində olan sellofan torbanın içərisində narkotik vasitə olan marixuananı polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Bundan əlavə iş tapıb işləyə bilməməsi, çətinliklə dolanmağı və evə pul qazanıb gətirməməsinə görə evdə həyat yoldaşı ilə münasibətləri korlanmışdır. Qaynı Nicat evlərinə gəlib bacısı Göyərçini apardığını bildirmiş, onun belə hərəkəti ona pis təsir etmiş, ona “sən kimsən ki, ailəni dağıdırsan” demişdir. Səsə qonşular oraya yığılmışlar. Əsəbi olduğuna görə oraya kimin gəldiyini xatırlamır. Həmin vaxt cibindən balaca qara rəngli bıçaq çıxarıb Nicatın kürək nahiyyəsinə bir dəfə vurmuşdur. Nicat əlinə ağac götürüb, onu vurmaq istəyəndə qolunu qabağa vermiş, ikinci dəfə ona tərəf bıçaq atmış, bıçaq onun əlinə dəymişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır və onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən səmimi peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir lakin o, məhkəməyə gəlməməyin səbəbi kimi Bakı şəhərindən kənarda yaşadığını və hazırda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etməsinin mümkünsüzlüyünü bildirməklə məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şəhriyar bacısı ilə yola getmir. 22 iyun 2021-ci il tarixdə saat 22 radələrində işlədiyi Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu Qarxun kəndinin ərazisindən keçən hissəsində maşın yuma sexindən çıxıb evə getdiyi zaman hal əhval üçün Aşağı Qarxun kəndində bacısıgilə dönmüşdür. Bacısı ilə görüşmüş, onun sifətində qaraltı olduğunu görmüşdür. Sonra Şəhriyardan nə baş verdiyini soruşmuş, o da onu nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Daha sonra kürəyinə nəsə dəydiyini hiss etmişdir. Sonra Şəhriyar əliylə baş nahiyəsinə vurmaq istəyəndə sol əlini başına tərəf qaldırmış, Şəhriyar əlinə vurmuş, onda Şəhriyarın əlində bıçaq olduğunu görmüşdür. Münaqişə təxminən 10 dəqiqə davam etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 11 sentyabr 2021-ci il tarixdə iş yoldaşları Şahid7 və X5 ilə birlikdə 58-67 saylı avtopatrul marşrut üzrə Yeni Yasamal qəsəbəsi ərazisində xidmətdə olmuşlar. Saat təxminən 18:30 radələrində Dadaş Bünyadzadə küçəsi 1 saylı ünvanda Kia Rio markalı **-XY-*** dövlət nömrə nişanlı avtomobilin içərisində özünü şübhəli aparan şəxsə yaxınlaşmışlar. Həmin şəxs yenə də şübhəli cavablar verməyə başlamışdır. Onun əlində şəffaf rəngli sellafon torba olmuşdur. Hiss etmişlər ki, həmin şəxs torbanı sanki tullamaq istəyir. Ondan yerə düşməsini xahiş etmişlər. Həmin şəxs yerə düşmüş, ondan əlindəki torbada nə olduğunu soruşduqda, o, əlindəki sellafon torbanın içərisində olan 10 ədəd kibrit qutularında, həmçinin sarı rəngli yapışqanlı lentlə lentlənmiş sellafon bağlamada olan maddələrin qurudulmuş marixuana olduğunu bildirmiş, onları satmaq üçün Bakı şəhərinə gəldiyini demişdir. Bundan sonra həmin şəxsləri Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirərək orada raportla təhvil vermişlər. Orada, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X2, həmin şöbənin polis sahə rəisi, polis mayoru X7, müdafiəçi, Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili X1, eləcə də onların iştirakları ilə barəsində şəxsi axtarış və götürmə aparılmalı olan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisindən 10 ədəd kibrit qutusu və bir ədəd sarı rəngli sellofana bükülərək üzəri yapışqanlı lentlə bağlanmış bükülünü təqdim etmiş, həmin kibrit qutuları təhqiqatçı tərəfindən açılaraq içərisinə baxıldıqda içərilərindən bitki mənşəli, ot şəkilli, spesefık iyə malik olan narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutuları və bir ədəd sellofana bükülərək üzəri yapışqanlı letlə bağlanmış bükülünün içərisindəki maddənin narkotik vasitə olan marixuana olduğunu, bu narkotik maddələri təxminən iki ay əvvəl yaşadığı Yevlax rayonu Aşağı Qarxun kəndində özünə məxsus həyətyanı torpaq sahəsində əkib-becərərək satmaq məqsədi ilə əldə etdiyini və bu məqsədlə Bakı şəhərinə gətirərək üzərində saxlamaqla daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə Şahid3 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, əri onu yaşadıqları evdə dəfələrlə döysə də ondan şikayət etməmişdir. 22.06.2021-ci il tarixdə saat təxminən 22 radələrində qardaşı Nicat onlara gələndə yenə də əri tərəfındən döyüldüyünü görmüş, əri Şəhriyarı çağırmış, bununla bağlı aralarında mübahisə yaranmışdır. Bundan sonra isə ora yığlmış qonşuların yanında onların gözləri qarşısında Şəhriyar cibindən çıxardığı bıçaqla qardaşı Nicatın kürək nahiyyəsindən və sol əlindən bıçaqlamışdır. Bundan əlavə bildirmişdir ki, Şəhriyarın həyətyanı sahədə narkotik vasitə əkdiyindən və ya onu becərdiyindən xəbəri olmamışdır. Şəhriyarın narkotik vasitələrin satışı ilə məşğul olduğunu o tutulduqdan sonra bilmiş, həyətyani sahədə Şəhriyarın hansısa bitki əkdiyini ona qulluq etdiyini görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, evdə arada Şəhriyarın söz söhbət yaratdığını eşitmişdir. 22.06.2021-ci il tarixdə saat 22 radələrində qonşusu Rəşid Məmmədov ilə birlikdə evlərinin həyətində söhbət etdikləri zaman Şəhriyargilin evinin qarşısında söyüş səsi eşitmişlər. Həmin vaxt Şəhriyarın xalası qızı Rəqsanə qışqıraraq kömək eliyin dediyindən qaçaraq həmin yerə gəlmişdirlər. Şəhriyargilin evinin qarşısında dava getdiyini görmüşdürlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 11.09.2021-ci il tarixdə günortadan sonra Şəhriyar ona zəng edərək onun yanma gəlməsini, onu rayona yola salmağı barədə və onunla işi olduğunu deyib görüşmək istədiyini bildimişdir. O, Şəhriyarla görüşən zaman Şəhriyar ona yemək almağı xahiş etmişdir. O, avtomobildən düşmüş, Şəhriyar isə qabaq oturacaqda əyləşmişdir. O, yaxınlıqda dönər satılan yerə gedib növbə gözləyərkən polis əməkdaşlarının avtomobilinə yaxınlaşdıqlarını, Şəhriyarı maşından düşürdüklərini görmüş və onlara yaxınlaşmışdır. Həmin vaxt Şəhriyarın əlində sellofan torba olduğunu, həmin sellofan torbaya baxan zaman orada çoxlu sayda kibrit qutuları və bir ədəd yumruq ölçüsündə yapışqanlı lentlə bağlanmış bağlama olduğunu görmüşdür. Orada Şəhriyar polis əməkdaşlarına həmin kibrit qutusunda və bağlamada olan maddənin marixuana olduğunu bildirmişdir və onları bir yerdə bölməyə gətirmişdirlər. Şəhriyar ona əlində olan sellofan torbada olan maddənin nə olduğunu söyləməmişdir. Sonradan bilmişdir ki, həmin maddə marixuanadır. Onu satmaq üçün ondan kömək istəyəcəkdi amma bu barədə ona bir söz deməmişdir. Yəni buna imkan olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 sentyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisindən 10 ədəd kibrit qutusu və bir ədəd sarı rəngli sellofana bükülərək üzəri yapışqanlı lentlə bağlanmış bükülünü təqdim etmişdir. Üzərində olan maddə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə olan marixuana müdafiəçinin iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçinin iştirakı ilə zərf və protokol imzalanmışdır (cild 1, səh. 25-26). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 11 sentyabr 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilir, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin apanldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyalan və ya sənadlərin könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisindən 10 ədəd kibrit qutusu və bir ədəd sarı rəngli sellofana bükülərək üzəri yapışqanlı lentlə bağlanmış bükülünü təqdim edir. Həmin kibrit qutuları təhqiqatçı tərəfindən açılaraq içərisinə baxıldıqda içərilərindən bitki mənşəli, ot şəkkilli, spesefık iyə malik olan narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutuları və bir ədəd sellofana bükülərək üzəri yapışqanlı letlə bağlanmış bükülünün içərisindəki maddənin narkotik vasitə olan marixuana olduğunu, bu narkotik maddələri təxminən iki ay əvvəl yaşadığı Yevlax rayonu Aşağı Qarxun kəndində özünə məxsus həyətyani torpaq sahəsində əkib-becərərək satmaq məqsədi ilə əldə etdiyini və bu məqsədlə Bakı şəhərinə gətirərək üzərində saxlamaqla daşıdığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü, kibrit qutusu qablaşdırılaraq götürülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Yevlax rayonu Aşağı Qarxun kəndində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq etdiyi yerə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bıçağı şəhər istiqamətinə gəldiyi vaxt kür çayına atdığı yeri göstərmişdir (cild 1, səh. səh.127-130). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** və ********** nömrələrinə 01 mart 2021ci ildən 12 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, həmçinin siyahıda əks olunan şəxslərin anket məlumatları, eləcə də həmin GSM nömrələrinə qeyd edilən dövr ərzində daxil olan və çıxan SMS-lərin mətnləri, eləcə də həmin GSM nömrəsinin qeyd edilən vaxta anten məlumatlarının dairəsinin Bakcell MMC və Azərfon MMC-də götürülmüş diskdən, həmin diskdən çıxarılmış çıxarışlardan məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəli mobil telefonun anten məlumatlarına əsasən həmin nömrə 10 sentyabr 2021-ci il tarixdə saat 17:49-da Bakı şəhərində olmuşdur. Həmin nömrəyə daxil olmuş SMS mətnlərinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən 26 avqust 2021-ci il tarixdə saat 23:34-də Yevlax şəhəri, C.Cabbarlı küçəsi ev 3, mənzil 6-da qeydiyyatda olan Elvin Məmmədov adlı şəxsə məxsus olduğu bildirilən ********** nömrəsindən “sağol hormetdi ol totonnan 10 man verib götürüb cekejem opuldun”, 31.08.2021-ci il tarixdə saat 00:35-də kimə məxsus olduğu bilinməyən ********** nömrəsindən “terezi yoxdu indi mende sen sehere didin deye” məzmunlu mətnlər, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəli mobil telefonun anten məlumatlarına əsasən həmin nömrə 21 avqust 2021-ci il tarixdən Bakı şəhərində olmuşdur. Həmin nömrədən çıxan SMS mətnlərinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən 07 avqust 2021-ci il tarixdə saat 21:52-də Cəbrayıl rayonu Əmrvarlı kəndində qeydiyyatda olan X4 məxsus olan ********** nömrəsindən “qaqa səndə patı var?” mətni kimi məntlər olmuşdur (cild 1, səh. 220-248). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2021-ci il tarixli 7/920 nömrəli rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N169" dairəvi möhür əksi olan "1 imza İsayev Ş" yazı və imzalar olan zərfdə 10 (on) ədəd kibrit qutusunun içərisində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,090 qr, 4,188 qr, 4,015 qr, 3,830 qr, 4,342 qr, 4,490 qr, 3,140 qr, 3,656 qr, 3,770 qr, 3,980 qr və 1 (bir) ədəd sarı rəngli sellofanda təmiz çəkisi 60,00 qr olmaqla, ümumi çəkisi 98,501 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. 10 (on) ədəd kibrit qutusunda olan marixuana ilə 1 (bir) ədəd sarı rəngli sellofanda olan marixuana tərkiblərinə görə eynilik təşkil edir (cild 1, səh. 42-46). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 24.11.2021-ci il tarixli 4651 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, səh. səh. 44- 45). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PA" ETT X9 şəxsi Yevlax rayon şöbəsinin 25.06.2021-ci il tarixli, 353 nömrəli rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol tərəf bel nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan deşilmişkəsilmiş yarası, sol əlin V barmağının kəsilmiş yarası iti uclu alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 22.06.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir (cild 1, səh. 131-132) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış 29.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, səh. 150). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 noyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 10 (on) ədəd kibrit qutusunun içərisində hər birinin ayrıayrılıqda təmiz çəkisi 3,090 qr, 4,188 qr, 4,015 qr, 3,830 qr, 4,342 qr, 4,490 qr, 3,140 qr, 3,656 qr, 3,770 qr, 3,980 qr və 1 (bir) ədəd sarı rəngli sellofanda təmiz çəkisi 60,00 qr olmaqla, ümumi çəkisi 98,501 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış -98,061 qram qram qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin iş üzrə madi sübut növü kimi tanınmış 02 ədəd disk cinayət işinə əlavə edilmişdir (cild 1, səh. 47-61). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 11.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-527/2021 nömrəli 13.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 20, 76-78). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Şahlar İsayev 13.05.2013-cü il təvəllüdlü İsayev Akif Şəhriyar oğlu adlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yevlax R.İ.H. başçısının Yuxarı Qarxun kənd ərazi dairəsindən verilmiş xasiyyətnamədən görünür ki, İsayev Akif Şəhriyar oğlu yaşadığı ərazidə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər maddi sübutlar, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Qeyd edilən qərarda göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarina görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən beynəlxalq adı «heroin» olan maddələr narkotik vasitələrdir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablama vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin psixotrop maddələrin qanunsuz daşınması (мад.1.0.8); miqdarından asılı olmayaraq qanunveriliciklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarının 8 və 9-cu bəndlərində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləlsinin 234.2-ci maddəsinin dispozisiyasına əsasən narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə qabaqcadan razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarını və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 98,501 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananın aşkar edilməsi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bir daha təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirərək həmin əməli etiraf etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 11.09.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 98,061 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88,70 (səksən səkkiz manat 70 qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-478/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 28 dekabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 44 (qırx dörd) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 44 (qırx dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılaraq ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 11.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 98,061 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88,70 (səksən səkkiz manat 70 qəpik) məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar