Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-561/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun müdafiəçiləri Bakı şəhəri “İsmayılbəyli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “17 saylı” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tələbinə əsasən əməlinə hüquqi qiymət verilməsini və müvafiq qanunvericiliyin tələblərinə uyğun hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon üzrə Təhsil sektorunun müdiri vəzifəsində çalışır. Şikayət etdiyi X6 xx.xx.2007ci ildən xx.xx.2024-cü ilə qədər İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirdi. xx.xx.2024-cü il Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydalarını kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müvafiq əmrlə əmək müqaviləsinə xitam verilmişdir. L.R.Nəcəfquliyeva Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydalarına uyğun olaraq xx.xx.2024-cü il tarixli imtahanda iştirak etmiş, uğur qazanmasına baxmayaraq nəticələri uğursuz olan müəllimlərə yalan vədlər verərək dövlət əleyhinə sosial mediada kinli təşviqat xarakterli ifadələr işlətmişdir. Azərbaycan Respublikası Konsitiusiyasının 4-cü maddəsində qeyd edildiyi kimi xüsusi səlahiyyətli nümayəndələrdən başqa heç bir şəxs xalqın adından danışa bilməz. İttiham etdiyi X8 Azərbaycan Respublikasının Konstitusiyasının 32 maddəsi (Şəxsi toxunulmazlıq hüququ), Məlumat Azadlığı haqqında Qanunun müvafiq maddələrini, Kütləvi informasiya vasitələri haqqında, o cümlədən 30 dekabr 2021-ci il tarixli Media haqqında qanunun 14-cü maddəsinin tələblərini ciddi şəkildə pozaraq şərəf və ləyaqətimi alçaldmışdır. Belə ki, X6 “YouTube” adlı sosial şəbəkədə Nuray Karimli adlı profillə 8 iyul 2024-cü il tarixdə özünün “Səs yazılarının sayı hesabı yoxdur” adlı səsli videogörüntüsünü paylaşaraq onun barəsində böhtan məlumatlar yaymışdır. Sözügedən videonun 6-cı dəqiqəsinin 49-cu saniyəsindən etibarən “Mənim məktəbim başdan ayağa saxtakar idi, mən elə bilirdim bu ancaq Aranlıdadır, ancaq bu saxtakarlıq İmişlidədir, demə Azərbaycanın bütün bölgələrində bu var imiş. Mən də düşmüşəm İmişlinin üstünə. Direktor yığdığı pulları kimə aparırmış?! Sektor müdirinə. Sektor müdiri yığdığı pulları hara aparırmış? Kimə aparırmış?! Regionala. Bəs Regional hara aparırmış? Təhsil nazirinə.” kimi ifadələr işlətməklə mənə böhtan atmışdır. Bunula da məni “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” ilə ittiham etməklə böhtan atmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə “TikTok” adlı sosial şəbəkədə “Xarıbülbül sinfi” adlı səhifədə canlı video bağlantı vasitəsi ilə “Mənim kəndimdə narkotik satır Kərim Kərimlinin qohum aqrəbəsi” kimi ifadələr işlətmişdir. Həmin videoda həmçinin “Kənddə hamısı qohumdur. Sektor müdiri ilə direktor dayı baladırlar, bizdə hərşey əlbirdir, qohum qohumu ayaqa verərmi?! Məktəbi idarə edirlər artıq” kimi ifadələr işlətmişdir. Həmin ifadələr sosial şəbəkələr vasitəsi ilə ictimaiətdə onun barəsində qəsdən dezinformasiyaların yayılmasına səbəb olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir. Qanunvericilikdə yəni Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinin heç bir tələbi pozulmamışdır. X13 2012-ci ildən müvafiq vəzifəyə təyin olunmuş və hələ də fəaliyyət göstərməkdədir. O isə 2023-cü ildə cənab Nazirin əmri ilə İmişli rayon üzrə Təhsil sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən kütləvi informasiya vasitələrindən vətəndaşların şəxsi həyatına, onların şərəf və ləyaqətinə qəsd məqsədilə istifadə etmək qadağan olunur və qanuna müvafiq surətdə məsuliyyətlə nəticələnir. Müraciət etmək Azərbaycan Respublikasının Konstitusuyasının 57-ci maddəsi (müraciət etmək hüququ) üzrə müraciət etmək hüququndan sui istifadə edərək müraciətində təhqir və böhtana yol vermişdir. Təqsirləndirilən şəxsin hərəkəti AR Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cəzalandırılmalıdır. Təqsirli bilinən şəxs qanunvericiliyin tələblərini pozaraq onun rəhbərlik etdiyi müəssisələr üzrə işgüzar nüfuzunu pozaraq, onu təhqir edərək və ona böhtan ataraq Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrini pozaraq cinayət əməli etmişdir. Bu məsələyə hüquqi qiymət verilməsini və müvafiq qanunvericiliyin tələblərinə uyğun hökm çıxarılmasını xahiş etmişdir. Daha sonra X9 şikayətə əlavə verərək orada bildirmişdir ki, icraatınızda olan 1(004)- 561/2024 nömrəli cinayət işi üzrə ittiham olunan təqsirləndirilən X2 qarşı xüsusi ittiham qaydasında cinayət işi açılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcələsinin 19-cu maddəsinin tələblərinə uyğun təqsirləndirilən şəxs anlaqlı vəziyyətdə bu sözləri demiş və dedikləri sözdə heç bir səmimi peşmançılıq halı qeydə alınmamışdır. Şəxs əlbəttə ki, tək ona aid olan ağır ittihamlı ifadələr böhtan və təhqiredici ifadələr işlətsə də bir videosunda Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə təyin olunmuş Məhkəmə hakimlərinə belə hörmət qoymadan onları da “qorxaq və savadsız" kimi ifadələri ilə ittiham edir. Əlbəttə ki, qeyd edilən sözlər və ifadələr ona aid olmasa da sübut kimi sizə cd formatında videolarda öz əksini tapmışdır. Şəxs bu ifadələri ilə onun və tabeliyində olan müəssisələr və subardinasiya qaydasında tabe olduğu dövlət orqanlarında işgüzar nüfuzunu və şərəf və ləyaqətini alçaltmışdır. Şəxs onu həmin məcəllənin 308-ci maddəsi və həmin məcəllənin 313, o cümlədən ailə sirrini açaraq 156-cı maddərinə ciddi pozuntu halı aşkarlanmışdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X9 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət hazırlanarkən Azərbaycan Respublikasının CPM-nin tələbləri pozulmayıb. Ona görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 xüsusi ittiham qaydasında verilmiş şikayətin əsassız olduğunu bildirərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 müdafiəçisi Müdafiəçi2 məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayətin CPM-in tələblərinin pozularaq verildiyini və hüquqlarını müdafiə etdiyi şəxsin dövlət qulluqçusunun fəaliyyətini tənqid etdiyi üçün onun barəsində şikayət verildiyini bildirmişdir. Şəxsin təhsil sahəsində gördüyü qanunsuz hərəkətlərin narahat olması və bunu ictimaiyyətə çatdırması qanun pozuntusu sayıla bilməz və həmin şəxs bu əmələ görə təqib edilə bilməz. Odur ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 müdafiəçisi Müdafiəçi1 məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayətin CPM-in tələblərinin pozularaq verildiyini, qanunvericiliyin tələblərinin pozulduğunu, odur ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmiş, həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 qanunsuz işdən azad edildiyini bildirmişdir. Vəkil vətəndaşın gördüyü qanunsuz hərəkətlərə münasibət bildirməsinə görə onun təqib edilməsinin, cəzalandırılmasının yol verilməz olduğunu bildirərək əməldə cinayət tərkibinin olmadığını və məhkəmədən işin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçilərini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayət ərizəsinin giriş hissəsində doğulduğu ili, məşğuliyyət növü və vəzifəsini göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Bundan başqa, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmişdir. AR CPM-nin 293.3.3-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Bundan başqa, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Bununla yanaşı, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.6-cı maddəsinin tələblərinə riayət etməyərək xüsusi ittiham qaydasında şikayətin verildiyi tarix (il, ay və gün) və yer yeri göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Həmçinin, xüsusi ittiham qaydasında şikayət ərizəsində X1 AR CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunsa da, hansı əməllərinə görə AR CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını və hansı əməlinə görə AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması göstərilməmişdir ki, bu da şəxsə qarşı irəli sürülmüş ittihamın aydın olmamasına və onun əməllərinə ayrı-ayrılıqda qiymət verilməməsinə dəlalət edir. Halbuki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində verilmiş ittiham dəqiq və aydın ifadə olunmalıdır. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X3 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “17 saylı” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “17 saylı” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-561/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-561/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver