Məhkəmə qərarları › İş №1(004)-567/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-567/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-567/2024 19.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi ev 193-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istiladə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 və sonuncunun oğlu Elşad Cabbarlıya sürücülük vəsiqəsinin alınmasına dair yalan vəd verib aldadaraq, sonuncunun 06 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, «AL Market» mağazasının qarşısında 1000 manat məbləğində pulunu ələ keçirməklə verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 1000 (bir min) manat məbləğində maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X1 vəsiqəsinin alınmasına dair yalan vəd verib aldadaraq, sonuncunun 08 iyun 2022-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Kapsella-Tül” mağazasının qarşısında, 850 manat məbləğində pulunu ələ keçirməklə verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs Nərgiz Əsgərovaya 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 sürücülük vəsiqəsinin alınmasına dair yalan vəd verib aldadaraq, sonuncuya göndərdiyi, "xxxx" ASC-yə aid 4098 5844 6536 3230 nömrəli «Leobank» kart hesabına, Zərərçəkmiş şəxs3 yaşadığı, ünvan 1 ünvanından, xx.xx.2024-cü il tarixdə saat 22:57-də, mobil tətbiqi vasitəsilə +994 51 *** ** ** saylı mobil nömrədən göndərdiyi 500 manat və xx.xx.2024-cü il tarixdə saat 23:51-də mobil tətbiqi vasitəsilə +994 51 *** ** ** saylı mobil nömrədən göndərdiyi 500 manat pulları ələ keçirməklə, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 (bir min) manat məbləğində maddi ziyan vurub dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 15 il olar ki, ünvan 2 ünvanında yerləşən gözəllik salonunda saç ustası işləyən Kimyanı onun daimi müştərisi kimi tanıyır, özü 2018-ci ilin iyun ayından 2022-ci ilin iyul ayına qədər özünün şəxsi avtomobili ilə təlim müəllimi işləmiş, eyni zamanda tanışlarının vasitəsilə vətəndaşlara sürücülük vəsiqələri əldə etmələrinə köməklik etmişdir. 2022-ci ilin aprel ayında tanışı Kimya ona zəng edərək özünün əri Elnura BC kaieqoriyalı sürücülük vəsiqəsini düzəltməyini xahiş etdikdə ona 1000 manat pulun müqabilində bunu düzəldə biləcəyini vəd emişdir. Buna görə də 2022-ci ilin aprel ayı ərzində Kimya əvvəlcə qızı Aytac vasitəsilə 500 manat, daha sonra özü iki dəfəyə 300 manat, daha sonda isə əri Elnur vasitəsilə 200 manat ödəməklə cəmi 1000 manat pul vermişdir. Həmin vaxtlar özünün maddi çətinlikləri yarandığından həmin pulu özünə xərcləyib qısa müddətə yerinə qoyaraq sürücülük vəsiqəsi düzəldəcəyini düşünüb Kimyagildən aldığı pulları xərcləmişdir. Lakin planlaşdırdığı qazancları əldə edə bilmədiyindən və nəvəsi ağır xəstələndiyindən Kimyagilin pullarını yerinə qoya bilməmişdir. Bundan sonra onlar israrla pullarını tələb etdikdə mən 500 manat düzəldərək Kimyanın kart hesabına göndərmiş, sonra isə qalan 500 manat pulu istintaqa təqdim etmişdir ki, Elnura qaytarılsın. Beləliklə Zərərçəkmiş şəxs2 aldığı 1000 manat pulu tam ödəmişdir. Bundan başqa X4 08 iyun 2022-ci il tarixdə Bakı şəhəri. Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən «Capsella» Pərdə-Tül mağazasının qarşısında özünə sürücülük vəsiqəsinin əldə olunmasında köməklik etmək üçün 850 manat pul vermişdir. Lakin o, Nərgiz Əsgərovaya sürücülük vəsiqəsinin alınmasında köməklik edə bilməmiş və ondan aldığı pulları şəxsi ehtiyaclarım üçün xərcləmişdir. Hazırda o, Nərgiz Əsgərovaya 850 manat pulu tam olaraq qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 sürücülük vəsiqəsi əldə olunmasına köməklik etmək üçün ondan 1000 manat pul istəmiş, onunla razılaşaraq xx.xx.2024-cü ildə özünə məxsus ***-***-**-** nömrəli mobil nömrəmin vhatsap proqramı vastəsi ilə 4098 5844 6536 3230 nömrəli Leobank kart nömrəsini Sevincin istifadəsində olan ***-***-**-** nömrəsinin whatsapına göndərmiş, razılaşdığı 1000 manat pulu həmin kart hesabına göndərsin. Sevinc həmin gün saat 22-57-də 500 manat və saat 23-01-də daha 500 manat göndərməklə ona 1000 manat pul göndərmişdir. Ondan aldığı pulu öz ehtiyaclarıma xərcləmişdir. Lakin Zərərçəkmiş şəxs3 onun barəsində polisə şikayət etdikdən sonra ona aldığı 1000 manat pulu tam şəkilə qaytarmışdır. İfadəsinin sonunda zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxslərin ondan şikayət və tələblərinin olmadığını, onunla barışdıqlarını, vurulmuş zərərin 25 faizi həcmində dövlət nəfinə ödəniş etdiyini, eləcə də özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, arvadı X17 küçəsi ev 196 ünvanında yerləşən gözəllik salonunda saç ustası işləyir. Həmin qadın salonuna müştəri kimi müraciət etmiş Reyhanə adlı qadın hər dəfə təlim avtomobilində salona gələrək özünün «İşıqlı yol» sürücülük məktəbində təlim müəllimi işlədiyini bildirərək əgər müraciət edən olarsa həmin şəxsə ucuz qiymətə sürücülük vəsiqəsi düzəldəcyini vəd etmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində yenicə 18 yaşı tamam olmuş oğlu Elşada və özünə sürücülük vəsiqəsi almaq qərarına gəlmiş və Kimyadan Reyhanənin telefon nömrəsini götürərək ona zəng etmişdir. Reyhanə onunla söhbətində bir aylıq kursu keçdikdən sonra özünün onları imtahana saldırıb qiymət yazdıracağını vəd etmiş, bir aylıq kurs üçün ikisinə 600 manat pul istəmiş və eyni zamanda imtahana gedərkən hər birinin DYPİ əməkdaşına 40 manat ödəyəcəklərini bildirmişdir. Reyhanənin şərtləri ilə razı olmuş və xx.xx.2022-ci il tarixdə 500 manat pulu qızı Aytaca verərək Rcyhanəyə çatdırmasını tapşırmış və Aytac «Saf su» su doldurma məntəqəsinin yaxınlığındakı «AL» marketin qarşısında Reyhanə ilə görüşərək pulları ona çatdırmışdır. Bundan iki gün sonra Reyhanə ona zəng edərək hər birinə sağlamlıq barədə arayış götürüb tibbi kart açdıracağını bildirərək təcili əlavə 500 manat pulu da ona çatdırmağı tapşırdıqda o, Reyhanə ilə «Saf su» su doldurma məntəqəsinin arxa tərəfində görüşmüş və Reyhanə «Wolksvaqen» markalı, üzərində «Təlim» yazılmış avtomobillə görüşə gələrək ondan 500 manat pulu götürmüş və sürücülük vəsiqələrinin 27 gün ərzində hazır olacağını bildirmişdir. Reyhanənin vəd etdiyi müddət bitdikdə ona zəng edib məsələ barədə maraqlandıqda Reyhanə ona «Whatsapp» vasitəsilə müxtəlif şəxslərin sürücülük vəsiqələrini göndərərək onlara vəsiqə düzəltdiyini bildirmiş, onların növbəsinin çatmadığını söyləyərək möhlət almışdır. Onun sözlərinə inanıb dediyi vaxta qədər gözləyib yenidən ona zənglər etdikdə Reyhanə yenə də müxtəlif bəhanələr gətirmişdir. Nəhayət Reyhanənin onu aldatdığını bilib iyun ayında ondan pullarını tələb etdikdə Reyhanənin adını bilmədiyi anası zəng edərək ondan möhlət istəmiş, lakin ona cəmi 500 manat ödəyərək yenə də pulunu tam ödəməyərək onu aldatmışdır. Daha sonra Reyhanənin adını bilmədiyi oğlu ona zəng edərək özünün hərbçi olduğunu söyləyib, yenə də möhlət istədikdə onun da sözlərinə inanıb heç bir yerə şikayət etməmişdir. Nəhayət xeyli gözlədikdən sonra Reyhanənin barəsində şikayət etmək qərarına gəlmişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı qadını xx.xx.2024-cli il tarixdə 149 nömrəli avtotəlim kursunda tanımışdır. İmtahan verib sürücülük vəsiqəsi almaq üçün onlayn qaydasında kurslara yazılmış və öyrənmişdir ki, kurs təlimlərinin avtomobilləri Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkının yaxınlığında yerləşir. xx.xx.2024-cü il tarixdə həmin ünvana gedərkən Reyhanə adlı təlimçi ilə tanış olmuşdur. Reyhanə ona təklif etmişdir ki, imtahanlarda çətinliklərin yaranması mümkündür, ancaq o, bu işdə kömək edəcəkdir. Hətta ona təklif etmişdir ki, 1200 manat ona pul versə o, özü həmin pulu müəyyən yerlərə rəsmi ödənişlər etməklə ona sürücülük vəsiqəsi ala bilər. Onun bu vədlərinə inanmış və Reyhanə ona əvvəl 1200, sonra 1100, sonda isə 1000 manat müqabilində yanvar ayının sonunadək sürücülük vəsiqəsi alıb verə biləcəyini demişdir. Həmin pulun rəsmi ödənişlər olduğuna və Reyhnanənin vədlərinə inanıb həmin məbləği ona verməyə razı olmuşdur. Reyhanə ona məxsus ***-***-**-** nömrəni götürmüş və bu nömrə ilə əlaqə saxlayacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:42-də 050-261 - 28- 93 mobil nömrəsində olan WhatsApp mobil tətbiqi vasitəsilə 4098-5844 6536 3230 nömrəli Leobank kart nömrələrini onun ***-***-**-** nömrənin WhatsAppına göndərmişdir ki, dediyi 1000 manat pulu həmin kart hesabına göndərsin. Həmin gün saat 22:57-də ***- ***-**-** mobil nömrəsində olan M10 mobil tətbiqi vasitəsilə 500 və saat 23.01-də 500 manat olmaqla ümumilikdə 1.000 manat pulu Reyhanənin həmin kart nömrəsinə yaşadığı ünvan 4 ünvandan göndərmişdir. Az sonra ona zəng edib pulu aldığım bildirmiş və yanvar ayının sonunda sürücülük vəsiqəsini alıb verəcəyini demişdir. Bundan başqa ondan kurs keçməyinə dair şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surətini istəmiş və həmin sənədlərin surətlərini də onun telefonuna göndərmişdir. Lakin, yanvar ayının sonunda ona demişdir ki, guya imtahanların veriləcəyi yerlər barədə məlumatların xx.xx.2024-cü ildə bilinəcəyi və onun isə xx.xx.2024-cü il tarixdə imtahana gedəcəyini bildirmişdir. Deyilən tarixdə isə guya tibbi arayışda adının səhv yazıldığı və imtahanın növbəti tarixlərə qaldığını bildirdikdə onu aldatdığını başa düşərək pulunu tələb etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Reyhanə ona zəng edərək və səs göndərərək guya onun endirimə düşdüyünü, 100 manat güzəşt edildiyini, daha bir neçə gün gözləməyini dedikdə bu qadının dələduz olduğunu bir daha anlayıb pulunun qaytarılmasını tələb etsə də ondan qaçıb gizləndiyini və zənglərinə cavab vermədiyini görüb şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində ona 1000 manat məbləğində maddi ziyan vurulmuşdur. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı qadını 2022-ci il tarixdə 149 nömrəli avtotəlim kursunda tanımışdır. İmtahan verib sürücülük vəsiqəsi almaq üçün onlayn qaydasında kurslara yazılmış və öyrənmişdir ki, kurs təlimlərinin avtomobilləri Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkının yaxınlığında yerləşir. Həmin ünvana gedərkən Reyhanə adlı təlimçi ilə tanış olmuşdur. Reyhanə ona təklif etmişdir ki, imtahanlarda çətinliklərin yaranması mümkündür, ancaq ona bu işdə kömək edəcəkdir. Hətta ona təklif etmişdir ki, 850 manat ona pul versə o, özü həmin pulu müəyyən yerlərə rəsmi ödənişlər etməklə ona sürücülük vəsiqəsi ala bilər. Onun bu vədlərinə inanmış və Reyhanəyə 08 iyun 2022-ci ildə Yasamal rayonu «Capsella» Pərdə-Tül Mərkəzinin qarşısında 850 manat pul vermişdir. Reyhanə ona məxsus ***-***-**-** nömrəni götürmüş və əlaqə saxlayacağını bildirmişdir. O, iyun ayının sonunda sürücülük vəsiqəsini alıb verəcəyini demişdir. Lakin iyun ayının sonunda imtahana gedəcəyini bildirmişdir. Deyilən tarixdə isə guya imtahanın növbəti tarixlərə qaldığını bildirdikdə onu aldatdığını başa düşərək pulunu tələb etməyə başlamışdır. Bundan sonra öyrənmişdir ki, Reyhano ondan başqa da bir neçə şəxsin pulunu alaraq aldatmışdır. Ona görə də 102 xidmətinə məlumat vermiş və Yasamal Polis idarəsinə şikayət ərizəsi yazmışdır. Bundan başqa zərərçəkmiş şəxs X9 ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsində toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixli “məcburi gətirilmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması üçün onun yeri müəyyən edilərək məcburi qaydada Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə gətirilməsi qərara alınmışdır. (Cild 1, İ/V 185). xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 1, İ/V 190). xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdə, saat 15:50-də şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, İ/V 207). xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində və ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, İ/V 216). xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (Cild 1, İ/V 216). xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, İ/V 232). xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 1, İ/V 234). xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (Cild 1, İ/V 248-249). xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 1, İ/V 252-253). xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin yaxalanması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində saxlanılaraq Yasamal RPİ-yə gətirilmiş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (Cild 2, İ/V 02). xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (Cild 1, İ/V 04). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən elan edilmişdir. (Cild 2, İ/V 09-10). xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs verdiyi 1000 manat pulu mustəntiq Asəf Məmmədovdan almışdır. (Cild 2, İ/V 09-10). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (Cild 2, İ/V 26-28). xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 2, İ/V 29-30). xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. (Cild 2, İ/V 39). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (Cild 2, İ/V 55). xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin könüllü olaraq gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nə gələrək barəsində axtarış elan olunduğundan xəbərsiz olduğunu bildirərək istintaq prosesində iştirak etmək istədiyini bildirmişdir. (Cild 2, İ/V 59). xx.xx.2024-cü il tarixli “maddi ziyanın ödənilməsinə dair” protokoldan və həmin tarixli qəbzdən görünür ki, Əsgərova X2 Elnur Elçin oğlundan ələ keçirdiyi 1000 manat pulun 500 manatını göndərdikdən sonra geri qalan 500 manatını təqdim etmiş və həmin pul Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın tamamilə ödənildiyini qeyd edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (Cild 2, İ/V 68-69). xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. (Cild 2, İ/V 72- 84). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. (Cild 2, İ/V 86). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (Cild 1, İ/V 67). Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə arasında yaranan mübahisə hal hazırda aradan qaldırılmışdır və ona vurulmuş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs X11 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə arasında yaranan mübahisə hal hazırda aradan qaldırılmışdır və ona vurulmuş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs3 qızı tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə arasında yaranan mübahisə hal hazırda aradan qaldırılmışdır və ona vurulmuş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. xx.xx.2024-cü il tarixli, 18522 nömrəli "Kapital Bank” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 713,00 manat məbləğində pul Maliyyə Nazirliyi - X6 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödəməsini, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 1(004)-567/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar