Məhkəmə qərarları › İş №1(004)-569/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-569/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-569/2024 23.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittihamçı X12 vəkili “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X12 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 Azərbaycan Respublikasının laiqli vətəndaşı kimi bəstəkarlıq və müğənnilik fəaliyət ilə məşğul olur, Azərbaycan Respublikasının Yazıçılar Birliyinin üzvü və Əməkdar artist kimi ölkəmizdə kifayət qədər nüfuza və sosial statusa malikdir. Həmçinin Azərbaycan və X2 üzvüdür. Göründüyü kimi ölkə və ölkə hüdudlarından kənarda tanınan və cəmiyyət tərəfindən hörmət bəslənilən şəxsdir. Dövlətimizin və cəmiyyətimizin onun nüfuzuna bəslədiyi hörmətə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs, X7 onun barəsində “Youtube” sosial platformasında və TikTok sosial şəbəkəsində şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna zərər vuran təhqir və böhtan xarakterli məlumatlar yaymışdır. Belə ki, iş materiallarına əlavə edilmiş CD-də açıq-aşkar görünür ki, X7 onun barəsində qeyd edilən sosial platformalarda “Bağışla Elza bağışla məni, təlxəklər şou-biznese lazımdı, meymunlar lazımdı, prosta pulsuzsan da, pulnan oynayan meymunlar lazımdı. Ağzını aç tüpürüm, tüpürcəyim bal dadır, sənin üzünə bal lazımdır. Bu adamın başı işləmir. Dinlə məşğul olan adamlar hara baxır, bu dəlinin qabağını almırlar, o şeirləri hansı dibiloy şeriyatına soxa bilərsən. İfaçı kimi zay” sözlərini işlətmişdir. Hörmətli məhkəmə, işin mübahisəsiz (CD-də Roza Allahverdiyevanın sözləri bir-bir əksini tapmışdır) və faktiki hallarından görünür ki, Roza Allahverdiyeva onun barəsində təlxək, dəli, zay sözlərini işlətmiş və həmçinin mənim guya “tüpürüm sizin ağzınıza şeiri olduğunu bildirirərək nüfuzdan salan böhtan xarakterli həmin məlumatı sosial platformada yaymışdır. Qeyd edilən sözlərin insan şərəf və ləyaqətini alçaltması, nüfuzdan salmasını ümumbilinən həqiqətdir və bunun üçün heç linqivistik ekspertizaya da ehtiyac yoxdur. X9 mənə məxsus şeiri təhrif olunmuş formada deməklə həmçinin barəmdə böhtan xarakterli məlumat da yaymışdır. İctimaiyyət arasında kifayət qədər tanınan və nüfuza malik şəxs barəsində qeyd edilən sözləri demək və şeirini təhrif edib nüfuzdan salacaq formada demək təbii ki, onun şərəf və ləyaqət hüququnu pozacaq və nüfüzuna zərər gətirəcəkdir. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Hazırkı iş üzrə Roza Allahverdiyevanın mənim barəmdə şərəf və ləyaqətimi alçaldan, işgüzar nüfuzuma ziyan vuran yalan məlumatları yayması onun əməlində CM-in 147.1 və 148-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaradır. Hazırkı iş üzrə də qeyd edilən məlumatların Tiktok sosial şəbəkəsində və Youtube sosial platformasında yayılması həmin məlumatların artıq yayılmış hesab edilməsinə dəlalət edir. Beləliklə CM-in qeyd edilən maddələrində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün 3 şərt vacibdir. Birincisi həmin məlumatların şərəf, ləyaqət və ya işgüzar nüfuza ziyan vurması, ikincisi həmin məlumatların yayılmış olması, üçüncüsü həmin məlumatların yalan olması. Qeyd edilən məlumatların mənim şərəf və ləyaqətimi alçaltması adi məntiqlə müəyyən edilir, əgər bununla bağlı mübahisə olarsa linqivistiq ekspertiza da təyin edilə bilər. Həmin məlumatların yayılmış olması da iş materialları ilə sübut olunmuşdur. Belə ki, həmin məlumatların Youtube və Tiktokda yayılması CD və fotoşəkillərdən görünür. Həmçinin həmin məlumatların yalan olması ilə bağlı hesab edirik ki, sübut etmə yükü barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin üzərinə düşür. Belə ki, bu hala faktiki prezumpsiya tətbiq edilməldir. Çünki onun barəsində paylaşılan məlumatın yalan olmasını sübut etmək imkanları tam deyildir, halbuki həmin məlumatların doğruluğunu sübut etmək imkanları kifayət qədərdir. Məsələn həmin şeirinin hər hansı bir kitabdan, videoda olması ilə bağlı maddi sübut əldə edə bilər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X12 vəkili “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X5 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, X14 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətində iddia olunan böhtan və təhqir xarakterli məlumatların əsasən kütləvi informasiya vasitələrində (internet resurslarında) yayılmasına istinad olunur, lakin nə vaxt yayılması barədə açıqlama verilmir. Bununla yanaşı sözügedən xüsusi ittiham qaydasında şikayətdə X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması xahiş edilsə də konkret olaraq hansı əməllərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin, hansı əməllərdə isə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına tam aydın izah və açıqlama verilmir. Yəni şikayət vermiş şəxsin mövqeyinə görə şikayətdə konkret olaraq hansı məlumatların böhtan olması, hansıların isə konkret olaraq məhz təhqir olması aydın görünmür. Bununla yanaşı konkret olaraq hansı zərərin vurulması, bu zərərin vurulmasını təsdiq edən sənədlər və ya digər məlumatlar məhkəməyə təqdim edilmir. Belə ki, «Youtube» sosial platformasında və «TikTok» sosial şəbəkəsində məhz iddia olunan «Roza Zərgərli ilə SÖZÜN DÜZÜ. Baylarsoylar podkast Na5» başlıqlı videoçarxın yayılana qədər və yayılandan sonra Elza Qasımovanın iştirakı ilə «Youtube» sosial platformasında və «TikTok» sosial şəbəkəsində olan videoçarxların, məqalələlərinin «şərhlər» (kommentariyalar) hissələrə diqqət yetirərkən tam aydın və qeyd-şərtsiz şəkildə müəyyən olunur ki, Elza Seyidcahan kimi tanınan X14 barəsində yazılan «şərhlər»də (kommentariyalarda) ümumiyyətlə heç bir fərq mövcud deyil. X4 kitab satışlarma, media proqramlara və sair bu kimi verilişlərə dəvətlərin azalması və xüsusilə azalmaların məhz Roza Allahverdiyevanın təqsiri ucbatından baş verməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. X7 şikayət vermiş şəxs Elza Qasımovanı təhqir etmək və yaxud ona böhtan atmaq niyyətində deyildi. Elə şikayətçinin məhkəməyə təqdim etdiyi şəkildən göründüyü kimi, «Roza Zərgərli ilə SÖZÜN DÜZÜ. Baylarsoylar podkast N°5» başlıqlı veriliş bir saat altı dəqiqə davam etmişdir. Və bu verilişə tam baxandan sonra məlum olur ki, Elza Qasımovam heç kim təhqir etmək niyyətində olmamış, sadəcə olaraq aparıcıların sualları cavablandırılmış, Roza Allahverdiyeva sadəcə olaraq Elza Qasımovanı tənqid etmiş, tənqid edərkən Elza Qasımovanm yaradıcılıq fəaliyyətinin bəzi sahələri eyni zamanda hətta təriflənmiş və hörmət bəsləmişdir. X7 hazırkı ittiham üzrə özünü təqsirli bilmir. Lakin nə qədər ki, xüsusi ittiham qaydasında şikayət prosessual tələblərinə tam əməl olunmamaqla məhkəməyə təqdim edildiyindən, yəni şikayətdə bəs edilən hadisənin tarixi göstərilmədiyindən və göstərilən məlumatların hansıların məhz böhtana, hansıların isə məhz təhqirə aid olmasına konkret fərqləndirmə edilmədyindən, ziyan vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən X12 şikayətinin Cinayət Prosessual Məcəlləsinin 302.1-ci (302.1.3, 302.1.4, 302.1.6 və 302.1.7) maddəsinə əsasən məhkəmənin icraatına qəbul olunmaqdan imtina edilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinin tələbinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3), şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7) məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir və bu hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3.1-293.3.7-ci maddələrinə uyğun olaraq, xüsusi ittiham qaydasında şikayətin məzmununda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmə birinci növbədə qeyd edir ki, Roza Allahverdiyeva barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu göstərilməyərək CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, müvafiq şikayətdə “Youtube” platformasında və “TikTok” sosial şəbəkəsində yerləşdirilmiş paylaşımda sonuncunun Elza Qasımovanı “Ağzını aç tüpürüm, tüpürcəyim bal dadır, sənin üzünə bal lazımdır” misralarının müəllifi kimi təqdim etdiyi qeyd edilsə də, bu ifadələrlə şikayətçinin təhqir edildiyi, yoxsa ona böhtan atıldığı aydınlaşdırılmamış, şikayətçi tərəfindən qeyri-müəyyən qiymətləndirilməyə yol verilməklə, Roza Allahverdiyevanın əməlində təhqir və böhtan cinayətlərinin tərkibinin olduğu göstərilmişdir. Digər tərəfdən, X1 özünə məxsus olmayan, şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan şeir misralarının müəllifi kimi təqdim etməsini böhtan hesab etsə də, məhkəməyə ünvanladığı şikayətə dəlillərini təsdiq edən sübutları əlavə etməmişdir. Nəzərə alınmalıdır ki, CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasının mühüm şərtlərindən biri hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayan şəxsin belə məlumatların yalan olduğunu bilə-bilə həmin hərəkətlərə yol verməsidir, lakin məhkəməyə ünvanlanmış şikayətdə bu faktı təsdiq edən sübutlara istinad olunmamış, yəni Roza Allahverdiyevanın səsləndirdiyi şeir misralarının müəllifinin Elza Qasımova olmadığını yəqinliklə bildiyinə dair sübutlar şikayətə əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasının həyata keçirilməsi öhdəliyi CPM-in 88.4.1-ci maddəsi ilə xüsusi ittihamçının üzərinə qoyulmuşdur. Elza Qasımova şikayətində, həmçinin öz şeirinin Roza Allahverdiyeva tərəfindən təhrif olunmuş formada səsləndirilməsinin böhtan olduğuna diqqət çəksə də, birincinin müəllifi olduğu digər şeirlərdə də özünə məxsus kəlmə və ifadələrdən istifadə etdiyini nəzərə alaraq, X10 Qasımovaya məxsus sözügedən şeirini qismən təhrif edilmiş formada səsləndirməsinin şikayətçi tərəfindən CM-in 3-cü və 14.1-ci maddələrinin tələbləri baxımından həmin Məcəllənin 147-ci maddəsinin digər tərkib əlamətlərinin mövcudluğuna dair sübutlar təqdim olunmadan məhz “təhrif edilmə” əlamətinə görə böhtan kimi qiymətləndirilməsi CPM-in 293.3.2-ci maddəsinin pozuntusu kimi (törədilmiş cinayət barədə məlumatların düzgün göstərilməməsi) qəbul olunmalıdır. Həmçinin prosessual qanunvericiliyin sözügedən maddəsinin tələblərinə riayət olunmaması nöqteyi-nəzərindən diqqətdən qaçırılmamlıdır ki, Elza Qasımovanın şikayətində cinayətin törədilmə vaxtı ilə bağlı məsələyə, ümumiyyətlə, toxunulmamışdır. Bundan başqa, Elza Qasımova məhkəməyə ünvanladığı şikayətdə Roza Allahverdiyevanın törətdiyi əməllə onu nüfuzdan saldığını qeyd etsə də, sonuncuya istinad olunan cinayət nəticəsində onun işgüzar nüfuzuna vurulan zərərin nədə ifadə olunmasını (məsələn, Roza Allahverdiyevanın müvafiq paylaşımından sonra Elza Qasımovaya məxsus şeir kitabları satışının əhəmiyyətli dərəcədə azalması, oxucuları tərəfindən əvvəllər həmişə şair kimi tərifləndiyi və tənqidə məruz qalmadığı halda, müvafiq paylaşımdan sonra cəmiyyətin hiddətli tənqid obyektinə çevrilməsi, televiziya verilişlərinə və radio proqramlarına dəvət olunmaması, üzvü olduğu Azərbaycan Yazıçılar Birliyi tərəfindən onun barəsində intizam tənbeh tədbirlərinin tətbiq edilməsi və s.) göstərməmiş və bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasından ötrü təqsirkarın hərəkətləri zərər çəkmişin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ehtiva olunmalıdır. Lakin məhkəməyə təqdim olunan disk daşıyıcıya baxış keçirilərkən məlum olmuşdur ki, “Youtube” platformasında və “TikTok” sosial şəbəkəsində yayımlanmış “Roza Zərgərli ilə SÖZÜN DÜZÜ. Baylarsoylar podkast №5” başlıqlı videoçarxda X13 Qasımovanın bədii-mədəni yaradıcılıq fəaliyyətini tənqid etməsinə baxmayaraq, “Elza bəstəkar kimi mükəmməl bəstəkardır, Arif müəllimin sinfini görüb, bir çox mükəmməl insanların tələbəsi olub, doğrudan da, bəstəkar kimi mən ona hörmət edirəm” – deməklə bu fəaliyyətin bəzi aspektlərini tərifləmiş və ona hörmət bəslədiyini ifadə etmişdir. Belə olan halda, Elza Qasımova şikayətində özünə məxsus kəlmə və ifadələrlərdən ibarət olan şeirinin eyni elementlərlə Roza Allahverdiyeva tərəfindən qismən təhrif edilərək səsləndirilməsində mövcud olan “şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması” tərkibinin məhz nədə ifadə olunmasına aydınlıq gətirməmiş, bu hissədə də şikayət ərizəsində şikayətçinin dəlillərini təsdiq edən sübutlar əks etdirilməyərək CPM-in 302.1.7-ci maddəsində nəzərdə tutulan pozuntuya yol verilmişdir. Tərəflər arasında mübahisə predmeti olan paylaşımda Roza Allahverdiyevanın öz çıxışında Elza Qasımova barəsində “dəli”, “ifaçı kimi zay” və digər ifadələrdən istifadə etməsinə gəlincə, məhkəmə hesab edir ki, həmin epizodlarla bağlı cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin mövcudluğu barədə məsələ ilə bağlı hazırkı işin hallarından asılı olaraq, mahiyyəti üzrə məhkəmə baxışı keçirilmədən, tərəflər dinlənilmədən və digər sübutlar tədqiq edilmədən birmənalı hüquqi mövqe nümayiş etdirilməsi mümkün deyildir. Ancaq müvafiq şikayət ərizəsində sadalanan nöqsanlara yol verilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün CPM-in 302.1.3 və 302.1.7-ci maddəsində nəzərdə tutulmuş əsasların yaranması artıq istinad edilən xüsusatların mahiyyəti üzrə araşdırılması zərurətini istisna edir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yerinin məhz Yasamal rayonunda oması ilə bağlı rəsmi mötəbər sənəd (maps arayışı) əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulanlara uyğun olaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilləri yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi baxımından fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, şikayətçi ərizəsində törədilməsinə dair ittiham irəli sürdüyü böhtanın təsdiqinə dair mötəbər, tutarlı və birbaşa sübutları iş materiallarına əlavə etməmişdir və məhkəməyə təqdim etdiyi barəsində şikayət edilən şəxsin məqaləsinin fikir və ya fakt olmasının fərqləndirilməsi baxımından qiymətləndirmə aparılması üçün hər hansı dəlil göstərməmişdir. Eyni zamada qeyd edilməlidir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsində daha bir xətaya yol vermişdir. Belə ki, şikayət vermiş şəxs tərəfindən irəli sürülmüş ittihama uyğun olaraq X5 barəsində hansı cəza növünün tətbiq edilməli olduğu qeyd edilməmişdir. Digər tərəfdən şikayətdə barəsində xüsusi ittiham verilmiş şəxsin CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilməsinə baxmayaraq, Roza Allahverdiyevanın törətmiş olduğu istinad edilən hansı əməllərinin CM-nin 147.1-ci hansı əməllərin isə 148-ci maddəsinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» və “şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə ”məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərlərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişlər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 X5 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar