Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-570/2024 20.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxx 1996-cı ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuş, AR vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Qazax rayonunun Xanlıqlar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Y/X2 küçəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə, xx.xx.2024-cü il tarixdə saat 03:50-dən saat 05:00-dək olan vaxt ərzində, ünvan 1 ünvanında, Gənc Mütəxəssislər binasının A blokunun birinci mərtəbəsində yerləşən, “AL Market” mağazasının qarşısına gələrək, əvvəlcədən hazırlıqlı vəziyyətdə özü ilə gətirdiyi, tanınmaması üçün sifətinə maska taxıb və əlinə dəmir ling götürüb saxlanc yeri hesab olunan həmin mağazanın giriş qapısına yaxınlaşmış, mağazanın eni 69 sm, uzunluğu 224 sm və 10 mm qalınlığında şüşə lövhədən ibarət olan giriş qapısını yerə kilitlə bağlanılan hissədən dəmir ling vasitəsilə fiziki güc tətbiq edib sındırmaqla açıb içəri daxil olmuş, mağazanın giriş qapısı yanında olmuş "xxxx" QSC-yə məxsus İD-5403 saylı "xxxx" ödəmə terminalını yerə aşırtmış, daxili kilit sistemi ilə bağlı olan terminalın korpusunun qapısını əlində olmuş dəmir ling vasitəsi ilə sındırıb açaraq, içərisində olan Bizel qybi dlya Mei Cashfiov ********* saylı pullar saxlanılan kassanı çıxartmış və həmin kassanı sındıraraq içərisindəki 42 ədəd 1 manatlıq, 17 ədəd 5 manatlıq, 24 ədəd 10 manatlıq, 13 ədəd 20 manatlıq, 21 ədəd 50 manatlıq və 25 ədəd 100 manatlıq pul əskinazlarını qəsdən gizli olaraq talayıb "xxxx" QSC-yə ümumilikdə 4177 (dörd min yüz yetmiş yeddi) manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, mağazadan 4177 manat pul götürmüşdür. Pulu ödəməyə imkanı yoxdur. Əvvəllər məhkumluğu olub. Ailəsi zərəri ödəmək barədə fikiriləşir. Mülki iddianı qəbul edir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, peşmançılıq çəkməsini və 2 övladının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsdən şikayətçidir. Onlara ziyan ödənilməyib. O, mühafizəçi işində çalışır. Bu il 14 iyulda onlara “Al Marketdə” oğurluq edilməsi barədə çağırış gəlib. Gedəndə müəyyən olunub ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-yə aid terminalı sındırmış və oradan pul əskinaslarını götürmüşdür. Puldan əlavə aparatın məhvi nəticəsində də quruma maddi ziyan dəymişdir. Məhkəmədən xahişi zərərin ödənilməsi və təqsirləndirilən şəxsə cəza verilməsidir. Həmçinin mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Al market”də bölgə müdiri vəzifəsində çalışır. Onlara şəxsin “E-manat” terminalını yararsız hala salması barədə məlumat gəlib. Mağazaya yaxınlaşan zaman marketin şüşələrinin sındırıldığını görüb. Polis əməkdaşları da marketdə idi. Terminal aşılı vəziyyətdə idi. Mağazaya ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “Al market”də satıcı-kassir vəzifəsində çalışır. Ona zəng ediblər ki, marketdə hadisə olub. Səhər 7 radələrində marketə gedib. Polisə xəbər verib ki, mağazanın şüşələri sındırılıb, oğurluq olub. Əyani şəkildə hadisənin izlərini ilk o, aşkar etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “Al market”də menecer vəzifəsində çalışır. Onlara təqsirləndirilən şəxsin “E-manat” terminalını yararsız hala salması barədə məlumat gəlib. Mağazaya yaxınlaşan zaman orada polis əməkdaşları da görüb. Polisə mağaza müdiri məlumat vermişdir. Kamerada kim olması görünmürdü. Ona istintaq barədə bildiriş gəlmişdir. Qalan təfərrüatlar polis tərəfindən araşdırılıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tarix dəqiq yadında deyil. O, marketdə müdirdir. Səhər marketə yaxınlaşanda qapısının qırıq olduğunu görmüşdür. Bölgə müdiri də hadisə yerində idi. Polis araşdırandan sonra biliblər ki, təqsirkar Turxandır. İstintaq zamanı vermiş olduğu ifadəsini tam təsdiq edir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/6223 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş "xxxx" QSC-yə məxsus xx.xx.2024cü il tarixli qüsur aktına əsasən müxtəlif adda malların 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 540,00 manat müəyyən olunur. İş materiallarında olan xx.xx.2024-cü tarixli "xxxx" QSC-nin ödəmə terminalında olan pul vəsaitinin miqdarı barədə aktlarına əsasən xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 4 saylı qeyri-yaşayış massivində yol kənarında yerləşən “AL” marketdə olan 5403 saylı terminal naməlum şəxslər tərəfindən yararsız hala salınaraq sındırılmış və içərisində olan 4177 manat pul vəsaiti oğurlanmışdır. Bundan başqa terminala 400 manat dəyərində ziyan vurulmuşdur. Ümümilikdə şirkətə 4577 manat dəyərində ziyan vurulmuşdur. İş üzrə maddi sübut kimi tanınmış DVD diskə məhkəmədə baxış keçirilərkən oğurluq hadisəsinin törədilməsi təsdiq edilir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-11/2-8826/2024 №-li məktubdan görünür ki, Yasamal RPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-53/2-46223/2024 №-li məktubu vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən «AL» marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü ildə KTİnə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 05 ədədi (ADİS-in məlumat bankına Qazax RPŞ-dən daxil olan) xx.xx.1990-cı ildə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta (üç dəfə), adsız və sağ əlinin adsız barmağının (terminalın arxa tin və yan tərəfindən götürülmüş) əksləri ilə eynilik müəyyən edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunub. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd dəmir ling və 01 ədəd qara rəngli parça materialdan olan maska məhv edilməli, həmçinin maddi sübut kimi tanınmış, hadisə yerinə baxış keçirilən zaman götürülmüş, "xxxx" QSC-yə aid 01 ədəd "xxxx" ödəmə terminalı və 01 ədəd Bizel qybi dlya Mei Cashfiov ********* saylı pullar saxlanılan kassa cihazı məsul saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan əlavə oğurluq hadisəsinin görüntüləri olan bir ədəd DVD disk və tədqiqat üçün götürülmüş əl izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bundan əlavə cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Oktay oğlu Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, mülki iddiaçı (zərərçəkmiş şəxs) zərərçəkmiş hüquqi şəxsə qarşı törədilmiş oğurluq cinayət əməli nəticəsində dəymiş 4577 manat pulun mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair mülki iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, həmin mülki iddia təmin edilməlidir. Belə ki, iş üzrə təsdiq edilir ki, 4577 manat maddi ziyan vurulmaqla oğurluq edilmiş, həmin məbləğ zərəçəkənə qaytarılmadığı üçün, həmin məbləğ həmçinin mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 67 manat təqsirləndirilən şəxsdən tutulub, zərərçəkmiş şəxsə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan 1 ədəd dəmir ling və 1 ədəd qara rəngli parça materialdan olan maska hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və maddi sübut kimi tanınmış, hadisə yerinə baxış keçirilən zaman götürülmüş, "xxxx" QSC-yə aid 01 ədəd "xxxx" ödəmə terminalı və 01 ədəd Bizel qybi dlya Mei Cashfiov ********* saylı pulların saxlanılan kassa cihazı məsul saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Oğurluq hadisəsinin görüntüləri olan bir ədəd DVD disk və tədqiqat üçün götürülmüş əl izləri cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 4577,00 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 67 manat tutulub zərər çəkmiş şəxs "xxxx" QSC-yə verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-570/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-570/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver