Məhkəmə qərarları › İş №1(004)-571/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-571/2025

02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-571/2025 02.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd qızının sədrliyi, Əsədov Teymuraz Qorxmaz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.İsgəndər küçəsi, 2-ci döngə, ev 31 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 03 iyun 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 0,387 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 03 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 19:00-da ünvan 2 ünvanın qarşısında saxlanılmış və həmin ünvanda üstü yoxlanılarkən təmiz çəkisi 0,387 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 1 ədəd şəffaf sellofan bükümündə onun əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 4 ünvanda yaşayır. Azərbaycan dilində latın qrafikası ilə sərbəst yazıb oxuya bilir. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Narkotik vasitə aludəçisidir. Bir neçə müddətdir ki, narkotik vasitə aludəçisi olduğu üçün müxtəlif vaxtlarda həmin maddələrdən istifadə etmişdir. 03 iyun 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” kimi tanınan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsə istifadə etmək üçün 10 manat pul verərək, “patı”, yəni psixotrop maddə olan metamfetamin almışdır. Elə həmin gün saat 19:00-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 528 ünvanın qarşısında olarkən üç nəfər mülki geyimdə olan şəxslər onu saxlamış və Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildiklərini demişlər. Polis əməkdaşları videoçəkilişlə üstünə baxacaqlarını bildirmişlər. O da artıq çıxış yolu tapa bilmədiyi üçün bununla bağlı heç bir etirazının olmadığını bildirmidir. Bundan sonra, polis əməkdaşları video-şəkilişlə onun üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlamamışdan əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və ona üzərində hər hansı qanunsuz bir əşya və ya predmet olacağı təqdirdə həmin əşyaları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. O da razılaşaraq könüllü olaraq əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən içərisində psixotrop maddə olan bir ədəd şəffaf sellofon bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin, ona məxsus üzərində ***-***-**-** GSM nömrə olan “Samsung” markalı, “Galaxy S21” modelli mobil telefonunu həmin şalvarın sol yan cibindən çıxararaq təqdim etmişdir. Həmin bükülü və mobil telefon polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə qablaşdırılmış və 170 saylı möhürlə möhürlənmişdir. Daha sonra onun üzərinə polis əməkdaşları baxış keçirsələr də, üzərində başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, onu 26-cı polis bölməsinə aparmışlar. Polis bölməsində onun iştirakı ilə üzərindən götürülən psixotrop maddə metamfetaminə və mobil telefona, eləcə də, üstü yoxlanılarkən çəkilmiş video-görüntüyə baxış keçirilmişdir. Bundan sonra, barəsində şübhəli şəxsin tutulması haqqında qərar qəbul edilmiş və qərar ona elan edilmiş, ona Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, vəkillərin siyahısı ilə tanış olduqdan sonra maddi vəziyyətinin öz hesabına vəkil tutmağa imkan vermədiyini bildirməklə, bu barədə ərizə ilə müraciət etmişdir. Həmçinin, o, Azərbaycan dilində latın qrakifası ilə sərbəst yazıb-oxumasına baxmayaraq, orta təhsilini rus dili üzrə bölmədə aldığına görə zərurət olduğundan rus dili üzrə tərcüməçi dəvət edilmişdir. Bundan sonra, vəkil Nofəl Əhmədov, tərcüməçi Camal Bədəlovun iştirakı ilə ona hüquq vəzifələri izah edilmiş, barəsində şübhəli şəxsin tutulması barədə protokol tərtib edilmiş və izahatı alınmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. Qərəzsiz mənbədən xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar tərəfindən tərtib edilmiş raport əsasında, 03 iyun 2025-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Müvafiq əmrlə əməliyyat qrupunun rəhbəri o özü olmaqla, əməliyyat qrupunun üzvləri Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26cı polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat baş müvəkkili, polis mayoru Şahid2, 26cı polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nətcəsində 03 iyun 2025-ci il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs onlar tərəfindən ünvan 6 ünvanının qarşısında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etməklə, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları olduqlarını deyib, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlı olduqlarını bildirmiş və ona həmin ünvanda video-çəkilişlə üstünün yoxlanılacağını demişlər. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına etiraz etməmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı 26-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən video-çəkiliş aparılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni, həmin şalvarın sol yan cibindən özünə məxsus olan “Samsung” markalı, “Galaxy S21” modelli mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olması, haradan və nə məqsədlə əldə etməsi barədə soruşulduqda, o, həmin bükümün içərisində “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” markalı, “Galaxy S21” modelli mobil telefonun üzərində istifadəsində olan ***-***-**-** nömrənin olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə olan kütlə və bir ədəd “Samsung” markalı, “Galaxy S21” modelli mobil telefon ayrı-ayrılıqda 2 ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən zərflərin üzəri imzalanmışdır. Əlverişli şərait olmadığından orada protokol tərtib etmək mümkün olmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs ilə birlikdə Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə getmişlər. Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasında onun tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan iştirakçılara oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış və çəkilmiş video-görüntü bir ədəd CD diskə köçürülməklə protokola əlavə olunmuşdur. Bundan sonra, keçirilmiş tədbirlər barədə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin rəhbərliyinə raportla məruzə edilmişdir. Araşdırma aparılması 26-cı polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Vüqar Sultanova tapşırılmışdır. X5 tərəfindən video-çəkilişlə Təqsirləndirilən şəxs üstü onlar tərəfindən yoxlanılarkən çəkilmiş video-görüntüyə baxış keçirilmiş, sonuncunun üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər bir ədəd sellofan büküm və bir ədəd “Samsung” markalı, “Galaxy S21” modelli mobil telefon qoyulmaqla, möhürlənib imzalanmış iki ədəd zərf götürülmüşdür. Həmin prosesdə də 26-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən video-çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üstü yoxlanılan zaman təqdim etdiyi 1 ədəd bükümdə olan maddənin “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmadığını, orta məktəbi rus dilində oxusa da, azərbaycan dilində latın qrafikası ilə sərbəst yazıb oxuduğunu bildirmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadə elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.39); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Yasamal rayonu prokuroru Elman Süleymanovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir (i.v.93- 94); Qətimkan tədbiri seçmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.95-96); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2025-ci il tarixli 6/2078 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №170” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,387 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. (i.v.56-59); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış kimyəvi ekspertiza nəticəsində qalıq çəkisi 0,337 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmiş, həmçinin iş üzrə madi sübut növü kimi tanınmış 01 (bir) ədəd CD və 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (i.v.154-162); 03 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair” protokoldan Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlə, həmin şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı, “Galaxy S21” modelli mobil telefonu təqdim etməsi, qeyd olunan kütlə və mobil telefonun ayrı-ayrı zərflərdə qablaşdırılıb götürülməsi, həmin Bölmənin təhqiqatçısı, polis baş leytenantı Vüqar Sultanov tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış təbdirinin keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan təqdim olunan 1(bir) ədəd kağız zərfə və 1 ədəd CD diskə baxış keçirilməsi, diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı sonuncunun əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə olan kütləni, sol yan cibindən isə “Samsung galaxy S21” markalı mobil telefonu çıxarıb təqdim etməsi, təqdim etdiyi bir ədəd bükümün içərisində “patı” adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat verməklə şəxsi istifadəsi üçün aldığını, təqdim etdiyi “Samsung galaxy S21” markalı mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olduğunu bildirməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olması ehtimal edilən bir ədəd bükümün bir zərfdə, “Samsung” markalı, “Galaxy S21” modelli mobil telefonun isə digər zərfdə qablaşdırılaraq götürülməsi, üzərində Təqsirləndirilən şəxs və sonuncunun üstünün yoxlanmasında iştirak edən polis əməkdaşlarının imzası olan hər iki kağız zərfin video-çəkilişdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm və mobil telefonun qablaşdırıldığı zərflərlə eyni olması, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, 01 ədəd bükümdə olan maddənin “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmadığını, orta məktəbi rus dilində oxusa da, azərbaycan dilində latın qrafikası ilə sərbəst yazıb oxuduğunu bildirməsi müəyyən edilmişdir (i.v. 8-9; 15); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. (i.v.111); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə narkoloji ekspertizasının 04 iyun 2025-ci il tarixli 3345 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v.117-118); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı tarixdə tutularaq xx.xx.2026-cı il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 3 azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınan 0,337 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd CD və 01 (bir) ədəd CD disklər iş materiallarında saxlanılmalı (CPM-132), 114 (bir yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19x2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 1.16cı bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19x2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,337 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd CD və 01 (bir) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar