Məhkəmə qərarları › İş №1(004)-577/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-577/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-577/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1959-cu ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sosial təminatlı ev düzəltməkdə köməklik etməsi barədə həqiqətə uyğun olmayan vədlər verməklə onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Kapital Bank”ın qarşısında 3980 manat alıb ələ keçirmiş, daha sonra həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində saat 16:33-də oğlu X2 istifadəsində olan 5411- 2498-1313-7200 nömrəli Leo Bankına məxsus kart hesabına 20 manat, saat 18:58-də həmin ünvandan həmin kart hesabına 2000 manat, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə saat 09:27-də ünvan 3 ünvanından həmin kart hesabına 2000 manat pulu köçürtdürməklə, vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin oktyabr ayında Yasamal rayonunda Xarici İşlər Nazirliyinin arxasında yerləşən “Bolmart” marketdə satıcı işləyən Sahibə adlı şəxslə tanış olmuşdur. Tanış olduğu gündən 2-3 gün sonra yenidən həmin marketə getmişdir. Söhbət əsasında o, Sahibəyə bildirmişdir ki, uzun müddət Əhalinin Dövlət Sosial Müdafiə Nazirliyində işləmişdir. Sahibə Bakı şəhərində kirayə yaşadığını və həmin nazirlikdə tanışlarımın olduğu üçün ondan sosial şərtlərlə ev almağa köməklik etməyini istəmişdir. O, Sahibəyə köməklik edəcəyini söz vermiş, daha sonra Sahibə onu atası ilə yəni Zərərçəkmiş şəxs ilə tanış etmişdir. O, Qəzənfər ilə həmin Bolmart marketdə görüşmüş, Qəzənfər qızının kirayədə yaşadığını və ondan hər hansısa sosial ev almağa köməklik etməyini xahiş etmişdir. O, bunun mümkün olduğunu Qəzənfərə bildirmişdir. Qəzənfər onunla razılaşmış və tarixi dəqiq xatırlamadığı növbəti gün 5 mərtəbə adlanan ərazidə Samovar çayxanasında görüşmüşdür. Görüş zamanı Qəzənfər təqaüd almağı barədə və qızı Sahibənin yaşayış yerindən arayışların lazım olduğunu bildirmişdir. Bütün bu işləri görmək üçün ilkin mərhələdə 8000 manat pul lazım olduğunu bildirmişdir. Qəzənfər onunla razılaşmış, oradan aralaşaraq Qəzənfər pulu düzəltmək üçün yaşadığı rayona qayıtmışdır. xx.xx.2024-cü il tarixdə yenidən Bakı şəhərinə-Yasamal rayonu 5 mərtəbə adlanan ərazidə Samovar çayxanasında görüşmüşlər. O, Qəzənfərdən istədiyi arayışları ona təqdim etmişdir. Qəzənfər ona bildirmişdir ki, pul istifadəsində olan Kapital Banka məxsus plastik kartdadır. Onlar Nəsimi rayonu, Fizuli küçəsində yerləşən Kapital Bankın baş ofisinə yaxınlaşaraq 3980 manat pulu bankomatdan çıxararaq ona vermişdir. Bundan sonra o, Qəzənfərə oğlu Ruslanın istifadəsində olan 5411- 2498-1313- 7200 nömrəli Leo Banka məxsus plastik kartı təqdim etmişdir. X7rşısında sağollaşaraq oradan uzaqlaşmışlar. Daha sonra həmin gün 2000 manat pulu “Milli Ön” ödəmə terminalı vasitəsi ilə onun təqdim etdiyi kart hesabına göndərmişdir. xx.xx.2024-cü il tarixdə həmin kart hesabına yenidən 2000 manat pulu göndərmişdir. Qəzənfər ümumilikdə 8000 manat pulu ona vermişdir. xx.xx.2024-cü il tarixdə o, yenidən Qəzənfər ilə görüşmüş, görüş zamanı yoldaşının xəstələndiyini və 2000 manat pulu düzəldə bilmədiyini bildirmişdir. Qəzənfər qızı ilə rayona geri qayıtmaqlarını bildirərək verdiyi 8000 manat pulu geri tələb etmişdir. O, pulun onda olmadığını, ev düzəltmək üçün Adil adlı şəxsə verdiyini bildirmişdir. Pulu qaytarmaq üçün Qəzənfərdən bir neçə gün vaxt istəmiş, lakin o, Adil adlı şəxsdən pulu geri götürə bilmədiyi üçün geri qaytara bilməmişdir. Əlavə olaraq əvvəllər Əhalinin Dövlət Sosial Müdafiə Nazirliyində işlədiyini, hal-hazırda həmin nazirlikdə tanışlarının olduğunu bildirmişdir. Onun məqsədi Zərərçəkmiş şəxs köməklik etmək olub. Onun Adil adlı şəxsin barəsində heç bir məlumatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qızı Şahid Bakı şəhəri, Yasamal rayonu, Nizami metro stansiyasının yaxınlığında kirayə yaşayır. O, qızının yaşadığı evə 2024-cü ilin oktyabr ayında qonaq getmişdir. Qızı həmin evin yaxınlığında olan Şamil Əzizbəyov küçəsi 88 ünvanda yerləşən “Bolmart” marketində satıcı işləyirdi. Həmin marketdə olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bir qədər söhbət etdikdə Təqsirləndirilən şəxs Sosial Təminatda işlədiyi ona məlum olmuşdur. O, İsmayıla qızının kirayədə yaşadığını və hər hansısa ev almağa köməklik etməyini istəmişdir. İsmayıl onunla razılaşmış və tarixi dəqiq xatırlamadığı növbəti gün 5 mərtəbə adlanan ərazidə Samovar çayxanasında görüşmüşlər. Görüş zamanı təqaüd almağı barədə arayış və qızı Sahibənin yaşayış yerindən arayış lazım olduğunu bildirmişdir. Bütün bu işləri görmək üçün ilkin mərhələdə 15000 manat pul lazım olduğunu bildirmişdir. O, həmin məbləğdə pulunun olmadığını, ancaq 8000 manat pulunun olduğunu demiş, İsmayıl 8000 manat pulun üzərini düzəldərək 10000 manat etməsini bildirmişdir. Qalan 5000 manat pulu isə sosial təminat düzəldəcəyini demiş və o, İsmayılla razılaşmışdır. Oradan aralaşaraq yaşadığı rayona qayıtmışdır. xx.xx.2024-cü il tarixdə yenidən Bakı şəhərinə gəlmiş və İsmayıl ilə yenidən 5 mərtəbə adlanan ərazidə Samovar çayxanasında görüşmüşlər. İstədiyi arayışları ona təqdim etmiş və İsmayıla bildirmişdir ki, pul istifadəsində olan Kapital Banka məxsus plastik kartdadır. Buna görə onlar Nəsimi rayonu, Fizuli küçəsində yerləşən Kapital Bankın baş ofisinə yaxınlaşmış, 3980 manat pulu bankomatdan çıxararaq İsmayıla vermişdir. Bundan sonra o, İsmayıldan hər hansısa kart hesabı istəmişdir ki, qalan 6020 manat məbləğində pulu ona köçürmə etsin. İsmayıl 5411-2498-1313-7200 nömrəli Leo Banka məxsus plastik kartı ona təqdim etmiş və o, İsmayıldan ayrılmış, yenidən qızı Sahibənin işlədiyi Bolmart marketə yaxınlaşmışdır. Oradan İsmayılın kartına 20 manat pulu göndərmişdir. Bundan sonra yenidən bankomat vasitəsi ilə 2000 manat pulu çıxararaq İsmayılın kart hesabına “Milli Ön” ödəmə terminalı vasitəsi ilə göndərmişdir. xx.xx.2024-cü il tarixdə həmin rəqəmləri qızı Sahibəyə təqdim etmiş və qızı Sahibənin kartından Cəfər Cabbarlı küçəsində yerləşən Kapital Bankın bankomatından çıxararaq, “Milli Ön” ödəmə terminalı vasitəsi ilə yenidən 2000 manat pulu İsmayılın kart hesabına göndərmişlər. Ümumilikdə 8000 manat pulu İsmayıla vermişdir. Bundan sonra yenidən yaşadığı Sabirabad rayonuna qayıdaraq qalan 2000 manat pulu düzəltsin. Rayonda olarkən o, həmin məbləğdə pulu düzəldə bilməmişdir. xx.xx.2024-cü il tarixdə televizora baxan zaman Polis əməkdaşlarının bu cür halllarla bağlı dələduzluqlara aldanmamaq ilə bağlı şəkil göstərilmişdir. Həmin an o, İsmayılın onu aldatdığını anlamışdır. xx.xx.2024-cü il tarixdə o, yenidən Bakı şəhərinə gələrək İsmayılı görüşə dəvət etmiş və həmin vaxt İsmayıl pulun qalanını verdiyini zənn edərək yenidən onunla görüşmüşdür. Görüş zamanı yoldaşının xəstələndiyini bildirərək 2000 manat pulu düzəldə bilmədiyini demişdir. O, qızı ilə rayona geri qayıdacaqlarını, buna görə də verdiyi 8000 manat pulu geri tələb etmişdir. İsmayıl müxtəlif bəhanələr gətirərək aldığı pulun geri qaytarılmaması üçün vaxt qazanmağa çalışmışdır. Pulu geri qaytarması üçün növbəti həftənin 6-cı gününə görüş təyin etmişdir. Lakin İsmayılın dediyi vaxt İsmayılla əlaqə saxladıqda yenidən müxtəlif bəhanələr gətirmişdir. Həmin vaxtdan bu zamana qədər o, İsmayıl ilə əlaqə saxlaya bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, evinin yaxınlığında olan Şamil Əzizbəyov küçəsi 88 ünvanda yerləşən “Bolmart” marketində satıcı işləyirmiş. Atası həmin marketdə olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Atası bir qədər söhbət etdikdə Təqsirləndirilən şəxs Sosial Təminatda işlədiyi atasına məlum olmuşdur. Atası İsmayıla onun kirayədə yaşadığını və hər hansısa ev almağa köməklik etməyini istəmişdir. İsmayıl atası ilə razılaşmışdır. İsmayıl həmin evi düzəltməkdə köməklik etməyi üçün 10000 manat lazım olduğunu bildirmişdir. Daha sonra atası İsmayıl ilə görüşmüş, atası yenidən onun yanına gedərək İsmayıla 3980 manat pul verdiyini ona demişdir. Daha sonra atası onun yanından İsmayılın kartına 20 manat pulu göndərmişdir. Bundan sonra yenidən bankomat vasitəsi ilə 2000 manat pulu çıxararaq İsmayılın kart hesabına “Milli Ön” ödəmə terminalı vasitəsi ilə göndərmişdir. xx.xx.2024-cü il tarixdə həmin rəqəmləri atası ona təqdim etmiş və atası Cəfər Cabbarlı küçəsində yerləşən Kapital Bankın bankomatından çıxararaq, “Milli Ön” ödəmə terminalı vasitəsi ilə yenidən 2000 manat pulu İsmayılın kart hesabına göndərmişlər. Atası ümumilikdə 8000 manat pulu İsmayıla vermişdir. Bundan sonra atası yenidən yaşadığı Sabirabad rayonuna qayıtmışdır ki, qalan 2000 manat pulu düzəltsin. Atası rayonda olarkən həmin məbləğdə pulu düzəldə bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, atası Zərərçəkmiş şəxs Sabirabad rayonunda yaşadığı üçün, gəlib getmək çətin olduğu üçün o, mürəciət etmişdir. 8000 manat pul onun atası Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış aparılması haqqında” 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ünvan 4 ünvanında olan “Milli Ön” ödəmə terminalını göstərib həmin ünvanda terminal vasitəsilə İsmayıl adlı şəxsin bank kartına 2000 və 20 manat pul göndərdiyini bildirdi. Bundan sonra Zərərçəkmiş şəxs ünvan 5 ünvanında olan Kapital Banka məxsus bankomatı və Bankomatın yanında olan ödəmə terminalını göstərib həmin bankomatdan pul çıxardığını, daha sonra terminal vasitəsilə İsmayıl adlı şəxsin kart hesabına köçürdüyünü bildirdi. Bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində yerləşən Milli Bankın yaxınlığında olan avtomobil dayanacağı olan yeri göstərib İsmayıl adlı şəxsə 3980 manat pulu əlbəəl verdiyini bildirdi. Hadisə yerlərinə baxış zamanı Zərərçəkmiş şəxs iştirakı ilə fotoşəkillər çəkilib protokola əlavə edildi (i.v. 35-44). Qəbzlərdən görünür ki, m10 vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 18:58-də X1 son 8 rəqəmi – 13137200 ilə bitən Leo bank kartına 2.000 manat və həmin tarixdə saat 16:33də isə 20 manat, həmçinin xx.xx.2024-cü il tarixdə saat 09:27-də həmin kart hesabına 2000 manat pul köçürmüş, bundan başqa ağ vərəq üzərində olan yazıdan görünür ki, həmin vərəqin üzərində 5411-2498-1313-7200 – X4, Təqsirləndirilən şəxs – 3980 manat nəğd əlinə vermişəm (i.v. 58). 17 may 2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, İstintaq zamanı iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (i.v. 98-103). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: “Tutma haqqında” 16 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində ünvan 6 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v. 66). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-392/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmaması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında azad edilməsi qərara alınmışdır (i.v. 113-117). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 17 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 118). “Qətimkan tədbirlərinin tələblərini pozduğu üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında” 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən ediləcəyi təqdirdə tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilməsi, qərarın icra olunması üçün Yasamal rayon Polis İdarəsinin CAŞ-nə göndərilməsi qərara alınmışdır (i.v. 127-128). “Tutma haqqında” 09 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Yasamal rayonunda yerləşən 20 Yanvar metrostansiyasının çıxışının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v. 134). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 10 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 69.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir.Qeyd xx.xx.2019-cu ildə cəriməni tam ödədiyi üçün çıxarılmışdır. (i.v. 137-138). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-698/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 sentyabr 2025-ci il tarixdən hesablanmaqla 01 ay 11 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 145-149). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşlı olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət hüququnun mahiyyəti ondan ibarətdir ki, cəza yalnız törədilmiş əmələ adekvat olmalı deyil, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini, onun həyat şəraitini, ailə vəziyyətini və gələcəkdə islah olunma ehtimalını nəzərə almalıdır. Bu iş üzrə məhkəmə müəyyən etmişdir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, əməlindən peşmançılıq hissi keçirmiş, bu barədə həm istintaq, həm də məhkəmə icraatında ardıcıl davranış nümayiş etdirmişdir. Bu, onun gələcəkdə cəmiyyət üçün təhlükəli olmaması və islah olunma ehtimalının yüksək olduğunu göstərir. Təqsirləndirilən şəxs hazırda 66 yaşındadır, törətdiyi əməli səmimi etiraf etmiş, əməlindən peşman olmuşdur. Bu hallar cəzanın yalnız cəzavermə məqsədini deyil, həm də sosial ədalət prinsipini nəzərə almağı tələb edir. Tam real azadlıqdan məhrumetmə cəzasının tətbiqi onun özünə, səhhətinə və ailəsinə ciddi mənfi təsir göstərəcək, onların sosial rifahını pisləşdirəcəkdir. Bu isə cəza siyasətində humanizm prinsipinə zidd olardı. Digər mühüm məqam ondan ibarətdir ki, təqsirləndirilən şəxs istintaq dövründə müəyyən müddət real həbsdə saxlanılmışdır. Bu müddət ərzində o, həm azadlıq məhdudiyyətlərinin, həm də cəzanın qaçılmazlığı prinsipinin təsirini hiss etmişdir. Həbsdə qalması ona törətdiyi əmələ görə məsuliyyətini dərk etməkdə və davranışını dəyişməkdə kifayət qədər tərbiyəvi təsir göstərmişdir. Bu da göstərir ki, əlavə real həbs cəzasına ehtiyac yoxdur. O da qeyd edilməlidir ki, təqsirləndirilən şəxs hər bir məhkəmə iclasında zərərçəkmiş şəxsə qismən ödəniş etmək istədiyini bildirmiş, lakin zərərçəkmiş şəxs ona dəymiş ziyanı tam şəkildə qəbul edə biləcəyini bildirərək qismən ödənişdən imtina etmişdir. Bütün bu halları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs barəsində real azadlıqdan məhrumetmə cəzasının tətbiqi məqsədəuyğun deyil. Onun törətdiyi cinayət əməlinə adekvat reaksiya verilməsi, ictimai ədalətin təmin olunması və islah məqsədlərinə nail olunması üçün azadlığın məhdudlaşdırılması cəzası daha balanslı, ədalətli və humanist yanaşmadır. Bu cəza həm törədilmiş əmələ görə məsuliyyət hissini təmin edir, həm də şəxsin ailə və sosial həyatla bağlı əlaqələrinin qopmasının qarşısını alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs təqdim etdiyi, “Pashapay” ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs oğlu X2 istifadəsində olan son 8 rəqəmi 13137200 nömrəli Leobank kartına göndərilən 4020 manat pulun qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Zaqatala rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixdən 17 may 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət, həmçinin 09 sentyabr 2025-ci il tarixdən hazırki tarixədək həbsdə saxlandığı 02 ay 11 gün müddət, cəmi 02 ay 12 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 ay 24 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 07 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilsin. İş üzrə maddi sübut – Zərərçəkmiş şəxs təqdim etdiyi, “Pashapay” ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs oğlu X2 istifadəsində olan son 8 rəqəmi 13137200 nömrəli Leobank kartına göndərilən 4020 manat pulun qəbzi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar