Məhkəmə qərarları › İş №1(004)-58/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-58/2021

25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-58/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi (arvadı) X2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 14-15 radələrində Yasamal rayonu, Yeni Yasamal-1, ev 5 nömrəli binanın arxa tərəfində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən baş zərbəsi ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə vuraraq sonuncuya üst dodağın içəri səthinin əzilmiş yarası burun nahiyəsinin şişkinlik halında əzilməsi kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24B ünvanı ilə üz-üzə yerləşən tikintidə usta işləməklə, iş fəaliyyəti tikintidə beton dəmirlərini bağlamaqdan ibarətdir. İşlədiyi tikintidə çoxlu usta və fəhlələr işləyir. Həmin tikintidə işləyən Zərərçəkmiş şəxs ilə tanışlığı yaranmış, Zərərçəkmiş şəxs ilə yaxın tanışılığı olmuşdur. O, xx.xx.2020-ci il tarixdə həmişə olduğu kimi səhər radələrində işə gəlmiş, işləri ilə məşğul olmuşdur. Təxminən saat 14-15 radələrində başqa bir iş yoldaşı ilə aralarında iş barədə narazılıq yaranmış, bu zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, mübahisə etməmələrini bildirmişdir. Bu səbəbdən Rəşad ilə aralarında qısa narazılıq yaranmış, Rəşad söhbətlərini tikintidən kənarda davam etdirməyi istəmişdir. Rəşad tikintidən çölə çıxmış, o da Rəşadın arxasınca tikintidən çölə çıxmışdır. Onlar yaxınlıqda yerləşən “Bizim Market” ticarət obyektinin arxasına Yasamal rayonu, Yeni Yasamal-1, ev 5 nömrəli binanın arxa tərəfinə insanların olmadığı yerə keçmişlər. Həmin yerdə Rəşad əsəbi formada onun üzərinə doğru gəlmiş, o, kəllə ilə Rəşadın üz nahiyəsindən bir dəfə vurmuşdur. Rəşad yerə yıxılmış, o uzaqlaşıb getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi vaxtdan 4 ay əvvəldən Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24B ünvanı ilə üz-üzə yerləşən tikintidə usta işləyərkən digər usta Təqsirləndirilən şəxs ilə yaxın tanışlıq münasibətləri yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə işdə olan zaman təxminən saat 14-15 radələrində Təqsirləndirilən şəxs başqa iş yoldaşı ilə sözlü mübahisə etdiyini görmüş, Babəkin mübahisə etməməsini məsləhət bilmiş, bu zaman aralarında qısa narazıçılıq yaranmışdır. O, Babəkə iş yerində mübahisə etməməyi, kənara çəkilib söhbət edib, bir-birilərini başa düşmələrini demişdir. Babək ilə digər usta və fəhlələrin müşayiəti olmadan tikintidən çölə çıxmışlar. Onlar yaxınlıqda yerləşən “Bizim Market” ticarət obyektinin arxasına, Yasamal rayonu, Yeni Yasamal-1, ev 5 nömrəli binanın arxa tərəfinə insanların olmadığı yerə keçmişlər. Həmin yerdə o Babəkə heç bir söz demədiyi halda Babək bir anda geriyə dönüb kəllə ilə onun üz nahiyəsindən bir dəfə vurmuş, o, zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra o, ayağa durub polisə müraciət edəcəyini demiş, bu zaman Babək oradan uzaqlaşıb getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi (arvadı) X3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində işin icraatına xitam verilməsinə etiraz etmir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə mübahisə etdikləri hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 5 nömrəli binanın arxa tərəfidir. Sözügedən ərazi insanların demək olar ki, hərəkət etmədikləri sakit ərazidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X5” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 900 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - üst dodağın içəri səthinin əzilmiş yarası, burun nahiyəsinin şişkinlik halında əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi qəsəbə nümayəndəliyinə heç bir əks məlumat daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi (arvadı) X3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışdır, Zərərçəkmiş şəxs vurulmuş ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun və Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-296/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli vəkil hesabatından aydın olur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilməklə, 45 (qırx beş) saat hüquqi yardım göstərilmişdir. Lakin təqsirləndirilən şəxs X1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə baölı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın ağlabatan müddətə - 25 (iyirmi beş) iş saatına bərabər hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat, Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar