Məhkəmə qərarları › İş №1(004)-580/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-580/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-580/2022 15.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 09:58 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X8 qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1989-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib üstündə saxlamaqla daşımışdır Beləki, o, 01 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu “Sovetksi” adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,289 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış və 01 sentyabr 2022-ci il tarixdə saat 16:00 dəqiqədə ünvan 3 ünvanın qarşısında Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq idarənin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,289 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 sentyabr 2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri Yasamal rayonu “Sovetski” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün bir ədəd bükülmüş vəziyyətdə olan narkotik vasitə olan heroini alıb sonra istifadə etməsi üçün əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin gün, saat 16 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. O, da polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa, onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində “heroin” olan bir ədəd ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni həmin gün səhər saatlarında Bakı şəhəri Yasamal rayonu “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manata almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Şəhər, Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitə əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 01 sentyabr 2022-ci il tarixdə o, və həmin bölmənin əməliyyat müvəkkili Şahid2 Elçin oğlundan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 01 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində ünvan 3 ünvanın qarşısında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə Polis İdarəsinə gəlmiş və burada xidməti otaqların birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü könüllü оlаrаq çıхаrıb pоlis əməkdаşlаrınа təqdim еtmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan narkotik vasitə olan heroindir. Həmin heroini 01 sentyabr 2022-ci il tarixdə tarixdə Bakı şəhəri Yasamal rayonu “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd ağ rəngli kağız bükümün içərisində olan narkotik vasitənin heroin olmasını və şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə Bakı şəhəri Yasamal rayonu “Sovetski” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manat müqabilində əldə etməsini göstərmişdir. (i.v. 34-35) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 02 sentyabr 2022-ci il tarixli 6/4700 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,289 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 42-45) “DVD-R diskinə baxış keçirilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 01 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Yasamal RPİ-nin Narkotiklərlə Mübrizə bölməsinin əməkdaşlarının və 22 saylı vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində heroin olan bir ədəd ağ rəngli kağız bükümü çıxararaq təqdim etmiş və narkotik vasitə heroini şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə Bakı şəhəri Yasamal rayonu “Sovetski” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manat müqabilində əldə etməsini göstərmişdir. (i.v. 83-84) “Maddi sübut kimi tanınma haqqında” 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində DVD-R 16 X yazısı həkk olunmuş bir ədəd “GOLD” markalı DVD-R modelli disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 85-86) “Maddi sübut kimi tanınma haqqında” 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 0,289 qram çəkidə narkotik vasitə heroin isə 20 sentyabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq tədqiqat keçirildikdən sonra qalan 0,239 qram hissəsi Yasamal RPİnin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 87) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 nəticələrinə dair 10 noyabr 2022-ci il tarixli 6696 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 116-117) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,289 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 23) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 74-76) “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 77-78) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 82) “Axtarışda olan şəxsin könüllü gəlməsi barədə” 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 05 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Bakı şəhəri Yasamal RPİ-nin Cinayət Axtarış şöbəsinə gəldiyindən həmin şöbənin əməkdaşları tərəfindən tutularaq Yasamal RPİ-nin X5 təhvil verilmişdir. (i.v. 106) “Təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin təsdiq edilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 07 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 03 sentyabr 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və o, Bakı şəhəri Yasamal RPİnin X4 azad edilmişdir. (i.v. 112-113) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və 05 noyabr 2022-ci il tarixdən 07 noyabr 2022-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,289 qram qalıq çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzərində DVD-R 16 X yazısı həkk olunmuş bir ədəd “GOLD” markalı DVD-R modelli 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə narkoloji ekspertizanın rəyinə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 01 sentyabr 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün və saxlanıldığı 05 noyabr 2022-ci il tarixdən 07 noyabr 2022-ci il tarixədək 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il, 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,239 qram qalıq çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, üzərində DVD-R 16 X yazısı həkk olunmuş bir ədəd “GOLD” markalı DVD-R modelli disk cinayət işinin materiallarında saxlanılsın Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar