Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-584/2022 26.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 9-cu korpus, ev 44-də pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 8 avqust 2022-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən «150 Bar & Grill» restoranının giriş qapısından qanunsuz daxil olaraq restoranın saxlanc yeri hesab edilən ambarından hər birinin dəyəri 140 (yüz qırx) manat 47 qəpik olmaqla ümumilikdə 280 (iki yüz səksən) manat 94 qəpik dəyərində 02 ədəd 1 litirlik Chivas 18 markalı viskini, ayrı-ayrılıqda hər birinin dəyəri 79 (yetmiş doqquz) manat 88 qəpik olmaqla ümumilikdə 159 (yüz əlli doqquz) manat 76 qəpik dəyərində 02 ədəd 0.7 litirlik Glenmorangie lasanta markalı viskini, ayrı-ayrılıqda hər birinin dəyəri 70 (yetmiş) manat olmaqla ümumilikdə 140 (yüz qırx) manat dəyərində 02 ədəd 1 litirlik Chivas 12 markalı viskini, 01 ədəd 85 (səksən beş) manat 59 qəpik dəyərində 0.7 litirlik Balvenie 12 markalı viskini, 01 ədəd 201 (iki yüz bir manat) 10 qəpik dəyərində 1 litirlik Gienfiddich 18 markalı viskini, 01 ədəd 73 (yetmiş üç) manat 05 qəpik dəyərində 0.7 litirlik Talısker markalı viskini və 01 ədəd 44 (qırx dörd) manat 70 qəpik dəyərində 0.7 litirlik Grey Cardinal markalı arağı gizli olaraq talayıb Zərərçəkmiş şəxs 985 (doqquz yüz səksən beş) manat 14 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azadlığa çıxdıqdan sonra iş tapmaq qərarına gəlmiş və bu məqsədlə 08 avqust 2022-ci il tarixdə «Papanin» körpüsünün altındakı «qul bazarına» gəlmişdir. Lakin burada iş tapa bilməmiş və bu səbəbdən əsəbiləşərək həmin gün narkotik vasitə olan metamfetamin qəbul etmişdir. Bundan sonra o, həmin gün, səhər saat 08 radələrində sərxoş vəziyyətdə İzmir küçəsində gəzdiyi zaman burada yerləşən, üzərində “150” yazılmış restoranın qapısının açıq olduğunu görərərək içki almaq məqsədilə həmin qapıdan restorana daxil olmuşdur. Restorana daxil olduğu zaman orada heç kim olmamış və o, təxminən beş dəqiqə ərzində restoran işçilərinin gəlməsini gözləmişdir. Heç kəsin olmadığını gördükdən sonra o, restoranda yerləşən içki barının arxasına keçmiş və orada olan qapıdan qanunsuz olaraq içkilərin saxlanıldığı anbara daxil olmuşdur. Daha sonra o, həmin anbarda yerləşən təxminən yeddi-səkkiz ədəd içkini götürərək oğurlamış və oradan uzaqlaşmışdır. Oğurladığı içkilərin bir qismini sataraq 400 manat məbləğində pul əldə etmişdir. Əldə etdiyi pulları müalicəsinə xərcləmişdir. Əməlindən peşmandır. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Yasamal rayonu İzmir küçəsində yerləşən «150 Bar & Grill» Restoranını faktiki olaraq həmin restoranı icarə müqaviləsi əsasında idarə edir. 08 avqust 2022-ci il tarixdə səhər restorana işə gəldiyi zaman həmin restoranın xadiməçiləri tərəfindən restorana bitişik anbarda yerləşən spirtli içkilərin sayında azalma müşahidə edildiyi üçün onların oğurlanması barədə ona məlumat verilmişdir. Bundan sonra o, AR DİN-in 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişdirlər. Bundan sonra naməlum şəxsin restoranın içərisində yerləşən içki barının arxasına keçərək oradan olan qapıdan saxlanc yerinə qanunsuz olaraq daxil olması və oradan ümumilikdə dəyəri 985 manat olan içkilərin oğurlanması ona məlum olmuşdur. Həmin vaxt anbarın qapısı bağlı olmuş və oraya kənar şəxslərin daxil olması qadağan olmuşdur. Həmin vaxt anbardan dəyəri 140 manat 47 qəpik olan 02 ədəd 1 litirlik “Chivas 18” markalı viski, 70 manat dəyərində 02 ədəd 1 litirlik “Chivas 12” markalı viskini, 85 manat 59 qəpik dəyərində 0.7 litirlik “Balvenie” 12 markalı viskini, 201 manat 10 qəpik dəyərində 1 litirlik “Gienfiddich 18” markalı viskini, 73 manat 05 qəpik dəyərində 0.7 litirlik “Talısker” markalı viskini və 44 manat 70 qəpik dəyərində 0.7 litirlik “Grey Cardinal” markalı araqın oğurlanmışdır. Bundan sonra ona məlum olmuşdur ki, qeyd edilən oğurluq əməlini Təqsirləndirilən şəxs törətmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməməsinə baxmayaraq ona qarşı heç bir tələb və şikayətinin olmadığını, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 08 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin ünvan 1 ünvanında yerləşən «150 Bar & Grill Club» Restoranı olduğu müəyyən edilmiş, baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilərək götürülməmişdir. (i.v. 4-8) “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən «150 Bar & Grill Club» restoranını və orada törətdiyi oğurluq hadisəsinin gedişatını əyani olaraq göstərərək əvvəl istintaqa vermiş olduğu ifadəsini tamamilə təsdiq etmişdir. (i.v. 39-42) “Video görüntülərə baxış keçirilməsi haqqında” 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, şəxsiyyəti istintaq zamanı müəyyən edilmiş Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə səhər saat 08 radələrində «150 Bar & Grill Club» restoranının qarşısında əlində ağ sellofan torba piyada hərəkət edir. Daha sonra Təqsirləndirilən şəxs restorana daxil olması və oradan oğurladıqları spirtli içkiləri sellofan torbalara yığıb restoranla üzbəüz naməlum taksiyə minib uzaqlaşması müşahidə edilmişdir. (i.v. 66) “Sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin 27-ci polis bölməsi tərəfindən təqdim edilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən video görüntüləri əks etdirən bir ədəd yaddaş daşıyıcısı aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan, maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 99-105) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:20-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 29) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 4(004)- 683/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 63-64) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 1(001)-267/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildə Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə və 01 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum dilmiş və sonuncu dəfə Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 74-76, 82-87) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Aslanov X3 Rayon Məhkəməsinin 7(001)- 480/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvvəl azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığı üçün həmin tarixdə İdarənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 29 aprel 2019-cu il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 16 avqust 2022-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd yaddaş daşıyıcısı cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd yaddaş daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-584/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-584/2022
26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver