Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-585/2023 28.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkil Müdafiəçi2 İdris oğlu, Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,004 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Yasamal Rayon Polis idarəsinin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin tarixdə saat 18:00-da Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 19 ünvanının qarşısında saxlanılıb 26-cı Polis bölməsinə aparılaraq, orada videoçəkiliş ilə üzərində keçirilmiş şəxsi axtarış zamanı əyinində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə 1,004 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 25 may 2023-cü il tarixdə 13:00 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisfhdəki "Kubinka" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manata bir ədəd şəffaf sellofana bükülmüş heroini almışdır. Heroini ağrılarının azadlması üçün şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Həmin tarixdə saat 18:00-da isə ünvan 2 ünvanın qarşısında əvvəllər tanımadığı polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişdir. Polis bölməsində şübhəli şəxs qismində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, daha sonra onun istəyi əsasında dövlət hesabına təmin edilmiş və müdafiəçinin iştirakı ilə videoçəkilişlə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilən zaman, bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Həmin maddə ondan götürülmüşdür, bu barədə protokol tərtib edilmişdir. Götürülmüş heroin zərfdə qablaşdırılmış, zərf və qeyd etdikləri barədə tərtib edilmiş protokol tərəfindən və digər bu prosesdə iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. 26 may 2023-cü il tarixdə ittiham elan edilərkən məsuliyyətdən kənarda qalmaq niyyəti ilə protokolları imzalamaqdan imtina etmişdir. Əməlini etiraf etməsini, himayəsində 1 azyaşlı uşağının olmasını və səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 may 2023-cü il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün tərəflərindən Yasamal RPİ-nin 26-cı PBnin rəhbərliyinə raportla məruzə olunub, icazə alındıqdan sonra əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. 25 may 2023-cü il tarixdə saat 18.00 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs tərəfimizdən müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmiş və sonuncu onlarla birlikdə polis bölməsinə getməyə razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərsində narkotik vasitə - heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, mäddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 170 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri isə şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Həmin aşkar olunmuş maddə nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi suai edildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə - heroinin özünə məxsus olduğunu, həmin maddəni 25 may 2023-cü il tarixdə saat 13 radələrində Nəsimi rayonu ərazisində "Kubinka" adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3030 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,004 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 7536 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 16 noyabr 2011-cı il təvəllüdlü X5 adlı övladı vardır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasının əvvəli 10 iyul 2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 24 gün vaxtından əvvəl şərti azad edilməklə 14 sentyabr 2022-ci ildə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan tələbnamədən və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli 2023-cü ilin may ayında törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl, həmin hökm qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməllərini törədərkən məhkum edilməmişdir. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Bununla da, onun əməli residiv sayılmalıdır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəza təyin edərkən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində barəsində «həbs» qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar çıxarılmışdır. Bununla da, təqsirləndirilən şəxs həmin cinayət işi üzrə 2 gün həbsdə olmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə də 2 gün həbsdə olmuş, ümumilikdə 4 gün həbsdə olduğu müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 05 ay 26 gün (iki il beş ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 12 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətmkan tədbiri seçilsin, həbsdə olması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat (səksən bir manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,954 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 İdris oğluna ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev
Məhkəmə qərarları › İş №1(004)-585/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-585/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver