Məhkəmə qərarları › İş №1(004)-585/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-585/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-585/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 14 fevral 2024-cü il tarixdə saat 10 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 2 ünvanında masanın üzərində olan sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 4169-7388-8142-4810 saylı plastik kartı özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş digər plastik kartla dəyişib ələ keçirərək, həmin gün, yəni 14 fevral 2024-cü il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən Kapital Bank ASC-ə məxsus bankomata daxil etməklə həmin kartdan 1017 manat pulu çıxarmaqla Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs ilə birlikdə “Puşkin” adlanan kafedə işləmiş və eyni məhlədə kirayədə yaşayırmışlar. Onlar yaşadığı mənzillər yan yana olduğu üçün tez-tez Dürdanənin yaşadığı evə gedirmiş. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Dürdanənin evinə getmişdir. Həmin vaxt Dürdanə ona özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş plastik kartı ona verib məxfi kodu bildirmiş və ondan kommunal borcunu ödəməyi xahiş etmişdir. Bundan sonra Dürdanəyə məxsus "xxxx" ASC tərəfindən verilmiş plastik karta mobil tətbiq vasitəsi ilə daxil olan zaman həmin kartda təxminən 1021 manat pul olduğunu görmüşdür. Mobil tətbiq vasitəsi ilə 03 manat işiq pulunu ödədikdən sonra kartı otaqda yerləşən masanın üzərinə qoymuşdur. Bundan sonra Dürdanə sanitar qovşağa keçən zaman o öz üzərində olan "xxxx" ASC tərəfindən verilmiş plastik kartı Dürdanənin plastik kartı ilə dəyişdirmişdir. Həmin kartların xarici görünüşləri eyni olduğu üçün Dürdanənin bundan xəbəri olmayaçağını düşünmüşdür. Çay içdikdən sonra heçnə olmamış kimi Dürdanənin evindən çıxaraq Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsinə gəlmişdir. Orada "xxxx" ASC-ə məxus bankomatdan istifadə edərək Dürdanənin kartından 1017 manat pulu çıxarmışdır. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 50-52-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, hal hazırda heç bir yerdə işləmədiyi üçün Salyan rayonunda yaşayırmış. Təxminən 4 ay Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında yerləşən “Puşkin” kafesində xadiməçi işləmişdir. Həmin vaxt Elnur adlı şəxsdə həmin kafedə işləyirmiş. O, ünvan 4 ünvanında kirayədə yaşayırmış. Elnurda onun yaşadığı evin yanında kirayədə yaşayırmış. Elnurla həm qonşu həmdə bir yerdə işlədiyi üçün Elnur tez-tez onlara gəlib gedirmiş. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Elnur onlara gəldiyi üçün ona bildirmişdir ki, işiq pulunu ödəsin. Lakin Elnur onun telefonuna baxan zaman Kapital Bankın mobil tətbiqinə daxil ola bilmədiyini kartı və kartın 4 rəqəmli məxfi kodunu ona verməyini və tətbiqə daxil etməyi bildirmişdir. Buna görədə Elnura ona məxsus Kapital Bank ASC tərəfindən verilmiş 4169-7388-8142-4810 saylı plastik kartı və kartın 4 rəqəmli məxfi kodunu demişdir. Lakin Elnur məxfi kodun səf olduğunu bildirirək Kapital Bankın qaynar xəttinə zəng edilməli olduğunu demişdir. Kapital Bankın qaynar xəttinə zəng etdikdən sonra texniki nasazlıq aradan qalxdığı üçün mobil tətbiqə daxil olmaq mümkün olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 09:23 radələrində Elnur mobil tətbiq vasitəsi onun kirayədə yaşadığı mənzilin işiq pulunu onun Kapital Bank ASC tərəfindən verilmiş 4169-7388-8142-4810 saylı kartından 3 manat pul ödədikdən sonra kartı otaqda stolun üzərinə qoymuşdur. Bundan sonra Elnur bildirmişdirki evdə şiriniyyat var gedib gətirsin çay içsinlər. Həmin vaxt o Salyan rayonunda toy məclisinə getmək üçün hazırlaşırmış. Elnur kartı stolun üstünə qoyduğu üçün əhəmiyyət verməyərək sanitar qovşağa keçmişdir. Təxmin 2-3 dəqiqə sonra Elnur çay içdikdən sonra çıxıb getmişdir. O da paltarlarını və digər əşyalarını yığaraq Salyan rayonuna getmişdir.xx.xx.2024-cü il tarixdə Salyan rayonunda olan zaman oğlu Yasər Axundov kartını götürərək evə bazarlıq etməsini bildirmişdir. Lakin oğlu evə qayıdaraq kartda pul olmadığını bildirdikdə bunun mümkün olmadığını demişdir. Həmin vaxt oğlunun ona verdiyi karta baxan zaman həmin kartın üzərində olan nömrəsindən ona məxsus olmadığını görmüşdür. Telefonunda mobil tətbiqə baxan zaman isə xx.xx.2024-cü il tarixdə saat 11:08 radələrində kartından 1017 manat pulun çıxarılmasını aşkar etmişdir. Həmin vaxt kartından pulu oğurlayan şəxsin iş yoldaşı Elnur olduğundan şübhələndiyi üçün bu barədə polisə müraciət etmişdir. Həmin vaxt xadiməçi kimi işlədiyi kafeyə zəng edərək Elnurun işə gəlib gəlməməsini soruşduqda Elnurun işə gəlmədiyini bildirilmişlər.Bu zaman o dahada əmin olmuşdurki X6 ASC tərəfindən verilmiş 4169-7388-8142-4810 saylı kartından 1017 manatı oğurlamışdır.Ona aid "xxxx" ASC tərəfindən verilmiş 4169-7388-8142-4810 saylı kartının balansındakı pulun icazəsi olmadan çıxarılmasında şübhələndiyi şəxs Elnur adlı tanışıdır. Çünki sonuncu dəfə kartı Elnura verdikdən sonra kartının növbəti gün kartdan pulun çıxarılmasını aşkar etmişdir.Elnurun soyadının Canbazov olduğunu bilirmiş. Harada olması və anket məlumatlarını tam bilmirmiş.Çünki Elnur hal hazırda kirayədə yaşadığı evdən çıxaraq getmişdir.X7 ASC tərəfindən verilmiş 4169-7388-8142-4810 saylı çıxarılmış məbləğdə, yəni 1017 manat məbləğində maddi ziyan dəymişdir xx.xx.2024-cü il tarixdə kirayə yaşadığı ünvan 4 ünvanında Elnurdan başqa kimsə olmamışdır.Həmin ərəfədə Salyan rayonuna getməyə hazırlaşdığı üçün həmdə Elnur plastik kartı masanın üzərinə qoyduğunu gördüyü üçün kartı o sanitar qovşağında olan zaman dəyişdirərək oğurlamasını görməmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Cəza təyin edilən zaman nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanıdır. (i.v. 11-14) “Diskə baxış keçirilməsi haqqında” 26 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 02 ədəd A4 formatında olan çıxarışda X2 məxsus 416973******4810 saylı plastik kartın çıxarışıdır. xx.xx.2024-cü il tarixdə ünvan 7 ünvanında yerləşən bakomatdan 1017 manat pulun çıxarılması əksin tapmışdır.Həmin məlumatlardan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni məlumat aşkar olunmamışdır. (i.v. 111) “Diskə baxış keçirilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd "xxxx" ASC-dən daxil olmuş diskdə 16 ədəd bankomatdan pulun çıxarılması zaman quraşdırılmış video müşahidə kamerasından qeydə alınmış 16 ədəd fotoşəkil mövcuddur. Həmin foto şəkillərdə əks olunan şəxs xarici əlamətlərinə görə Təqsirləndirilən şəxsdur. Foto şəkillərdə Təqsirləndirilən şəxs qara kepka və qara maskadan istifadə etməsi müəyyən olunur.Həmin məlumatlardan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar olunmamışdır. (i.v. 112) “Sübutların qiymətləndirilməsi haqqında” 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, etdiyindən "xxxx" ASC-dən daxil olmuş 02 ədəd A4 formatına çıxarış maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən "xxxx" ASC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 113-117) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair 22 iyun 2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. CM-nin: 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 02 ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 74-76) “Axtarışda olan şəxsin tutulması barədə” 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:00-da tutulmuşdur. (i.v. 67) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-848/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 02 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 104-106) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan tam ödədiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (i.v. 107) Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, 1017 manat pulu istintaq şöbəsindən təhvil almışdır. (i.v. 107) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Cəza təyin edilən zaman nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 13 sentyabr 2024-cü il tarixdən 06 noyabr 2024-cü il tarixədək olan 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 02 ədəd A4 formatına çıxarış və 01 ədəd CD disk cinаyət işinin mаtеriаllаrındа saxlanılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 13 sentyabr 2024-cü il tarixdən 06 noyabr 2024-cü il tarixədək olan 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 03 (üç) ay 18 (on səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşarış yeri üzrə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut 02 ədəd A4 formatına çıxarış və 01 ədəd CD disk cinаyət işinin mаtеriаllаrındа saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar