Məhkəmə qərarları › İş №1(004)-588/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-588/2024

22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-588/2024 22.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Ramazanov Zəfər Akif oğlunun, Təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlu və onun müdafiəçisi Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Əfəndizadə Həmdiyyə Natiq oğlunun iştirakları ilə, 01 sentyabr 1969-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” təqimkan tədbiri seçilmiş Ramazanov Nizami Yadulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ramazanov Nizami Yadulla oğlu satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə, qanunsuz olaraq xeyli miqdarda əldə etdiyi 1 (bir) ədəd ağrəngli “Winston” markalı siqaret qutusunun içərisində təmiz çəkisi 16,72 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq üzərində gəzdirmiş, xx.xx.2024-cü il tarixdə saat 15:30-də Yasamal rayon polis şöbəsinin 29-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanının qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilmiş, 29-cu PŞ-nin inzibati binasında həmin tarixdə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Winston” markalı siqaret qutusunda 16,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlu məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər dəfələrlə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Sonunu dəfə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilib. Uzun illər müxtəlif narkotik vasitələr qəbul etməsinə baxmayaraq 2021-ci ildə bu əməllərinə son qoymuş, sadəcə vaxtaşırı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 09 aprel 2024-cü il tarixdə yaşadığı evin yanında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq onu 29-cu PŞ-ya dəvət etmişlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Buna baxmayaraq o, polis əməkdaşlarının bu təklifinə etiraz etməmiş və onlarla birlikdə avtomobilə əyləşərək Polis Şöbəsinə getmişdir. Orada olan zaman polis əməkdaşları ona icərisində qurudulmuş marixuana olan “Winston” markalı siqaret qutusu verib, ondan həmin qutunu cibinə qoyub çəkiliş zamanı cibindən çıxarıb özünə məxsus olduğunu və guya tanımadığı şəxsdən aldığını bildirməyini tələb etdilər. O qorxduğu üçün onlara heç bir etiraz etməmiş və polis əməkdaşları tərəfindən ona təqdim olunmuş narkotik vasitəni cibinə qoymuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərinə şəxsi axtarış həyata keçirilmiş. Videoçəkiliş zamanı ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa, onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan yaşıl rəngli şalvarının sağ yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, bir ədəd siqaret qutusunu masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin siqaret qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana var, həmin narkotik vasitəni üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi narkotik vasitəni zərfə qoyub qablaşdırdılar. O həmin zərfi və protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sadıqov Zamin Müşfiq оğlu ifаdəsində göstərmişdir ki, o 29-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ramazanov Nizami Yadulla oğlunun mütamadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin daşıması və istifadə etməsi barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Ramazanov Nizami Yadulla oğlunu cinayət başında ifşa etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə ondan və həmin şöbənin əməliyyat müvəkkili İbadov Ramin Qeybulla oğlundan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində ünvan 2 ünvanının qarşısında Ramazanov Nizami Yadulla oğluna yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Nizami Ramazanov onlarla razılaşaraq birlikdə 29-cu PŞ-nə gəlmiş və orada xidməti otaqların birində video çəkiliş keçirməklə Ramazanov Nizami Yadulla oğlunun üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Nizami Ramazanova təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Bundan sonra Nizami təklifə əsasən əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən siqaret qutusunu könüllü оlаrаq çıхаrıb pоlis əməkdаşlаrınа təqdim еtmişdir. Sorğu zamanı Nizami Ramazanova bildirmişdir ki, təqdim etdiyi bükülünün icərisinə narkotik vasitə olan qurudulmuş marixuana var. Həmin marixuananı üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Bundan sonra Nizami Ramazanovdan götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Ramazanov Nizami Yadulla oğluna heç bir fiziki və psixi təsir göstərilməmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş İbadov Ramin Qeybulla oğlu Sadıqov Zamin Müşfiq oğlu ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ramazanov Nizami Yadulla oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd üzərində “Winston” sözləri yazılmış siqaret qutusunu masanın üzərinə qoymaqla təqdim etməsi, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, istifadə etmək məqsədi ilə “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən 25 manat müqabilində aldığını bildirməsi, həmin kütlənin təhqiqatçı tərəfindən qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 38-39) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tаriхli 3-16-16/2-7/1511 sаylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Ramazanov Nizami Yadulla oğlunun üzərindən...”yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd “Winston” adlı siqaret qutusunun içərisində təmiz çəkisi -16,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. (i.v. 53-56) “Diskə baxış keçirilməsi haqqında” 11 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ramazanov Nizami Yadulla oğlunun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən və cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə tərəfimdən baxış keçirilmiş, şəxsi axtarış və götürmə zamanı tərtib edilən protokolda göstərilənlər, Ramazanov Nizami Yadulla oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd üzərində “Winston” sözləri yazılmış siqaret qutusunu masanın üzərinə qoymaqla təqdim etməsi öz təsdiqini tapmışdır. (i.v. 64) “Maddi sübut kimi tanınma haqqında” 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlunun üzərindən aşkar edilərək götürülüb ekspertizaya təqdim edilmiş təmiz çəkisi 16,72 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından qaytarılmış qalığı 16,67 qram çəkidə qurudulmuş marixuana tərəfimdən işüzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 104) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 10 sentyabr 2024-cü il tаriхli 6142 nömrəli rəyinə əsаsən müayinə zamanı Ramazanov Nizami Yadulla oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 118-119); “Sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Ramazanov Nizami Yadulla oğlunun üzərində şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 132-139) Ramazanov Nizami Yadulla oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. 09 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlı ərazidə zahiri görünüşcə tanısa da, şəxsən tanımadığı və adını bilmədiyi şəxsdən siqaret qutusunun içərisində öz şəxsi istifadəsi üçün qurudulmuş marixuana almış və sonradan istifadə etməsi üçün üzərində saxlamışdır. 09 sentyabr 2024-cü il tarixdə, saat 15:30 dəqiqədə ünvan 5 ünvanının qarşısında ona iki nəfər mülki qeyimdə olan şəxs yaxınlaşaraq özlərini 29-cu Polis Şöbəsinin əməkdaşları kimi təqdim edib, 29-cu Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları vəkilin iştirakı ilə üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmiş. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində tünd göy rəngli kətan şalvarının sağ yan cibindən siqaret qutusunun içərisində olmaqla qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş siqaret qutusunun içərisində olmaqla qurudulmuş marixuana polis əməkdaşları tərəfindən götürülərək, müdafiəçinin və iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 169 saylı möhürlə möhürlənmişdir, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf özü, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, keçirilən bütün prosesslər də müdafiəçisi iştirak etmişdir. Təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlu ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, heç vaxt narkotik vasitə və ya psixotrop maddələri satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almış və üzərindən aşkar olunmuş qurudulmuş marixuananı da şəxsi istifadəsi üçün almışdır. O, azadlığa çıxdıqdan sonra mobil telefondan istifadə etməmiş, saxlanıldığı zaman üzərində mobil telefonu və ya hər hansı bir operatora məxsus mobil nömrəsi olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. (i.v. 74-75) Məhkəmə, təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlunun törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə marixuananın olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahılar”ın İ siyahının 109.1-ci qrafasına əsasən təmiz halda 05 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlunun üzərindən aşkar edilmiş bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 16.72 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Ramazanov Nizami Yadulla oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlunun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 09 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ramazanov Nizami Yadulla oğlu həmin tarixdə saat 16:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 24-25) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 4(004)- 833/2024 nömrəli qərarından görünür ki, Ramazanov Nizami Yadulla oğlu barəsində həbsetmənin əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 90-94) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Ramazanov Nizami Yadulla oğlu Bakı Şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilib. (i.v. 110-113) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Ramazanov Nizami Yadulla oğlunun ağır cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlunun məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 20 aprel 2024-cü il tarixdən hesablanır. Ramazanov Nizami Yadulla oğlu 23 avqust 2023-cü il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlunun əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Ramazanov Nizami Yadulla oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Ramazanov Nizami Yadulla oğluna məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlundan aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 16.67 qram qalıq çəkisi olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlunun ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Ramazanov Nizami Yadulla oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Ramazanov Nizami Yadulla oğlunun CMin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Ramazanov Nizami Yadulla oğlu CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 09 sentyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə qurudulmuş marixuana qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Ramazanov Nizami Yadulla oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Ramazanov Nizami Yadulla oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Əfəndizadə Həmdiyyə Natiq oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Ramazanov Nizami Yadulla oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Əfəndizadə Həmdiyyə Natiq oğluna məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 150 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Ramazanov Nizami Yadulla oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 09 sentyabr 2024-cü il tarixdən hesablansın. Ramazanov Nizami Yadulla oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ramazanov Nizami Yadulla oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 16.67 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Ramazanov Nizami Yadulla oğlundan tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Ramazanov Nizami Yadulla oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Əfəndizadə Həmdiyyə Natiq oğluna məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 150 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar