Məhkəmə qərarları › İş №1(004)-59/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-59/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-59/2021 17.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 1055 məhəlləsində qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, təkrarən məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, eləcə də, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 13:30-da Bakışəhəri, Yasamal rayonu, B.Bağırov kuçəsi, 2 ünvanında quraşdırılmış «xxxx» ASC-yə məxsus ATM-yə yaxınlaşaraq həmin vaxt orada plastik kart vasitəsi ilə təqaüd pulunu çıxarmaq istəyən Zərərçəkmiş şəxs2 pulunun çıxarılmasıilə bağlı köməklik göstərməyi təklif etmiş, sonuncu razılıq verib kartın şifrəsini ona bildirdikdən sonra həmin kartı bankomata daxil edib şifrəni qeyd etməklə kartın balansında olan 880 manat pulun çıxarılması ilə bağlı müvafiq əməliyyatlar aparmasına baxmayaraq güya plastik kartın hesabında pul olmaması barədə Zərərçəkmiş şəxs2 həqiqətə uyğun olmayan məlumat verib sonuncunun həmin yerdən uzaqlaşmasına nail olaraq apardığıəməliyyatlar nəticəsində bankomatdan avtomatik rejimdə təqdim olunan Zərərçəkmiş şəxs2 məxsus 880 manat pulu gizli olaraq talayıb elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 07:04-də ünvan 2 ünvanında quraşdırılmış «xxxx» ASC-yə məxsus ATM-yə yaxınlaşaraq həmin vaxt orada plastik kart vasitəsi ilə pulunu çıxarmaq istəyən Zərərçəkmiş şəxs1 bununla bağlı köməklik göstərməyi təklif etmiş, sonuncu razılıq verib kartın şifrəsini ona bildirdikdən sonra həmin kartı bankomata daxil edib şifrəni qeyd etməklə kartın balansında olan 1010 manat pulun çıxarılması ilə bağlı müvafiq əməliyyatlar aparmasına baxmayaraq güya plastik kartın hesabında pul olmaması barədə Zərərçəkmiş şəxs1 həqiqətə uyğun olmayan məlumat verib sonuncunun həmin yerdən uzaqlaşmasına nail olaraq apardığı əməliyyatlar nəticəsində bankomatdan avtomatik rejimdə təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus 1010 manat pulu gizli olaraq talayıb elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,440 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00-da ayrı-ayrı şəxslərə məxsus bank kartlarından pul vəsaitlərini oğurlamaqda şübhəli bilindiyi üçün Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 520-ci məhəllənin qarşısında saxlanılaraq Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci Polis inzibati binasına gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən həmin narkotik vasitə, yəni bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,440 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda daimi yaşayış yeri olmadığından Yasamal rayon Polis İdarəsinin inzibati binasına müvəqqəti qeydiyyata düşmüş, özü isə Bakı şəhərinin müxtəlif küçə və parklarında gecələmişdir. Əvvəllər təkrar oğurluq və qanunsuz olaraq narkotik vasitə heroin əldə edib, üzərində gəzdirməklə daşıma cinayətləri törətdiyindən, xx xxxxx 2016-cı il tarixli Nəsimi rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2020-ci il tarixdə isə azadlığa buraxılmışdır. Uzun müddətdir narkotik vasitələrdən istifadə edir və bədənində ağrılar olan zaman narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. xx xxx 2020-ci il tarixdə ünvan 3 ünvanının qarşısında olarkən bir nəfər 70-75 yaşlarında kişinin “xxxx” ASC-yə məxsus bankomatdan bank kartını daxil edərək pul çıxarmaq istədiyini, lakin çətinlik çəkdiyini görmüşdür. O, həmin yaşlı kişiyə yaxınlaşaraq ona köməklik etməsini təklif etmiş, həmin kişi onunla razılaşmışdır. Bundan sonra o, həmin əvvəllər tanımadığı kişidən bank kartının şifrəsini soruşmuş, şifrəni öyrəndikdən sonra bank kartını bankomata daxil etmişdir. Həmin gün saat 13:30 radələrində o, bank kartından 80 manat pul çıxararaq ələ keçirdikdən sonra, guya bank kartı ilə əməliyyat apara bilmədiyini bildirərək təxminən 1-2 dəqiqə sonra yenidən bank kartını aparata daxil edələrək şifrəni yığmışdır. Bundan sonra kartın balansında qalmış 800 manat pulu da çıxarmaq üçün əməliyyat aparmış, pul hazırlanarkən kartı tez bankomatdan çıxarıb sahibinə, yəni əvvəllər tanımadığı yaşlı kişiyə verib ona bank kartının balansında pul olmadığını bildirmişdir. Yaşlı kişi ona köməklik etdiyindən minnətdarlığını bildirərək uzaqlaşmış, o isə bankomatdan 800 manat pulu çıxaraq oğurlamışdır. O, həmçinin bildirmişdir ki, bank kartının balansındakı 880 manat pulunu ələ keçirdiyi həmin şəxsi, yəni əvvəllər tanımadığı sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxsi əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. Həmin hadisəni tək olaraq törətmiş, bu barədə hər hansı şəxsə məlumat verməmiş, cinayət yolu ilə əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 07:00 radələrində ünvan 4 ünvanında “Gentleman” mağazasının qarşısında quraşdırılmış «xxxx» ASC-yə məxsus bankomatın yaxınlığında dayanıb bir nəfər yaşlı adam gözləmişdir ki, həmin şəxs bankomatdan pul çıxaranda ona guya köməklik edəcəyini yalandan deyib aldadaraq bank kartındakı pulunu çıxarıb ələ keçirsin. Elə həmin vaxt bir nəfər əvvəllər tanımadığı sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxs bankomata yaxınlaşıb bankomatdan pul çıxarmaq istəyərkən onu aldadıb guya kartından pul çıxarmağa köməklik etmək üçün ona yaxınlaşdığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ona inanıb bank kartını verdikdən sonra o, kartın şifrəsini də ondan soruşmuşdur. Bundan sonra bank kartını bankomata daxil edib şifrəni yığmış, kartın hesabında 1010 manat pulun olduğunu görüb həmin pulun çıxarılması üçün əməliyyat apardıqdan sonra bank kartını sahibinə geri qaytarmışdır. Bundan sonra kartın sahibi Zərərçəkmiş şəxs1 kartda pulun olmadığını bildirmiş və Zərərçəkmiş şəxs1 başı qarışdığından bankomatdan çıxan 1010 manat pulu oğurlayaraq oradan uzaqlaşmışdır O, həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. Həmin hadisəni tək olaraq törətmiş, bu barədə hər hansı şəxsə məlumat verməmiş, cinayət yolu ilə əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olarkən əvvəllər tanımadığı, ad, soyad və ata adı, həmçinin digər anket məlumatları, yaşayış yeri və mobil telefon nömrəsini bilmədiyi kişi cinsli şəxs ona yaxınlaşaraq bir ədəd gümüşü rəngli kağız bükümü görsədib içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini ona 10 manata sata biləcəyini demişdir. Oda narkotik vasitə heroin istifadəçisi olduğundan şəxsi istifadəsi üçün içərisində narkotik vasitə heroin olan bükümü tanımadığı şəxsə 10 manat ödəməklə almış və əynində olan tünd boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olarkən istifadə etsin. Bundan sonra o, həmin əvvəllər tanımadığı ortayaşlı kişi cinsli şəxslə sağollaşıb oradan uzaqlaşmışdır. xx xxxxxxxx 2020ci il tarixdə saat 09-da Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 520-ci məhəllənin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini görsədib özlərini təqdim etmişlər və ona məlum olmuşdur ki, ona yaxınlaşan polis əməkdaşları Yasamal rayon X12 Patrul Xidməti Bölüyündə xidmət edirlər. Bundan sonra, polis əməkdaşları ondan ad, soyad və ata adımı soruşub dəqiqləşdirdikdən sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində müxtəlif vətəndaşları aldadaraq bankomat vasitəsi ilə plastik kartlarından pullarını çıxarıb ələ keçirməkdə şübhəli olduğunu ona bildirmişlər və onlarla Yasamal RPİ-nin 27-ci Polis bölməsinə getməli olduğunu demişlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə 27-ci Polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birində polis əməkdaşlarına müxtəlif vətəndaşları aldadaraq bankomat vasitəsi ilə plastik kartlarından pullarını çıxarıb ələ keçirməsini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələrinin müdafiəsi üçün müdafiəçi xidmətindən istifadə edə biləcəyi barədə məlumat verilmiş, onun maddi vəziyyəti zəif olduğundan dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilərək ona təqdim olunmuş, o, hüquq və vəzifələrinin müdafiəsi üçün polis əməkdaşları tərəfindən dəvət edilərək ona təqdim edilmiş vəkil X3 heç bir etirazının olmadığını bildirmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Xidməti otaqda polis əməkdaşları ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və müdafiəçinin iştiraklı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində daşınması qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. O isə polis əməkdaşlarına əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində 01 ədəd gümüşü rəngli kağıza bükülmüş və içərisində narkotik vasitə heroin kimi bildiyi maddənin olduğunu deyib həmin bükümü cibindən çıxararaq təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi bir ədəd bükümün içərisində narkotik vasitə heroindir, heroini xx xxxxxxxx 2020-ci ildə təxminən saat 17 radələrində “Papanin” adlanan ərazidən üzdən tanıdığı, əvvəllər heç bir münasibətinin olmadığı və anket məlumatlarını bilmədiyi şəxsdən ona 10 manat ödəməklə aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroin olan büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri və tərtib edilmiş protokol onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən “Samsung” markalı mobil telefondan istifadə edilərək video çəkiliş aparılmışdır. İş üzrə Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, Yasamal RPİnin MSY-də saxlanılarkən polis əməkdaşları ona qarşı fiziki zor və ya təzyiq göstərməmişlər, özü könüllü olaraq törətdiyi cinayətləri etiraf etmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və sonuncuların ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamalarını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, övladı X6 əmək haqqısını “xxxx” ASC tərəfindən ona təqdim edilmiş plastik kart vasitəsilə alır. Həmin plastik bank kartı Cavidin adına olsa da, ona məxsusdur, belə ki oğlm Cavid bank kartını ona verib və həmin kartdan o, istifadə edir. X13 hərbiçi olduğunu və hal-hazırda ölkə ərazisində müharibə şəraiti ilə əlaqədar cəbhə ərazisində xidmət etdiyini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 06:50 radələrində ona pul lazım olduğundan bank kartını götürüb yaşadığı evdən çıxmış və piyada olaraq Bakı şəhəri, Yasamal rayonu, M.Şərifzadə küçəsi 75-də yerləşən “Gentleman” mağazasının qarşısına gəlib orada yerləşən bankomat aparatına yaxınlaşmışdır. Həmin gün saat 07:01 radələrində bank kartını bankomata daxil edib pul çıxarmaq istəmiş, lakinlik çətinlik çəkdiyindən bankomatdan pul çıxara bilməmişdir. Bundan sonra arxasında dayanmış əvvələr tanımadığı, arıq bədən quruluşlu, hüdürboylu, təxminən 35-40 yaşlarında, sifət nahiyəsinin bəzi yerlərində qara ləkələr olan, əynində isə göy rəngli, “buta” naxışlı, qısaqol köynək və ağ rəngli parça şalvar olan kişi cinsli şəxs ona demişdir ki, “xxxx” ASC-nin ATM-də, yəni bankomat aparatlarından pul çıxarma əməliyyatı yenilənib. Həmin gün saat 07:04 radələrində əvvəllər tanımadığı kişi cinsli şəxs ona köməklik edəcəyini bildirib bir neçə dəfə bank kartını aparata daxil edib çıxarmış və aparatdan çek çıxarıb ona göstərdikdən sonra ona məlum olmuşdur ki, bank kartının balansında 1000 manat pul var. Bundan sonra həmin şəxs ona bankomatda pul olmadığını bildirib kartını özünə qaytarıb sağollaşaraq çıxıb getmişdir. O da bank kartından nə səbəbə pul çıxara bilmədiyini öyrənmək üçün oğlu Cavidə zəng etmişdir. Həmin vaxt Cavid ona bildirmişdir ki, bank kartının hesabından 1.010 manat pul çıxarılıb. Bundan sonra ona məlum olmuşdur ki, kartdan nə səbəbə pul çıxara bilmədiyi barədə fikrə gedəndə həmin əvvəllər tanımadığı şəxs bundan istifadə edib kartdan pul çıxararaq ələ keçirmişdir. Bu səbəbdən o, DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və Yasamal RPİ-nin 28-ci PB-nə gedərək ərizə ilə müraciət etmişdir. O, həmçinin bildirmişdir ki, hadisə nəticəsində naməlum şəxs bank kartından 1.000 manat pul çıxarmış, lakin 10 manatda o, pul çıxararkən kartın hesabından faiz tutulmuşdur. Beləliklə, bank kartımın hesabından ümumilikdə 1.010 manat pul çıxarılaraq ələ keçirildiyindən ona həmin məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, özü uzun müddətdir Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır, həmin universitetin Fəlsəfə Sosial Elmlər kafedrasının professorudur və iqtisadiyyat üzrə fəlsəfə doktorudur. xx xxx 2020-ci il tarixdə saat 13:30 radələrində özünə məxsus “xxxx”-a məxsus əmək haqqı kartını, yəni plastik bank kartının balansını yoxlamaq məqsədilə Yasamal rayonu, B.Bağırova küçəsi 2 ünvanının qarşısında yerləşən bankomat aparatına yaxınlaşmışdır. Həmin vaxt o yaşı ilə əlaqədar plastik bank kartını bankomata daxil edib əməliyyat aparmaqda çətinlik çəkdiyindən orada olan əvvəllər tanımadığı 35-40 yaşlarında qarayanız, arıq bədən quruluşlu kişi cinsli şəxs ona yaxınlaşaraq köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra həmin tanımadığı şəxs kartı bankomata daxil edib şifrəsini ondan soruşmuş, o, şifrəni dedikdən sonra bank kartının balansında hər hansı məbləğdə pulun olmadığını ona bildirmişdir. Əvvəllər tanımadığı həmin şəxsə özünə məxsus bank kartını verdikdən sonra o, ardıcıl iki dəfə plastik kartı bankomat aparatına daxil edib aparatın düymələrini basaraq əməliyyat aparmışdır. O, bank kartını həmin şəxsdən götürdükdən sonra ona minnətdarlığını bildirib oradan uzaqlaşaraq çıxıb getmişdir. Bu hadisədən iki gün sonra o, işlədiyi universitetin maliyyə şöbəsinə zəng edərək orada işləyən və onun zənginə cavab verən tanımadığı şəxsdən əmək haqqısının verilibverilməməsini, əgər verilibsə özünə məxsus bank kartına köçürülüb-köçürülməməsini soruşmuşdur. Maliyyə şöbəsinin işçisi isə ona artıq bir neçə gün öncə əmək haqqının bank kartına köçürüldüyünü bildirmişdir. Bundan sonra o, Bakı şəhəri Nizami metrostansiyası yaxınlığında yerləşən “xxxx” ASC-nin filialına gedib işçilərə əmək haqqının özünə məxsus karta vurulduğunu lakin kartın balansını yoxladıqda pulun olmadığını aşkar etdiyini bildirmişdir. Həmin vaxt ona bank işçisi tərəfindən bildirilmişdir ki, həqiqətən də əmək haqqı bank kartıma köçürülüb, xx xxx 2020-ci il tarixdə saat 13:34-də 800 manat, həmin tarixdə saat 13:36-da isə 80 manat pul çıxarılmışdır. Həmçinin, bununla bağlı ona çıxarış verilmiş və o, həmin çıxarışı ilkin araşdırma zamanı təqdim etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, həmin əvvəllər tanımadığı və ondan bank kartını köməklik etməsi üçün götürən kişi cinsli şəxs bank kartından 880 manat pulunu çıxararaq ələ keçirib. Bu səbəbdən o, hadisə ilə bağlı ərizə ilə polisə müraciət etmişdir. O, həmçinin bildirmişdir ki, baş vermiş hadisə zamanı ona 880 manat maddi ziyan dəymiş, ilkin araşdırma zamanı səhvən 800 manat pulunun kartdan çıxarıldığını qeyd etmiş, əslində isə bank kartından 880 manat pul çıxarılaraq ələ keçirilmişdir. Bank kartındakı pulu ələ keçirmiş şəxsi əvvəllər tanımamış, onunla münasibəti, düşmənçilik və ya ədavəti olmamış, həmin şəxsi görsə tanıya biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə xidmətdə olduğları zaman saat 09:00 radələrində Bakı şəhəri, Yasamal rayonu Ə.Ələkbərov küçəsi, 520-ci məhəllənin qarşısında müxtəlif şəxslərə qarşı dələduzluq edən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirdikdən sonra ona nədə şübhəli olmasını izah edib Yasamal RPİ-nin 27-ci PB-nə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədikdən sonra birlikdə 27-ci PB-nin inzibati binasına gəlmişlər və olanlarla bağlı raport yazmışlar. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs müxtəlif vətəndaşları aldadaraq bankomat vasitəsi ilə plastik kartlarından pullarını çıxarıb ələ keçirməsini etiraf etmişdir. Bundan sonra ona hüquq və vəzifələrinin müdafiəsi üçün müdafiəçi xidmətindən istifadə edə biləcəyi barədə məlumat verilmiş, maddi vəziyyəti zəif olduğundan dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilərək ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin müdafiəsi üçün polis əməkdaşları tərəfindən dəvət edilərək ona təqdim edilmiş vəkil X3 heç bir etirazının olmadığını bildirmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Xidməti otaqda Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, heç bir etiraz etməmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində daşınması qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə polis əməkdaşlarına əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində 01 ədəd gümüşü rəngli kağıza bükülmüş və içərisində narkotik vasitə heroin kimi bildiyi maddənin olduğunu deyib həmin bükümü cibindən çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd bükümün içərisində narkotik vasitə heroindir, heroini xx xxxxxxxx 2020-ci ildə təxminən saat 17 radələrində “Papanin” adlanan ərazidən üzdən tanıdığı, əvvəllər heç bir münasibəti olmadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata alıb. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində onun deməsinə görə narkotik vasitə heroin olan büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri və tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin bildirmişdir ki, onlara bir nəfər, 35-40 yaşlarında, arıq bədən quruluşlu, qarayanız kişi cinsli şəxsin ayrı-ayrı şəxsləri, yəni ad, soyad və ata adı, eləcə də digər anket məlumatlarını bilmədiyi vətəndaşlara bankomat aparatından pul çıxarmaqda və ya bankomat aparatına plastik kartı daxil edib digər əməliyyat aparmaqda çətinlik çəkən vətəndaşlara yaxınlaşıb guya onlara köməklik edəcəyini deyərək bank kartlarını alması, həmin şəxslərin bank kartlarından pul çıxarıb ələ keçirməsi barədə xidmət apardığı bölüyün rəhbərliyi tərəfindən onlara məlumat verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində xidmətdə olduğumuz zaman Bakı şəhəri, Yasamal rayonu Ə.Ələkbərov küçəsi, 520-ci məhəllənin qarşısında olarkən zahiri görünüşü barəsində məlumat verilən şəxsə oxşadığından və məhz həmin şəxsin vətəndaşların bank kartından pullarını çıxararaq ələ keçirən şəxs olmasından şübhələnib onu 27-ci Polis bölməsinə gətirmişlər və orada onlara məlum olmuşdur ki, həqiqətəndə vətəndaşların bank kartından pul çıxararaq ələ keçirən şəxs tərəflərindən saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş – Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Cinayət işinin 29-cu vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 79-81-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 306-307-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 ekspert komissiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2992 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 43-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1794 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş” yazısı olan zəfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,440 qr qəhvəyi rəngli tozşəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitı heroindir. Heroinin qalıq qalmış hissəsi – 0,390 qr. təşkil edir. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2020-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Cinayət işinin 280-305-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 1(006)-45/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 309-323-cü vərəqələrində olan toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 03 (üç) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 03 (üç) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş (ünvanlanmış) ərizələrdən görünür ki, onlara vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında yerləşən xidməti otağda Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən aparılmışdır. Belə ki, bu barədə tərtib edilmiş protokoldan və diskə baxış zamanı müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X10 xidməti otaqda sağ tərəfdən 1-ci olaraq ayaq üstə dayanmışdır. Baş təhqiqatçı Tahir Əzizovun sağ tərəfində, ayaq üstə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7, vəkilin sağ tərəfində ayaq üstə dayanan şəxs əynində tünd boz rəngli şalvar olan – Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ tərəfində dayanmış şəxs – adları videoçəkiliş zamanı baş təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2, Yasamal RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1, Yasamal RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Azər Əliyevdir. Videoçəkilişin davamında baş təhqiqatçı Tahir Əzizov üzərinə şəxsi axtarış aparılacaq Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Görüntünün sonunda Təqsirləndirilən şəxs könüllü olaraq sağ əli ilə əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən, 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü təqdim edərək bildirir ki, həmin bükülünün içərisində narkotik vasitə heroin vardır. Bundan sonra baş təhqiqatçı Tahir Əzizov tərəfindən həmin gümüşü rəngli bükümə baxış keçirilir və bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır və onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması və haradan əldə etməsi haqqında suala cavab olaraq bildirir ki, həmin maddəni xx xxxxxxxx 2020-ci ildə “Papanin” adlanan ərazidə olarkən əvvəllər tanımadığı şəxsdən 10 manata alıb. Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır, möhürlənir və zərf bütün iştirakçılar tərəfindən imzalanır. Həmin zərf götürülür. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs təkrarən məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, eləcə də, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıması özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və sonuncuların ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamalarını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən 5 a Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx xxxxxx 2020-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilməsinə baxmayaraq 2 il keçmədən xx xxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək o, həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx xxxxxxx 2020-ci il tarixli, 2992 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,390 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 114,00 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Ş.M.İbayevə və məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili F.H.Yusubova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Ş.M.İbayevə ibtidai istintaq dövründə iştirak etdiyi 41 saata görə 246 (iki yüz qırx altı) manat, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili F.H.Yusubova isə məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri «Mərkəz» və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,390 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mrəkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə iştirak etdiyi 41 saata görə 246 (iki qırx altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına, həmçinin «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat isə Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar