Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-59/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi-Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Göygöl rayonu Göyçəkənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, 17 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində ictimai yer hesab edilən ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında heç bir əsaslı səbəb olmadan, yəni Zərərçəkmiş şəxs Bakı-Ələt marşurutu üzrə fərdi qaydada taksi fəaliyyəti göstərən növbədə dayanmış maşınla deyil, digər maşina minməsi kimi əsassız səbəbdən həmin avtomobilin sürücüsü ilə sözlə mübahisə etməsinə öz iradını bildirən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan, heç bir əsaslı səbəb olmadan ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək qəsdən əlləri və silah qismində istifadə olunan çətirlə sonuncunun bədəninin müxtəlif nahiyyəlrinə bir neçə dəfə vuraraq, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb səbəb olan üst dodağın içəri səthinin əzilmiş yarası, sol əlin ovuc səthinin və sol əlin 2-ci barmağının dırnaq falanqasmın sıyrıqları, sol əlin 2-ci barmağının əsas falanqasıın şişkinlik halında əzilməsi ilə nəticələnən bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun sol gözü amputasiya olunmuşdur və bu səbəbdən 3-cü qrup əlillik təyin olunduğu üçün hal-hazırda taksi fəaliyyəti ilə məşqul olaraq ailəsini dolandırır. İdarə etdiyi avtomobil ilə metronun “20 yanvar” darəsinin yaxınlığında "xxxx" idarəsinin qarşısında taksi fəaliyyəti ilə məşğuldur. 17 iyul 2022-ci il tarixdə saat 15-00 radələrində 20 yanvar darəsinin yaxınlığında, "xxxx" idarəsinin qarşısında idarə etdiyi "Saipa Sayna" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə müştəri gözləyən zaman, yaxınlıqda olan dayanacaqda mübahisənin şahidi olmuşdur. Həmin mübahisəni tanıdığı və onunla birlikdə metronun “20 yanvar” dairəsinin yaxınlığında, "xxxx"nun binasının qarşısında taksi fəaliyyəti ilə məşqul olan Fazil və digər tanımadığı taksi sürücüsü edirmişlər. O, sonunculara yaxınlaşan zaman ona məlum olmuşdur ki, Fazilin müştərisini mübahisə edən sürücü öz maşınına əyləşdirərək aparmaq istəyir. Bu zaman o, həmin sürücüyə irad tutmuş və bildirmişdir ki, Fazil düz deyir, öz növbəsini gözləməli və digər sürücülərin müştərilərini növbəsiz aparmamalıdır. Sürücü onun iradlarına əhəmiyyət verməyərək yavaş-yavaş avtomobilini sürərək irəli gedirmiş. Bu zaman arxada əyləşən və mübahisəni yaranmasına səbəb olan tanımadığı müştəri avtomobilin arxa sol qapısını açaraq “Ə şlyapalı, dayanın siz qudurmusunuz, yarım saata qayıdıb gəlib sizin var yoxunuzu .....” sözlərini deyərək onun və digər taksi sürücüsünün ünvanına nalayiq ifadələr işlədərək ağır təhqir etmişdir. Bu zaman o, sonuncuya irad tutmuş, lakin həmin şəxs nalayiq ifadələri işlətməyə davam etmişdir. Həmin vaxt şəxsin ifadələrinə və təhqirlərinə əsəbləşərək maşın hərəkətdə olan zaman arxa sol qapının açıq olmasını görüb əlində olan çətirlə onu təhqir edən şəxsin qoluna iki zərbə yetirmişdir. Sürücü onların mübühisəsini görərək qarşı yola çıxmış və avtomobili hadisə yerindən sürərək uzaqlaşmışdır. İfadəsinin sonunda onun əməlinin xuliqanlıq maddəsi ilə deyil, qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməsini və ümumən törətdiyi əməldən peşmançılıq çəkməsini, 3-cü dərəcəli gözdən əlil şəxs olmasını, eləcə də hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını qeyd edib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Fazilin mübahisə etdiyi şəxs zərəçəkmiş şəxsin əyləşdiyi avtomobilin adını bilmədiyi sürücü ilə onun növbədən kənar müştəri götürməsi ilə bağlı olmuşdur, sonradan o, özü də bunu kənardan görüb həmin sürücüylə Fazilin söhbətlərinə qoşulmuşdur, həmin sürücüyə Fazilin haqlı olduğunu yəni növbə gözləməklə müştəri götürmək düzgün olduğunu bildirmiş, bu vaxt zərərçəkmiş Zərərçəkmiş şəxs əyləşdiyi avtomobilin arxa sol qapısını açaraq onun və taksi sürücülərinin ünvanına işlətdiyi təhqiramiz ifadə bildirməklə baş verənlərə müdaxilə etdiyindən o, məcbur olub onun oturduğu avtomobilin arxa qapısına yaxınlaşaraq Zərərçəkmiş şəxs nəyə görə onu və ümumiyyətlə taksi sürücülərini təhqir etməsi ilə bağlı iradını bildirmiş və bu səbəbdən aralarında sözlə mübahisə başlamış, bu zaman zərərçəkmiş avtomobilin daxilində olduğu yəni əyləşdiyi üçün əlindəki çətirlə onun olduğu istiqamətə bir iki dəfə zərbə atmışdır, sonuncunun bədəninin müxtəlif nahiyyəlrinə bir neçə dəfə vurmuşdur bunu görən sürücü avtomobili sürüb oradan getmişdir, zərərçəkmişlə aralarında baş vermiş hadisə ümumilikdə təxminən 30-40 saniyyə davam etmişdir, ətrafda başqa insanların bunun şahidi olmasını və müdaxilə etməsini görməmişdir. Məhkəmədə zərərcəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 17 iyul 2022-ci il tarixdə saat 15-00 radələrində «20 Yanvar» dairəsinin yaxınlığında yerləşən "xxxx" İdarəsinin yanına getmiş, oradan Ələt qəsəbəsinə tanışının yas mərasiminə getməkdən ötrəri manatlıq taksi axtarmışdır. Həmin vaxt orada olan taksi sürücülərinə bilidirmişdir ki, avtomobilin arxa oturacağına adam götürməmək və arxa oturacağın pulunu ödəmək şərti ilə dərhal sürüb getməsini istəyir. Bu zaman orada olan VAZ 2106 markalı dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobilin sahibi ona bildirmişdir ki, o, 5 dəqiqəyə çıxır, əyləşsin. Həmin şəxsin avtomobilinə əyləşmişdir. Avtomobildə o, 5 dəqiqədən artıq oturandan sonra sürücünün yola düşmədiyini görərək həmin avtomobildən enmiş və başqa hərəkətdə olan taksiyə əyləşmişdir. Bu zaman əyləşdiyi hərəkətdə olan taksi sürücüsü yola düşmüşdür. Bu vaxt o, əyləşdiyi taksinin qarşısını orada olan və parkovkaya nəzarət edən tanımadığıı əlində çətir olan şəxs kəsmiş və sürücü ilə mübahisə etməyə başlamışdır. Bu zaman o, əyləşdiyi avtomobilin arxa sol qapısı açılmış və ilk əyləşdiyi taksinin sürücüsü ona bildirmişdir ki, «sən mənim maşınımdan endin, sənə görə mən müştəri itirdim, sən kişi deyilsən» və onu nalayiq sözlərlə təhqir etməyə davam etmişdir. O, sonuncuya bildirmişdir ki, «sən mənə göstəriş verə bilməzsən, mənim şəxsi həyatımdır, mən kimin avtomobili ilə istəsəm onunla da gedə bilərəm». Sonradan o, sözünü həmin şəxslə sözlə mübahisə edən sürücüyə bildirərək avtomobilin qapısını örtməyə çalışsa da, həmin şəxs qapını örtməyə qoymamışdır. Sonradan maşının qabağını kəsən şəxs, ön sürücü tərəfdən ona tərəf keçərək üz naihəsinə yumuruqla bir neçə zərbə yetirmişdir. Özünü müdafıyə etmək üçün o, avtomobildən düşməyə çalışsa da həmin şəxs əlində olan çətirlə sol qabırğasına zərbələr endirmiş və o, sağ əli ilə çətirdən müdafıyə olmaq istəyən zaman çətir əlini kəsmiş və o, avtomobildən enə bilmədiyi üçün sürücüyə təcili avtomobili sürərək burdan uzaqlaşmağını xahiş etmişdir, O, əyləşdiyi avtomobilin sürücüsü avtomobili sürərək hadisə yerindən uzaqlaşmışdır. O, sürücüyə irad bildirmişdir ki, o nə səbəbdən avtomobili saxlamışdır. Sürücü ona bildirmişdir ki, o, həmin yerdə taksi fəaliyyəti ilə məşğuldur və ora qayıdacaq, həmin şəxslər təhlükəli adamdılar. Sonradan sürücü onunla polis bölməsinə getməkdən imtina elədiyi üçün o, yolunu davam etmiş Ələt qəsəbəsinə və Ələtdən qayıdan zaman o, hadisə yerinə qayıtmış və mübahisə etdiyi taksi sürücüsünə bildirmişdir ki, bir manata görə onu nalayiq ifadələrlə təhqir etməyə dəyərmi? Taksi sürücüsü ona bildirmişdir ki, havanın isti olmağı, həmin vaxt oruc tutduğunu və əsəbi olduğu üçün bu cür hərəkətlərə yol vermişdir. İfadəsinin sonunda bildirmişdir ki, o, hələ ibtidai istintaq zamanı ərizə verərək təqsirləndirilən şəxslə barışmasını və onun barəsində olan işə xitam verilməsini bildirmişdir, eyni zamanda hazırda da məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxsla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadəsinin dəqiqləşdirilməsi ilə əlaqədar ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Ələt qəsəbəsinə getmək məqsədi ilə ilkin olaraq əyləşdiyi avtomobilin sürücüsü ilə (Şahid nəzərdə tutur) sonradan əyləşdiyi avtomobilin sürücüsü arasında olan mübahisədən ona məlum olmuşdur ki, Fazil adlı taksi sürücüsü növbədən kənar qaydada müştəri götürdüyünə görə onu tənbeh edir, ona xoşagəlməz sözlər deyir, eyni zamanda onun özünə də irad bildirmişdir ki, o, nə üçün onun avtomobilindən enərək başqa avtomobilə minmişdir, sonradan həmin vaxt adını bilmədiyi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs da yaxınlaşaraq onun əyləşdiyi avtomobilin sürücüsü ilə mübahisə etməyə başlamışdır. Belə olan halda o, əyləşdiyi avtomobilin arxa sol qapısını açaraq sürücülər arasında baş vermiş mübahisəyə son qoyulması məqsədi ilə qarşı tərəfə öz iradını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona tərəf yaxınlaşaraq (avtomobilin arxa oturacağında oturlu vəziyyətdə olarkən) əlindəki çətirlə avtomobilin qapısının arasından onun bədəninin müxtəlif yerlərindən bir neçə dəfə vurmuşdur, aralarında baş vermiş hadisə ümumilikdə təxminən bir dəqiqəyə yaxın davam etmişdir. Eyni zamanda bildirmişdir ki, onun tərəfindən mübahisə edən tərəflərə təhqiramiz sözlər deyilməmişdir. Məhkəmədə şahid şəxs qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, halhazırda fərdi əməklə yəni taksi fəaliyyəti ilə məşquldur. 17 iyul 2022-ci il tarixdə saat 15-00 radələrində “20 yanvar” dairəsinin yaxınlığında yerləşən "xxxx"nun binasının yaxınlığında idarə etdiyi VAZ 2106 markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərirmiş. Bu zaman avtomobilinə iki nəfər müştəri yaxınlaşaraq əyləşmişdir. Həmin vaxt bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq onun avtomobilinə əyləşmiş və o, sonuncuya bildirmişdir ki, əlavə bir nəfər gələn kimi yola düşəcəkdir. Təxminən 5 dəqiqədən sonra, sonda avtomobilinə əyləşən bir nəfər şəxs avtomobildən düşərək başqa taksiyə əyləşmişdir. O, həmin vaxt müştərisinin əyləşdiyi avtomobilə yaxınlaşmış və sürücüyə iradını bildirmişdir ki, «mən ağsaqqal kişiyəm avtomobilimə müştəri yığıram, sən isə mənim müştərimi qaçırdırsan». Sürücü ona fikir verməyərək avtomobilini irəli sürməyə başlamışdır. Bu zaman bunu görən onun kimi taksi sürücüsü olan Nemət adlı sürücü onun irad bildirdiyi sürücüyə yaxınlaşmış və sürücüyə iradını bildirərək onunla haqlı olaraq mübahisə etməyə başlamışdır. Bu zaman onun avtomobilindən enən və avtomobilin arxa oturacağında əyləşən zərəçəkmiş şəxs onlara söyüş söymüşdür və belə olan halda Nemət onu əlindəki çətirlə vurmuşdur. Hadisədən saat yarım sonra həmin şəxs başqa maşınla oraya gələrək onun yanında maşını saxladığını “dayı mən də düz eləmədim, amma o oğlanı ( Neməti nəzərdə tutaraq deyir) bir gün sonra gəlib görəcəm, bir yumruq vuracam sonra onu bağışlayacam” deyərək çıxıb getmişdir. Eyni zamanda verilmiş suala cavab olaraq bidirmişdir ki, sözügedən hadisə baş verəndən axıradək orada kimlərinsə olmasını, adamların toplaşmalarını, mübahisədə iştirak etmələrini xatırlamır, mübahisə zamanı zərərçəkmiş avtomobilin arxa oturacağında oturlu vəziyyətdə Neymət isə bayırda ayaq üstü vəziyyətdə olmuşdur, aralarında baş vermiş mübahisə ümumilikdə təxminən 30-40 saniyə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, 17 iyul 2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı taplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. (İ/V. 30-32) “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın təsdiq edilməyərək ləğv edilməsi, cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi İsmayıl Qurbanov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar təsdiq edilməyərək ləğv edilmişdir. Material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışıdır(İ/V. 1-3); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin 721 saylı 18 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - üst dodağın içəri səthinin əzilmiş yarası, sol əlin ovuc səthinin və sol əlin 2-ci barmağının dırnaq falanqasının sıyrıqları, sol əlin 2-ci barmağının əsas falanqasının şişkinlik halında əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamğlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (İ/V. 15-16); “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 19 iyul 2023-cü il tarixli qərardan görümür ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi İsmayıl Qurbanov tərəfindən icraata qəbul edilmişdir. (İ/V. 36) “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ/V. 37) “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanda, "xxxx" ASC-nin inzibati binasının qarşısında baş vermişdir. (İ/V. 51) “Cinayət işinin icraatının dayandırılması haqqında” 17 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (İ/V. 53) “Cinayət işinin icraatının təzələnməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (İ/V. 56) “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (İ/V. 62-65) “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 74-75) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir. (İ/V. 86) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. (İ/V- 25) Azərbaycan Respublikası ƏƏSMN-nin X1 Sistemindən təqdim olunmuş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. Zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqında təqdim etdiyi ərizələrindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, vurulmuş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur, cinayət işinə xitam verilməsinə etiraz etmir. (İ/V- 25) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqında təqdim etdiyi ərizələrindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmışdır, vurulmuş ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, cinayət işinə xitam verilməsinə etiraz etmir. (İ/V- 29) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tapşırıqdan görünür ki, müstəntiq tərəfindən Yasamal RPİ-nin 29-cu PB-nə hadisənin bilavasitə şahidi olmuş şəxslərin müəyyən edilməsi ilə bağlı tapşırıq verilmişdir. (İ/V-46) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq Şahid başqa digər şəxslərin müəyyən edilməsi mümkün olmamışdır.(İ/V-55) Məhkəmə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İş materiallarından və məhkəmə araşdırmasından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətli olmayıb. Həmçinin mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə konkret olaraq onun təqsirləndirilən şəxsə münasibətdə istifadə etmiş olduğu “Ə şlyapalı, dayanın siz qudurmusunuz, yarım saata qayıdıb gəlib sizin var yoxunuzu .....” sözlərdən sonra başlanmışdır.Təqsirləndirilən şəxs məhz onun barəsində, ona xitabən istifadə edilmiş həmin sözün təsirindən, istifadə edilməsindən sonra zərərçəkmiş şəxsə yaxınlaşmış, onunla mübahisə etməyə başlamışdır. Başqa sözlə desək zərəçəkmiş şəxs tərəfindən (təhqiramiz ifadə işlətməsini etiraf etməsə də Təqsirləndirilən şəxs irad bildirdiyini özü də etiraf edir) onunla deyil başqa şəxslə mübahisə edən, həmin mübahisənin ona aid olmadığı, onun barəsində bir söz belə deyilmədiyi halda mübahisə edən tərəflərdən biri olan Təqsirləndirilən şəxs zərəçəkmişin təbili ilə desək irad bildirməsi, təqsirləndirilənin təbili ilə desək təhqiramiz ifadə işlətməsi onların arasında hazırda məhkəmədə araşdırılan cinayət hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Məhkəmə hər bir halda hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs barəsində hər hansı bir söz deyilməsə idi təqsirləndirilən şəxslə aralarında mübahisə baş verməyəcəkdi. Bu halı nəzərə alaraq məhkəmə hesab edir ki, istintaq orqanının zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə münasibətdə, yəni onun haqqında nalayiq ifadələr işlətməsini sonuncunun cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, bəhanə kimi qiymətləndirmələri isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Cinayətkar hərəkətlərin faktik məzmunu və xuliqanlıq niyyətinin olmaması isə, məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı, onun sağlamlığına zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir. Məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 17 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsinə yas yerinə getmək məqsədi ilə ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısına gələrək ilkin olaraq orada fərdi qaydada taksi fəaliyyəti göstərən Şahid məxsus avtomobilə əyləşmişdir, bir qədər gözlədikdən sonra həmin avtomobildən enərək getmək istədiyi istiqamətdə hərəkət edən digər bir taksi fəaliyyəti göstərən (istintaq tərəfindən markası, modeli, nömrəsi və sürücüsünün kim olması dəqiq müəyyən edilməyən) avtomobilin arxa sol oturacağında əyləşmişdir, bunu görən Şahid zərəçəkmiş şəxsə öz iradını deməklə bərabər onun götürən həmin taksi sürüçüsünə yaxınlaşaraq ona növbədən kənar müştəri götürməyin düzgün olmadığı bildirmiş və onlar arasında sözlü mübahisə yarandığı üçün həmin yerdə taksi fəaliyyəti ilə məşğul digər şəxs, yəni iş üzrə Təqsirləndirilən şəxs da həmin sürücüyə irad bildirməklə bərabər onunla sözlü mübahisə etməyə başlamşıdır. Bunu görən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs əyləşdiyi həmin avtomobilin arxa sol qapısını açaraq təqsirləndirilən şəxsə münasibətdə xoşagəlməz ifadə işlətdiyindən Təqsirləndirilən şəxs sürücü ilə apardığı mübahisəsini dayandırıb avtomobilin Zərərçəkmiş şəxs əyləşdiyi tərəfinə yaxınlaşıb ondan nə üçün onun barəsində təhqiramiz ifadə işlətdiyini bildirmiş və avtomobilin qapısının açıq olmasından istifadə edərək əlindəki çətirin ucu ilə ona tərəf zərbələr endirmişdir, bunu görən zərəçəkmiş avtomobildən enmədən oturulu vəziyyətdə özünü müdafiə etmiş və avtomobilin qapısını örtərək əyləşdiyi avtomobilin sürücüsünə təcili sürub oradan uzaqlaşmasını xahiş etmişdir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yaranmış hadisənin baş vermə mexanizminə diqqət yetirdikdə məlum olur ki, mübahisə ilk əvvəl onların arasında deyil iş üzrə şahid qismində iştirak edən Şahidla zərərçəkmişin sonradan əyləşdiyi taksinin sürücüsü arasında sözlü mübahisə başlamışdır, sonradan təqsirləndirilən şəxs Şahidla naməlum taksi sürüçüsünün arasında artıq mövcud olan sözlü mübahisəyə qoşulmuşdur, bir müddət sonra sonradan zərəçəkmişin təqsirləndirilən şəxsə münasibətdə “Ə şlyapalı, dayanın siz qudurmusunuz, yarış saata qayıdıb gəlib sizin var yoxunuzu .....” işlətdiyi sözlərdən sonra onların arasında bir dəqiqəyə yaxın bir zaman davam edən sözlü mübahisə sonradan zərəçəkmişin çətirlə vurulması ilə nəticələnmişdir, bu hadisə baş vermişdir. Təqsirləndirilən şəxs tanımadığı Zərərçəkmiş şəxs sonuncunun ona qarşı nalayiq ifadələr işlətdiyi üçün əlində olan çətirlə vuraraq ona üst dodağın içəri səthinin əzilmiş yarası, sol əlin ovuc səthinin və sol əlin 2-ci barmağının dırnaq falanqasının sıyrıqları, sol əlin 2-ci barmağının əsas falanqasının şişkinlik halında əzilməsindən ibarət sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Lakin Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Yəni ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (ətrafdakı şəxslər üçün aşkar surətdə qeyd edilsə də) törədilməsinə istinad edildiyi halda başqalarının gözü qarşısında olmasına dair sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə, və bir də ilkin mübahisədə iştirak edən şəxslə məhdudlaşmışdır. Bununla bərabər məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq orqanının irəli sürdüyü ittihamda Təqsirləndirilən şəxs zor tətbiq etməsi (əlləri və silah qismində istifadə olunan çətirlə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə zərbə vurması və xəsarətlər yetirməsi) göstərilsə də, xuliqanlıq cinayətinin mövcudluğunu şərtləndirən digər zəruri əlamətlər şablon ifadələrlə, o cümlədən CM-in 221.1 -ci maddəsindən götürülmüş "ictimai qaydanın kobud şəkildə pozulması”, "cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması” kimi müddəlarla təsvir edilmiş, Təqsirləndirilən şəxs hərəkətinin konkret şəxsə yönəlmiş qəsd olmayıb cəmiyyətə qarşı yönəlməklə - açıqca hörmətsizlik etməsinin, habelə ictimai qaydanı kobud şəkildə pozmasının nədə ifadə olunması isə ittihamda göstərilməmişdir və Məhkəmə baxışında da belə hallar müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, ittiham aktında “təqsirləndirilən şəxsin ona öz iradını bildirən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozması halı” əks olunmasına baxmayaraq bu halın baş verməsi zərərçəkmiş şəxsin ittiham aktında olan ifadəsində belə qeyd edimədiyi, bildirilmədiyi halda verilmiş ittihamda öz əksini tapması müəyyən şübhələr döğurur. Həmçinin hadisəni əvvəldən axıradək bilavasitə müşahidə etmiş Şahid təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməməsini bildirməsinə baxmayaraq verilmiş ittihamda bunun əksinin qeyd edilməsi ittihamın həmin hissəsinin əsassız olduğu üçün şübhəlidir, ona görə də təqsirləndirilən şəxsin ziyanına şərh edilə, verilmiş ittihamı təsdiq edən amil kimi qəbul edilə bilməz. Məlum olduğu kimi prosessual qanunvericiliyin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs hərəkətləri ilə təqsirləndirilən şəxsin onu vuraraq sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməyə sövq etmişdir. Təqsirləndirilən şəxsin məqsədi ictimai qaydanın kobud surətdə pozulmasına yönəldilmiş, qəsdən edilən hərəkətlər olmamışdır. Cinayətkar hərəkətlərin faktik məzmunu və xuliqanlıq niyyətinin olmaması isə, məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı, onun sağlamlığına zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir. İbtidai istintaq orqanı isə səhvən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini Zərərçəkmiş şəxs avtomobilin daxilində oturlu vəziyyətdə bir neçə dəfə əlindəki çətirlə vurmasını silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq cinayətini törətməsi kimi qiymətləndirmişdir. Məhkəmə işin həqiqi hallarından, hətta ittihamın özündə təsvir edilmiş faktlardan (ittiham aktında qeyd edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxsla onun əyləşdiyi avtomobilin sürücüsü arasında olan mübahisəyə Təqsirləndirilən şəxs irad bildirməklə müdaxilə etmişdir) belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs səbəbsiz hərəkət etməmiş əslində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisənin gedişində onun ünvanına Zərərçəkmiş şəxs tərəfindən nalayiq ifadələrin işlədilməsi) zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlərin əsasını (motivini) təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısı ilə ifadə olunmuş, lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Belə olan halda qeyd edilməlidir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək “niyyətinin olduğu” müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Xuliqanlıq cinayətinin yaranması üçün təqsirli şəxsin niyyəti ya əvvəlcədən formalaşmalı, ya da onun əməli hadisənin gedişi zamanı xuliqanlıq əməlinə çevrilməlidir. Göründüyü kimi, ibtidai istintaq orqanı, təqsirləndirilən şəxs Nemət Şrəfovun əməlini xuliqanlıq əməli kimi, yəni Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə tövsif etsə də, sonuncunun öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq etməsinin, özünü ətrafdakılara qarşı qoymasının, həmçinin ətrafdakılara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməsinin, birgə yaşayış qaydalarının və əxlaq normalarının kobud surətdə pozulmasının nədən ibarət olduğunu, ya da nədə ifadə olunduğu istintaq orqanı tərəfindən əsaslandırmamış, hadisəni görmüş və ictimai qaydadının pozulmasının şahidi olmuş şəxslər müəyyən edilərək ibtidai istintaq zamanı dindirilməmiş və məhkəməyə təqdim olunmamışlar. Halbuki qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, həmin əməli törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxlərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, onlara etinasızlıq göstərən hərəkətlər edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin olması (kənar şəxslərin xeyli, az olması), hansı kənar şəxslərin olması, mübahisənin aradan qaldırılması məqsədi ilə hər hansı bir şəxsin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxs olmuşsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Eyni zamanda məhkəmə baş vermiş hadisəyə hüquqi qiymət verərkən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətləri, hadisənin baş vermə yeri və hadisənin davam etmə müddəti ilə bağlı onu qeyd edir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş arasında əvvəllər hər hansı bir münasibət olmamışdır. Digər tərəfdən hadisə Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu ərazidə baş vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsinə və söyməsinə görə çətir ilə vurmuşdur. Hadisə ümumilikdə qısa müddət bir dəqiqəyə yaxın bir vaxt kəsiyində davam etmişdir. Göründüyü kimi, hadisə Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu ərazidə ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında) baş vermiş, hadisə ümumilikdə bir dəqiqə yaxın davam etmiş, təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında münaqişənin baş verməsi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməklə zərər vurması, sonuncunun hərəkətləri nəticəsində baş vermişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, habelə Təqsirləndirilən şəxs tərəfindən silah qismində çətirdən istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli, 1(004)-530/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosu hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.8, 43.1.2, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-59/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-59/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver