Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-590/2024 22.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunmasına müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər etməklə, silah qismində istifadə etdiyi bıçaqla zərərçəkmiş şəxsi vurmuşdur. Belə ki, o, “odnoklasniki.ru” internet sosial şəbəkəsi vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs ilə 28 avqust 2024-cü il tarixdə saat 18 radələrində internet sosial şəbəkəsində aralarında yaranmış sözlü mübahisəyə və sonuncunun onun ünvanına nalayiq söyüşlər söyməsinə aydınlıq gətirilməsindən ötrü Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısına dəvət edərək, həmin tarixdə saat 19 radələrində qeyd olunan ünvanda görüşüb, internet sosial şəbəkəsində aralarında yaranmış münaqişəni və sonuncunun onun ünvanına işlətdiyi nalayiq ifadələr işlətməsini bəhanə edərək, Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib, ətrafdakı insanlar üçün qorxu və narahatçılıq hissi yaradaraq üzərində saxladığı silah qismində istifadə etdiyi “Karambit” modelli xüsusi təyinatlı ov bıçağı ilə sonuncunun boynunun sağ yarısına bir dəfə qəsdən vurmaqla, ona xarici vidaci venanın sağ döş-körpücük-məməyəbənzər əzələnin hissəvi kəsilməsi ilə müşayiət olunan boyunun sağ yarısının deşilmiş-kəsilmiş yarasından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə «odnaklassniki» sosial şəbəkəsində tanış olmuşdur. Orada olan oyun otağında qoyulan mahnı səbəbilə onların arasında anlaşmazlıq yaranmışdır. O, Rahimin qoyduğu mahnını bəyənmədiyi üçün bununla bağlı olaraq Rahimə zəng vurmuş və həmin telefon danışığı zamanı Rahim onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o Rahimə onlarında aralarında yaranan mübahisəni həll etmək məqsədilə «20 Yanvar» metrostansiyasının yaxınlığında görüşməyi təklif etmiş və Rahim onun təklifi ilə razılaşmışdır. O, görüşə getməzdən əvvəl hər şeyin baş verə biləcəyi ehtimalı ilə, özünümüdafiə etmək məqsədilə bıçaq götürmüşdür. 28 avqust 2024-cü il tarixdə, təxminən saat 17:00 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən "xxxx" ASC-nin inzibati binasının yaxınlığında Rahimi şəklinə görə tanıyıb ona yaxınlaşaraq salamlaşmış və onun Rahim olub-olmadığını soruşmuşdur. Həmin vaxt Rahim onun sualını təsdiq edərək özü olduğunu bildirmişdir. Bundan sonra o, Rahimdən nə üçün onun ünvanına nalayiq söyüşlər söyməsini soruşmuş, Rahim isə ona kənara keçərək söhbət etməyi təklif etmişdir. Rahim bu sözü dedikdən sonra arxa tərəfə çevrilib üzü «Şamaxinka» istiqamətində getməyə başlamış, o isə həmin vaxt üzərində olan bıçağı çıxarıb Rahimin arxa tərəfində dayanmaqla boynunun sağ yan hissəsinə bir dəfə zərbə endirmiş və qaçaraq oradan uzaqlaşmışdır. Yekun olaraq zərəçəkmiş şəxslə barışdığı üçün iş üzrə icraata xitam veriməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə «odnaklassniki» sosial şəbəkəsində tanış olmuşdur. Orada olan oyun otağında qoyulan mahnı səbəbilə onlar arasında anlaşmazlıq yaranmışdır. Təqsirləndirilən şəxs həmin mahnını söndürmüş və bununla bağlı iradını bildirmək üçün ona zəng etmişdir. Söhbət əsnasında o həmin otaqda olan digər şəxsə münasibətdə nalayiq ifadə işlətmiş, lakin bundan sonra Mirzəxan onu söymüşdür. Bundan sonra Mirzəxan aralarında yaranan mübahisəni həll etmək məqsədi ilə «20 yanvar» metrostansiyasının yaxınlığında görüşməyi təklif etmişdir. 28 avqust 2024cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən "xxxx" ASC-nin inzibati binasının yaxınlığına getmişdir. Orada Mirzəxan ona yaxınlaşaraq özünü təqdim etmiş və onunla salamlaşaraq ondan Rahim olub-olmadığını soruşmuş, o da Rahim olduğunu təsdiq etdikdən sonra Mirzəxana «Şamaxinka» ərazisində söhbət etməyi təklif etmişdir. Mirzəxan onun təklifi ilə razılaşmış və onlar üzü «Şamaxinka» istiqamətində hərəkət etməyə başlamışdırlar. O, qabaqda gedən zaman arxandan Mirzəxan üzərində bıçaq çıxararaq onun boyun nahiyəsinə zərbə vurmuş və qaçaraq oradan uzaqlaşmışdır. Son olaraq ərizə ilə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və onlar birlikdə yaşayırlar. 30 avqust 2024-cü il tarixdə, gecə saatlarında oğlu Mirzəxan yaşadığı evə gələrək metronun «20 yanvar» stansiyasının yaxınlığında bir nəfər şəxsi bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. O, oğlunu atasız böyütdüyünü nəzərə alaraq, məhkəmədən oğluna yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Könüllü təqdim etmə və götürmə haqqında” 31 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi 01 ədəd qara rəngli tutacağı olan aypara şəkilli bıçağı könüllü olaraq təhqiqata təqdim etmiş, həmin bıçaq sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. (i.v. 23) “Əşyaya baxış keçirilməsi haqqında” 01 sentyabr 2024-cü il tarixli prokoldan görünür ki, həmin bıçaq qara rəngli oval formalıdır, dəstəyi və tiyəsi qara rənglidir, dəstəyi möhkəm plastik materialdan hazırlanmışdır, üzərində naxış və ya yazı yoxdur, bıçağın dəstəyinin başlığında halqa şəklində tutacağı vardır. Həmin bıçağın 02 ədəd foto şəkli çəkilərək cinayət işinə əlavə edilmişdir. (i.v. 51) 02 sentyabr 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (i.v. 55-60) “İfadənin yerində yoxlanması haqqında” 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani formada göstərmişdir. İfadənin yerində yoxlanılması barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. (i.v. 81-82) “Diskə baxış keçirilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in X1 Xidmətindən Yasamal RPİ-nin İstintaq şöbəsinə daxil olmuş, xx.xx.2024-cü il tarixli, 3/2-21426/24 nömrəli məktuba əlavə edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən metronun «20 yanvar» stansiyasının yaxınlığında quraşdırılmış Azərbaycan Respublikası, Daxili İşlər Nazirliyinin TŞ 2-064 saylı Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kameralarından video görüntüləri götürülərək köçürülmüş 01 ədəd «DVD-R» formatlı diskə baxış keçirilərkən videonun 31:52 dəqiqəsində, yəni xx.xx.2024-cü il tarixdə, saat 19:02:24-də əynində açıq mavi rəngli şalvar, ağ rəngli uzunqol köynək olan Zərərçəkmiş şəxs və sonuncunun sağ tərəfində əynində qara rəngli şalvar, qara rəngli qısaqol köynək və qara rəngli yay papağı olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında avtomobil yolunun kənarında səki üzərində piyada hərəkət etmələri, köşkün qarşısından üzü metronun «20 yanvar» stansiyası itiqamətdə hərəkət edərkən Təqsirləndirilən şəxs sağ əli ilə bel nahiyəsindən bıçaq çıxarıb sağ əlində bıçağı tutmaqla Zərərçəkmiş şəxs arxa tərəfindən sağ tərəfinə keçib qəfildən bıçaqla sonuncunun sağ boyun nahiyəsinə bir dəfə zərbə endirməsi, sonra iti sürətlə hadisə yerini tərk etməsi və Zərərçəkmiş şəxs da sinə nahiyəsinin qanlı şəkildə Təqsirləndirilən şəxs arxasıyca qaçması, qeyd olunan görüntü üzrə hadisənin 19:03:00-də başa çatması müşahidə edilir. (i.v. 114) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 20 sentyabr 2024-cü il tarixli, 870 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – xarici vidaci venanın sağ döş-körpücük-məməyəbənzər əzələnin hissəvi kəsilməsi ilə müşayiət olunan boyunun sağ yarısının deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti onun xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqlda, qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (i.v. 121-124) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2024-cü il tarixli 3/1433 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, köməkçi əməliyyatları (dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş “Karambit” modelli xüsusi təyinatlı ov bıçağıdır, solyuq silah hesab edilmir. (i.v. 125-127) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli 2683 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükələliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olanun əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 128-131) “Sübutların qiymətləndirilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus və cinayət hadisəsində istifadə etdiyi 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 132-140) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 221.3-cü maddəsinə əsasən bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 221.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; “Şübhəli şəxsin tutulması haqqında” 31 avqust 2024-cü il tarixli protokoldan görünür ki, X3 həmin tarixdə saat 16:35-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 38) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 4(004)- 810/2024 saylı qərarından görünür ki, X3 barəsində həbsetmənin əvvəli 31 avqust 2024cü il tarixdən hesablanmaqla 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 91-95) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 118-119) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş zərərin ödənilməsini, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13, 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 31 avqust 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.2). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli əvvəli tutulduğu vaxtdan, yəni 31 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-590/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-590/2024
22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver