Məhkəmə qərarları › İş №1(004)-592/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-592/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-592/2025 04.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulduğu günə qədər ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat təxminən 20:30 radələrində Zərərçəkmiş şəxs Kamal oğlunun Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 1054 ünvanında yerləşən “ARAZ” marketin qarşısında səyyar meyvə-tərəvəz satışı ilə məşğul olduğu avtomobilin qapısının açıq olmasından, həmçinin Zərərçəkmiş şəxs Kamal oğluna özünü müştəri kimi təqdim etməklə sonuncudan qarpız məhsulu seçilməsində köməklik etməsinə dair xahiş edərək həmin şəxsin başının qarışıq olmasından istifadə edib sonuncuya məxsus “İPhone 16 PRO” markalı qızılı rəngli İMEİ 1: 358 481 589 011 303 və İMEİ 2: 358 481 582 685 400 imei kodlu mobil telefonu avtomobilin qapısından götürüb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs Kamal oğluna 3000 (üç min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyildir. Bildirmişdir ki, 2022ci ilin noyabr ayının 2-sində 15 saylı cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Həmin məhkumluğu da oğurluqla bağlı olmuşdur. Ümumiyyətlə ona 7 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. O, günbəgün cəzasını çəkib qurtardıqdan sonra azad olunmuşdur. Təxminən 2 ildir ki, fəhləlik faəliyyəti ilə məşğul olur. O, Yasamal rayonu ərazisində yerləşən tikinti yerlərində fəhləlik edir. 11 iyul 2025-ci il tarixdə saat 20:00 radələrində işdən çıxıb evə getmək istəmişdir. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 1054 ünvanında səyyar meyvə tərəvəz satılan yeri görmüşdür. Evə qarpız alıb aparmaq qərarına gəlmişdir. Bu zaman həmin meyvə tərəvəz satana yaxınlaşmışdır. Saat təxminən 20:30 olmuşdur. Bu zaman orada digər müştərilər də olmuşdur. O, satıcıdan 3 ədəd hərəsi 5 kilo olmaqla ümumilikdə 15 kilo qarpız seçməyi xahiş etmişdir. Bu zaman digər müştərilər də satıcıya nəsə sifariş vermişdirlər. Bu zaman satıcını avtomobilin arxa hissəsindən kimsə çağırmışdır. Satıcı həmin yerə getdikdə o, avtomobilin qapısının açıq olduğunu və avtomobilin qapısının cibcik hissəsində telefon olduğunu görmüşdür. Bu zaman satıcının başının qarışıq olduğunu görüb telefonu götürmüşdür. Daha sonra oradan uzaqlaşaraq çıxıb getmişdir. Telefona baxdıqda telefonun iPhone 16 PRO olduğunu görmüşdür. Qismət adlı şəxsi o, əvvəlcədən 20 Yanvar metrostansiyasının yaxınlığında telefon alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. O, həmin ünvana gedib oğurladığı mobil telefonu Qismətə göstərmişdir. Qismət 150 manat pul verə biləcəyini bildirmişdir. Bu zaman o, razılaşmışdır. 150 manat müqabilində telefonu Qismətə satmışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 11 iyul 2025-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 1054 ünvanında yerləşən hündürmərtəbəli binanın alt mərtəbəsində fəaliyyət göstərən Ambassade tibb klinikası və ARAZ marketin qarşısında dayanıb səyyar meyvə-tərəvəzlərin satışı xidmətini göstərən zaman bir nəfər tanımadığı şəxs özünü “alıcı” kimi göstərərək ondan həmin şəxsə 3 ədəd ümumilikdə 15 kiloluq qarpız seçməsini xahiş etmişdir. Bununla da həmin şəxs onun başını qatmış və guya ki, həmin şəxsə zəng gəldiyi üçün ərazidən uzaqlaşmışdır. O, həmin vaxt qardaşı Elşəni əvəzləmişdir ki, qardaşı Elşən evə gedib yeməyini yeyib geri qayıtsın. Eyni zamanda işə gecikməməsi üçün Elşənə zəng etmək istəyən zaman mobil telefonunu tapa bilməmişdir. Elşən gələndən sonra isə Elşəndən xahiş etmişdir ki, onun +994 55 *** ** ** saylı mobil nömrəsinə zəng etsin. Lakin, həmin nömrəyə zəng çatmamışdır. Bu zaman o, başa düşmüşdür ki, həmin özünü “alıcı” kimi göstərmiş naməlum şəxs mobil telefonunu oğurlayaraq ərazidən uzaqlaşmışdır. O, həmin tanımadığı şəxsin mobil telefonu götürüb getdiyini görməmişdir. Əks halda yerindəcə səs-küy salıb telefonunu həmin şəxsdən geri alardı. Amma 100 faiz əmin olmuşdur ki, oğurlanmış mobil telefonunu məhz həmin naməlum şəxs götürüb getmişdir. O, oğurlanmış mobil telefonu Kontakt Home-də 3000 (üç min) manata kreditə (ilkin ödəniş 700 manat ödəməklə 1 il müddətinə hər ay 205 manat ödəmək şərti ilə) almış və ödənilməmiş cəmi 4 ayı qalmışdır. Oğurlanmış mobil telefonu iPhone 16 Pro markalı qızılı rəngli İMEİ 1: 358 481 589 011 303 və İMEİ 2: 358 481 582 685 400 imei kodlu mobil telefondur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3000 (üç min) manat maddi ziyan dəymişdir. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, “Park 20” Ticarət Mərkəzində yerləşən telefon dükanlarında telefon alqı-satqısı ilə məşğul olur. Bəxtiyar adlı şəxs də onlara qonşu olan dükanda təxminən 2-3 ildir ki, onunla demək olar ki, eyni işlə məşğul olur. 11 iyul 2025-ci il tarixdə axşam saat 10 radələrində əvvəlcədən nömrə satdığı Seymur adlı şəxs onun yanına gələrək ucuz qiymətə iPhone 16 PRO satdığını bildirmişdir. O, həmin şəxsdən həmin mobil telefonu hansı qiymətə satdığını soruşmuşdur. Mobil telefonu təqdim etdikdən sonra o, mobil telefona baxmış və telefonun icloudda olduğunu görmüşdür. Bundan sonra həmin mobil telefon müqabilində 150 manat verə biləcəyini bildirmişdir. Seymur bu təklifdən sonra onunla razılaşmışdır. O, 150 manatı Seymur adlı şəxsə təqdim etdikdən sonra həmin şəxs mobil telefonu ona vermişdir. Daha sonra Seymur adlı şəxs çıxıb getmiş və o, həmin mobil telefonu götürüb Bəxtiyarın yanına gəlmişdir. Bəxtiyara ucuz qiymətə iPhone 16 Pro markalı mobil telefonu satdığını bildirib Bəxtiyardan lazım olub-olmadığını soruşmuşdur. Bəxtiyar həmin mobil telefonu hansı qiymətə satdığını ondan soruşmuşdur. O, həmin mobil telefonu 300 manat müqabilində satdığını bildirmişdir. Bundan sonra Bəxtiyar telefona baxmış və 300 manatı vermişdir. Verilən suallara cavab olaraq o, həmin mobil telefonun oğurluq olduğunu bilmədiyini və vəsiqəsinin surətini götürməklə mobil telefonu həmin şəxsdən aldığını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, “Park 20” Ticarət Mərkəzində yerləşən telefon dükanlarında telefon alqı-satqısı ilə məşğul olur. Qismət adlı şəxs də onların qonşuluğunda olan dükanda təxminən 2-3 ildir ki, onunla demək olar ki, eyni işlə məşğul olur. 11 iyul 2025-ci il tarixdə axşam saat 10 radələrində Qismət onun yanına gələrək ucuz qiymətə iPhone 16 PRO satdığını bildirmişdir. O, həmin şəxsdən həmin mobil telefonu hansı qiymətə satdığını soruşmuşdur. Mobil telefonu təqdim etdikdən sonra telefona baxmış və telefonun icloudda olduğunu görmüşdür. Bundan sonra o, həmin telefon müqabilində 300 manat verə biləcəyini bildirmişdir. Qismət adlı şəxs onunla razılaşmışdır. O, 300 manatı həmin şəxsə təqdim etdikdən sonra telefonu ona vermişdir. O, həmin mobil telefonu “Ustalar” adlı whatsapp qrupunda olan nömrəsini bilmədiyi ustaya 550 manat müqabilində satmışdır. Həmin mobil telefonu əlbəəl Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında yolun kənarında adını xatırlamadığı şəxsə vermişdir. Verilən suallara cavab olaraq o, həmin mobil telefonun oğurluq olduğunu bilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən “Araz” marketin qarşısıdır (i.v. 7-12). “Götürmə və baxış keçirilməsi haqqında” 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 həmin protokolu Şahid2 iştirakı ilə tərtib etmişdir ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus 01 ədəd İphone 16 Pro markalı mobil telefonun satış sənədini iş üzrə şahid qismində dindirilmiş Şahid1 istintaqa təqdim etdi və həmin sənəd tərəfindən götürülərək baxış keçirildi. Təqdim olunan sənədə baxış keçirən zaman müəyyən etmişdir ki, sənəd kağızda Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin əks olunmuş kserosurətidir. Həmin kserosurətin alt hissəsində göy rəngli diyircəkli qələmlə alt-alta olmaqla “Tarix : xx.xx.2025, İmza: “şəxsin imzası” oğurluq və girov deyil, İMEİ: zapçast, Model : ip 16 pro” sözləri yazılmışdır (i.v. 38-39). “Götürmə və baxış keçirilməsi haqqında” 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 həmin protokolu Şahid2 iştirakı ilə tərtib etmişdir ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus 01 ədəd İphone 16 Pro markalı mobil telefonu iş üzrə şahid qismində dindirilmiş Şahid2 istintaqa təqdim etdi və həmin mobil telefon tərəfindən götürülərək baxış keçirildi. Təqdim olunan mobil telefona baxış keçirən zaman müəyyən etmişdir ki, həmin mobil telefon 01 ədəd İphone 16 Pro markalı qızılı rəngli mobil telefondur. Ekran şəkli qırmızı rəngli şəkildir. Ekranda iPhone Kullanılamıyor yazısı yazılmış və həmin yazının aşağı hissəsində 1 saat sonra yeniden deneyin sözləri qeyd olunmuşdur. Həmin sözün altında isə support.apple.com/trtr/passcode linki qeyd edilmişdir (i.v. 45-46). “Baxış keçirilməsi haqqında” 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 həmin protokolu Zərərçəkmiş şəxs iştirakı ilə tərtib etmişdir ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus 01 ədəd İphone 16 Pro markalı mobil telefonu iş üzrə şahid qismində dindirilmiş Şahid2 istintaqa təqdim etmiş və həmin mobil telefon tərəfindən götürülmüşdür. Həmin mobil telefonun həqiqətən də Zərərçəkmiş şəxs məxsus mobil telefon olub-olmadığını dəqiqləşdirmək üçün Zərərçəkmiş şəxs iştirakı ilə həmin mobil telefona baxış keçirilir. Mobil telefona baxış keçirən zaman həmin mobil telefonun 01 ədəd İphone 16 Pro markalı qızılı rəngli mobil telefon olduğu görünür. Ekrana basdıqda mobil telefonun ekran kilid mühafizə sistemində olduğu öz əksini tapır. Zərərçəkmiş şəxs həmin mobil telefonun ekran kilid kodu soruşulduqda həmin şəxs kodun 1126 olduğunu bildirir. Həmin kod tərəfindən həmin telefonda qeyd edildikdən sonra ekran kilidi açılır. Zərərçəkmiş şəxs özü də mobil telefonun içərisinə baxdıqdan sonra həmin telefonun özünə məxsus mobil telefon olduğunu təsdiqləyir (i.v. 57). “Maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında” 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus 01 ədəd “iPhone 16 PRO” markalı mobil telefonun maddi sübut kimi tanınması, həmin Zərərçəkmiş şəxs məxsus 01 ədəd “iPhone 16 PRO” markalı mobil telefonun məişətdə gündəlik istifadə edilən əşya sayıldığından Azərbaycan Respublikası CPM-nin 131.1.2-ci maddəsinə əsasən saxlanılması üçün qanuni sahibinə verilməsi qərara alınmışdır (i.v. 59). Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Mahmud Sarıvəllinin xidməti otağında ona məxsus oğurlanmış 01 ədəd “İphone 16 Pro” markalı mobil relefonu işlək vəziyyətdə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Mahmud Sarıvəllidən əlbəəl təhvil almışdır (i.v. 62). “Videogörüntülərə baxış keçirilməsi haqqında” 17 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 həmin protokolu tərtib etmişdir Təqsirləndirilən şəxs iştirakı ilə ondan ötrü ki, Yasamal RPİnin 27-ci PŞ-dən daxil olmuş oğurluq hadisəsi zamanı hadisəni özündə əks etdirən videogörüntülərin yazıldığı 01 ədəd DVD diskdəki məlumatlara baxış keçirmək və dəqiqləşdirmək zərurəti yaranmışdır. Təqdim olunan sübut əhəmiyyətli materiallara baxış keçirən zaman müəyyən etmişdir ki, həmin DVD diskin içərisində Whatsapp Video 2025- 07-15 at 15.40.24 və Whatsapp Video 2025-07-15 at 15.40.24 adlı iki ədəd videofayl vardır. Whatsapp Video 2025-07-15 at 15.40.24 adlı videoya daxil olduqda həmin videonun 02 dəqiqə 05 saniyə olduğu görülür. Videogörüntülərin qeydə alındığı ünvan hadisənin baş verdiyi ünvan 5 və vaxt saat 20:30 radələridir. Videogörüntülərdə bir nəfər boz köynəkli və qara rəngli şalvarlı başında gün eynəyi olan şəxs, həmçinin meyvə tərəvəz vitrinində satıcı kimi ağ futbol köynəyi geyinmiş şəxs görünür. Satıcı avtomobilin ön sağ qapısını açıq qoyaraq oturacağa söykənib telefonla oynayır. Təqsirləndirilən şəxs boz köynəkli qara şalvarlı başında gün eynəyi olan şəxsin özü olduğunu bildirir. Videogörüntülərdə o da mobil telefonla kimləsə danışır. Görüntünün 27-ci saniyəsində o, satıcıya yaxınlaşır və əli ilə nə isə göstərərək almaq istədiyini bildirir. Bundan sonra satıcı əlində saxladığı telefonu avtomobilin açıq olan qapısındakı cibcik kimi olan yere qoyaraq məhsullara yaxınlaşır. Bu zaman onun əynindəki köynəyin belində 66 yazısının həkk olunduğu görünür. O, yerdən bir ədəd qarpız götürüb avtomobilin ön hissəsində yerləşən tərəziyə yaxınlaşaraq tərəzinin üzərinə qoyur. Bu zaman Təqsirləndirilən şəxs da onunla birlikdə gəlir və telefonun qoyulduğu qabaq sağ qapıya yaxın dayanır. Bu zaman kəsiyində digər müştərilər də satıcıdan nəsə soruşur. Daha sonra tam dəqiq olaraq videonun 01 dəqiqə 38-ci saniyəsində satıcı arxasını Təqsirləndirilən şəxs çevirərək yenidən qarpızı tərəziyə qoyur. Bundan istifadə edən Təqsirləndirilən şəxs həmin saniyədə avtomobilin qapısına qoyulmuş bir ədəd mobil telefonu götürüb tez arxa cibinə atır və daha sonra heçnə olmamış kimi telefonla oynamağa davam edir. Bundan sonra isə telefonla danışa-danışa oradan uzaqlaşır. Digər video görüntüyə daxil olduqda isə həmin şəxslərin hadisədən öncəki görüntüləri öz əksini tapır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs videogörüntüdəki şəxsin özü olduğunu və oğurluq hadisəsini törətdiyini etiraf edir (i.v. 99). “Baxış keçirilməsi haqqında” 14 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, istifadə edilmiş, işlək vəziyyətdə olan 358 481 589 011 303 və 358 481 582 685 400 İMEİ kodlu “iPhone 16 PRO” markalı qızılı rəngli mobil telefonun orta bazar qiymətinin müəyyən edilməsi üçün “Google” axtarış sistemində “Tap.az” elan saytına Bakı şəhəri, Yasamal RPl-nin istintaq şöbəsində xidməti iş otağında olan zaman həmin sayta “HP” markalı kompyuterdə baxış keçirildi. Həmin sayta baxış keçirən zaman istifadə edilmiş işlək vəziyyətdə olan “iPhone 16 PRO” markalı mobil telefonun satış üçün kompletləşdirməsinə daxil edilən aksessuarların olmaması və bugünki günə olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir: 1) 01 ədəd “iPhone 16 PRO” 128 GB yaddaşlı - 1900 manat, 2) 01 ədəd “iPhone 16 PRO” 128 GB yaddaşlı - 1900 manat, 3) 01 ədəd “iPhone 16 PRO” 128 GB yaddaşlı - 1799 manat, 4) 01 ədəd “iPhone 16 PRO” 128 GB yaddaşlı - 2200 manat, 5) 01 ədəd “iPhone 16 PRO” 128 GB yaddaşlı - 2219 manat. Həmin “Tap.az” saytından çıxarılmış surətlər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarına əlavə edilmişdir (i.v. 113-114). “Sübutların qiymətləndirilməsi haqqında” 30 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamın qanuni və əsaslı hesab elan edilməsi, Təqsirləndirilən şəxsnın əməlində Azərbaycan Respublikası CM-nin 180, 177.2.1 və 177.2.3-cü maddələrinin əlamətləri olmadığı üçün barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi və təqsirsizliyi ilə bağlı sənədlərin surətinin Yasamal rayon Prokurorluğuna göndərilməsi, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi, götürmə və baxış keçirilməsinə dair tərtib edilmiş protokollar və digər istintaq sənədlərinin sübut növü kimi qiymətləndirilməsi və cinayət işinə əlavə edilməsi, iş üzrə götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd “iPhone 16 PRO” markalı mobil telefonun maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə geri verilməsinin nəzərə alınması, Şahid1 və Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığı üçün barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi və təqsirsizliyi ilə bağlı sənədlərin surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorluğuna göndərilməsi, qəbul edilmiş qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 140-147). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin (ibtidai istintaq zamanı), iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* №-li cinayət işinin başlanması və işin icraata qəbul edilib ibtidai istintaqının aparılması qərara alınmışdır (i.v. 1). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə saat 20:35-də tutulmuşdur (i.v. 75-76). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 87-88). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-550/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 20:35-dən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 108-112). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 08 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Xəlilov X1 şəhəri Qorray DN. Vilayəti Xalq Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən CM-nin 296-cı maddəsinin 4-cü hissəsi, 121-ci maddəsinin 1-ci hissəsi, 59, 70-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 67.1, 68.2-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş cəza indiki hökmlə tamamilə birləşdirilərək qəti cəza 05 il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 180.3.3, 234.1, 66.3, 67.1, 68.2, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə əməl CM-nin 180.3.3-cü maddəsindən 180.2.3-cü maddəsinə tövsif edilmiş və ona 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 1489 saylı məktubuna əsasən cərimə tam ödənilmiş, xx.xx.2022-ci il tarixdə cəza sonu ilə azad edilmiş, bundan başqa Nəsimi RPİ İŞ tərəfindən CM-nin 177.2.2-ci maddəsi ilə istintaqı aparılan 240070509, ********* nömrəli material xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmiş, həmçinin Yasamal RPİ-də CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli material icraatdadır (i.v. 115-117). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-209/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində tutulduğu ümumi 3 (üç) ay müddətin ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 15 avqust 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 4(004)-550/2025 nömrəli qərarına əsasən hazırda Bakı İstintaq Təcridxanasında saxlanılmasının nəzərə alınması, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir (i.v. 119-133). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1117/2017 saylı, 29 dekabr 2017-ci il tarixli qərarından görünür ki, xx xxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3 3-cü və 234.1ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 180.3.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaq yolu ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-905/2015 saylı iş üzrə qəbul etdiyi 31 avqust 2015-ci il tarixli hökmünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa uyğunlaşdırılması, Təqsirləndirilən şəxs məhkum olunduğu CM-nin 180.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 180.2.3-cü maddəsinə tövsif edilməsi, ona təyin olunmuş cəza yeni qanunla sanksiyası dəyişdirilmiş 180.2.3-cü maddəsinin sanksiyasının yuxarı həddindən çox olduğundan təyin olunmuş cəzanın Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsinin yeni redaksiyada sanksiyasının yuxarı həddində nəzərdə tutulan 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası həddinə qədər azaldılması, Təqsirləndirilən şəxs əvvəlki hökmlə CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması, CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılaraq üzərində 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanması nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərində 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının saxlanılması qərara alınmışdır (i.v. 137-139). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2040/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, apellyasiya protestinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair 15 avqust 2025-ci il tarixli 1(006)-209/2025 saylı hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, hökmlə CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılaraq 3 (üç) il 4 (dörd) ay həddində müəyyən olunması, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində tutulduğu ümumi 3 (üç) ay müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 1(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün verilmiş apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, həmçinin AR CM-nin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini müxtəlif vaxtlarda törədərək məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər AR CM-nin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilməsini), qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə şəxsin şəxsiyyətinə dair mənfi xarakteristika və törədilmiş əməllərin ictimai təhlükəlilik dərəcəsini nəzərə alsa da, mövcud yüngülləşdirici halların müəyyən edildiyini, eləcə də təqsirləndirilən şəxsin cəmiyyətə reinteqrasiya imkanlarının tam itirilmədiyini əsas götürərək, təyin olunan azadlıqdan məhrum etmə cəzasını mövcud azadlıqdan məhrum etmə cəzası ilə minimum həddə yaxın qismən toplanılaraq qəti cəzanın müəyyən edilməsini ədalətli və məqsədəuyğun hesab edir. Belə ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-2040/2025 saylı qərarı ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2040/2025 saylı, 30 oktyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı hazırki cinayət işi üzrə ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “İphone 16 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2040/2025 saylı, 30 oktyabr 2025-ci il tarixli qərarı ilə təyin edilmiş 03 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində tutulduğu ümumi 03 ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 03 ay ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut –1 ədəd “İphone 16 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 24 iş saatına görə 264 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar