Məhkəmə qərarları › İş №1(004)-60/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-60/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-60/2023 09.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.2000-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs özünü «oğru Qulu»nun qardaşı «Namiq Səlifov» kimi təqdim edərək guya sonuncuya ev hədiyyə etmək istədiyini və evin sənədləşdirmə işləri üçün 7400 manat pul lazım olduğunu bildirib onun etibarını qazanaraq yalan vəd verib inandırmış, daha sonra Zərərçəkmiş şəxs ona inandığından xx.xx.2022-ci il tarixdə saat 22:03-da ünvan 2 ünvanında yerləşən “Araz Praga” adlı marketdə quraşdırılmış “E-manat” ödəmə terminalından onun verdiyi “Kapital Bank” kart hesabına 400 manat, xx.xx.2022-ci il tarixdə saat 16:23-də ünvan 3 ünvanında yerlə|ən “Zenit” adlı marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə həmin kartın hesabına 5000 manat və xx.xx.2022-ci il tarixdə saat 17:03-də Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanında, yəni 28 may metrosu yaxınlığında, Bakı dəmir yolu vağzalı ərazisində quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə onun verdiyi “Leo Bank” kart hesabına 2000 manat pul köçürtmüş, həmin pulları Təqsirləndirilən şəxs Lənkəran şəhəri ərazisində nəgdləşdirərək ümumilikdə 7400 manat pulu ələ keçirib, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, 07 iyun 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 1,006 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 07 iyun 2022-ci il tarixdə saat 16.30-da Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı ünvan 4 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,006 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xatırlamadığı bir taxirdə “İnstaqram” sosial şəbəkəsində özünə məxsus olan profildən «Ziba.Osmanlı.ofical» profilinə yazaraq Ziba adlı xanımla tanış olmuşdur. Bir müddət sonra o, Zibanın müğənni olduğunu və müxtəlif toy məclislərində oxuduğunu öyrənmişdir. Bundan sonra o, «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə özünə məxsus xarici nömrədən Zibanın istifadəsində olan nömrəsi ilə əlaqə saxlayıb özünü «Lotu Qulu»nun qardaşı «Namiq Səlifov» kimi təqdim edib onu Türkiyə Respublikasının İstanbul şəhərinə oxumaq üçün dəvət etmək istədiyini bildirmişdir. Ziba onun bu təklifi ilə razılaşaraq bunun müqabilində ondan 3000 ABŞ dolları pul istəmişdir. O, isə onu şirnikləşdirmək üçün ona 5000 ABŞ dolları pul verəcəyini bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra Zibaya zəng edib ondan xoşu gəldiyini, bu səbəbdən də ona ev hədiyyə etmək istədiyini bildirmiş və Zibaya internetdən ev şəkilləri yükləyib göndərmişdir. Ziba Yasamal rayonunda olan 3 otaqlı evi bəyənmişdir. O, Zibaya hal-hazırda Türikiyə Respublikasında olduğunu, müəyyən səbəblərə görə Azərbaycan Respublikasına pul göndərə bilmədiyini deyib evin sənədləşməsi üçün ondan 7400 manat pul istəmişdir. Ziba onunla razılaşmış və ona məxsus bank kartının şəklini Zibaya göndərmişdir. Həmin gün Ziba onun kartına 400 manat pul göndərmişdir. Səhəri gün o, Zibaya bildirmişdir ki, qalan puluda təcili köcürmək lazımdır və xx.xx.2022-ci il tarixdə Ziba onun adına olan həmin karta 5000 manat pul göndərmişdir. Həmin gün kartın limiti dolduğu üçün o, məcbur olub bibisi X4 məxsus «LEO BANK» kartını istəyərək ona pul göndəriləcəyini, avtomaşın alveri ilə məşğul olduğunu bildirib bibisindən kartı almış, şəkili çəkib Zibaya göndərmişdir. Ziba həmin gün bibisi Təranənin adına olan kartın balansına 2000 manat pul göndərmişdir. O, həmin kartın balansından 2000 manatı öz kartına göndərmişdir. Zibanın ona göndərdiyi ümumilikdə 7400 manat pulu hər gün 2000 manat olmaqla Lənkəran şəhərində yerləşən «Kapital Bank» dan çıxararaq həmin pulun 3000 manatına özünə avtomaşın almış, daha sonra qalan pulları həmin maşına xərçləmişdir. 07 iyun 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 01 büküm psixotrop maddə olan metamfetamin alıb şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat 16:30 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən 02 saylı evin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra polis əməkdaşları ondan üzərində qanunla gəzdirilməsi qadağan edilən əşya və ya hər hansı maddələrin olub-olmadığını soruşmuşlar və o səmimi olaraq polis əməkdaşlarına üzərində psixiotrop maddə olan metamfetamin olduğunu bidirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla Polis Bölməsinə getmişdir. Orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində olan bir büküm psixiotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin psixotrop maddəni 07 iyun 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları ona məxsus psixiotrop maddə olan metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o müğənnidi və müxtəlif məclislərdə oxuyaraq pul qazanır. xx.xx.2022-ci il tarixdə ona “Whatsapp” sosial şəbəkəsindən ABŞ operatoruna məxsus nömrədən ona sms gəlmişdir. Həmin şəxs özünü ona “Oğru Qulinin” qardaşı Namiq Səlifov kimi təqdim etmişdir. Həmin şəxs ondan xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində “Hilton” otelində keçiriləcək məclisdə iştirak edərək mahnı oxumağını istəmişdir. O, xidmət haqqı olaraq həmin şəxsə 3000 ABŞ dolları dedikdə həmin şəxs ona bunun qarşılığında 5000 ABŞ dolları pul verəcəyini bildirmişdir. O, həmin şəxslə razılaşmışdır. Bundan bir müddət sonra özünü Namiq Səlifov kimi təqdim edən şəxs yenidən onunla telefonla danışaraq ondan xoşu gəldiyini və ona aşiq olduğunu bildirmiş və onların münasibəti yaranmışdır. Bundan sonra həmin şəxs onunla telefonla danışdığı zaman ona Bakı şəhər Yasamal rayon ərazisində ev hədiyyə etmək istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə özünü ona Namiq Səlifov kimi təqdim edən şəxs halhazırda Türkiyə Respublikasında olduğunu, bu səbəbdən Azərbaycan Respublikasına pul göndərə bilmədiyini və ona hədiyyə etmək istədiyi evin sənədləşmə işlərinin aparılması üçün 7400 manat pul lazım olduğunu bildirmiş və ona “Kapital Banka” məxsus 4169-7387- 0334-0244 saylı kartın şəklini göndərmişdir. xx.xx.2022-ci il tarixdə o, ünvan 2 ünvanında yerləşən “Araz Praga marketdə” quraşdırılmış “E-manat” ödəmə terminalından həmin şəxsin verdiyi 4169-7387-0334-0244 saylı Təqsirləndirilən şəxs məxsus “Kapital Bank” kart hesabına 400 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə həmin şəxs ondan qalan 7000 manat puluda göndərməyini istəmişdir. Həmin gün ünvan 3 ünvanında yerləşən “Zenit marketdə” quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə həmin kartın balansına 5000 manat pul göndərmişdir. Bundan sonra həmin şəxs ona Şahid1 məxsus «LEO BANK» kartının şəklini göndərərək ondan qalan 2000 manat pulu həmin kartın hesabına köçürməyini istəmiş və o, xx.xx.2022-ci il tarixdə 28 may metrostansiyasının yaxınlığında quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə həmin şəxsin verdiyi 4098-5844-5855-7863 saylı Şahid1 məxsus, “Leo Bank” kartına 2000 manat pul göndərmişdir. O, pulları göndərəndən sonra həmin şəxs ona kartlara göndərdiyi pulların tam şəkildə xx.xx.2022-ci il tarixdə ona qayıdacağını bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə bacısı X2 toy məclisi ilə əlaqədar olaraq Türkiyə Respublikasının Yalova şəhərinə getmiş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. O, Türkiyyə Respublikasında olduğu zaman ona görüşməyi təklif etsədə özünü ona Namiq Sələfov kimi təqdim etmiş şəxs başqa yerdə olduğunu bildirib onunla görüşməkdən imtina etmişdir. Azərbaycan Respublikasına gəldikdən sonra o, telefonu açanda ona çoxlu mesajlar gəldiyini və həmin şəxsin mesajlarda ona hədə-qorxu gəldiyini görmüşdür. Bundan sonra o, başa düşmüş ki, həmin şəxs onu aldadaraq pulu ələ keçirmişdir. Sonradan ona məlum olmuş ki, özünü ona Namiq Səlifov kimi təqdim etmiş şəxs Təqsirləndirilən şəxsdur. Son olaraq ona dəymiş 7400 manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və daşınması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə bölmənin rəhbərliyinə məruzə edildikdən sonra ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında onlar tərəfindən saxlanılmış və Yasamal RPİ-nin 26-cı PB-nə dəvət edilmişdir. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Kamil əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Kamil həmin psixotrop maddə olan metamfetamini 07 iyun 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin psixotrop maddə olan metamfetamin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 225-226-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Onunla münasibəti həmişə yaxşı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olmuşdur. Kamil sonuncu dəfə 2022-ci ilin mart ayında azadlığa buraxılmışdır. O, azadlığa çıxdıqdan sonra o, Kamilə dəfələrlə maddi yardım göstərmişdir. Belə ki, o, istəməmişdir ki, Kamil maddi çətinlik çəksin və bu səbəbdən yenidən başqa bir cinayət əməli törətsin. 17 aprel 2022-ci il tarixdə o, Lənkəran şəhərində qardaşı Ramilin evində olduğu zaman Kamildə orada olmuşdur. Həmin zaman Kamil ondan “Leo” banka aid bank kartını istəmişdir. O, Kamildən kartı hansı səbəbə görə istədiyini soruşduqda Kamil ona dostları maşın almaq üçün pul göndərəcəyini və o, maşın alıb taksi fəaliyyəti ilə məşğul olacağını bildirmişdir. O, Kamilə inanıb özünə məxsus bank kartını sonuncuya vermişdir. Sonradan isə Kamil həmin kartı mənə qaytarmış, lakin o, ondan hansı məbləğdə pulun göndərilməsini soruşmamışdır. Bundan sonra o, Bakı şəhərinə gəlmiş və bir müddət sonra isə o, həmin kartı itirdiyindən kartı bağlatdırmışdır. Lakin bir neçə gün sonra Kamil onunla əlaqə saxlamış və kartn onda olduğunu, anasının ona 50 manat pul göndərəciyini bildirib kartı açdırmağımı xahiş etmişdir. O, həmin günü kartı açdırmış və sonradan yenidən kartı bağlatdıraraq yenisi ilə əvəz etmişdir. Bundan sonra o, Kamillə əlaqə saxlamamışdır. Sonradan ona məlum olmuş ki, Kamil yenidən cinayət hadisəsi törətdiyinə görə həbs edilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 215-216-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, 07 iyun 2022-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün tərəfimizdən Yasamal RPİ-nin 26-cı PB-nin və Yasamal RPİ-nin rəhbərliyinə raportla məruzə olunub, icazə alındıqdan sonra əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. 07 iyun 2022-ci il tarixdə saat 16.30-da keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getməyə razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərsində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 170 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri isə şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Həmin aşkar olunmuş maddə nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu, həmin maddəni 07 iyun 2022-ci il tarixdə saat 10 radələrində Nəsimi rayonu ərazisində Kubinka adlanan yerdə tanımadığı şəxsdən aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 13 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs sonuncu dəfə özünü Namiq Səlifov kimi təqdim edən şəxsin verdiyi kart hesabına xx.xx.2022-ci il tarixdə saat 17:03-də göstərilən ünvanda 2000 manat pulu Million vasitəsilə göndərdiyini bildirmişdir. (i.v. 12-13) “Emanat” və “Milliön” ödəniş terminallarına məxsus qəbzlərdən görünür ki, 7400 manat məbləğində vəsait iki fərqli karta köçürülmüşdür. (i.v. 14-16) Şəxsi axtarış və götürmə aparılması haqqında 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, sonuncunun üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və maddənin olması halında könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə olan maddənin psixotrop maddə metamfetamin kimi tanıdığı maddə olduğunu, bu psixotrop maddə metamfetamini 07 iyun 2022-ci il tarixdə saat 10 radələrində «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən aldığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 16:30-da polis əməkdaşları tərəfindən ünvan 6 evin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər maddə müvafiq qaydada qablaşdırılmışdır. (i.v. 130-131) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 08 iyun 2022-ci il tarixli 6/3207 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs R. ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,006 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “psixotrop maddələri”-in siyahısına (siyahı İ) daxildir. (i.v. 137-141) “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, üzərində BİNGO CD-R, 700MB/80 min, 2x-56X CD- Recordable yazıları olan 1 ədəd CD diski «ACER» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd «VİD_20220607_192147» adlı və 507,380 kb həcmdə video fayl olduğu müəyyən edildi. Həmin video fayla baxış keçirilərkən müəyyən edildi ki, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında təhqiqatçı, polis mayoru X5 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, Yasamal RPİnin 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim edərək həmin bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu, bu psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Nəsimi rayonu ərazisində yerləşən Kubinka adlanan ərazidə tanımadığı şəxsdən aldığını, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30 dəqiqədə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 02 saylı evin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf selofana bükülmüş bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmir. Təqdim edilmiş maddə təhqiqatçı və iştirakçıların qarşısında 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılır və möhürlə möhürlənməklə iştirakçılar tərəfindən imzalanır. (i.v. 152) “Maddi sübut kimi tanımaq haqqında” 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi, 1,006 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,956 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 178) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 nəticələrinə dair 30 iyul 2022-ci il tarixli 4173 nömrəli rəyindən görünür ki, Psixostimulyatrorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 277-278) "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Milliön vasitəsilə 2000 manat məbləğində vəsait karta mədaxil edilmişdir. (i.v. 248) 10 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduğu ifadəsini tam şəkildə Təqsirləndirilən şəxs üzünə qarşı bildirrmiş və sonuncu Zərərçəkmiş şəxs ifadəsini təstiq edərək dələduzluq cinayət əməlini törətməsini bir daha təstiq etmişdir. (i.v. 254-256) Sübutların qiymətləndirilməsi haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd CD-R formatındakı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 257-270) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 1.006 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10-da tutulmuşdur. (i.v. 118) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 4(004)-489/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 174-176) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(099)- 255/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmişdir. (i.v. 183-184, 193-209) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinin 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş və Qərarın 36-cı bəndinə əsasən barəsində olan məcburi müalicə ləğv olunduqdan sonra azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 7(002)-590/2022 saylı qərarına əsasən təqdimat təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. 8 X12 münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2022-ci il tarixlı qərarına əsasən həmin qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 07 iyul 2021-ci il tarixli hökm üzrə məhkumluğu götürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yenidən eyni xarakterli cinayət törətməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.956 qram qalıq çəkisi olan psixotrop vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4 və 234.1-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmadı), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 178.2.4cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından qalıq qalmış 0,956 qrаm kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin məhv edilsin, 01 ədəd CD disk cinаyət işinin mаtеriаllаrındа saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar