Məhkəmə qərarları › İş №1(004)-60/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-60/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-60/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X4 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2nda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 06:20-də Zərərçəkmiş şəxs Bakı şəhəri, H.B ünvan 3 ünvanında icarə müqaviləsi əsasında işlətdiyi “Şok” marketə daxil olaraq, orada olan saxlanc yer hesab olunan xidməti otağa daxil olmaq icazəsi olmadığı halda,həmin otağın açıq qapısından qanunsuz daxil olub orada olan masanın üzərindən vət.Zərərçəkmiş şəxs məxsus 800 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 5 radələrində Nərimanov rayonunda yerləşən Hiss klubdan çıxıb yaşadığı ünvana getmək üçün taksi ilə Bakı şəhəri,Yasamal rayonu X5 prospektində keçərkən «Şok» marketdən su almaq qərarına gəlmişdir. Taksidən düşüb marketdən 1 ədəd sabun və 1 ədəd su almışdır. Marketdə gəzişərkən marketə bitişik otaqlardan birinin qapısının açıq olduğunu və otaqda olan masanın üzərində pul olduğunu görmüşdür. Otağa kənardan baxıb otaqda heç kimin olmadığını və kimsə gəlmədiyindən əmin olmuş və otağa daxil olmuşdur. Orada masanın üzərində olan pulu götürüb marketdən uzaqlaşmışdır.Sonradan pulu saydıqdan sonra həmin pulun məbləğinin 800 manat olduğunu görmüşdür.Həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmasını və zərərçəkmişə vurulan ziyanı tam həcmdə ödəməsini, eləcə də zərərçəkmişlə barışması və ondan hər hansı şikayət və tələbin olmamasını, hazırda altı aylıq hamiləliyinin olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda ünvan 2nda işləyir və orada yaşayır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə icarəyə götürdüyü Bakı şəhəri, Yasamal rayonu X5 küçəsi 31/66 ünvanında yerləşən «Şok» marketdən saat təxminən 06:20 radələrində işçilərə bir nəfər müştəri qismində qadın yaxınlaşıb bir ədəd su və bir ədəd sabun alıb mağazadan uzaqlaşdığını görmüş, onunla əlaqə saxlyaraq həmin qadının hərəkətlərindən şübhələnib müşahidə kamerasına baxmaq lazım olduğunu bildirmişlər. Kameralara baxış zamanı həmin qadının mağazada otaqda olan masanın üzərində qoyduğu 800 manat pulun oğurlamasını aşkar etmişdir. O həmin qadını özü tapmaq qərarına gəlmişdir. 23 mart 2024-cü il tarixdə həmin qadını X3 yaxınlığında yerləşən kafelərdən birinin qarşısında görmüş və həmin qadına yaxınlaşaraq hadisənin görüntülərini göstərmişdir. Qadın törətdiyi hadisəni etiraf etmişidir. Həmin qadını saaxlayıb DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona 800 manat ziyan dəymişdir. Həmin pul onun şəxsi vəsaiti olmuşdur. Sadəcə olaraq həmin pulu işçilər masanın üzərinə qoymuşdular ki, səhər o işə gələndə kassanın siyirtməsinin açarı onda olduğundan o, mağazaya yaxınlaşanda pulu seyfə qoysun. İfadəsinin sonunda Zərərçəkmiş şəxs bildirmişdir ki, ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 6 ünvanında yerləşən “ŞOK” marketdir. xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinərək xx.xx.2024-cü il tarixdə saat 17:00-da tutulmuşdur. (İ/V. 32-33). xx.xx.2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, hadisənin videogörüntülərini özündə əks etdirən DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, video çəkiliş otaqda süni işıqlandırma ilə aparılmışdır. Baxış zamanı məlum olmuşdur ki. Bakı şəhəri, Yasamal rayonu, H.B ünvan 3 ünvanında yerləşən “Şok” marketin video müşahidə qurğusunun kamerası ilə qeydə alınmış oğurluq hadisəsinin görüntüləri vardır. Oğurluq cinayət hadisəsi Bakı şəhəri, Yasamal rayonu H.B ünvan 3 ünvanında yerləşən “ŞOK” marketin otağında baş verir. Belə ki, qeydə alınmış video görüntüdə Təqsirləndirilən şəxs saat 06:20-də otağa daxil olduğu, ondan başqa otaqda kənar şəxslərin olmadığı və sonuncu tərəfindən stolun üzərindən pul əskinazlarının götürülərək cibinə qoyularaq otaqdan çıxdığı görünür. Həmin DVD diskə məhkəmə istintaqı zamanı baxış keçirilən zaman xx.xx.2024-cü il tarixli protokolda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 63-64). xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqınla iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 89-90). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-44/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla qəti olaraq 02 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (İ/V. 104-105, 113-119) xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 06:00-da Yasamal rayonu, Salamzadə 7 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqınla iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 155-156). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (İ/V. 157- 162). xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-538/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasında xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-60/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o dərhal məhkəmə iclas zalında azad edilmişdir. Təqsirləndirilən şəxsin yaxınları tərəfindən məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən müəyyən olunmuşdur ki, o, hazırda 21 həftəlik hamilədir. Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam həcmdə ödənmiş və təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansı maddi tələbinin və şikayətinin olmamasını təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmişə vurulmuş zərəri tamamilə ödəməsini və onunla barışmasını, eləcə də zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, 21 həftəlik hamilə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, təqsirləndirilən şəxs hamilədir və ona daha ağır növdə cəzanın təyin edilməsi həm ananın həmçinin də ana bətnində olan uşağın sağalmlığına mənfi təsir göstərə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdən 26 mart 2024cü il tarixədək və 02 sentyabr 2024-cü il tarixdən 03 sentyabr 2024-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət, habelə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı 01 ay 9 gün müddət olmaqla ümumilikdə cəmi 01 ay 13 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 1(004)-538/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 27 sentyabr 2024-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdən 26 mart 2024-cü il tarixədək və 02 sentyabr 2024-cü il tarixdən 03 sentyabr 2024-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət, habelə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı 01 ay 9 gün müddət olmaqla ümumilikdə cəmi 01 ay 13 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 ay 26 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nı axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar