Məhkəmə qərarları › İş №1(004)-604/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-604/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-604/2022 20.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətənedaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-cı il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən 3 saylı ASAN xidmətin yanından istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr"in İ siyahısına daxil edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,336 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manata alıb, əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 22:00 dəqiqədə ünvan 3 ünvanda Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Yasamal RPİ-ə gətirilmiş və üzərində axtarış və götürmə aparılan zaman, əynindəki göy rəngli, üzərində ağ-qara rəngli xətləri olan şortikinin ön sağ yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 1,336 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, fasilələrlə 10 illə yaxındır ki, narkotik vasitə qəbul edir, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixi hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Cəzasını çəkib qurtardıqdan sonra da narkotik vasitələrə aludəçiliyi davam etmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 22 yaşadığı evin yaxınlığında yerləşən 3 saylı Asan xidmətin yanından üzdən tanıdığı, lakin şəxsi anket məlumatlarını bilmədiyi şəxsə 20 manat verib, 01 ədəd kağıza bükülü halda olan patı-metamfetamin olmuşdır ki, səhəri gün özü istifadə etsin. Səhəri gün axşam saat 22 radələrində yaşadığı evin yaxınlığı ilə gedərkən bu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Yasamal RPİ-nin əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini çıxarıb təqdim etmişlər və Yasamal RPİ-ə getməyini xahiş etmişilər. Həmin vaxtı patı əynindəki şortikinin qabaq sağ yan cibində idi. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-ə gəlmiş və şəxsiyyətini müəyyənləşdirmişlər və xidmət otaqların birində üzərinə hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları üzərində qeyri qanuni nə varsa çıxarıb təqdim etməyini bildirmişilər. Həmin vaxtı əynindəki ağ-qara xətləri olan şortikinin qabaq sağ yan cibindən bir ədəd kağıza bükülü patını-metamfetamini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan bu maddənin nə olduğunu soruşduqda bu maddənin patımetamfetamin olduğunu, patını 21 sentyabr 2022-ci il tarixdə axşam saatlarında 3 saylı Asan xidmətin yanından tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçun 20 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Aşkar olunmuş metamfetamini isə ekspertizaya göndərmişlər. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1977-ci il təv.Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Yasamal RPİ NMB-yə əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə özü və Yasamal RPİ NMBnin əməliyyat müvəkkili polis kaptanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, 22 sentyabr 2022-ci il tarixdə saat 22:00-da ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrimi göstərdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ-yə dəvət etmişlər. Mahiyyəti üzrə bildirmişdir ki, xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş uzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli, üzərində ağ-qara rəngli xətləri olan şortikinin ön sağ cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində ağ rəngli maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində metamfetamin adlandırdığı maddə olduğunu, həmin maddəni 21 sentyabr 2022-ci il tarixdə 3 saylı Asan xidmətin yanından üzdən tanıdığı, lakın adını və digər anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərilmiş,ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 1,336 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmasa da, onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması ilə bağlı məlumatlar tez-tez daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/5449 saylı, 23 sentyabr 2022-ci il tarixli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş üzərində «...(İmza) Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,336 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edilmiş, 1,286 qram çəkidə hissəsi qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 6803 saylı, 14 noyabr 2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi tələb edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 08 ay (bir il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat (səksən bir manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 1,286 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar