Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-605/2023 28.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittihamçı X6, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi və X2, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X4 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən “Huqqa” restoranında saat 01:00-da müğənni Ziba Osmanovanın, saat 01:30-da isə prodüsseri olduğu müğənni Aygün Ağayevanın tamaşaçılar qarşısında çıxış vaxtı təyin edilmişdir. Saat 01:00-da müğənni Ziba Osmanova çıxışına başlamış, saat 01:30-da onun üçün müəyyən olunmuş vaxtın bitməsinə baxmayaraq çıxışını davam etdirmişdir. Bu zaman Ziba Osmanovanın prodüsseri Kənan Məmmədova yaxınlaşaraq onlar üçün ayrılmış vaxtın bitdiyini bildirib, səhnəni tərk etmələrini xahiş etmişdir. Həmin vaxt Kənan Məmmədov bu barədə Ziba Osmanovaya bildirdikdə o, “qələt edir” deyərək onu təhqir etmiş, barəsində nalayiq sözlər deməyə başlamışdır. Bundan sonra Kənan Məmmədov da onunla bərabər ona nalayiq sözlər deməyə və təhqir etməyə başlamışdır. Həmin vaxt ətrafda tamaşaçılar olduğundan və səslər quraşdırılmış avadanlıqlardan eşidildiyindən, restoranda qonaq olan bütün şəxslər onların onu təhqir etdiklərini eşitmişlər. Mən təhqirlərə dözməyib avadanlıqların səsini azaltmaq istədikdə Kənan Hüseynov acıqla avadanlığın səsini artıraraq təhqirləri davam etdirmişdir. Bu hal şikayətə əlavə etdiyi disklərlə təsdiq olunur. Həmçinin, həmin vaxt restoranda qonaq olan şəxs X11 şahid kimi (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 9-cu köndələn küçəsi, ev 36 A, tel: *** *** ** **) təqsirləndirilən şəxslərin insanların kütləvi toplaşdıqları yerdə onu təhqir etdiklərini təsdiq edə bilər. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Alliance Garden” restoranında bir gün əvvəlki mübahisənin davamı olaraq restoranın həyətində adamların kütləvi toplaşdıqları yerdə açıq havada Ziba Osmanlı ona şillə vuraraq xəsarət yetirmişdir, Kənan Hüseynov isə təpik atmaqla nalayiq söyüşlərlə təhqir etmişdir. Bu hal şikayətə əlavə etdiyim disklərlə təsdiq olunur. Həmçinin, həmin vaxt restoranda qonaq olan şəxs X12 şahid kimi (ünvan: ünvan 2lıq sarayında administrator vəzifəsində işləyir, tel: *** *** ** **) təqsirləndirilən şəxslərin həmin yerdə şillə vurub təpik atmaqla məni təhqir etdiklərini təsdiq edə bilər. Bu halla bağlı “102” xidmətinə zəng etsə də Ziba Osmanova və Kənan Hüseynov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Həmin gün Kənan Hüseynov özünə məxsus olan ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi “instaqram” sosial şəbəkəsində digər təqsirləndirilən şəxs Ziba Osmanovanın təşəbbüsü ilə öz profilində yerləşdirdiyi videoda onun şəklini yerləşdirərək “Qəh.ə. Baxın ay millət yeni quş növü aşkar olunub. Bilmir necə eləsin ki, kliyenti çox olsun” sözlərini yerləşdirmişdirməklə ona böhtan atmışdır. Şikayətə əlavə etdiyi videodisklərdən birində “instaqram” sosial şəbəkəsində Kənan Hüseynovun öz profilində yerləşdirdiyi həmin səhifənin çəkilişini görmək mümkündür. o qeyd edilən hallarla bağlı “102” xidmətinə zəng edib şikayət etmişdir, Binəqədi rayon 5-ci Polis Bölməsində və Nizami rayon 24-cü Polis Bölməsində bu hallarla bağlı ifadələr vermişdir. Lakin təqsirləndirilən şəxs Kənan Hüseynov “instaqram” sosial şəbəkəsində ona böhtan atdığı profilin özünə məxsus olmadığını bildirərək, polisdə yalan ifadə verərək, məsuliyyətdən yayınmağa çalışmışdır. Halbuki, qeyd etdiyi “instaqram” sosial şəbəkəsində yerləşdirilmiş profil şəkli Kənan Hüseynova məxsusdur və orada müğənni Ziba Osmanova ilə bağlı şəkillər və paylaşımlar da yer almışdır. Təqsirkar şəxslərin bu əməlləri nəticəsində o ağır psixi iztirablar və mənəvi sarsıntı keçirmişdir. Xüsusən də “instaqram” sosial şəbkəsində şəkli paylaşıldıqdan və onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldıqdan sonra dəfələrlə özünə qəsd etmək istəmişdir. Bu hadisələr onun ailədaxili münasibətlərinə də təsir etmiş, qardaşı ilə mübahisə etmişdir. Bununla yanaşı ona elçiliyə gələn ailə “instaqram” sosial şəbəkəsində şəklini və paylaşımları görəndə ondan üz döndərmiş, ona evlilik təklif edən şəxs də ondan ayrılmışdır. Anası bunlara görə ağır psixoloji sarsıntı, stress keçirmiş, mənəvi iztirablar çəkmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrini rəhbər tutmaqla təqsirləndirilən şəxslər X4 və X7 xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X10 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxslər X1 və X2 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən X1 müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi bildirmişdir ki, X10 bu şikayətlə polisə şikayət etmiş və iki dəfə Binəqədi Rayon Polis İdarəsində və Nizami Rayon Polis İdarəsində olmaqla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarları çıxarılmışdır. Eyni zamanda bildirmişdir ki, xüsusi ittiham barədə ərizədə müdafiəçisi olduğu X1 yaşadığı yer düzgün qeyd edilməyibdir, ümumiyyətlə ərizə qanunvericiliyə uyğun tərtib edilməmişdir. Qeyd olunanlara əsasən şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 xüsusi ittiham qaydasında şikayətə etiraz edərək barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında X2 müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X8 barəsində şikayət verilmiş şəxs X2 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi üçün əsasların olmadığından onun barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 xüsusi ittiham qaydasında şikayətə etiraz edərək barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən şəxs X9 bildirmişdir ki, xüsusi ittihamçının öz ərizəsində göstərdiyi “Huqqa” restoranının sahibidir və ərizədə qeyd edilən gün və saatda sözügdən hadisənin şahidi olmamışdır, ümumiyyətlə xüsusi ittihamda qeyd edilən hal baş verməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elnur Əvəzli tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, X6 müraciəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Nizami RPİ-nin 24-cü PB-nin təhqiqatçısı, polis kapitanı Hüseyn Quliyev tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, X6 müraciəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, əvvəla, şikayətçi X10 tərəfindən məhkəməyə verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi Yasamal Rayon Məhkəməsinə verilsə də, barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi verilmiş şəxslərin yaşayış (qeydiyyatda olduqları ünvan) ünvanlarını təsdiq edən hər hansı sənəd ərizəyə əlavə edilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayətin əsaslı olmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərlərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişlər. Digər tərəfdən xüsusi ittiham qaydasında şıkayətin məzmununun CPM-nin tələblərinə uyğunluğu ilə bağlı məhkəmə qeyd edir ki, həmin şikayət tərtib edilərkən CPM-nin 293.3.1ci və 293.3.6-cı maddələrinin tələblərinə tam riayət edilməmişdir. Belə ki, şikayət verilmiş şəxsin məşğuliyyət növü, vəzifəsi, eləcə də şikayətin verildiyi yer, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Eyni zamanda məhkəmənin hazırlıq icasında xüsusi ittiham qaydasında verilmiş şikayətdə törədilməsi istinad edilmiş cinayət əməllərinin baş verməsi ilə bağlı mötəbər sübutlar və dəlillər təqdim edilmədiyi, iki şəxs barəsində şikayət verildiyi halda ayrıayrılıqda hər bir şəxsin məhs hansı cinayət əməlini törətməsi, onları təsdiq edən mötəbr sübutlar təqdim edilməmişdir, xüsusi ittihamda qeyd edilmiş hallarla bağlı müvafiq polis şöbələrində araşdırmalar aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir və hazırda xüsusi ittihamçı eyni hallarla bağlı məhkəməyə müraciət etmişdir. Digər tərəfdən xüsusi ittihamda barələrində şikayət verilmiş şəxslərin ünvanları barədə rəsmi sənəd təqdim edilmədiyindən məhkəmə aidiyyətini də müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından eləcə də şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Bundan başqa X5 ibtidai araşdırma zamanı göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 X4 və X7 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-605/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-605/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver