Məhkəmə qərarları › İş №1(004)-605/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-605/2025

09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-605/2025 09.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında fərdi yaşayış evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq təkrarən soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 iyun 2025-ci il tarixdə saat 02:40-da ünvan 2 ünvanında yerləşən “Oba markefin qarşısına gəlmiş, həmin marketin yanında park edilmiş vəziyyətdə olan dəyəri 1350 (min üç yüz əlli) manat olan, “NNB Jianshe 49” markalı mopedi gizli yolla talayıb Zərərçəkmiş şəxs2 1350 (min üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə saat 00:05 radələrində, Bakı şəhəri Yasamal rayonu M.Həsənov küçəsi ilə Moskva prosoektinin kəsişməsində yerləşən "xxxx"ASC-nin qarşısında yerləşən “Köşkün” yanında əyləşmiş, vət. Zərərçəkmiş şəxs1 yaxınlaşaraq sonuncudan telefonunda konturunun olub-olmaması və zəng edə bilib-bilməməsi bəhanəsi ilə soruşmuş, Zərərçəkmiş şəxs1 kontur olduğunu deyərək və zəng etmək üçün telefonu ona uzatdıqdan sonra o, telefona baxaraq “Samsung A03” markalı olmasını görmüş, telefona daxil olmaq üçün sonuncudan şifrəni istəmiş, şifrəni əldə etdikdən sonra isə qəfil telefonu götürüb yolun qarşı tərəfinə doğru qaçmış, Zərərçəkmiş şəxs1 “dayan, telefonu qaytar” səslənməsi çağırışına məhəl qoymayaraq hərəkətlərini davam etdirmiş, sonuncunun da onun arxasıyca qaçmasını və onu söyərək yaxalamaq üzrə olmasını görüb, geri dönərək qəflətən sağ əli ilə Zərərçəkmiş şəxs1 sifətinin sol nahiyyəsinə bir sillə və ardından bir yumruq zərbəsi endirib onun həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunun müqavimətini qıraraq yerə yıxılmasına nail olmuş, bununla da hərəkətlərini tamamlayıb qaçaraq hadisə yerindən uzaqlaşmaqla, dəyəri 170 manat olan 01 ədəd “Samsung A03” markalı mobil telefonu açıq talayıb Zərərçəkmiş şəxs1 170 (bir yüz yetmiş) manat dəyərində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında fərdi yaşayış evində valideynləri ilə birlikdə yaşayır, fərdi əməklə, yəni Boltfood şirkətində çatdırma xidmətində işləyərək dolanışığını təmin edir. Mahiyyət üzrə bildirmişdir ki, 26 iyun 2025-ci il tarixdə günorta saatlarında o, ünvan 2 ünvanında yerləşən Oba marketin tinində “NNB” markalı mopedin divara söykəndiyini görmüşdür. Moped heçnə ilə bağlanmamışdır. O, qərara gəlmişdir ki, gecə saatlarında gəlsin və həmin mopedi oğurlasın. Belə ki, maddi sıxıntıları olmuşdur. 27 iyun 2025-ci il tarixdə saat 02:40-da o, həmin moped kiliddə olduğu üçün əvvəlcə sağasola oynadaraq kilidini sındırmış və təxminən 2-3 metr arxada olan tinə tərəf aparmışdır. Bundan sonra o, gözləməyə başlamışdır. Bundan sonra 1 nəfər şəxs ona yaxınlaşaraq mopedi tinə kimin qoyduğunu soruşmuş, o isə ona bildirmişdir ki, mopedi özü qoymuş, çünki moped əvvəlki olduğu yerdə oturmağına maneçilik törədir. Bundan sonra həmin şəxs uzaqlaşmışdır. Saat 03:40- da o, həmin mopedi əli ilə yaşadığı ünvanın qarşısına aparmışdır. Bundan sonra o, mopedin qabağını sökərək kabellərini ayırmışdır. Daha sonra mopedə əyləşib Sabunçu qəsəbəsində gəzdikdən sonra Pirşağı qəsəbəsində dəniz kənarına getmişdir. Həvəsli olduğu üçün bir neçə saat mopedi idarə etmiş, səhər açıldıqda isə Zabrat qəsəbəsində moped ustası olduğunu bildiyi üçün həmin ustanın yanına gedib mopedi sataraq pul əldə etmək fikrinə düşmüşdür. Buna görə də Zabrat qəsəbəsinə getdikdə yolda təsadüfən bir şəxs görmüşdür. Həmin şəxs ona yaxınlaşaraq onu tanıdığını və mopedləri dəyişə biləcəyini soruşduqda o, razılıq vermişdir. Həmin şəxs mopedləri dəyişəcəkləri təqdirdə ona istifadə etdiyi mobil telefonunu və 100 manat pul verəcəyini bildirmişdir. O da, onunla razılaşmış və həmin şəxs ona telefonu ilə 100 manat, eyni zamanda mopedini vermiş və getmişdir. O da, həmin şəxsin mopedini ehtiyat hissəsi edib satmaq üçün Bakıxanov qəsəbəsinə getmişdir. Orada təkər təmir mərkəzində işləyən tanımadığı şəxsə yaxınlaşmış və həmin mopedi 30 manata ustaya satmışdır. Mobil telefonu da yaşadığı evə yaxın yerdə yaşayan Yunus adlı şəxsə 20 manata satmışdır. Əməlindən peşmandır, yüngül cəza təyin olunmasını xahiş edir. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə təxminən saat 23:55 radələrində Bakı şəhəri Yasamal rayonu M.Həsənov küçəsində yerləşən “Köz Dönər” adlı dönərxanadan sifariş götürmək üçün gəlmişdir. Həmin küçədə, 20 Yanvar metrostansiyasının yanında yerləşən "xxxx"ASC-nin qarşısına getmiş, orada yerləşən köşkün yanında daş üzərində bir nəfər şəxsin oturub “Go” içkisi içdiyini görmüşdür. Həmin şəxs telefonunu yanında qoymmuş və o, həmin telefonu talamaq qərarına gəlmişdir. Təminən 5-6 dəqiqə sonra, yəni xx.xx.2025-ci il tarixdə təxminən saat 00:05-də həmin şəxsə yaxınlaşaraq “konturun var?, telefonunu mənə verə bilərsən zəng edim?” deyə xahiş etmişdir. Həmin şəxs isə ona konturunun olmasını bildirmiş və telefonunu ona uzatmışdır. O, telefona baxaraq “Samsung” markalı mobil telefon olduğunu bilmiş və telefonu açmaq istədikdə ekranının şifrə ilə bağlı olmasını görmüş, ondan telefonunun şifrəsini istəmiş, o, isə ona telefonun şifrəsi üçün dörd dəfə “8” rəqəmini yığmağını demişdir. O, telefonda şifrəni daxil etdikdə açılmasını görmüşdür. Bundan sonra o, həmin şəxsin içkili olmasından istifadə edərək telefonu götürüb qaçmaq qərarına gəlmişdir. Həmin vaxtı telefonu qaytarmayaraq yolun digər tərəfinə doğru qaçmışdır. Bu zaman o da, arxasınca qaçaraq ona “dayan, telefonu qaytar” deyə bildirmişdir. O, dayanmayınca isə həmin şəxs onu dayandırmaq məqsədilə arxasınca nalayiq söyüş söymüş, söyüş ona pis təsir etdiyi üçün bu vaxtı o, geri dönərək həmin şəxsin üzərinə yürümüş və qəflətən sağ əli ilə həmin şəxsin sifətinin sol nahiyyəsinə bir dəfə bir sillə zərbəsi və ardından sağ əli ilə sol sifət nahiyyəsinə bir dəfə bir yumruq zərbəsi endirmişdir. Bu zaman həmin şəxs əini başına tutaraq yerə oturmuş və o, isə hərəkətlərini dayandıraraq dərhal oradan uzaqlaşdır. Bundan sonra o, Nbakı şəhəri N.Nərimanov rayonu istiqamətində getmişdir. Ertəsi günü Nəriman Nərimanov rayonunda yerləşən “Nəriman Nərimanov” parkında olan zaman ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib və onu telefon taladığına görə şübhəli olduğunu deyib Yasamal RPİnin 29-cu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra araşdırma aparılmış, o, etdiyi cinayət hadisəsini etiraf etmiş, həmçinin taladığı telefonu təqdim etmişdir. Aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, telefonu taladığı şəxs Zərərçəkmiş şəxs1 olmuşdur. O, etdiyi hərəkətlərdən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, o, həmin soyğunçuluq cinayətini konkret olaraq xx.xx.2025-ci il tarixdə təxminən saat 00:05 radələrində Bakı şəhəri Yasamal rayonu M.Həsənov küçəsində yerləşən "xxxx"ASC-nin qarşısında törətmiş, həmin hadisə nəticəsində Zərərçəkmiş şəxs1 bir ədəd “Samsung” markalı mobil telefonu götürüb qaçmışdır. Məqsədi həmin telefonu talayıb istifadə etmək olmuşdur. O, həmin soyğunçuluq cinayətini tək halda etmiş, ona heç kim köməklik etməmiş və yanında kimsə olmamışdır. O, hadisədən əvvəl və ya hadisəni törədən zaman spirtli içki qəbul etmiş. Lakin hadisə zamanı hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Soyğunçuluq yolu ilə Zərərçəkmiş şəxs1 bir ədəd “Samsung” markalı mobil telefonu götürüb qaçdığı və həmçinin sonuncunun onun arxasınca gəldiyi zaman onun müqavimət göstərdiyi hadisə təxminən 1 dəqiqə çəkmiş, hadisə zamanı ictimai qayda pozulmamış, çünki hadisə gecə vaxtı baş verdiyindən ətrafda kimsə olmamışdır. Həmçinin hadisəyə kimlərin şahid olmasını görməmiş və bilmir. O, hadisə zamanı Zərərçəkmiş şəxs1 cibindən 470 manat pulu və yaxud hər hansı bir məbləğdə pul götürməmişdir. Həmin puldan məlumatı yoxdur. O, bunlardan başqa cinayət hadisəsi törətməmişdir. Lakin əvvəllər cinayət hadisələri törətmiş və məhkum olunmuşdur. Hazırkı törətdiyi cinayət əməlinə görə vurduğu ziyanı ödəməklə, yəni telefonu təqdim etmiş, etdiyi hərəkətlərindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın tam, digərinə isə qismən ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “NNB Jianshe 49” markalı mopedi oğurlanan günə qədər “Doğalbax” şirkətinin çatdırılma xidmətində işləmişdir. O, həmin qeyd etdiyi mopedi mütəmadi olaraq yaşadığı evin yaxınlığında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 36 ünvanında yerləşən “Oba” marketin yanında park etmişdir. Mahiyəti üzrə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ilk olaraq günorta saatlarında o, mopedi qeyd etdiyi yerdə park etmiş və evə yemək yeməyə getmişdir. Bir qədər sonra yenə o, işə getmiş və gecə saat 01 radələrində yenə də adıgedən ona məxsus mopedi həmişəki kimi həmin yerdə park edərək yaşadığı evə getmişdir. Təxminən saat 08 radələrində evdən çıxaraq mopedin olduğu yerə gəlmiş, lakin mopedin yerində olmadığını aşkar etmiş, bundan sonra ətrafda olan şəxslərdən mopedin kimin tərəfindən götürüldüyünü öyrənmək məqsədilə araşdırma aparsa da, müsbət nəticə əldə edə bilmədiyi üçün mopedinin oğurlandığını düşündüyündən DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 ifadəsinə davam edərək bildirmişdir ki, oğurluq hadisəsini törətməkdə şübhələndiyi şəxs yoxdur. Bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1350 manat dəyərində maddi ziyan dəymişdir. O, ilkin istintaq zamanı ifadəsində mopedi 1100 manata aldığını bildirmiş, laklin alqı-satqı müqaviləsinə baxdığı zaman mopedi 1350 manata aldığını xatırlamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatdadır və Ağcəbədi rayonu Poladlı kəndində yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə gəlmiş, əlilliklə bağlı kommissiyadan keçdikdən sonra axşamı Ağcəbədi rayonuna qayıdacaqmış. Həmin günü təxminən saat 23:55 radələrində Bakı şəhəri Yasamal rayonu M.Həsənov küçəsində, "xxxx" ASC-nin qarşısında yerləşən köşkün yanında olan daş sütn üzərində oturub “Go” spirtli içki qəbul etmişdir. Təxminən 8-10 dəqiqə sonra bir nəfər şəxs ona yaxınlaşaraq “konturun var?, telefonunu verə bilərsən zəng edim?” deyə bildirmiş, o da, ona konturunun olmasını deyərək və özünə məxsus olan “Samsung A03” markalı mobil telefonumu ona vermişdir. Telefon kilidli olduğundan həmin şəxs ondan telefon kilidinin şifrəsini istəmişdir. O, ona telefonun şifrəsinə dörd dəfə “8” rəqəmini yığmasını demişdir. Bundan sonra həmin şəxs onun içkili olmağından istifadə edərək telefonu götürüb yolun digər istiqamətinə doğru qaçmışdır. Bu zaman o, onun arxasıyca qaçaraq, “dayan, telefonumu qaytar” deyə səslənmişdir. Həmin şəxs dayanmayınca isə o, nalayiq söyüş söymüş, həmin şəxs geri dönərək onun üzərinə gəlmiş, qəflətən onun sifətinin sol nahiyyəsinə bir dəfə bir sillə zərbəsi və bir dəfə də bir yumruq zərbəsi endirmişdir. Bu zaman o, əlini başına tutaraq yerə oturmuş, huşunu itirmək üzrə olmuş, təxminən 2-3 dəqiqədən sonra özünə gələrək ayağa qalxmış, kənarda tanımadığı bir neçə şəxslər olmuş, lakin telefonunu alıb qaçan şəxsin isə artıq orada olmadığını görmüş, həmçinin əlini cibinə aparan zaman cibində olan 4 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq olmaqla cəmi 470 manat pulun cibində olmadığını bilmişdir. O, pulunun həmin şəxsin götürdüyünü düşünmüş, lakin sonradan bilmiş ki, pulunu həmin şəxs götürməmiş və o, pulu hardasa itirmişdir. Həmin vaxtı ətrafında olan tanımadığı şəxs ona polisə məlumat verdiyini və narahat olmamağını, polisin gəlcəyini demişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş, onu Yasamal RPİ-nin 29-cu polis şöbəsinə dəvət etmişlər. Orada o, hadisə barədə məlumat vermişdir. Bundan sonra araşdırma aparılmış, ertəsi günü telefonunu götürüb qaçan şəxs polisə gətirilmişdir. Araşdırma zamanı o, həmin şəxsi görərək tanımış və həmin şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Onun şikayət və tələbi qanuni araşdırma aparılmasından və ona vurulmuş maddi ziyanın ödənilməsindən ibarətdir. Zərərçəkmiş şəxs1 ifadəsinə davam edərək bildirmişdir ki, həmin soyğunçuluq hadisəsi xx.xx.2025-ci il tarixdə təxminən saat 00:05 radələrində Bakı şəhəri Yasamal rayonu M.Həsənov küçəsində yerləşən "xxxx"ASC-nin qarşısında, orada olan köşkün arxasında baş vermiş, hadisə zamanı Təqsirləndirilən şəxs ona məxsus bir ədəd “Samsung A03” markalı mobil telefonu götürüb qaçmaqla soyğunçuluq etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs onun içkili olmağından istifadə edərək telefonu götürüb yolun digər istiqamətinə doğru qaçdığı zaman o, da sonuncunun arxasınca qaçaraq, “dayan, telefonumu qaytar” deyə səslənmişdir. Həmin şəxs dayanmayınca isə o, nalayiq söyüş söymüş, həmin şəxs geri dönərək qəfildən onun sifətinin sol nahiyyəsinə bir dəfə bir sillə zərbəsi və bir dəfə də bir yumruq zərbəsi endirmiş, onun sifət-baş nahiyyəsində ağrılar yaranmışdır. Hadisə baş verən zaman ikisi olmuş, ətrafda kimlərin olmasını və ya hadisəyə kimlərin şahid olmasını görməmişdir. Həmin hadisə bir anda baş vermiş, təxminən 1-2 dəqiqə davam etmiş, ona məxsus 01 ədəd “Samsung A03” markalı mobil telefonun qiyməti 170 manat olmuş, ona cəmi 170 manat maddi ziyan dəymiş və ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Cinayət işinin 1-ci cild 183-cü vərəqəsində olan 02 iyul 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 212-214-cü vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Sabunçu rayonu prokuroru Murad Dadaşovun 04 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 215-216-cı vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 04 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 64-65-ci vərəqələrində olan 06 avqust 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 111-113-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 avqust 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 118-129 və 139-140-cı vərəqələrində olan hökmün surətindən və Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddələri ilə təqsirli bilinərək 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 2-ci cild 48-60-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy A03” markalı mobil telefon və 2 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, disklər cinayət işinin materiallarına əlavə edilmiş, mobil telefon isə saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Cinayət işinin materiallarında olan digər DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunur ki, videogörüntüdə əks olunan ərazi Bakı şəhəri Yasamal rayonu M.Həsənov küçəsi ilə Moskva prosoektinin kəsişməsində yerləşən "xxxx"ASC-nin qarşı tərəfindəki səki hissəsi, körpü və avtomobil yolu olan hissədir. Həmin yerdə üzü Yasamal rayonu M.Həsənov küçəsi istiqamətində köşk yerləşməsi, köşkün ara tərəfində isə "xxxx" ASC-nin binasının yerləşməsi, binanın qarşısında, yəni köşkün arxa tərəfində səki olması, həmin səkidə bir nəfər şəxsin oturmuş olması, xx.xx.2025-ci il tarixdə saat 00:03-də həmin səkidə oturmuş şəxsə bir nəfər cavan şəxsin yaxınlaşması və 00:05-də oradan getməsi müəyyən olundu. Həmin yer xx.xx.2025-ci il tarixdə saat 00:05 radələrində baş vermiş soyğunçuluq hadisəsinin törədildiyi yerdir. Lakin videomüşahidə kamerası hadisə yerinin istiqamətində çəkiliş aparılması müəyyən olunmadı. Buna görə də, hadisənin real görüntülərini əldə etmək mümkün deyildir. Bundan əlavə baxışda iştirak edən Zərərçəkmiş şəxs1 video müşahidə kamerasına baxaraq həmin köşkün arxa tərəfində xx.xx.2025-ci il tarixdə saat 23:55 radələrində gəlib səki üzərində əyləşdiyini və orada spirtli enerji içkisi qəbul etdiyini, təxminən 10 dəqiqə sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 00:05 radələrində ona bir şəxsin yaxınlaşdığını, həmin şəxsin Təqsirləndirilən şəxs olmasını araşdırma zamanı bildiyini, sonuncunun orada onunla təxminən 1-2 dəqiqə danışmasını və ondan zəng etmək üçün telefon istədiyini, o, telefonu verdiyi zaman isə Təqsirləndirilən şəxs oradan uzaqlaşmasını, həmin şəxsin arxasıyca gedərək telefonunu qaytarmasını tələb etdiyini və yolun digər tərəfinə keçdiklərini, Marif Abışovun arxasıyca qaçarkən isə sonuncunun qəfildən çevrilərək ona sillə və yumruq zərbəsi vuruaraq qaçıb getdiyini bildirmişdir. Baxış zamanı protokol tərtib olundu, ucadan oxundu, düzdür, imzalarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Bakı şəhəri 27 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın tam, digərinə isə qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməli, həmçinin sonuncunun 02 iyul 2025-ci il tarixdən 04 iyul 2025-ci il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 avqust 2025-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung Galaxy A03” markalı mobil telefon Zərərçəkmiş şəxs1 təhvil verildiyindən sonuncunun istifadəsinə verilmiş hesab edilməli, həmçinin iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 40 saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 iyul 2025-ci il tarixdən 04 iyul 2025-ci il tarixədək, yəni 02 (iki) gün tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung Galaxy A03” markalı mobil telefon Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə digər maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 40 saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar